Ummul-Möminin Aişə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-11-2015, 01:26 | Şərh sayı: (0) | Baxılıb: 1318
Ummul-Möminin Aişə
Bəzi əhli-sünnət alimlərinin şiə məzhəbinə bidətçi və azğın gözlə baxmasının səbəblərindən biri də şiələrin Peyğəmbərin (s) həyat yoldaşlarından biri Ummul-möminin Aişəyə olan münasibətləridir. Bu qərəzli alimlər iddia edirlər ki, Peyğəmbərin (s) həyat yoldaşı Aişə xəlifə Әbu Bəkrin qızı olduğuna görə şiələr ona töhmətlər yağdırır, lənət və söyüş verir, hətta onun Peyğəmbərə (s) xəyanət etdiyini deyirlər.
Allaha pənah aparırıq bu iftira və böhtanlardan...
Burada şiə məzhəbinin Peyğəmbərin (s) həyat yoldaşları, xüsusilə Ummul-möminin Aişə barəsində olan əqidələrini açıqlamaq məcburiyyətindəyik.
Şiə məzhəbinin əqidəsinə görə, hər kəs Peyğəmbərin (s) həyat yoldaşlarının hər hansı birinə xəyanət (fəhşa və zina) nisbəti versə kafir və mürtəd sayılır.
O cümlədən, kimliyindən asılı olmayaraq söyüş vermək şiə əqidəsinə əsasən böyük günah sayılır. Peyğəmbərin (s) həyat yoldaşlarına, yəni həzrətin namus və şərəfinə söyüş verməyə nəinki şiələrin, hətta kafirlərin belə cəsarəti çatmaz.
Şiə məzhəbi də digər müsəlmanlar kimi Qurani-Kərimin hökmünə əsasən Peyğəmbərin (s) həyat yoldaşlarını, o cümlədən Aişə xanımı ummul-möminin, yəni möminlərin anası hesab edir.
Qeyd etmək lazımdır ki, Qurani-Kərim Nur surəsində Aişəyə atılan böhtanın yalan olduğunu bəyan edir. Şiə alimləri tərəfindən yazılan təfsir kitablarına müraciət etsək görərik ki, bütün şiə təfsirçiləri məlum hadisəni olduğu kimi açıqlamış və əhli-sünnətin "hidayət ulduzları” hesab etdikləri səhabələrin Aişə xanıma atdıqları böhtanı rədd etmişlər.
Aişə xanımın xəlifə Әbu Bəkrin qızı olmasına gəldikdə isə, çəkinmədən deyə bilərik ki, şiə məzhəbi belə nadan təəssüblərdən uzaqdır. Әgər şiələr Aişə xanımın Әbu Bəkrin qızı olduğu üçün, onun bəzi hallarda səhvə yol verdiyini iddia edirlərsə, bəs xəlifə Ömərin qızı ummul-möminin Həfsənin barəsində nə üçün belə sözlər demirlər?! Xəlifə Әbu Bəkrin oğlu iman və sədaqət sərçeşməsi Məhəmməd ibni Әbu Bəkri təzim və ehtiramla yad edirlər? Doğrusunu desək, şiə məzhəbini başqalarının gözündə bədnam edən onların bütün hadisələrə təəssübsüz və obyektiv yanaşmalarıdır. Şiə məzhəbinin əqidəsinə görə səhv addım peyğəmbər səhabəsi, peyğəmbərin həyat yoldaşı, bir sözlə hər kim tərəfindən atılarsa, səhv kimi qiymətləndirilməlidir. Tam qətiyyətlə deyə bilərik ki, şiə məzhəbi ummul-möminin Aişə xanımı hər hansı bir əxlaqsız hərəkətdən pak bilir, yalnız onun diqqətsizlik və ya başqa səbəblərdən müəyyən səhv və xətalara düçar olduğunu deyirlər. Maraqlı burasıdır ki, şiə məzhəbinin Aişə xanımın barəsində qeyd etdiyi səhvlərin hər biri əhli-sünnət kitablarında da dəqiq şəkildə yazılmışdır. Әhli-sünnət kitablarında qeyd olunmuş bu tarixi faktları əziz oxuculara təqdim etməzdən öncə, dəfələrlə vurğuladığımız bir məsələni bir daha xatırlatmaq istərdik. Heç bir kəsin şəxsi keyfiyyətləri, məqamı onun mənsub olduğu tayfa, xalq, ailə ilə ölçülməməlidir. Müqəddəs Quranımız insanların şəxsiyyət və məqamlarının ölçülməsi üçün bizə yalnız bir meyar göstərmişdir.
«Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır.»
Әgər Peyğəmbər xanımı olmaq səhvsiz və günahsız olmaq deməkdirsə, nə üçün Qurani-Kərim Nuh və Lut peyğəmbərlərin həyat yoldaşlarının kafir və cəhənnəm əhli olduqlarını bəyan edir?
«Allah kafirlər üçün Nuhun arvadı ilə Lutun arvadını misal gətirir. Onlar bizim iki saleh bəndəmizin tabeliyində idilər. Peyğəmbər arvadı olması onların heç birinə fayda vermədi. Biz onlara - cəhənnəmə daxil olanlarla birlikdə cəhənnəmə daxil olun - dedik...»
Aişə xanım hələ Peyğəmbərin (s) öz dövründə tez-tez səhvlərə yol verir, həzrətə qarşı çıxır və atası Әbu Bəkr tərəfindən məzəmmət olunurdu.
İmam Ğəzzali «Ehyaul-ülum» kitabında, Mövla Әli Müttəqi «Kənzul-ümmal» kitabında, Әbu Yəla «Müsnəd» kitabında, Әbu Şeyx «Әl-əmsal» kitabında yazırlar:
«Bir gün Aişə xanım atası Әbu Bəkri evinə dəvət etdi ki, onunla Peyğəmbər (s) arasında yaranmış ixtilafa hakimlik etsin. Әbu Bəkr gəlib əvvəlcə Aişədən əhvalatı olduğu kimi danışmasını istədi. Aişə xanım danışarkən sərt şəkildə Peyğəmbərin (s) ədalətsiz olduğunu deyir, təhqiramiz sözlərdən istifadə edirdi. Aişənin sözlərindən qəzəblənən Әbu Bəkr ona elə bir sillə vurdu ki, ağzından qan axmağa başladı.»
Aişə xanımın ən böyük səhvi Qurani-Kərimin aşkar hökmünü sındıraraq siyasət meydanına atılması və ən nəhayət kişilərə qoşulub Әli (ə)-ın üzərinə hücum etməsi idi.
Allah-taala Әhzab surəsində Peyğəmbərin (s) xanımlarına müraciət edərək buyurur ki, siz başqa qadınlar kimi deyilsiniz; daha sonra onlara Peyğəmbərdən (s) sonra evdə oturmağı əmr edir:
«Oturun evlərinizdə, cahiliyyət zamanındakı kimi xalqın arasına çıxmayın.»
Görəsən əhli-sünnət qardaşlarımız Qurani-Kərimin bu ayəsi ilə Aişə xanımın Cəməl döyüşündə başçılıq etdiyi müharibəni necə təhlil edirlər?
Xəlifə Osmanın dövründə fəryad edərək «öldürün bu yəhudi sifəti» deyən Aişə xanım, görəsən nə üçün birdən-birə onun intiqamını almaq həvəsinə düşdü?
Xalqa zülm və sitəm edib xəlifə Osmanın qanına bais olan, Peyğəmbərin (s) dili ilə lənətlənmiş Mərvan ibni Həkəmə qoşulub Osmanın müdafiəsində az qala oğlanlarını qurban verən Әli (ə)-a qarşı üsyan etməyi necə başa düşmək olar?
Bütün tarixçilərin yazdığına görə Aişə xanım, «Osmanı məzlumcasına öldürdülər, gəlin mənimlə, Allaha and olsun ki, onun intiqamını alacağam» - deyə Mədinədən Bəsrə şəhərinə getdi.
Təbəri, İbni Әsir və başqaları Bəsrədə hansı faciələrin baş verdiyini geniş şəkildə yazmışlar. Әhli-sünnət tarixçisi Məsudi «Mürucuz-zəhəb» kitabının 7-ci cildində yazır:
«Bəsrədə yaralananlardan başqa 70 kişi öldürüldü. Onların 50 nəfərinin boynu vuruldu.»
Təəssüflər olsun ki, Әli (ə)-ın öz dili ilə desək, Təlhə və Zübeyr (iki məşhur səhabə) öz xanımlarını evdə pərdə arxasında gizlətdilər; Peyğəmbərin (s) xanımını dəvəyə mindirib kişilərin döyüşünə gətirdilər.
Әli (ə) döyüşdə qalib gəldikdən sonra Aişə xanımı 20 nəfər mühafizlə birlikdə Mədinəyə göndərdi. Aişə xanım Mədinəyə çatdıqdan sonra Әli (ə)-ın ona qarşı etdiyi hörmət və məhəbbəti razılıqla yad edərək dedi: Amma Әlinin məni 20 nəfər yad kişi ilə yola saldığını anlamadım. Bu zaman onunla gələn 20 nəfər şəxs üzlərini açdı və onların hamısının Әbdul-qeys tayfasının qadınları olduğu məlum oldu. Bununla belə Aişə xanım yenə də sakitləşmədi.
Təbəri öz tarix kitabında yazır:
Әli (ə)-ın ölüm xəbəri Aişəyə çatanda aşağıdakı məzmunda bir şer oxudu: «Әli tərəfdən fikrim rahat oldu. Mən bir qonaq gözləyən şəxs kimi bu xəbəri gözləyirdim.»
Cəməl döyüşündən ibrət almayan Aişə xanım Әli (ə)-ın oğlu imam Həsən (ə)-la da düşmənçiliyi davam etdirdi.
Sibt ibni Cuzi «Xəvassul-ummə» kitabında, Məsudi «Әxbaruz-zaman» kitabında, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında və Məhəmməd Xavəndşah «Rovzətus-səfa» kitabında yazır:
«İmam Həsən (ə) şəhid olduqdan sonra Bəni-haşim tayfası onun cənazəsini Peyğəmbərin (s) yanında dəfn etmək istəyirdi. Cənazə hərəkət edəndə Aişə xanım bir qatıra minərək Bəni-üməyyə tayfası ilə birlikdə onların qarşısını kəsdi. İbni Abbas dedi: Aişə, sənin əməllərinə təəccüb edirəm. Sənin üçün Cəməl müharibəsini xatırlamaq bəs idi. Deməli, bir gün dəvəyə minərsən, bir gün qatıra. Gözlə ki, bir gün filə minməyəsən…»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər