Hər şey bizdən xəbərsiz haqqın ətrafında fırlanır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-12-2015, 09:30 | Şərh sayı: (0) | Baxılıb: 334
Hər şey bizdən xəbərsiz haqqın ətrafında fırlanır
Həm Nyuton, həm də Kvant fizikləri deyir ki, kiçik zərrəciklər, yəni mikro cisimlər bir mərkəz ətrafında fırlanır; elektronlar nüvə ətrafında, həmçinin atomu təşkil edən həm elektronun, həm də protonun təşkil olunduğu hissəciklər də başqa bir mərkəz ətrafında fırlanır. Həmçinin bu mikro cisimlərdən əmələ gəlmiş makro cisimlər də müəyyən mərkəz ətrafında fırlanır. Yəni həm Yer kürəsi, həm də digər planetlər Günəş ətrafında fırlanır. Buna görə də Yer (həm də digər planetlər) üzərində olan başqa varlıqlar, yəni cansız cisimlər, hüceyrələr, bitgilər, heyvanlar və insanlar da Günəşin ətrafında fırlanır. Hətta Yerin həm təbii peyki (Ay), həm də süni peyki (kosmik gəmi) və buludlar da onun ətrafında fırlanır. Həmçinin Yerin özü də öz oxu ətrafında fırlanır. Buna görə də Yer üzərində olanlar Yerin oxu ətrafına da fırlanır. O cümlədən digər planetlərin peykləri də onların ətrafında fırlanır. Bununla bərabər, Günəşin özü həm öz oxu ətrafında, həm də başqa bir mərkəz ətrafında fırlanır. Günəşdən 10-larca, 100-lərcə, 1000-lərcə və s. daha böyük makro cisimlər, ulduzlar da vardır ki, onlar da həmçinin həm öz oxları, həm də müəyyən mərkəzlər ətrafında fırlanırlar. Amma bunlardan bizim xəbərimiz yoxdur. Sanki hər şey sükut içindədir.
Bir körpə ananın, ana isə atanın ətrafına fırlanır. Kiçik böyüyün, cavan ağsaqqalın, cahil alimin, alim elmin və məlumun ətrafına fırlanmalıdır. Xalq şahın, şah isə ədalətin ətrafına fırlanmalıdır. Amma kimsə bu gözəlliklərin fərqində belə deyil.
Aşiq məşuqun, arif də mərufum ətrafında fırlanır. Gül bülbülün, Məcnun Leylinin, Kərəm Əslinin, Fərhad isə Şirinin ətrafına fırlanır. Amma bu aşiqlərin də əsl eşqdən xəbəri yoxdur.
Gecə gündüzün, gündüzsə gecənin ətrafına fırlanır. Saatın əqrəbləri onların kəsişdiyi mərkəz, tarix isə hadisələrin ətrafına fırlanır. Amma sanki zaman keçməyəcəkmiş.
Bu qədər mərkəzlər ətrafındakı bu dövrlər sonsuza kimi davam edə bilməz. Elə isə bu mərkəzlərin mərkəzində ilkin əsas, başlanğıc, ən gözəl, əsl eşq olan bir mərkəz olmalıdır. Və bütün dövr eləyənlər bu həqiqi mərkəz ətrafında fırlanmalıdır.
Bütün insanlar övliyaların, övliyalar peyğəmbərlərin (ə), məsumların (ə), onlar da həzrət Rəsulallahın ətrafına fırlanır. Çünki hər şey naqisdir, dəyişməkdədir, hər an inkişafdadır. Bəs kamil və dəyişməz olan mərkəz Kimdir? O, elə bir Həqiqətdir ki, hər şey Onun ətrafına fırlanır, amma O Həqiqəti tanıyanlardan başqa kimsənin bundan xəbəri yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər