Əli (ə)-ın fəzilətlərinin yayılmasının qadağan olunması |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 13-05-2016, 19:46 | Şərh sayı: (0) | Baxılıb: 520
Əli (ə)-ın fəzilətlərinin yayılmasının qadağan olunması
Bəşəriyyət tarixində Əli (ə) kimi çox az şəxsiyyət tapmaq olar ki, dost-düşmən əl-ələ verib onun fəzilətlərini və ali-insani sifətlərini ört-basdır etdiyi halda, onun fəzilət və kəraməti bütün aləmi bürüsün. Düşmən ona qarşı ədavət və kin bəsləmiş, bədxahlıq üzündən onun yüksək məqam və mənzilətini gizlətməyə çalışmışdır. Dost isə, ona qarşı səmimi qəlbdən məhəbbət bəsləyir, amma öldürülüb, əziyyətə düçar olmaq qorxusundan, ona qarşı olan məhəbbət və dostluğunu gizlətmək və onun barəsində bir söz də olsun belə, dilinə gətirməməkdən başqa çıxış yolu tapmamışdır.
Əməvi sülaləsinin Əli (ə) və onun övladlarının fəzilətlərini və əsərlərini məhv etmək üçün göstərdikləri namərdcəsinə səylər heç vaxt unudulmaz. Əli (ə)-la dostluqda müttəhim olan şəxs barəsində o dövrün rüsvayçı hökumət üsul idarəsi ətrafında toplaşmış tör-töküntü ünsürlərdən ikisinin bu dostluğa şahidlik etməsi kifayət idi: dərhal həmin adamın adını dövlət işçiləri siyahısından silir və onun beytül-maldan olan maaşını kəsirdilər. Müaviyə özünün vali və əyalət hakimlərinə yazdığı bir məktubda onlara belə deyir: "Əgər bir nəfərin Əli və onun sülaləsinin dostlarından olması sübuta yetsə, onun adını dövlət qulluqçuları siyahısından çıxarıb maaşını kəsin və bütün imtiyazlardan məhrum edin."
Başqa bir məktubda daha çox təkidlə əmr etmişdir ki, Əli sülaləsi ilə dostluğu aşkar edilən hər bir kəsin burun və qulaqlarını kəsib, evlərini viran edin. Bu fərman nəticəsində Iraq əhalisinə, xüsusilə də Kufəlilərə o qədər təzyiq göstərildi ki, şiələrdən heç biri Müaviyənin məxfi məmurlarının qorxusundan öz sirrini, hətta yaxın dostlarına belə, sirri açmamasına dair əvvəlcədən and içdirməyincə deyə bilmirdi.
Əskafi "Nəqzül-Osmaniyyə" kitabında yazır: Abbasi və Əməvi dövlətləri Əlinin fəzilətlərinin yayılmasının qarşısını almaq üçün ciddi-cəhd göstərirdilər. Bu məqsədlə fəqihləri, qaziləri və hədisçiləri çağırıb, onlara fərman verirdilər ki, Əlinin fəzilətləri barəsində bir kəlmə belə danışmasınlar. Buna görə də, mühəddislərdən (hədis söyləyənlərdən) bir qrupu məcbur olmuşdular ki, imamın fəzilətlərini kinayə ilə və üstü örtülü şəkildə nəql edib desinlər: "Qüreyşdən olan bir kişi belə etdi."
Müaviyə üçüncü dəfə olaraq özünün islam vilayətlərindəki siyasi nümayəndələrinə yazdı ki, Əli şiələrinin şahidliyini heç bir yerdə qəbul etməyin. Amma o, bu səy və təzyiqlərlə Əli (ə) sülaləsinin fəzilətlərinin yayılmasının qarşısını ala bilmədi. Buna görə də dördüncü dəfə valilərə yazdı: "Osmanın fəzilət və yaxşılıqlarını söyləyənlərə hörmət edib, adlarını mənə yazın ki, onların etdikləri xidmətlərin əvəzini verim və onları çoxlu mükafatlarla qiymətləndirim." Belə bir müjdə bütün şəhərlərdə Osmanın fəzilətlərini nəql etməklə qondarma və yalan hədis bazarlarının açılıb rövnəqlənməsinə və fəzilət nəql edən ravilərin üçüncü xəlifə barəsində hədis düzəltməklə bol sərvətlər qazanmasına səbəb oldu. İş o yerə çatdı ki, hətta Müaviyənin özü də əsassız və rüsvayçı fəzilətlərin yayılmasından narahat oldu və bu dəfə əmr verdi ki, Osmanın da fəzilətlərinin söylənilməsinin qarşısı alınsın və birinci və ikinci xəlifənin və həmçinin digər səhabələrin fəzilətlərini söyləməyə səy göstərsinlər, əgər bir hədisçi Əbu Turab barəsində bir fəzilət söyləsə, dərhal onun oxşarını Peyğəmbərin başqa dostları haqqında da düzəldib yaysınlar. Çünki bu iş Əli şiələrinin dəlillərini təsirsizləşdirmək üçün daha yaxşıdır.
Mərvan ibni Həkəm başqaları kimi deyirdi ki, Osmanı heç kim Əli qədər müdafiə etmədi. Buna baxmayaraq, Imam (ə)-a lənət demək onun dilinin əzbəri idi. Bir kəs ona etiraz edib "Əli barəsində belə etiqadın varsa, bəs nə üçün onu pisləyirsən?" - deyə soruşanda cavab verirdi ki, bizim hökumətimizin bünövrəsi yalnız Əlini alçaldıb, onu söyüb lənətləməklə möhkəmlənə bilər.
Bəziləri Əli (ə)-ın misilsiz və parlaq xidmətlərinə, əzəmət və paklığına inandığı halda və məqam və mövqelərini hifz etmək üçün Əli (ə) və onun övladları barəsində nalayiq sözlər deyirdilər. Ömər ibni Əbdül-Əziz deyir: –Atam Mədinənin hakimi, bacarıqlı natiq və söz ustası idi. Namazın xütbəsini kamil fəsahət və bəlağətlə oxuyardı. Amma Şam hökumətinin göstərişinə əsasən məcbur qalıb namazın xütbələri arasında Əli və onun övladlarını lənətləyirdi. Həmişə bu mərhələyə çatanda gözlənilmədən çaşır və rəngi dəyişilir, nitqinin ahəngini və səlisliyini itirirdi. Səbəbini atamdan soruşduqda cavab verdi ki, mənim Əli barəsində bildiyimi başqaları bilsəydi, heç kəs bizə tabe olmazdı. Mən Əlinin yüksək məqamını bilə-bilə ona nalayiq sözlər deyirəm. Mən Mərvanın yüksək mövqeyini qorumaq üçün bu işi görməyə məcburam.
Üməyyə övladlarının (Bəni-Üməyyənin) qəlbləri Əli (ə)-a qarşı ədavətlə dolmuşdu. Xeyirxah adamlardan bir dəstəsi Müaviyəyə bu işdən əl çəkməsini tövsiyə edəndə demişdi: "Bu işi o qədər davam etdirəcəyik ki, uşaqlarımız bu fikirlə böyüsünlər, böyüklərimiz də bu fikirlə qocalsınlar!"
Əli (ə)-ı lənətləyib ona nalayiq söz demək minbərlərdə, moizə, xitabə, dərs və hədis məclislərində, Müaviyənin üsul-idarəsində xidmət edən mühəddis və xətiblər arasında düz altmış il davam etdi və çox təsir buraxdı. Bir gün Həccac bir kişinin üstünə qışqırıb ona qarşı kobudluq etdi. Əzdi qəbiləsindən olan bu kişi üzünü Həccaca tutub dedi:–Ey Əmir! Bizimlə belə danışma, biz fəzilət sahibiyik.
Həccac ondan fəzilətlərinin nə olduğu barədə soruşduqda cavab verdi:–Bizim fəzilətlərimizdən biri budur ki, əgər bir kəs bizimlə qohum olmaq istəsə, əvvəlcə ondan soruşuruq ki, görək Əbu Turabın dostlarındandır, yoxsa yox. Əgər ona azacıq məhəbbət bəsləmiş olsa, heç vaxt onunla qohum olmarıq. Bizim Əli övladları ilə olan ədavətimiz o qədər dərindir ki, qəbiləmizdə Həsən, yaxud Hüseyn adlı bir kişi, Fatimə adlı bir qız tapılmaz. Əgər bizim qəbilənin bir üzvünə desən ki, Əlidən bezar ol, dərhal onun övladlarından da bezar olar.
Bəni-Üməyyənin göstərdiyi təzyiqlər nəticəsində Əli (ə)-ın fəzilətlərini gizlətmək və inkar etmək, eləcə də o həzrətin barəsində deyilən iftiraların düz olduğunu təsəvvür etmək ürəklərdə o qədər dərin kök salmışdı ki, onlar bu işləri müstəhəb (görülməsində savab olan), hətta bəzən əxlaqi bir vacib hesab edirdilər. Ömər ibni Əbdül-Əziz islam cəmiyyətindəki bu rüsvayçı ləkəni aradan qaldırmaq qərarına gələndə əməvilərin təsiri altında tərbiyə alanların naləsi ərşə qalxdı. Onlar deyirdilər ki, xəlifə "islami sünnə"ni məhv etmək istəyir! Bütün bunlara baxmayaraq, islam tarixi şəhadət verir ki, Bəni-Üməyyənin namərdcəsinə olan tədbirləri puça çıxdı və onların ardı-arası kəsilmədən göstərdikləri səylər tamamilə əks-nəticə verdi. Belə ki, Əli (ə)-ın başdan-ayağa fəzilət olan vücudu Əməvi xətiblərinin təlqinləri və yanlış təsəvvürlərinin arxasından gün kimi nur saçmağa başladı. Düşmənin israr və inkarı nəinki ayıq qəlblərdə Əli (ə)-a olan məhəbbəti və onun mövqeyini azalda bilmədi, üstəlik onların bu işləri o həzrətin barəsində daha artıq tədqiqat aparılmasına, Imam (ə)-ın şəxsiyyətinin siyasi oyunlardan uzaq üfüqlərdə dəyərləndirilməsinə səbəb oldu. Hətta Əli sülaləsinin düşməni olan Əbdüllah ibni Zübeyrin nəvəsi Amir öz övladına tövsiyə edir ki, Əli barəsində nalayiq danışmaqdan əl çəksin, çünki Bəni-Üməyyə tayfası altmış il müddətində minbərlərdə onun barəsində nalayiq sözlər dedi, amma bunun Əlinin məqam və mövqeyinin yüksəlməsindən və oyaq qəlbli insanların ona tərəf cəzb olunmasından başqa bir nəticəsi olmadı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər