Tərifli tarifin o biri tərəfi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:21 | Şərh sayı: (0) | Baxılıb: 230
Tərifli tarifin o biri tərəfi
Elə bil, bir balaca gec oldu axı. İndən belə AZAL aşağı tarifli yerlərin yeni blokunu ha tətbiq etsin, umulan effekti verəcəkmi?
Bu, altı ay, bir il, hətta iki il öncə tətbiq edilsəydi, həm ölkə turizminə böyük töhfə verərdi, həm də sırf işgüzar səfərə gedənlərin qrafikinin intensivliyinə müsbət təsir göstərərdi.
Uçuş biletlərinin bahalısı üzündən hər yay xeyli adam tətilə gedə bilmirdi. Nə qədər adam xaricdə yaşayan qohum-əqrəbasına heç olmasa ildə bir dəfə baş çəkmək imkanından məhrum olurdu.
Azərbaycan vətəndaşları firavan avropalılar qədər təminatlı olmasalar da, təyyarədə onlardan baha uçurdular.
Avropalılar aylıq qazanclarının kiçik bir faizini təyyarə uçuşlarına sərf etdikləri halda, orta statistik azərbaycanlının bir geri dönüşlü uçuşu aylıq maaşına başa gəlirdi.
Üstəlik, Azərbaycan dövləti ölkəmizə gəlib-gedən on minlərlə əcnəbinin uçuş xərclərini öz üzərinə götürmüşdü. Son on ildə Azərbaycanda keçirilən saysız-hesabsız idman, musiqi yarışmalarında, simpoziumlarda, konfranslarda, forumlarda və sair bu kimi tədbirlərdə iştirak edən minlərlə əcnəbi ölkəmizə pulsuz uçublar. Onların hamısının xərcini dövlətimiz çəkib.
Məqsəd Azərbaycanı dünyada, xüsusilə də Avropada tanıtmaq, sevdirmək idi. Ancaq bu, dövlətə baha başa gəlirdi.
Nə qədər ki, ölkəyə neft pulları sel kimi gəlirdi, bunun qorxusu yox idi, hesab edə bilərdik ki, avropalılar bizdən aldıqları bahalı neftin pulunun bir hissəsi ilə ölkəmizə müftə-müsəlləm uçurlar. Ancaq neft pulu azaldıqdan, manat dəyərini iki dəfədən artıq itirdikdən sonra adam əcnəbilərin uçuşlarına xərclənən pullara heyfsilənməyə bilmir.
Əsas da ona görə ki, bu sayaq təbliğatın, “Azərbaycan həqiqətlərini dünyaya çıxarmağ”ın elə bir faydası olmadı. Hazırda az qala ABŞ-ın, Avropanın tətbiq edəcəyi sanksiyalarla üz-üzəyik.
Təyyarə biletlərinin ucuzlaşdırılması tələbi, yadınızdadırsa, ötən ilin yayında qızğın müzakirə predmeti oldu. Ölkənin ictimai-siyasi fəal kəsimi yekdilliklə bu fikirdə idilər ki, AZAL öz tarif siyasətinə yenidən baxmalıdır, qiymətləri ucuz etməlidir ki, həm ölkə xaricinə getmək istəyənlərə, həm də ölkəyə gəlmək fikrində olanlara rahat olsun.
Ancaq AZAL rəhbərliyi dirəşdikcə dirəşirdi. Hətta bu məsələ dövlət başçısı tərəfindən müşavirədə dilə gətirildikdən sonra da AZAL başbilənləri “saqqaldan götürüb bığa yaxmaq” dəstiri bir tədbir həyata keçirdilər və məlum oldu ki, bilet ucuzlaşmayıb, sadəcə, minnəti artıb.
Bu üzdən idi ki, hər həftə yüzlərlə insan adicə Türkiyəyə getmək üçün ya qatarla, ya avtobusla, ya da “Mersedes-sprinter” mikroavtobusuyla qonşu Gürcüstana gedir (hətta öz şəxsi maşınıyla gedənlər də vardı), Tiflis aeroportundan istədikləri şəhərə uçurdular. Bu, bir qədər əziyyətli (iki-üç nəqliyyat növü dəyişmək və 500 kilometr əlavə məsafə qət etmək) iş onlara 100-200, bəzənsə hətta 1000 dollar qənaət etməyə imkan verirdi.
Təsəvvür edin ki, 5 nəfərlik ailə Bakıdan Bodruma getmək üçün təkcə təyyarə biletlərinə 2200 dollar verməli olduğu halda, bu, Tiflisdən 1050 dollara başa gəlirdi. Adam 7 saatlıq yol yorğunluğu müqabilində 1000 dollar qazana bilirdisə, bundan imtina etmirdi.
Bu səbəbdən AZAL təkcə keçən ilin yayında minlərlə 1000 dollar itirdi. Vətəndaşlarımız o pulları aparıb əcnəbi hava şirkətlərinə verdilər.
İndi deyirlər, aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq, ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq və sair və ilaxır.
Biz bu fikrə gəlmək üçün mütləq devalvasiya olmalıydımı? Mütləq qlobal iqtisadi böhran bizə reallıq hissini qaytarmalıydımı?
Keçən ilin bu vaxtı ilə müqayisədə insanların qazancı iki dəfə yarımdan çox azalıbsa, xərcləri iki dəfədən çox artıbsa, əmin olun ki, minlərlə adam təxirəsalınmaz zərurət olmadıqca ölkədən-ölkəyə uçmaq fikrinə düşməyəcək.
Deyəsən, kefimizin göydə uçduğu vaxtlar məchul günə qədər təxirə düşüb. AZAL-ın güzəştli tarifi bu yaranı sağaltmayacaq.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər