Qlobal istiləşmə, yoxsa NASA-nın yalanı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 16:00 | Şərh sayı: (0) | Baxılıb: 267
Qlobal istiləşmə, yoxsa NASA-nın yalanı?
Ekoloq: “Qlobal istiləşmə deyə bir anlayış yoxdur, bütün bunlar komersantların oyunudur”
ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) və NASA son 135 ilin ən isti ilini açıqlayıb. Qlobal temperatur araşdırmaları aparan NASA 2015-ci ilin ən isti il olduğunu bəyan edib. 1880-ci ildən bu günə qədər ölçü aparan ABŞ təşkilatına görə, 2015-də yer kürəsində istilik artımı 2,39°F (1,33°C) olub. Dəniz səthinin temperaturu da orta hesabla artaraq 1,33°F (0,74°C) təşkil edib. Bu isə bir çox insanlarda 2016-cı ilin yayının da ən isti yay olacağı fikri yaradıb.
Ümumiyyətlə, Ekoloqların fikrincə, əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşə bilər. Bəşəriyyətin ümumi gələcəyi ilə bağlı bu məsələlər Parisdə İqlim Dəyişikliyi üzrə BMT Konvensiyası iştirakçılarının 21-ci konfransında ciddi müzakirə edilmişdi. Konfransda bildirilib ki, fəaliyyətsizlik bu əsrin sonunda planetdə havanın temperaturunun 6 dərəcəyədək yüksəlməsinə gətirib çıxara bilər. Əgər ciddi tədbirlər görülməsə, istiləşmə dünyada 1 milyard ton buzlağın əriməsinə, okean sularının səviyyəsinin 4 metr artmasına, gələn əsrlərdə isə bu artımın onlarla metrə çatmasına səbəb ola bilər.
Bu, sahil ərazilərinin su altında qalması, yüz milyonlarla insanın həyatının dəyişməsi deməkdir. Digər tərəfdən, başqa regionlarda qlobal istiləşmə su qıtlığına, təxminən 3 milyarda yaxın adamın quraqlıqdan əziyyət çəkməsinə və qlobal miqrasiya proseslərinə səbəb ola bilər.
Ekoloq Telman Zeynalov isə qlobal istiləşmənin mümkün olmadığını, NASA-nın həmişə yalan məlumatlar yaydığını dedi: “2002-ci ildən bəri havalar tədricən soyumağa başlayıb. Rusiyanı 41-45 dərəcə şaxta bürüyür. Bu gün də Qərbi Avropanı qar bürüyür. 3 gün ərzində Azərbaycanın bir çox dağlarına qar yağıb. Bu 3 ayın normasıdır. Biz bu qardan səmərəli istifadə etsək, bizdə quraqlıq təsir etməyəcək. Əgər qış sərt keçirsə, yay quraqlıq keçməlidir. Bu təbiətin qanunudur. Buna gör də NASA-ya inanmaq lazım deyil. Onlar bir neçə il əvvəl Azərbaycanda güclü zəlzələlərin olacağını da deyirdi. Bu da sonradan yalan çıxdı. Qlobal istiləşmə deyilən bir şey yoxdur. İqlim dəyişmələri var. Əgər NASA-nın dediyinə görə, bizim Şimal buzlu okeanında buzlaqlar ərisə, heç yeri su basmayacaq. Əksinə soyuma prosesi, buzlaq dövrü yaxınlaşacaq. Çünki soyuq su duzlu suyu üstələyəcək. Daşqınların, tufanların sayı, mənfi temperatur artacaq. İqlim dəyişmələrində bunları nəzərə almaq lazımdır: Günəşin fəaliyyəti, yer kürəsinin oxunun, fırlanma gücünün fəaliyyəti, müsbət və mənfi təzyiq, isti və soyuq cərəyanların okeanlarda axını nəzərə alınmalıdır. NASA bunların heç birini nəzərə almır. Bütün bunlar cəfəngiyatdır və komersantların oyunudur. Onlar qlobal istiləşmə adı ilə bir sıra texnologiyaları pul qazanmaq istəyirlər. Necə ki, indi külək enerjisini, Günəş panellərin bizə sırıyırlar”.
Qeyd edək ki, dünyada qlobal istiləşmənin qarşısının alınması Kioto protokolu mexanizmi vasitəsilə həyata keçirilib. Bəs Kioto protokolu nədir? Azərbaycanda bu protokolda yer alırmı?
Ekoloji Təbliğat şöbəsinin müdiri İsa Əliyev: “Kioto protokolu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində Tərəf ölkələrin emisisyaların azaldılması üzrə öhdəliklərini müəyyən edən beynəlxalq razılaşmadır. Kioto protokolu 1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və Rusiya Federasiyasının ratifikasiya etməsindən sonra 2005-ci ildə qüvvəyə minmişdir. Hazırda sənədi 191 ölkə ratifikasiya edib. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə fəal şəkildə qoşulub. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi 2008-2012-ci illəri əhatə edib. 2012-ci ildə Kioto protokolunun 2-ci mərhələsi (2012-2020) üzrə Doha düzəlişi qəbul edilib. Doha düzəlişini 144 ölkə ratifikasiya edəcəyi təqdirdə qüvvəyə minəcəkdir. Lakin həmin düzəlişi indiyə qədər yalnız 50-yə yaxın dövlət ratifikasiya edib. Bu da Doha əlavəsinin 2020-ci ilə qədər qüvvəyə minəcəyini şübhə altına alır. Azərbaycan Kioto protokoluna Doha düzəlişini 14 aprel 2015-ci il tarixində ratifikasiya edib”.
İ.Əliyev danışıqlar çətin getsə də 2015-ci ilin dekabrında Yeni razılaşma (Paris razılaşması) qəbul edildiyini bildirdi: “Yeni razılaşmanı tam ideal sənəd olmasa da, ümumilikdə irəliyə doğru böyük addım hesab etmək olar.
Bütün dövlətlər vahid mövqedə olublar ki, qlobal səviyyədə iqlim sürətlə dəyişir və səbəb antropogen mənşəli istilik effekti yaradan qaz tullantılarıdır. Bunun nəticələri də bəşəriyyətin gələcək inkişafı üçün ciddi təhlükə yaradır. Paris razılaşması əhatə dairəsinə görə həddindən artıq genişdir və faktiki olaraq bütün dünya iqtisadiyyatını əhatə edir. Kioto protokolundan fərqli olaraq, yeni razılaşmada heç bir dövlət üzrə tullantıların azaldılmasına dair kəmiyyət öhdəlikləri nəzərdə tutulmur və bu razılaşma təkcə inkişaf etmiş dövlətləri deyil, bütün dünya dövlətlərini əhatə edir. Azərbaycanda bu sahədə böyük işlər görülüb. Kiçik ölkə olsaq da bu böyük qlobal problemə öz tövhəmizi layiqincə vermişik və bu proses davam etməkdədir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər