İmam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 13-10-2015, 01:25 | Şərh sayı: (0) | Baxılıb: 459
İmam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən
İlahi əxlaq
İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış imam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi.
Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi. Gecələr az yatar, adətən oyaq qalardı. Əksər gecələri sübhədək raz-niyaz edər, çox vaxt oruc olardı. Ayın əvvəlində, ortasında və sonunda hökmən oruc tutar və buyurardı: "Bu bütün vaxtın orucudur.” Gizli xeyirxahlıqları çox idi. Çox vaxt gecənin qaranlığında infaq edər, imkansızlara əl tutardı. Bir başqasının fəzilətdə ona çatdığına inanmayın!
Aclar üçün təam
Müəmmər ibn Xəllad deyir: İmam Riza (ə) süfrəyə əyləşəndə onun üçün böyük bir sini gətirərdilər. Həzrət sinini süfrənin kənarına qoyardı. Süfrədəki ən yaxşı nemətlərdən siniyə yığar və onu yoxsullar üçün göndərərdi. Həzrət bunun ardınca "Bələd” surəsinin 11-ci ayəsini ("fələqtəhəməl-əqəbə”) oxuyardı. Həzrət buyurardı: "Allah bütün insanlarda qul azad etmək gücü olmadığını bildiyindən yoxsulların doyuzdurulmasını behiştə yol qərar verdi.”
İnsana ehtiram
Bəlxli bir şəxs deyir: İmam Rizanın (ə) Xorasana səfərində onunla idim. Həzrət bir gün bütün qulamlarını süfrə başına topladı. Ona dedim: "Sənə fəda olum, əgər onların süfrəsini ayrıca salsaydın daha münasib olardı.” Həzrət buyurdu: "Sakit ol! Allah birdir, ata-ana da bir! Mükafat əməllərə görədir.”
Yoldan qalana yardım
Əliyyəs ibn Həmzə deyir: Mən imam Rizanın (ə) məclisində idim. Həzrətlə söhbətim vardı. Hüzurundakı toplum ondan halal-haram haqqında soruşurdu. Birdən içəriyə hündür boylu bir şəxs daxil oldu və dedi: "Salam olsun sənə ey peyğəmbər oğlu! Mən sənin atan-babanın dostlarındanam. Həccə gedirdim yolda qaldım. Azuqəmi itirmişəm. Yolu başa vurmaq üçün bir şeyim yoxdur. Əgər mənə şəhərimə yetişmək üçün bir şey versən, oraya çatan kimi həmin məbləği sənin tərəfindən sədəqə verərəm. Çünki mənə sədəqə düşmür.” Həzrət buyurdu: "Allah sənə mərhəmət etsin. Əyləş.” Sonra üzünü camaata tutub söhbətinə davam etdi. Axıra Süleyman Cəfəri, Xüseymə və mən qaldıq. Həzrət buyurdu: "İcazə verirsinizmi hücrəyə daxil olum? Həmin vəziyyətdə Süleyman Cəfəriyə üz tutub dedi: "Ey Süleyman! Allah sənə yol açdı.” Sonra ayağa qalxıb otağa daxil oldu və bir saat sonra qapının arxasından əlini uzadıb dedi: "Xorasanlı haradasan?” Xorasanlı dedi: "Buradayam.” Həzrət buyurdu: "Al bu iki yüz dinarı ehtiyaclarına sərf et. Bununla bərəkət əldə edərsən. Mənim tərəfimdən də sədəqə vermə. Evdən çıx ki, nə mən səni görüm, nə də sən məni!” Kişi imamın verdiyi pulu alıb getdi. Süleyman imama ərz etdi: "Sənə fəda olum, səxavət göstərdin, mehribanlıq etdin. Bəs nə üçün üzünü gizlədin?” İmam buyurdu: "İstəmədim ki, ehtiyacını ödəməyim səbəbindən çöhrəsində xəcalət görəm. Məgər peyğəmbərdən belə bir hədis eşitməmisənmi ki, yaxşı işi gizlətmək yetmiş Həccə bərabərdir?! Pisliyi aşkarlayan zəlil, onu gizləyən bağışlanmışdır.”
Fəhlənin haqqı
Süleyman ibn Cəfər Cəfəri deyir: Bir məsələdən ötrü imam Rizanın (ə) yanına getmişdim. Evə getmək istədiyimi görüb buyurdu: "Mənimlə gəl, bu gecəni birlikdə keçirək.” Həzrətlə birlikdə hərəkət etdim. Qürub vaxtı onun evinə çatdıq. Həzrət heyvanlar üçün tövlə tikən qulamına nəzər saldı. Öz qulamlarından olmayan bir şəxsi görüb buyurdu: "Bu şəxs kimdir?” Dedilər: "Bizə kömək edir, biz də ona bir şey veririk.” Nə verəcəyiniz barədə danışmısınızmı? Dedilər: "Ona nə versək razıdır.” Həzrət bu işə görə qəzəblənib qulamlarını cəzalandırdı. Dedilər: "Sənə fəda olum, nə üçün bu qədər narahat olursan?” Buyurdu: "Dəfələrlə qadağan etmişəm ki, razılaşmamış kimsəni işlətməsinlər! Muzd təyin etməmiş bir şəxsi işlətdikdə üç qat artıq haqq verilsə də, ona az verildiyini düşünür. Amma muzdu təyin etdikdən sonra onu ödədikdə təşəkkür edir, artıq bir şey verdikdə bunu başa düşüb artıq verildiyini anlayır.”
Tövhiddə ixlas
Əbu Səlt Hərəvi deyir: İmam Riza (ə) süvari halda Nişapura daxil oldu. Mən onu müşayiət edirdim. Nişapur alimləri onu qarşılamağa çıxmışdılar. Həzrət bir məhəldə dayandığı vaxt onun dəvəsindən tutub dedilər: "Ey Allah rəsululunun oğlu! Pak atalarının haqqına onlardan bir hədis söylə.” Həzrət buyurdu: "Allahın rəsulu buyurmuşdur: "Cəbrail Allah-təaladan belə xəbər gətirdi: "Həqiqətən, mən Allaham və məndən savayı məbud yoxdur. Ey bəndələrim! Mənə pərəstiş edin və bilin ki, hər kəs mənim görüşümə xalisanə "La ilahə illəllah” şəhadəti ilə gəlsə əzabımdan amandadır.” Dedilər: "Ey peyğəmbər oğlu! Şəhadətdə xalislik nədir?” İmam buyurdu: "Allaha, onun rəsuluna və Əhli-beyt (ə) vilayətinə itaət!”
Kərimanə məktub
Bəzənti deyir: İmam Rizanın (ə) oğlu Əbu Cəfərə, imam Cavada (ə) belə bir məzmunda məktubunu oxudum: "Ey Əba Cəfər! Mənə xəbər çatıb ki, səni arxa qapıdan aparıb gətirirlər. Bunun səbəbi onların xəsisliyidir, istəmirlər ki, kimsəyə xeyrin dəysin. Boynunda olan haqqıma görə səndən istəyirəm ki, get-gəlin yalnız böyük qapıdan olsun. Miniyə süvar olduğun vaxt özünlə dirhəm-dinar götür. Olmaya, səndən istəyənə bir şey əta etməyəsən. Əmilərin ağız açanda onlara yaxşılıq et. Əlli dinardan aşağı vermə. İstəsən daha çox əta edə bilərsən. Bibilərin sənə ağız açdıqda iyirmi beş dinardan aşağı vermə. Əgər istəsən daha çox əta edə bilərsən. Allahdan sənin üçün böyük məqam diləyirəm. Buna görə də infaq et, ərş sahibinin verməyəcəyindən qorxma.”
Rəyyan ibn Səlt deyir: Xorasanda imam Rizanın (ə) qapısında ikən Müəmmərə dedim: Olarmı ağadan köynəklərindən birini və adına vurulmuş sikkələrindən bir qədər istəyəsən? Müəmmər deyir ki, dərhal imamın otağına daxil oldum. Həzrət sözə başladı: "Ey Müəmmər! Rəyyan istəmirmi ki, ona köynəklərimizdən geyindirək, dirhəmlərimizdən bağışlayaq?!” Öz-özümə dedim: "Subhanəllah! Axı bu sözləri indicə qapıda eşitmişdim! Həzrət gülümsündü, sonra buyurdu: "Şübhəsiz mömin kama çatar. Ona de yanıma gəlsin.” Məni həzrətin yanına apardılar. Salam verdim, salamımı aldı. Köynəklərdən ikisini mənə bağışladı. Getmək istəyəndə ovucuma otuz dirhəm qoydu.
Ağır borcun ödənməsi
Əbu Məhəmməd Ğəffari deyir: Ağır borca düşmüşdüm. Düşündüm ki, bu borcu ödəmək üçün mövlam Əbül-Həsən Əli ibn Musa Rizaya ağız açmaqdan başqa çarəm yoxdur. Sübh vaxtı həzrətin evinə gəldim. Daxil olmaq üçün icazə istədim. Evə daxil olduqdan sonra həzrət mənə dedi: "Ey Əba Məhəmməd! Nə istədiyini bilirəm, borcunu ödəmək bizim öhdəmizədir.”
Axşam vaxtı xörək gətirdilər. Həzrət buyurdu: "Gecəni bizimlə qalırsan, yoxsa gedirsən?” Dedim: "Ey mənim ağam! Əgər istəyimi yerinə yetirsən, getməyim yaxşı olar.” Həzrət mənə bir ovuc pul verdi. Sağollaşıb yola düşdüm. İşığa çıxdıqda əlimdəki dinarların parıltısı gözümü qamaşdırdı. Onlardan birinin üzərində yazılmışdı: "Ey Əba Məhəmməd! Bu əlli dinardan iyirmi altısını borcuna ver, iyirmi dördünü ailənə xərclə.” Səhəri gün sübh çağı həmin dinarı o biriləri arasında görmədim. Amma əlli dinar əskilməmişdi!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər