Üç nüfuzlu təşkilat niyə ölkəmizi hədəfə alıb? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:29 | Şərh sayı: (0) | Baxılıb: 231
Üç nüfuzlu təşkilat niyə ölkəmizi hədəfə alıb?
Tənqidi hesabatlar yumşalmaqda olan Azərbaycan-Qərb münasibətlərinə zərbə vura bilərmi?; İqbal Ağazadə: “Korrupsiya varsa, hesabatda adın gedirsə, bu, artıq çox ciddi məsələdir”
Fəzail Ağamalı: “Erməni lobbisinin bu təşkilatlara təsiri çox güclüdür”; Mirvari Qəhrəmanlı: “Azərbaycan ötən ildən də biabırçı vəziyyətdədir”
Nüfuzlu beynəlxalq təşkilatlarından olan “Freedom House”, “Human Rights Watch” və “Transparency İnternational” 2015-ci illə bağlı hesabatlarını açıqlayıblar. Hər üç təşkilatın hesabatı Azərbaycan üçün mənfi göstəricilərlə yadda qalıb.
“Freedom House” təməl azadlıqları ilə bağlı 195 ölkə arasında hazırladığı hesabatda Azərbaycanı söz-ifadə azadlığının ən çox pozulduğu ölkələr siyahısına salaraq, qeyri-azad ölkə elan edib. Maraqlıdır ki, “Freedom House” Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də “siyasi və vətəndaş hüquqlarına” qiymət verib. Sənədə görə, Ermənistan kimi “Dağlıq Qarabağ da qismən azad ərazidir”.
“Human Rights Watch” təşkilatının da hesabatı ölkəmiz baxımından kifayət qədər sərtdir. Qurum ötən ildə Azərbaycanda vətəndaş cəmiyyətinə və KİV-lərə qarşı repressiyaların artdığını bildirir. Eyni zamanda hesabatda göstərilir ki, məhkəmələr aparıcı hüquq müdafiəçilərini, siyasi fəalları və jurnalistləri siyasi xarakterli, ədalətsiz məhkəmə işləri ilə uzun müddətə azadlıqdan məhrum ediblər. Onların bir qisminin ya ölkəni tərk etdiyi, ya da ölkədən çıxışlarına qadağa qoyulduğu qeyd olunur. Hazırda bu prosesin davam etdiyi hesabatda göstərilir.
“Azərbaycanda hökumətin repressiyaları ölkənin müstəqillik tarixi ərzində misli görünməmiş həddə olub”, - deyə “Human Rights Watch”un Cənubi Qafqaz üzrə direktoru Georgi Qogiya bildirib.
“Transparency İnternational” təşkilatı isə korrupsiya ilə bağlı illik hesabatını açıqlayıb. 168 ölkənin adının daxil edildiyi hesabatda Azərbaycanın adı xüsusilə vurğulanır. Ölkəmiz sənədin Avropa və Mərkəzi Asiya bölümündə “yaxşı” və “pis” hissələrində “ən pis”ə düşüb.
Qeyd edək ki, Azərbaycan 2014-cü ilin indeksində 126-cı yeri tutmuşdusa, 2015-in nəticələrinə görə 119-cu pillədə qərarlaşıb. Lakin nəzərə almalıyıq ki, ötən ilin indeksinə 175 ölkə daxil edilmişdisə, builki reytinq cədvəlində 168 ölkə var.
Göründüyü kimi, hesabatların hər üçü ürəkaçan deyil. Doğrudur, bu sənədlər təkcə Azərbaycanla bağlı hazırlanmayıb. Dünya ölkələrindən ibarətdir. Amma yuxarıda qeyd olunan məsələlərdə ölkəmizin adının siyahılar üzrə mənfi yerlərdə hallanması bir çox mətləblərdən xəbər verir. Hesabatlarda diqqətçəkən nüanslardan biri də düşmən ölkə olan Ermənistanın Azərbaycandan ön sıralarda olmasıdır.
Bəzi ekspertlər hesab edirlər ki, bu hesabatlar son günlərdə Azərbaycanla Qərb arasındakı münasibətlərin yumşalmasına zərbə vuracaq. Xüsusilə fevralın 15-də Azərbaycanla bağlı sanksiyaların müzakirəsinin baş tutacağına bu hesabatların işarə verdiyi deyilir. Hakimiyyətin bundan sonra daha çətin sınaqlar qarşısında qalacağını indidən proqnozlaşdırmaq elə də çətin deyil.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycanla bağlı bu cür hesabatlar ilk dəfə deyil: “Azərbaycanla Qərb arasında münasibətlərin pisləşməsi barədə indidən dəqiq və ciddi mövqe ifadə etmək çətindir. Çünki Qərbin tələblərinin heç biri yerinə yetirilməyib. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə münasibətlərin pisləşəcəyi barədə fikir bildirmək doğru deyil. Korrupsiya və azad olmayan ölkələr sırasına Azərbaycanın adının salınması və yüksək reytinqdə göstərilməsi birinci dəfə deyil. Dəfələrlə belə hallar olub və mövqeyimizi daim bildirmişik. Bununla bağlı hökumət təcili tədbirlər görməlidir. Təəssüflər olsun ki, hökumət hələ də belə tədbirlər görmür. Müqayisə oluna bilər ki, biz 119-cu yerdə yox, 100-cü yerdəyik, yaxud 90-cı yerdə deyil, 60-cı yerdəyik. Bunlar mahiyyəti dəyişmir. Hansı sırada olmağın önəmi yoxdur. Korrupsiya varsa, hesabatda adın gedirsə, bu artıq çox ciddi məsələdir. Hökumət ciddi tədbirlər görməyə məcburdur. Belə neqativ halların aradan qaldırılması üçün sistemləşdirilmiş proqramlar ortaya qoyulmalıdır”.
İqtidaryönlü deputat Fəzail Ağamalı hesab edir ki, Ermənistanın adının siyahıda ölkəmizdən öndə verilməsi hesabat açıqlayan təşkilatların ermənipərəst siyasətlərinin nəticəsidir: “Bu təşkilatların yaydığı hesabatlarda ölkəmizə qarşı qərəzli münasibətin hər zaman şahidi olmuşuq. Həmin təşkilatların anti-Azərbaycan qüvvələri içərisində yer aldıqlarına şübhə etmirəm. Erməni lobbisinin bu təşkilatlara təsirləri çox güclüdür. Qərblə Azərbaycanın münasibətləri pisləşən kimi, bu təşkilatlar belə bəyanatları gündəmə gətirirlər. Çalışırlar ki, ölkəmizi Avropa məkanında gözdən salsınlar. Azərbaycan həqiqətlərinin dünya tərəfindən qəbul olunmasını istəmirlər. Ölkəmizə qarşı bu cür qara piar kampaniyalarının indiyədək heç bir təsiri olmayıb. Ölkəmizin tutduğu yol düzgündür. Bu yol dünya dəyərlərinin Azərbaycana bərqərar olunması yoludur. Demokratiyanın inkişafı, söz azadlığının qorunub saxlanılması əsas məqsədlərdən biridir. Ölkəmiz qarşısına qoyduğu hədəflərə doğru sürətlə gedir və dünya miqyasında nüfuzunu artırmaqdadır. Bu cür bəyanatlar düşünmürəm ki, Azərbaycanın xarici nüfuzuna zərbə vursun, digər dövlətlərlə münasibətlərini korlasın. Qərblə ikitərəfli münasibətlərə malikik. Bu münasibətlər biz tərəfdən qətiyyətlə həyata keçirilir. Ən etibarlı ölkə statusunu qoruyub saxlayırıq. Nüfuzumuz dünyadakı bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Onlar Azərbaycanın inkişafını istəməyən qüvvələrdir. Ən müxtəlif yollarla ölkəmizdə vəziyyətin gərginləşməsini istəyirlər. Amma bu gün xalqla ölkə başçısının sıx münasibəti var. Hətta dünyadakı iqtisadi böhranın ölkəmizə təsiri də bu münasibətlərə zərbə vurmadı. Hazırda sabitlikdir. Biz işimizi belə bəyanatların üzərində qurmuruq. Ulu öndərimiz tərəfindən qurulmuş dövlət İlham Əliyev tərəfindən uğurla idarə olunur. Bu hesabatlar daxili və xarici siyasətimizə heç bir təsir etməyəcək. Təsir etmək gücündə də deyil”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azərbaycanın ötən ildən də biabırçı vəziyyətdə olduğunu qeyd etdi: “Hesabatların düzgün olmadığını kimsə deyə bilməz. Çünki ölkəmizdə gedən proseslər böyük korrupsiyanın olduğunu sübut etdi. Hesabatda söz azadlığının ölkəmizdə pozulması faktı da doğrudur. Təkcə son iki ildə Azərbaycanda aparılan həbslərə, QHT-lərə qarşı olan hücumlara diqqət yetirsək, bunun açıq şəkildə şahidi olarıq. Azad sözə ciddi təzyiqlər var. Bu hesabatlarda göstərilən bəzi faktları hökumətin özü də təsdiq edir. Demək olmaz ki, göstərilən faktların hamısı qərəzlidir. Hesabatlarda əks olunanlar cəmiyyətimiz tərəfindən də öz təsdiqini tapıb. Əfv öncəsi belə bəyanatların verilməsini, hesabatların hazırlanmasını heç vaxt doğru hesab etməmişəm. Amma son hesabatlar doğrudur. Korrupsiyaya qarşı hökumətin müəyyən tədbirlər görməsi doğrudur. Hətta bəzi korrupsiya faktlarını hakimiyyətin özü televiziyaya çıxarır. Prezident çıxışında da bu məsələyə toxundu”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər