Nardaranda dindarlar nəzarətə götürülür |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:11 | Şərh sayı: (0) | Baxılıb: 346
Nardaranda dindarlar nəzarətə götürülür
Ötən il həbs olunanlardan hələ də xəbər yoxdur; qəsəbədə yeni dini icmanın yaradılmasına başlanıb...
Nardaran hələ də Daxili Qoşunların və polisin nəzarətindədir. Artıq 46 gündür ki, qəsəbəyə kənar şəxslərin girişi qadağandır. Postlardan yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə keçmək mümkündür.
Son məlumatlara görə, Nardaranda inşa edilmiş Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi tərəfindən bir neçə əməliyyat keçirilib. Sonuncu əməliyyatların birində Abşeron küçəsi, ev 24-də yaşayan 1985-ci il təvəllüdlü Vilayət Əminağa oğlu Babayevin evindən 305 qram narkotik maddə və 18 ədəd əleyhiqaz tapıldığı bildirilir.
Ötən il noyabrın 26-da Nardaranda polislə dindarlar arasında baş verən silahlı qarşıdurmadan sonra keçirilən aksiyalarda fəallıq göstərdikləri üçün həbs olunanlardan hələ də xəbər yoxdur. Bu barədə rəsmi qurumlar nədənsə məlumat vermir.
İki aya yaxındır Daxili Qoşunların nəzarətində olan Nardarandakı durumla bağlı mətbuata açıqlama verən yeganə şəxs Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov idi. O isə yanvarın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs edilib. Dövlətə xəyanətdə ittiham olunan N.Kərimov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda DTX-nin təcridxanasında saxlanılır. N.Kərimovun oğlu Kamran Kərimov atası ilə görüşə bilmədiklərini, yalnız vəkil vasitəsilə ondan xəbər tutduqlarını bildirdi.
Hazırda Nardaranda təmir-tikinti işləri davam edir. Qəsəbəyə aparan yollar genişləndirilir, yol kənarları hasara alınır. “Azəryolservis” ASC-dən müsavat.com-a verilən məlumata görə, qəsəbənin Abşeron küçəsində avtomobil yolunun genişləndirilməsi işləri davam etdirilir.
Nardaranla bağlı gələn son xəbər isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının yanvarın 13-də Nardaranda dindarlarla görüşü barədədir.
Qəsəbənin “Rəhimə xanım” ziyarətgahında baş tutan görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də iştirak edib. Görüşdə qəsəbədəki məscidlərdə dini fəaliyyətin təşkili və dini icmanın yaradılması istiqamətində məsələlər müzakirə olunub.
Nardarandakı məscidlərin sərbəst şəkildə fəaliyyət göstərdiyi və Qafqaz Müsəlmanları İdarəsinə bağlı olmadığı məlum idi. Qəsəbədəki məscidlərə axund və imamlar kənd ağsaqqalları tərəfindən müəyyən edilirdi. Nardaran hadisələrindən sonra bütün məscdilərin nəzarətə götürüləcəyi anonsu verilmişdi.
Sonuncu görüşdə bu məsələyə diqqət çəkilib və bildirilib ki, ölkənin bütün bölgələrindəki kimi, Nardarandakı məscidlər də qanun çərçivəsində fəaliyyət göstərməlidir. Görüşdə bunun üçün qəsəbədə dini icmanın yaradılmasına və məscidlərin fəaliyyətinə, eləcə də dini maarifçilik işinin aparılmasına hər cür kömək göstəriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən musavat.com-a verilən məlumata görə, Nardarandakı məscidlərin qanun çərçivəsində fəaliyyət göstərməsinə tərəfdar olduqlarını deyən qəsəbədəki Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Musa Qasımov və digər ağsaqqallar bu məqsədlə əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər.
Onlar qeyd ediblər ki, dini icmanın yaradılması işinə artıq başlanılıb. Görüşdə dini icmanın yaradılması prosesinin qısa vaxtda başa çatdırılması, dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunması və növbəti mərhələdə icma üzvləri ilə görüş keçirilməsi qərara alınıb.
Qeyd edək ki, görüşün baş tutduğu “Rəhimə xanım” ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da ötən il, dekabrın 9-da həbs edilmişdi. Ona 30 sutka həbs cəzası verilmişdi.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər