Manatla bağlı ziddiyyətli açıqlamalar... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 07:57 | Şərh sayı: (0) | Baxılıb: 277
Manatla bağlı ziddiyyətli açıqlamalar...
Ekspertlər bildirirlər ki, real bazarda manat 2 dollara qədər ucuzlaşıb...
Milli valtyuta olan manatın real məzənnəsi müzakirə olunmaqdadır. Əksər ekspertlər əslində manatın real bazarda məzənnəsinin 2 dollara qədər ucuzlaşdığı qənaətindədirlər. Ancaq Mərkəzi Bank rəhbəri bunu təkzib edir. Baş bankirin dediklərini isə rus bankirlər təkzib ediblər.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, dolların məzənnəsinin 2 manata qədər yüksələcəyi barədə xəbərlər əsassızdır.
Onun sözlərinə görə, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə iki yüzədək valyutadəyişmə məntəqəsi ləğv edilib: “Bazara kifayət qədər valyuta veririk. Dünən hərracda təklif etdiyimiz valyutanın bir hissəsi hətta satılmayıb. Elektron hərrac vasitəsilə proses şəffaf həyata keçirilir. Vətəndaşları sakitliyə çağırıram. Bu gün ciddi təlaş yoxdur. Əsas məsələ iqtisadiyyatın 25-30 dollar/barel ətrafında stabilləşdirilməsi məsələsidir”.
Baş bankir deyib ki, son hərracda təklif edilən valyutanın hamısı alınmadı. Dəvət edilən 35 bankdan cəmi 28-i hərracda iştirak edib. Bu da onu göstərir ki, bazarda artıq stabil vəziyyət yaranıb. Lakin məzənnə yenə də üzür. Proses davam edir. Çünki burada müəyyən təsir var.
O, deyib ki, iqtisadiyyatımız neftin qiymətlərinə uyğunlaşmalıdır. Neftin qiymətləri düşür, stabilləşməni bunun əsasında aparmalıdır.
“Bizə Dövlət Neft Fondunun vəsaitlərindən çevik istifadə etməklə manatı idarə olunan səviyyədə saxlamaq tapşırılıb. Manatın məzənnəsi əhəmiyyətli dərəcədə xarici amillərdən asılıdır, dəyişən neft, ticarət tərəfdaşlarında devalvasiya məcbur edir ki, bunu nəzərə alaq. Bunu edirik və məsuliyyətini də dərk edirik. Buna reaksiya verməmək mümkün deyil”, - deyə E.Rüstəmov vurğulayıb.
Rusiyanın “Sberbank”ı isə Elman Rüstəmovu təkzib edərək dolların 2 manat olacağı barədə açıqlama yayıb. Rusiyanın “Sberbank” bankının korporativ-investisiya biznesi sayılan Sberbank CIB “MDB: Borc bazarları” adlı sərmayə hesabatı dərc edib. Hesabatda deyildiyinə görə, manatın enişinin hansı səviyyədə dayanacağı ilə bağlı sual açıqdır və bu, ancaq manata deyil, Rusiya rubluna, Qazaxıstan təngəsinə və Körfəz ölkələri əməkdaşlıq şurasına daxil olan, valyutaları sabit məzənnə ilə müəyyən edilən bütün ölkələrə aiddir.
Hesabatda daha sonra deyilir: “Vəziyyətin belə olmasının səbəbi odur ki, bazar neftin qiymətinin nə qədər enəcəyini proqnozlaşdırmaqda acizdir. Yanvarın 19-u elan edilmiş tədbirlərə baxmayaraq, Brent markalı neftin qiyməti 1 barrelə görə 25 dollara düşərsə, USD/AZN məzənnəsi indiki 1,60 səviyyəsindən daha yüksək səviyyəyə qədər yüksələ bilər və ola bilsin ki, 2 manata yaxınlaşsın”.
Hesabatda vurğulanır ki, Azərbaycan hakimiyyəti kapitalın ölkə xaricinə çıxarılmasını məhdudlaşdıran tədbirlərin tətbiqinə başlayıb.
Yerli ekspertlər isə bildirirlər ki, əslində manatın məzənnəsinin 2 dollara qədər azalması realdır. Sadəcə, Mərkəzi Bank hələ də durumu nəzarətdə saxlamaqla buna imkan vermir.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, neft dövlət büdcəsində 30 dollardan hesablansa, dolların məzənnəsi 2,25 manata qalxacaq: “Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov dedi ki, dollar 2 manat olmayacaq. Bir də qeyd edib ki, büdcədə dəyişiklik ediləcək, neftin baza qiyməti 30 dollar götürələcək. Elman müəllim 2 dəfə xalqı aldadıb, atalar isə üçdən deyib. Amma bu dəfə aldatmır, düz deyir. Dollar 2 manat olmayacaq, əgər neftin büdcədə baza qiyməti 30 dollar götürülsə, dollar 2,25 manat olacaq. Neft Fondunun təsdiq edilmiş büdcəsi və 2016-cı ilin büdcə parametrləri bunu deməyə əsas verir”.
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, manatın daha da ucuzlaşması Mərkəzi Bankın atacağı addımlardan, inzibati metodlardan əl çəkməsindən birbaşa asılıdır: “Bu gün əslində elan edilən məzənnə bazarın müəyyənləşdirdiyi məzənnə deyil. Baxmayaraq ki, Mərkəzi Bank üzən valyuta rejiminə keçdiyini bəyan edib, amma etiraf etmək lazımdır ki, Azərbaycanda hələlik üzən valyuta rejiminə keçilməyib. Üzən valyuta rejiminin əsas mahiyyəti ondan ibarətdir ki, valyutanın məzənnəsini bazar müəyyənləşdirir. Mərkəzi Bank hətta idarəolunan valyuta rejimində belə sadəcə lazım olunan məqamlarda, dollara tələbatın ödənməsində ciddi çətinlik varsa, o zaman bazara girir. Amma eyni zamanda, Mərkəzi Bank birbaşa inzibati resurslarla bazara müdaxilə etmir. Əslində isə bu gün nəzərə alsaq ki, məzənnə müəyyənləşdirməklə bağlı Mərkəzi Bank banklara 4 faiz limit müəyyənləşdirib. Limitin müəyyənləşdirilməsi də əslində reallıqda artıq üzən deyil, tənzimlənən valyuta rejiminin olmasından xəbər verir. Çünki banklar məzənnəni sərbəst şəkildə müəyyənləşdirmək imkanına malik deyillər. Bu, Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnədən 4 faiz çox olacaq. Bu isə o deməkdir ki, hələlik valyuta bazarında üzən valyuta rejimi baş vermir. Yalnız bir gün Mərkəzi Bank banklara məzənnəni sərbəst müəyyənləşdirmək hüququ verdi. Həmin gün manatın məzənnəsi 1,90-na qədər azaldı. Ona görə də əgər Mərkəzi Bank real, üzən valyuta məzənnəsini tətbiq edərsə, təbii ki, manatın məzənnəsinin yalnız bir gün ərzində hər dollar üçün 2 manat azalmasına gətirib çıxaracaq. Bu gün Mərkəzi Bankın elan etdiyi məzənnə bazarın müəyyənləşdirdiyi məzənnə deyil. Mövcud tələbi nəzərə alsaq, reallıq ondan ibarətdir ki, kəskin tələb formalaşıb. Nəzərə alsaq ki, Mərkəzi Bank banklara valyutanın məzənnəsini müəyyənləşdirməkdə sərbəstlik hüququ verib. Manatın məzənnəsi 2 dollara qədər azalacaq. Bu gün bazarın qanunları əsasında, inzibati tənzimləmə olmadan elan edilən məzənnə 1 dollar 2 manatdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər