Qədir-Xum hadisəsi heç vaxt unudulmayacaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-01-2016, 07:32 | Şərh sayı: (0) | Baxılıb: 523
Qədir-Xum hadisəsi heç vaxt unudulmayacaq
Allahın hikmətli iradəsi bu olmuşdur ki, bütün əsrlərdə Qədir hadisəsi qəlblərdə və tarix səhifələrində canlı şəkildə həkk olunub qalsın, hər bir əsr və zamanda islam yazıçıları təfsir, hədis, kəlam və tarix kitablarında ondan söz açsınlar, dini təbliğatçılar moizə və xitabə məclislərində onun barəsində söhbət açıb bu hadisəni Imam (ə)-ın inkarolunmaz fəzilətləri sırasında qeyd etsinlər. Təkcə xətiblər və natiqlər deyil, həm də şairlərin çoxu bu hadisədən ilham alaraq, vilayət sahibinə olan ixlası şölələndirib, ən gözəl hissələri müxtəlif surətlərdə və müxtəlif dillərdə yadigar qoymuşlar. Buna görə də Qədir hadisəsi kimi alimlərin, hədisçilərin, təfsirçilərin, mütəkəllimlərin, filosofların, xətiblərin, şairlərin, tarixçilərin və siyrə yazanların diqqət mərkəzində olan, onun barəsində bu qədər diqqət yetirilən çox az hadisə tapmaq olar.
Qədir hədisinin əbədi olmasının səbəblərindən biri də məhz bu hadisə ilə əlaqədar Quranda iki ayənin nazil olmasıdır. Nə qədər ki, Quran var, bu tarixi hadisə də əbədi qalacaq və xatirələrdən silinməyəcəkdir. Qədim dörlərdə bütün islam cəmiyyəti onu dini bayramlardan hesab edirdi. Şiələr indi də həmin günü bayram edir, başqa islam bayramlarında keçirilən mərasimləri elə həmin gün də keçirirlər. Tarix səhifələrinin araşdırılmasından gözəl şəkildə məlum olur ki, zil-hiccənin on yeddinci günü müsəlmanlar arasında "Qədir bayramı" adı ilə məşhur olmuşdur. Hətta ibni Xulləkan Müstəla ibni Müstənsərin barəsində yazır: "487-ci hicri ilində Qədir bayramı günü (zil-hiccənin on yeddisi) camaat onunla beyət etdi." Əl-Übeydi, Əl-Müstənsəru Billah barəsində yazır: "O, 487-ci hicri ilində zilhiccə ayının axırına 12 gecə qalmış vəfat etdi. Bu gecə (zil-hiccənin on yeddisi) Qədir bayramı gecəsi idi." Təkcə ibni Xulləkan deyil, həmçinin, Məsudi və Süaləbi də bu gecəni islam ümməti arasında məşhur olan gecələrdən saymışlar. Bu islam bayramının kökü Qədir gününə gedib çatır. Çünki o gündə Peyğəmbər (s) mühacirə, ənsara və öz həyat yoldaşlarına göstəriş verdi ki, Əli (ə)-ın yanına gedib, onun belə bir fəzilət və məqama layiq olmasını təbrik etsinlər. Zeyd ibni Ərqəm deyir: "Ənsardan Əli ilə (beyət etmək) üçün əl verən ilk şəxslər Əbu Bəkr, Ömər, Osman, Təlhə və Zübeyr oldu. Təbrik və beyət mərasimi günbatana kimi davam etdi."
Bu tarixi hadisənin əhəmiyyəti barədə bunu qeyd etmək kifayətdir ki, Qədir hədisini 110 nəfər hədisçi nəql etmişdir. Əlbəttə, bu, hədisçilərdən yalnız 110 nəfərin bu hadisəni nəql etməsi demək deyil. Təkcə sünnü mənbələrində 110 nəfərin adı gözə dəyir. Peyğəmbər (s) bu sözləri yüz min nəfərlik bir yığıncaqda demişdi, amma onların çoxu Hicazın ucqar yerlərindən gəlmişdi və oralarda heç bir hədis nəql olunmamışdır. Onların bəziləri də bu hadisəni nəql etmişlər, amma tarixdə yazılıb saxlanmağa müvəffəq olmamışdır. Əgər tarixdə yazılmış olsaydı belə, bizə gəlib çatmamışdır. Ikinci hicri əsrində (bu, "Tabein" əsridir) onlardan 89 nəfəri bu hədisi nəql etmişlər. Sonrakı əsrlərdəki mühəddislərin hamısı sünnü alimləri olmuş və onlardan 360 nəfəri bu hədisi öz kitablarında nəql etmiş, çoxları da o hədisin səhih və mətəbər olmasını etiraf etmişlər. Üçüncü hicri əsrində 92 nəfər, dördüncü əsrdə 43 nəfər, beşinci əsrdə 24 nəfər, altıncı əsrdə 20 nəfər, yeddinci əsrdə 21 nəfər, səkkizinci əsrdə 18 nəfər, doqquzuncu əsrdə 16 nəfər, onuncu əsrdə 14 nəfər, on birinci əsrdə 12 nəfər, on ikinci əsrdə 13 nəfər, on üçüncü əsrdə 12 nəfər və on dördüncü əsrdə 20 nəfər alim bu hədisi nəql etmişdir. Bəziləri də təkcə hədisi nəql etməklə kifayətlənməmiş, onun sənəd və məfhumu barəsində ayrıca kitablar yazmışlar. Böyük islam tarixçisi Təbəri "Əl-vilayətü fi-təriqi hədisil-Ğədir" adlı bir kitab yazmış və qeyd olunan hədisi yetmişdən artıq yolla Peyğəmbər (s)-dən nəql etmişdir. Ibni Əqdə Kufi özünün "Vilayət" risaləsində bu hədisi 105 nəfərdən nəql etmişdir. Əbu Bəkr Məhəmməd ibni Ömər Bağdadi (Cüani adı ilə məşhurdur) bu hədisi 21 yolla nəql etmişdir. Bu tarixi hadisə barəsində ayrıca kitab yazanların sayı iyirmi altı nəfərdir. Şiə alimləri bu böyük tarixi hadisə barəsində çoxlu qiymətli kitablar yazmışlar. Onların hamısından üstünü tarixi kitab olan "Əl-Ğədir"dir. Bu kitab məşhur islam alimi Əllamə Mücahid Ayətullah Əmininin gözəl və iqtidarlı qələmi ilə yazılmışdır. Imam (ə)-ın həyatının bu dövrünün yazılmasında o şərif kitabdan geniş şəkildə istifadə olunmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər