Tikinti fırıldaqçılarından can qurtarmağın yolları |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:39 | Şərh sayı: (0) | Baxılıb: 270
Tikinti fırıldaqçılarından can qurtarmağın yolları
Ekspertlər yalançı şirkətlərlə bağlı illərdir təkliflər verir, ancaq...
Ölkədə, xüsusən də paytaxtda fəaliyyət göstərən tikinti şirkətlərinin fırıldaqları ilə bağlı işlər hətta məhkəmə müstəvisinə qədər gedib çıxır. Ancaq illər boyu əhalinin və ekspertlərin qaldırdığı problem həllini tapmır.
Fevralın 4-də Yasamal Rayon Məhkəməsində Orxan Əfəndiyevin iddiası üzrə davam etdiriləcək proses də belələrindəndir. O.Əfəndiyevi məhkəmə qapısına aparan ədalət axtarışıdır. O, 2012-ci ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün “Yasamal” MTK-ya üz tutub. Və böyük qanunsuzluqlarla üzləşib.
Jurnalistikamızın dəyərli nümayəndəsi, milli-azadlıq hərəkatının öncüllərindən biri, mərhum Ağamalı Sadiq Əfəndinin oğlu olan O.Əfəndiyevin 2012-ci ildə atasından qalma mənzili də, üstəlik, banklardan götürdüyü kreditlər də əlindən gedib: “Məcburiyyət qarşısında ata evimizi satdıq, 2 bankdan pul götürüb aparıb ”Yasamal" MTK-ya verdim. Bu gün də kirayələrdə yaşayıram. MTK ilə aramızda müqavilə bağlandı, mənə maliyyə arayışı verdilər. Çünki mənzilin pulunu - 55 min 200 manatı tam ödəmişdim. Dedilər ki, binanı 3 aya təhvil verəcəklər. Hər dəfə müddət bitəndə gedirdim, deyirdilər 3 ay sonra binanı təhvil veririk. Təxminən 1 il 3 ay əvvəl növbəti dəfə binaya gedəndə gördüm ki, mənzilimə qapı qoyublar. Orada Faiq adlı MTK işçisi var, ona yaxınlaşdım. Soruşdum ki, mənzilimə qapı niyə qoyulub? Cavab verdi ki, MTK-ya borcunuz var. Əlimdə müqavilə, maliyyə arayışı olduğunu diqqətini çatdırdım ki, borcum yoxdur. Bundan sonra da dedi ki, mənzilini başqasına satmışıq. Etirazımı bildirdim, şikayətlər etdim, xeyri olmadı. Polisə, prokurorluğa yazdıq, nəticə olmadı. Üstəlik, MTK-da məni hədələdilər, dedilər ki, binaya gəlmə".
O.Əfəndiyevin nümayəndəsi Yaşar Ağazadə deyir ki, “Yasamal” MTK-da qanunsuzluqla üzləşən təkcə O.Əfəndiyev deyil. 100-ə yaxın vətəndaş faktiki zərərçəkmişdir. Ekspertlər isə bildirir ki, əhalinin mənzil, tikinti fırıldaqçılarından yaxa qurtarması üçün hökumət ciddi işlər görməlidir.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzilə pul ödəyənlər üçün heç nəyi dəyişmir: “Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilir, nə də onların pullarını geri qaytaracaq kimsə var. Satış mexanizmi elə qurulmalıdır ki, bir mənzilin mülkiyyətçi dəyişmədən ikinci dəfə başqa şəxsə satılması mümkün olmasın. Təklifimiz yeni binalardan mənzil satışının nizama salınmasına hədəflənib. Birincisi, Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, həmçinin şirkətlərin şəffaf işləməsinə imkan yaradır. İkinci variant bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılmasıdır. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Bu qeydiyyat hətta sonrakı mərhələdə elektronlaşdırıla bilər. Məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa, artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir”.
Təklif olunan üçüncü varianta görə, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir: “Ödənişlər yalnız banklar vasitəsilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Bunlardan başqa, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha da ağırlaşdırılmasını, məhdud məsuliyyətli cəmiyyətlərin- MMC-lərin tikinti ilə məşğul olmasının birmənalı şəkildə qadağan edilməsini təklif edirik. Praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Nəhayət, yeni tikilən və istifadəyə qəbul edilməyən mənzillərin alqı-satqısı üçün «ASAN Xidmət»lərin nəzdində xüsusi elektron baza yaradıla bilər”.
Ekspert Ramil Osmanlı isə qeyd edib ki, bununla bağlı məsələni dəfələrlə qaldırıb və təkliflər veriblər: “Müxtəlif kontekstlərdə müzakirələr və təkliflər olub. Ayrı-ayrı problemlərə mahiyyəti üzrə yanaşmalar olub. Hesab edirəm ki, o problemin çıxış yolu MTK-lar və vətəndaşlar, yəni istehlakçılar arasında bağlanan müqavilələrin dövlət təminatının alınmasıdır. Söhbət burada notariat müqavilələrdən gedir. Bununla həm də MTK-lar notariat kontorlarına elektron hesabat vermiş olurlar və noratiat kontorları MTK-ların satışa çıxarılan binasının neçə bloklu, neçə mənzilli olması barədə rəsmi məlumata malik olur. Dövlət bilir ki, hansı nömrəli mənzillər satılıb. Artıq ikinci şəxsə satılması imkanları məhdudlaşır. Bunun başqa yolları da var. Hökumət MTK qarşısında müəyyən öhdəliklər qoya bilər ki, hər bir MTK-nın, tikinti şirkətinin saytı olmalıdır. Həmin saytın müvafiq dövlət qurumlarına, məsələn, Statistika Komitəsinə, Ədliyyə Nazirliyinə çıxışı olmalıdır. Həmin saytda MTK-nın tikdiyi binanın strukturu, konfiqurasiyası, mənzillərin, mərtəbələrin sayı və sair göstərilməlidir. Müxtəlif variantlar var. İndiki halda, ən optimalı və vacibi bunlardır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər