Ölümün Əkiz Qardaşı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-12-2014, 19:04 | Şərh sayı: (0) | Baxılıb: 806
Ölümün Əkiz Qardaşı
Bütün böyük tamaşalardan əvvəl mütləq proqon məşq – yəni son məşq olduğu kimi yuxu da ölümdən öncə böyük tamaşaya kiçik bir məşqdir. Bu məşq sənə ona görə lazımdır ki, BÖYÜK TAMAŞAYA necə hazırlaşdığını biləsən. Çünki, bu yuxu nə vaxtsa son məşq olacaq və tamaşa başlanacaq...
Və bir gün sən mütləq son rolunu oynayacaqsan. Bəlkə tamaşaçıların alqışı altında, bəlkə də sükutun izlədiyi bir səssizlikdə pərdə enəcək və sən həyat səhnəsini tərk edəcəksən. Tərk edib səhnə arxasına dönəcəksən. Ya xəlifə kimi, ya da qurumuş və qoxumuş bir qan laxtası olaraq. Amma mütləq dönəcəksən. Çünki doğulmamışdan öncə sənə buraya geri dönəcəksən deyə bir vəd verilib.
Və sən də dönəcəksən.
Layiq olduğun hər şey sənə veriləcək. Sən haqqa gedən yolda olmusansa, haqqı qazanmaq üçün çalışmısansa bu oyanışında/dirilişində layiq olduğunu alacaqsan...
Şikayətin ancaq özündən olacaq. "Kaş ki"lərinin, heyifslənmələrinin heç bir faydası olmayacaq. Bu tamaşada sən yalnız aktyor deyil həm də dramaturq idin, rejissor idin, bəzən hətta rəssam, həm də bəstəkar olmuşdun. Bu sənin tamaşan idi. Bir nəfərin mono tamaşası. Hər başlanğıcın bir sonu olur. Başlanğıc hardadırsa son da orada olacaq. Sən yenidən səhnəyə baş əymək üçün qayıdacaqsan...
Rolunu gözəl şəkildə, ssenaridə yazıldığı kimi doğru oynamış və ifan da bəyənilmişsə sənə çiçəklər təqdim olunacaq. Cənnət çiçəkləri. Sən onların izi ilə, ətirlərinin dalınca gedəcəksən, ifan bəyənilməmişsə səhnəni daşa basacaqlar. Və sən də bu daşların altında əziləcəksən. o zaman "kaş ki..." deyəcəksən.
Son məşqə hazırsanmı? Son tamaşaya necə?
P.S. Gündüz gecədən doğar, diriliş də ölümdən. Gecə olmazsa gündüzün qədri bilinməz, ölüm olmazsa həyata dəyər verilməz. Sən, hələ yatmısan. Oyan! Yuxu ölümün əkiz qardaşıdır. Oyan! Bu gün qurtuluş günüdür. Oyan! Bu gün diriliş günüdür. Oyan! Adını tarixin silinməz yaddaşına yaza bilmək üçün oyan və Allaha dön! Varlığın Onun varlığının şahidi, varlığın var olmaq üçün Ona borclu. Hər başlanan başlanğıcın Ondan başladığını anladınsa demək oyandın, demək dirildin...
Oyan! Bu gün yatağın yumuşaq döşşəkdirsə, sabah torpaqdan bir döşşək olacaq. Bu gün adın varlıqlar içində çəkilirsə sabah varlıq dəftərindən silinəcək. Əgər günlərinin məqsədi uzun bir yuxudursa onun sonunda mütləq bir oyanış olduğunu düşün. Axı ölmümüz boyu hələ çox yatacağıq. İndisə oyanmaq vaxtıdır. Nə qədər ki, özün oyana bilirsən, nə qədər ki, səni oyandırmayıblar cəhd elə və oyan.
Oyan ki, diriləsən.
Oyan ki, dünyadakı son tamaşanda rolunu ən gözəl şəkildə oynayıb, SƏHNƏ ARXASINA, - gəldiyin yerə üzü ağ dönə biləsən.
Bu rolu sənin üçün Allah seçib, səni yaradan, səni sevən və səni cənnətində görmək istəyən.
İlahi senariyaya [Qurana] uyğun olaraq öz rolunu oynamağa çalış.
Sən səhnəni [dünyanı] tərk etmədən, dünyalıqları tərk et!
Sən sənin üçün seçilən rolu sev və gözəl şəkildə ifa et!
Oyan! Ayıl! Qalx!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər