Çoxəsrlik savaş: DNT və “Yezidə qurban olum” deyən “hüseynçilər” |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-11-2015, 00:55 | Şərh sayı: (0) | Baxılıb: 319
Çoxəsrlik savaş: DNT və “Yezidə qurban olum” deyən “hüseynçilər”
Məhərrəmlik ayının ilk 10 günü, Aşura hadisələrinin 3 və 7-ci gününə həsr edilən matəm mərasimləri sona çatdı. Məhərrəmlik isə davam edir. Ötən il olduğu kimi, min il əvvəl olduğu kimi Azərbaycan əhli Peyğəmbər (ə) ailəsinin başına açılan müsibətə yas saxlayır. Gələn il də belə olacaq, yüz il sonra da. Bir çoxlarını da məhz elə bu narahat edir. Kimin əlində avtomat, kimin əlində qələm milli dəyərimizə, peyğəmbər əhli-beytinə sevgimizə qarşı savaşır. Ötən il də belə idi, min il əvvəl də. Sadəcə o zamanlar avtomat əvəzinə qılınc idi. O zamanlar da peyğəmbər ailəsinin düşmənləri İŞİD yox, başqa cür adlanırdı. Amma mahiyyət eyni idi.
Builki məhərrəmlik zamanı ənənəvi qarşılıqlı “atışmalar” əsnasında baş verənlərə dair bəzi məqamlara toxunmaq istərdik.
Birinci. İmam Hüseyn (ə) və tərəfdarlarını qətlə yetirənlərin hamısı sonsuz deyildi. Onlar törədilər, artdılar və nəsillərinin nümayəndələri günümüzə qədər gəlib çıxıblar. İndi kimi qara bayraq altında Yezidə “Həzrət” deyib Suriya və İraqda “ya Hüseyn!” deyənlərin boğazını kəsir, kimi də Azərbaycanda quzu dərisi geyib məqamını gözləyir. Bu bir reallıqdır, bunu qəbul etməliyik və qanla daxil olanı əsəb hüceyrələrimizi məhv etməklə xaric etməyə çalışmamalıyıq. Unutmamalıyıq ki, ən təsirli vasitə - sözdür. Sözlər arasında ən təsirlisi isə ağıl və təmkinlə deyilənidir.
İkinci. Özünə imam Hüseyn (ə) aşiqi deyib müxtəlif ifratlara varanlar həmişə olub, var və yəqin ki, olacaqdır. Ona görə olacaqdır ki, belələri gah daxili orqanlarını ciddi cəhdlə bayıra çıxararaq, gah da zurna-qavalın müşayiəti ilə yallı gedərək hətta müctəhid sözünə əhəmiyyət vermirlər. Əlbəttə, onların timsalında bizə irad tutulacaq, onlara görə bəziləri yolunu azacaq. Amma bu da bir reallıqdır və buna görə də həddindən artıq özümüzü həlak etməməliyik. Yenə də söz. Tutar qatıq, tutmaz da ki,.. Allaha təvəkkül.
Üçüncü. Heç bir mübaliğəyə yol vermədən günümüzdə müasir Azərbaycanımızda Aşura şəhidlərinin əziz xatirəsinə təşkil edilən ehsan süfrəsi başa çatdıqdan və süfrə duası oxunduqdan sonra baş verən hadisəni nəql etmək istərdik. Belə ki, mədəsini qəşəngcənə dolduran yaşlı bir qadın (nə isə bu yerdə “ağbirçək” sözünü işlədib haqqı tapdalamaq istəmədik) məclisi tərk edərkən yol yoldaşına baş verənlərdən məmnunluğunu belə ifadə edib: “Aaz, deyirəm ki, Allah Yezidə rəhmət eləsin e, qurban olum Yezidə! Ay qız, o vaxt Hüseynin başın kəsməsəydi indi kimi idi bizə plov verən, hay?” Belələri də olub, var və olacaq. Onlara görə də sinirlərimizi korlamayaq. Deyək, eşitdirək, amma müəyyən həddə. Çünki bu hallar da ta Qiyamətə qədər davam edəcək.
Dördüncü. Bu il də bəzi məddahlar və rövzəxanlar səmaya “quş uçurtmaqla” məşğul idilər. O bəzilərinin içində bəziləri də oldu ki, ətrafı lap “quş bazarına” çevirdilər. Bu halda da söz deməliyik. Amma bəri başdan onu da nəzərə alaq ki, bu qismə deyilən sözlərin faydalı iş əmsalı çox aşağı olur. Bir neçə əsas səbəbləri mövcuddur ki, onların üzərində də dayanmaq fikrimiz yoxdur. Yalnız hörmətli və əziz müsəlmanlara bir daha xatırladaq ki, məddah və rövzəxanla minbərdən moizə edən ruhani arasında yerlə göy qədər fərq var. Müasir dildə desək, birincilər tədbirin bədii, ikincilər isə rəsmi və ciddi hissəsinə aiddirlər.
Yekunda isə bir daha təkrar edək ki, bütün bu sadalananlara və sadalamayaraq başınızı ağrıtmaq istəmədiklərimizə rəğmən, peyğəmbər (s) ailəsinə olan xüsusi məhəbbəti azərbaycanlıların qəlbindən silmək mümkün olmayacaq. Çünki bu məsələ artıq DNT səviyyəsində həll olub. Bu gün peyda olan və Kərbəlada qırmızı geyinənlərin törəmələri olaraq bu dəyərimizə, varlığımızın bir hissəsinə dil uzadan “göbələklərə” isə əzəmətli karvanın baş ağrıdan dördayaqlıya sərgilədiyi münasibətdə olmalıyıq (Yenə də, əsəbilərimizi və Əhli-beytin (ə) ucalığını qorumaq üçün). Zatən, başqa münasibətə layiq də deyillər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər