Qeybətdən çəkindirmək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-11-2015, 23:32 | Şərh sayı: (0) | Baxılıb: 388
Qeybətdən çəkindirmək
Quran:
«Bir-birinizin qeybətini qırmayın! Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.» (Hucərat, ayə12)
Hədis:
4902. Allahın Peyğəmbəri (s): «Merac gecəsi öz üzlərini dırnaqları ilə cıran bir dəstə camaat gördüm. Soruşdum: «Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi: «Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir.» (Tənbihul-Xəvatir, c.1, səh.115)
4903. Allahın Peyğəmbəri (s): «Qeybət etmək zinadan daha pisdir.» Ərz etdilər: «Necə?» Buyurdu: «Kişi zina edir, sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz.» (ət-Tərğib vət-Tərhib, c.3, səh.511, hədis 24)
4904. İmam Əli (ə): «Qeybət etmək aciz insanın işidir.» (Nəhcül-Bəlağə, hikmət461)
4905. İmam Hüseyn (ə) (Onun yanında bir kişinin qeybətini edən kimsəyə): «Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət cəhənnəm itlərinin yalıdır.» (Tuhəful-Uqul, hədis 245)
4906. İmam Sadiq (ə): «Qeybət etmə ki, səndən qeybət olunar. Qardaşın üçün quyu qazma ki, özün ona düşərsən. Çünki hansı əllə versən, həmin əllə də geri alarsan.» (Biharul-Ənvar, c.75, səh. 249, hədis 16)
4907. İmam Sadiq (ə): «Bir kişi Əli ibn Hüseyn (ə)-a ərz etdi: «Filankəs sizin haqda deyir ki, yolunu azmış və bidətçi birisiniz.» Əli ibn Hüseyn (ə) ona buyurdu: «Həmin kişi ilə yoldaşlığın haqqını gözləməmisən. Çünki onun sözünü bizə çatdırmısan. Bizim haqqımızı da gözləməmisən. Çünki qardaşımın mənim bilmədiyim sözlərini mənə çatdırdın!....Qeybət etməkdən çəkin. Çünki o, cəhənnəm itlərinin yalıdır. Bil ki, kimsə camaatın çox eybini tutursa, bu çox eyb tutmağın özü, eybləri özündə olduğu qədər axtardığını göstərir (onun camaatdan eyb tutması göstərir ki, həmin eyblər onun özündə də vardır).» (Biharul-Ənvar, c.75səh. 246, hədis 8)
1441. Qeybət və din.
4908. Allahın Peyğəmbəri (s): «Qeybət etmək, insanın dininə (məhv olmasına) xora xəstəliyinin onun daxilinə təsirindən daha tez təsir göstərər.» (əl-Kafi, c.2, səh. 357, hədis 1)
4909. Allahın Peyğəmbəri (s): «Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, Allah, qeybəti edilən onu bağışlamasa, qırx gün-qırx gecə onun namaz və orucunu qəbul etməz.» (Biharul-Ənvar, c.75, səh. 258, hədis53)
4910. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bir kişini gətirib Allahın dərgahında saxlayar və əməl dəftərini ona verərlər. Onda özünün xeyir əməllərini görməz və ərz edər: «İlahi, bu mənim əməl dəftərim deyil. Çünki mən onda öz itaətimdən heç nə görmürəm.» Ona deyərlər: «Sənin Allahın nə xəta edər, nə də unudar. Sənin əməlin camaatın qeybətini etdiyinə görə bada getmişdir.» Sonra başqa kişini gətirərək əməl dəftərini verərlər. Orada özünün itaətlərinə aid çoxlu yazıları görər. Ərz edər: «İlahi! Bu mənim əməl dəftərim deyil! Çünki mən bu ibadətləri etməmişəm! Ona deyərlər: «Filankəs sənin qeybətini etdi və mən onun yaxşı əməllərini sənə verdim.» (Camiul-Əxbar, səh. 412, hədis 1144)
1442. Qeybətin mənası.
4911. Allahın Peyğəmbəri (s) (Əbuzərə xitabən): «Ey Əbuzər! Qeybət etməkdən çəkin. Çünki qeybət zinadan daha pisdir...» Əbuzər deyir: «Ərz etdim ki, ey Allahın Peyğəmbəri. Qeybət nədir?» Buyurdu: «Qeybət budur ki, qardaşından onun xoşlamadığı bir söz deyəsən.» Ərz etdim: «Ey Allahın Peyğəmbəri! Özünün yanında onun haqqında danışığa necə?» Buyurdu: «Əgər onda olan şeydən danışarsansa qeybətini etmisən, onda olmayandan danışsan, ona böhtan atmısan.» (Biharul-Ənvar, c.72, səh. 89, hədis 3)
4912. Allahın Peyğəmbəri (s): «Qeybət odur ki, qardaşın haqqında onun xoşuna gəlməyən şeyi danışasan.» (Kənzul-Ummal, hədis 8024)
4913. Əmru ibn Şüəyb (Atasının babasına istinadən sözlərindən): «Onlar Peyğəmbərin yanında bir kişidən söz açıb dedilər: «Gərək xörəyini də ağzına qoysunlar, dəvəsinin də yəhərini onun yerinə bağlasınlar.» (Yəni o qədər aciz və tənbəldir ki, su və çörək üçün köməyə ehtiyacı var. Səfərə çıxması üçün kimsə onu belində aparmalı və ya miniyinə minməlidir) Peyğəmbər (s) buyurdu: «Qeybətini etdiniz.» Ərz etdilər: «Ey Allahın Peyğəmbəri. Biz elə şeylər (eyblərindən) dedik ki, onda var.» Peyğəmbər (s) buyurdu: (Qeybət üçün elə) Qardaşın haqqında onda olanlardan deməyin kifayət edər.» (Ət-Tərğib vət-Tərhib, c.3, səh. 506, hədis 13)
4914. İmam Kazım (ə): «Kim başqasının dalınca onda olan və camaatın da bildiyi şeyləri danışarsa, qeybətini etməmişdir. Ancaq kimsə başqasının dalınca onda olan və camaatın bilmədiyini danışarsa, qeybətini etmişdir.» (əl-Kafi, c.2, səh. 358, hədis 6)
1443. Qeybəti rəva olanlar.
4915. Allahın Peyğəmbəri (s): «Dörd nəfər var ki, onların qeybətini etmək qeybət deyil: öz pozğunluğunu aşkar edən pozğun, yaxşılıq etdikdə təşəkkür bildirməyən, pislik etsən bağışlamayan yalan danışan rəhbər, gülmək və zarafat üçün ana söyüşü söyənlər, müsəlmanlardan ayırılıb mənim ümmətimə eyb tutan və onların üstünə qılınc çəkənlər.» (Biharul-Ənvar, c.75, səh. 261, hədis 64)
4916. Allahın Peyğəmbəri (s): «Nə vaxta qədər günah əməl sahibinin adını deməyə çəkinəcəksiniz? Camaat onlardan çəkinənə qədər belələrini rüsvay edin.» (Kənzul-Ummal, hədis 8074)
1444.Qeybətə qulaq asmaq.
4917. İmam Əli (ə): «Qeybətə qulaq asan, qeybət edən kimidir.» (Kənzul-Ummal, hədis 8074)
4918. Allahın Peyğəmbəri (s) (Bir nəfərin, övladı Həsən (ə)-ın yanında qeybət etdiyi gördükdə): «Övladım! Öz qulağını belə şəxslərdən uzaq tut. Çünki o, öz qabında (vücudunda) olan ən murdar və çürük şeylərə baxıb onları sənin qabına boşaltmışdır.» (əl-İxtisas, səh. 225)
4919. İmam Səccad (ə): «Qulağın haqqı budur ki, onu qeybəti eşitməkdən və eşitməyi rəva olmayan hər bir şeydən uzaq saxlayasan.» (əl-Xisal, səh. 566, hədis 1)
1445. Qeybəti rədd etməyin savabı.
4920. Allahın Peyğəmbəri (s): «Kim bir məclisdə qardaşından qeybət etdiyini eşidərsə və onu dəf edərsə, Allah dünya və axirətdə min pislik qapısını ondan dəf edər.» (Əmali-Səduq, səh. 350)
4921. Allahın Peyğəmbəri (s): «Kiminsə yanında müsəlman qardaşının qeybətini etsələr və o, kömək edə bilsə də ona (müdafiəsinə) yardım etməsə, Allah onu dünya və axirətdə kimsəsiz qoyar.» (Mən La Yəhzuruhul Fəqih, c.4, , səh. 327, hədis 5762)
1446. Qeybət etməyin kəffarəsi.
4922. Allahın Peyğəmbəri (s)(«Qeybətin kəffarəsi nədir?» sualına cavabından): «Kəffarəsi budur ki, hər dəfə qeybətini etdiyin kimsə yadına düşəndə, Allahdan onun bağışlanmasını diləyəsən. (əl-Kafi, c.2, səh. 357, hədis 4)
4923. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə qardaşının qeybətini edərsə, Allahdan özünün bağışlanmasını diləsin. Çünki bu onun günahlarının kəffarəsidir.» (Kənzul-Ummal, hədis 8037)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər