Əhalini bu qədər aldatmaq olarmı?! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-04-2016, 20:57 | Şərh sayı: (0) | Baxılıb: 304
Əhalini bu qədər aldatmaq olarmı?!
Müştəri cəlb etmək üçün istifadə olunan aldadıcı reklamlar, artıq cəmiyyətimizdə adiləşib. Az qala, insanlar reklamın məhz belə olmalı olduğu, onun mahiyyətinin aldatmaq olduğu reallığını qəbul ediblər. Reklam verən şirkətlər də bu məqamdan məharətlə istifadə edərək, daha aldadıcı reklamlara əl atır.
Vətəndaşların əsas aldadıqları sahələrdən biri mənzil satışı ilə bağlı şirkətlərin hazırlatdığı reklam materiallarıdır. MTK-lar, əhalini cəlb etmək üçün yalan informasiyalar ilə bol olan reklam çarxları hazırlayıb, televiziyada, internetmediada və sosial şəbəkələrdə yayımlayır. İnsanlar ümidlənərək həmin şirkətlərə üz tuturlar, amma az keçmədən ümidləri suda boğulur.
Tezliklə aydın olur ki, bu, sadəcə insanları cəlb etmək üçün verilən yalan informasıyalardır. Həqiqət isə başqadır. İlkin ödəniş mütləq olmalıdır, mənzillər təmirsizdir və ən dəhşətlisi bina 12-18 aya təhvil veriləcək. Bir sözlə, 2 il şirkətə pul ödə və otur gözlə ki, mənzil tikiləcək.
Belə reklamlar sadəcə insanları ümidləndirmək üçün yayımlanır. Sputnik-in əməkdaşı yalan reklamları yayılmasının marketinq cəhətdən doğruluğunu və hüquqi baxımdan qanuna nə dərəcədə uyğun olduğunu araşdırıb.
"Reklam verən tərəf bunun məsuliyyətini daşıyır"
Marketinq mütəxəssisi Müşfiq İsgəndərovun sözlərinə görə, bu məsələdə şirkətlərin atdığı addım nə marketinq, nə də doğru hədəfləmə strategiyasına uyğundur: "Mənzil bazarındakı duruma gəldikdə isə, yanlış reklam strategiyası ilə növbəti müştərisini qazanmaq əvəzinə, onlarla potensial alıcını itirirlər. Məqsədləri cəlbedici görüntü yaradıb insanları cəlb etməkdir, amma əksi baş verir. Yüz min manatlarla ödədikləri reklam ödənişlərinin alıcı tərəfindən bir cavabı olur: Boş şeydir, əşşi".
Marketoloq yalan reklamlar sayəsində müştərilərə dəyən zərərdən də danışıb: "Alıcıların hissləri ilə oynamaları, müştəriləri depressiyaya salmaları Azərbaycan Respublikasının "Reklam haqqında qanunu"na ziddir. Reklam verən tərəf bunun məsuliyyətini daşıyır".
Ekspert əlavə edib ki, ölkəmizdə sosial media və radioda reklamlar az olduğundan, media reklam verənləri küsdürmək istəmir: "Bu da böyük problemlərə gətirib çıxarır. Yəni, media həmin reklamların aldadıcı olduğunu bilə-bilə, onları yayımlamağa məcbur olur".
"Şirkət cinayət məsuliyyətinə cəlb oluna bilər"
Vəkil Səməd Vəkilov isə hesab edir ki, müştəri reklamla tanış olduqdan sonra şirkətə gedərək aldadıldığını hiss edərsə, o zaman ona dəyən mənəvi ziyana görə məhkəməyə müraciət edə bilər: "Hüquqi cəhətdən cinayət məsuliyyəti var. Cinayətin başa çatma dərəcəsi var. Əgər müştəri yalnız reklamı görərək aldandığını hiss edirsə, məhkəməyə müraciət edib mənəvi cəhətdən çəkdiyi zərərə görə şirkətdən müəyyən məbləğdə pul tələb edə bilər və ya üzr istəmələrini tələb edə bilər".
"Pulun miqdarı müştərinin mənəvi cəhətdən nə dərəcədə zərər cəkdiyini sübut etməkdən asılıdır. Amma müştəri reklama aldanaraq mənzil alıb, sonra aldandığını anlayarsa, bu zaman şirkət dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilər", -hüquqşünas qeyd edib.
Əcnəbilər "aldadıcı reklam" anlayışını başa düşmürlər
"Bu ölkədə insanları aldatmaq olmaz. Reklama ciddi nəzarət olunur. Aldatmağa cəhd etmək cinayətdir".
Bunu isə, Sputnik-ə açıqlamasında, İsveçrədə yaşayan azərbaycanlı Kazım Kazım deyib. Onun sözlərinə görə, İsveçrədə vətəndaş aldığı hər məhsulu, istifadə etmiş olduğu halda belə, 14 gün ərzində geri qaytara bilər.
"Ən əsası İsveçrədə satılan məhsulun üzərinə əlavə qiymət qoymaq qadağandır. Qiymətlər standartlarla tənzimlənir", - Kazım qeyd edib.
Türkiyədə yaşayan həmyerlimiz Gülnaz Volkan da yaşadığı ölkədə aldadıcı reklam anlayışının başa düşülmədiyini deyib: "Əvvəla, keyfiyyətli məhsula reklam lazım deyil. İkincisi, əgər reklam olunursa, doğru məlumatlar insanlara çatdırılmalıdır. Türkiyədə yaşadığım müddətdə yalan reklam çarxlarına rast gəlməmişəm. Hər kəs məhsulunu olduğu kimi reklam edir. Şişirdilmiş rəqəmlər və güzəştlərlə müştəri aldatmırlar".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər