Axirət aləminə səyahət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 16:44 | Şərh sayı: (0) | Baxılıb: 1047
Axirət aləminə səyahət
Bismillahir-rəhmanir-rəhim
Əlhəmdu lillahi Rəbbil-aləmin, Maliki yovmid-dünya vəd-din.
Sonsuz salam olsun İslam Peyğəmbəri və onun pak, məsum övladlarına ki, insanların cism və ruhlarının təbibidirlər. Onun sözüdür ki, dünya sevgisi (dünyaya məftun olmaq) böyük xəstəlikdir və insanın xəstəlikləri onun qol-budaqlarıdır. O xəstənin dərmanı–ölümü xatırlamaqdır.
Söhbətin əvvəlində bu Allah bəndəsi (yəni müəllif-red.) deyir ki, şəmsi tarixi min üç yüz yeddinci il başa çatmamış, müəllimlikdən axıradək öz məlumatlarımı yazdım və onun adını “Şərq səyahəti” qoydum. İndi isə şəmsi tarixi ilə min üç yüz on ikinci ildə öz bərzəx (ölümlə qiyamət arası) məlumatlarımı qələmə alıb, “Qərb səyahəti” adlandırdım. Qoy bu yazı məndən yadigar qalsın və İslam ümmətinə öyüd olsun.
BƏDƏNİMİZ BİR PƏRDƏDİR
Tamamilə aydındır ki, təbiət aləminin maddi cismi insanın gözünə çökmüş qalın hicab, keçilməz və möhkəm pərdədir. Yalnız ölmək, bu maddi dünyadan çıxmaqla bu pərdə kənara çəkilə bilər və insan bu vaxtadək görmədiklərini görə bilər. “Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.” (“Qaf” surəsi, ayə 22.)
Mən bir halda dünyadan getdim ki, gördüm dayanmışam və bədənimdəki xəstəlik yox olub, sağlamam. Yaxınlarım cənazəmin ətrafında mənim üçün ağlayır, mən də onlar ağladıqları üçün qəmginəm. Onlara deyirəm ki, “mən ölməmişəm, xəstəlikdən qurtulmuşam.” Amma kimsə mənim sözlərimə qulaq asmır. Sanki məni görmürlər, səsimi eşitmirlər. Anladım ki, onlar məndən uzaqdırlar. Cənazəylə olan tanışlıq və dostluqdan dayanıb, gözümü çılpaq olan sol çiyninə dikmişdim. Qusl və başqa işlərdən sonra cənazəni qəbiristana tərəf apardılar.
Mən də dəfn edənlərlə yanaşı getdim. Onların arasında bəzi vəhşi canlıları, qeyri-adi yırtıcıları görüb dəhşətə gəlmişdim.Amma başqaları onlardan çəkinmir, onlar da başqalarına dəymirdilər. Sanki əhliləşmişdilər. Elə ki, cənazəni gora endirdilər, mən də gorda dayanıb tamaşa edirdim. Bu zaman məni qəribə bir dəhşət bürüdü. Xüsusilə o zaman ki...QƏBİRDƏ...gördüm qəbirdə cürbəcür heyvanlar peyda oldular və cənazəyə hücum etdilər. Cənazəni qəbirdə yerləşdirən adam onlara dəymədi, onları görmürmüş kimi qəbirdən çıxdı.
Cənazəyə əlaqəm olduğundan qəbrə girdim ki, bu heyvanları bayıra çıxaram. Lakin onlar çoxalıb, mənə qalib gəldilər. Bir tərəfdən də elə qorxuya düşmüşdüm ki, bütün bədənim əsirdi. Camaatdan kömək istədim, amma bir kəs dadıma çatmadı. Hərə öz işinə məşğuldu və qəbirdəki həngamədən xəbərsizdi.
Qəfildən qəbirdə başqa şəxslər peyda oldular və mənə kömək etdilər. Heyvanlar qaçdılar. Onların adlarını soruşmaq istəyirdim ki, dedilər…
“Yaxşı əməllər pis işləri yuyub aparar.” (“Hud” surəsi, ayə 114.) və görünməz oldular...
Bu həngamədən sonra gördüm ki, adamlar qəbri doldurub, məni dar və qaranlıq qəbirdə qoyublar. İndi isə evlərinə tərəf gedirlər. Hətta qohumlar, dostlar, gecə-gündüz qulluğunda durduğum arvad-uşaq da məni tək qoydular. Onların vəfasızlığından, qəbrin qorxu və dəhşətindən, tənhalıqdan elə qəmləndim ki, az qala bağrım yarıla.
Fövqəladə qürbət və dəhşətdə, Allahdan başqalarından əlimi üzdüyüm halda cənazənin başı üstə oturdum. Qəbir lərzəyə gəlirdi. Gorun divar və tavanından torpaq tökülürdü. Xüsusilə qəbrin aşağısında silkələnmə güclü idi. Elə bil bir heyvan oranı yarıb qəbrə daxil olmaq istəyirdi. Nəhayət, həmin yer yarıldı və gördüm...
ALLAHIN KİMDİR?
İki nəfər qorxunc çöhrəli, vahiməli heykəlli, nəhəng, div kimi qəbrə daxil oldular.
Ağızlarından və burun dəliklərindən tüstü, od-alov püskürürdü. Əllərində odda qızarmış, alov saçan gürzlər vardı. Onlar yeri-göyü titrədən ildırım səsiylə cənazədən soruşdular… “Mən Rəbbukə?”- Allahın kimdir?
Qorxu və dəhşətdən dilim-ağzım qurumuşdu. Elə bildim ki, ruhsuz cənazə onların cavabını verə bilməyəcək və onlar da heç şübhəsiz, gürzlərlə elə vuracaqlar ki, qəbir alovla dolacaq. Vəsfə gəlməz bu dəhşətdə, yandırıcı od daha da artacaq. Yaxşısı budur, mən cavab verim. Çarəsizlərin çarəsi, dara düşənlərin ümidi Haqqa üz tutub, qəlbimdə dara düşənlərin yardımçısı Əliyyibni Əbi Talibə (ə) mütəvəssil oldum. (Himayədarlığa çağırmaq, istəyini Allahdan İmam vasitəsi ilə almaq.)
Onu dost tuturdum, qüdrət və qüvvəsini bütün aləmlərdə, mənzillərdə nüfuzlu bilirdim. İnsanın huşunu əlindən alan belə qorxunc, xətərli anlarda Həzrəti çağırmaq kimi bir vasitənin yada salınması Allahın nemətlərindən, yardımlarındandır.
“İnsanları məst görərsən, hansı ki, onlar məst deyildirlər.” (“Həcc” surəsi, ayə 2.)
Bu fikir və düşüncə qəlbimə qüvvət verdi, dilim açıldı. Mənim sükutum çox uzandığından, həmin iki şəxs misilsiz qəzəb və hiddətlə ikinci dəfə soruşdular… “Allahın kimdir?” Əvvəlkindən yüz dəfə çətin idi. Qəzəbdən çöhrələri qaralmışdı, gözlərindən od saçırdı. Gürzləri qaldırıb, vurmağa hazır dayandılar.
Amma mən əvvəlki kimi qorxmurdum. Zəif səslə cavab verdim ki, mənim məbudum yeganə və oxşarsız Allahdır.
“O Özündən başqa heç bir məbud olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmli və mərhəmətlidir. O, Özündən başqa heç bir məbud olmayan, (məxluqun) sahibi, müqəddəs və pak, əmin-amanlıq bəxş edən, məxluqatın qəyyumu və nəzarətçisi, qalib, hökmü keçən və hər şeyin fövqündə olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqları şəriklərdən pak və münəzzəhdir.” (“Həşr” surəsi, ayə 22, 23.)
Dünya həyatında daim hər sübh namazından sonra oxuduğum bu ayələri onlara dedim ki, Adəm övladının fəzl və kamalsız olduğunu düşünməsinlər. Axı mələklər ilk gündə insanın yaranışına etiraz edib onu yalnız fəsad törədib, qan tökən adlandırmışdılar! Bir sözlə, onların cavabında bu şərif ayəni oxumağım onların qəzəbini sındırdı, çöhrələrinin tutqunluğu getdi. Hətta biri o birinə dedi… Məlum olur ki, bu, İslam alimlərindəndir, bundan sonra ona nəzakətlə sual verməyimiz yaxşıdır.
O biri dedi… Bizim onunla rəftarımızın necəliyi başqa bir sualın cavabı ilə bağlıdır və bu cavab kim olursa olsun, səbəb və nüfuzların bizim nəzərimizdə etibarı yoxdur.
Sual verdilər…
PEYĞƏMBƏRİN KİMDİR?...
(ardı var...)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər