Qeybət haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-06-2015, 03:18 | Şərh sayı: (0) | Baxılıb: 2213
Qeybət haqqında
Qeybətin böyük günah və haram olması, dünya və axirətdə qoyduğu mənfi təsirlərlə tanış olduqdan sonra onu doğuran səbəb və amillər haqqında danışmaq yerinə düşərdi. Ümumiyyətlə insan nə üçün başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaq istəyir?
Әxlaq alimləri qeybətə səbəb olan səkkiz mühüm amilə işarə etmişlər:
1. Vicdan rahatlığı;
İnsanların bir çoxunun qeybət etməkdən ən başlıca məqsədləri öz eyb və nöqsanlarını kiçik hesab etmək və ya onların üstünü örtməkdir. Bu dəstəyə aid olanlar öz eyb və nöqsanlarından agah olduqda, onları aradan qaldırmaq əvəzinə başqalarının eyblərini aşkara çıxarıb böyüdər. Yəni bu, təkcə mənim eybim deyildir, başqalarının nöqsanları məndən də çoxdur. Mənim eyb və nöqsanlarım olduqca az və cüzidir. Beləliklə onlar özlərinə bəraət qazanıb rahatlıq hiss edərlər. Təbii ki, belə bir səbəb üzündən başqalarının qeybətini edən şəxslər günahlarının üzərinə bir günah da artırmış olurlar. Çünki, hər bir şəxs öz əməllərinə görə məsuliyyət daşıyır və başqalarının ondan daha çox günah etdiklərini bəhanə gətirib tövbə edib səhvlərini düzəltməkdən boyun qaçıra bilməz. Bu səbəbdən də etdiyi əvvəlki günah olduğu kimi qalır və başqalarının qeybətini etməklə günahlarının üzərinə bir günah da gəlir.
2. Fəxr;
İnsanlardan bəziləri camaatın eyb və nöqsanlarını başqalarının yanında aşkar etməklə onları təhqir edir, özlərini isə yüksək əxlaq və fəzilət sahibi göstərmək istəyirlər. Məsələn, deyirlər: Filan şəxs heç nəyi düşünüb daşınmaz. Beləliklə o, özünün ağıl və dərrakə sahibi olduğunu və belə bir mənfi xüsusiyyətə malik olmadığını sübuta yetirmək istəyər. Hərçənd dinləyicinin zehnində o, fəzilət və dərrakə sahibi kimi deyil, xudpəsənd və özünü öyən təkəbbürlü şəxs kimi canlanır.
3. Məsxərə və istehza;
Qeybət olunan məclislərin bir çoxunda başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaqdan ən başlıca məqsəd onları məsxərə və istehza etməkdir. Bu haqda 27-ci dərsdə ətraflı söhbət açacağıq.
4. Həsəd;
Qeybətə səbəb olan amillərdən biri də həsəddir. İnsan özünü başqalarından zəif və bacarıqsız gördükdə onda həsəd hissi baş qaldırır. O, başqalarında eyb və nöqsan axtarmaqla onların mövqeyini kiçiltməyə və özü haqda müsbət fikir yaratmağa və başqalarının nəzərində ucalmağa çalışır.
5. Başqaları ilə həmrəylik;
Yaxın dost və tanışların iştirak etdikləri məclislərdə adətən kimlərinsə yaxşı və ya pis xüsusiyyətlərindən söhbət açılır. Məclis iştirakçıları bir-birləri ilə həmsöhbət olmaq üçün müxtəlif mövzular ətrafında söhbət açır, bəzən də onlarla səmimi ünsiyyət yaratmaq və ya keflərini açmaq üçün kimlərinsə qeybətini edirlər. Onlar belə güman edərlər ki, əgər məclis iştirakçıları ilə qaynayıb-qarışmasalar onlardan inciyəcək və özlərindən uzaqlaşdırmaq istəyəcəklər. Bir haldakı ünsiyyət və həmrəylik haram işlərə yol verilmədən bərqərar olunmalıdır. Bir sözlə, başqalarının razılığını əldə etmək üçün Allahın qəzəb və narazılığına yol verilməməlidir. Qurani-Kərim günahkarla ünsiyyətdə olmaq nəticəsində Cəhənnəm əhlinin böyük əzaba düçar olduqlarını onların öz dilləri ilə belə bəyan edir:
«Onlar cənnətdədirlər:Bir-birindən soruşacaqlar
Günahkar barəsində [və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər]:
Sizi Cəhənnəmə salan nədir?
Onlar deyəcəklər: Biz namaz qılanlardan deyilik;
Yoxsulu da yedirtməzdik;
Batilə dalanlarla birlikdə biz də dalardıq.»
6. Təhlükənin qarşısını almaq;
Bəziləri, başqalarının onun haqda nə isə xoşagəlməz bir söz deyəcəyini ehtimal verib onların söylədiklərini etibarsız etmək və ya təhlükənin qarşısını almaq üçün onların eyb və nöqsanlarını aşkar etmək istəyirlər. Belə ki, şəxs onun haqda bir söz demək istərkən söylədikləri dinləyici üçün heç bir əhəmiyyət kəsb etməmiş olsun.
7. Təəccüb;
Günah və xoşagəlməz şeylər haqda söz düşdükdə, bəzi şəxslər qeybət bəhanəsi ilə sanki eşitdiklərindən təəccüblənib deyərlər: Ondan bu işi gözləmək olmazdı. Çünki, əgər qeybət bəhanələri olmasaydı, həmin şəxsin adını çəkmədən öz nigarançılıqlarını bildirərdilər. Digər tərəfdən də günaha düçar olmaq təəccüb və heyrətə səbəb olursa, qeybət də böyük günahlardan hesab olunur və təbii ki, onun bu hərəkəti də başqalarını heyrətləndirəcəkdir.
8. Rəhm.
Bəziləri başqalarının eyb və nöqsanlarından və ya günaha mürtəkib olduqlarından söz düşdükdə, ürək yanğısı ilə deyərlər: Günaha düçar olduğu üçün onun halına ürəyim yanır. Qeybət edən şəxs hər şeydən əvvəl diqqət yetirməlidir ki, onun halı daha çox acınacaqlıdır. Çünki, əvvəla onun özü heç də eyb və nöqsansız deyildir və bunu deməklə özü qeybət etmiş olur. Digər tərəfdən isə mömin bir şəxsi təhqir etməklə başqa bir günaha düçar olmuş olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər