ABŞ-ı güclü edən sirr: Barak Obamanın son mesajları kimə ünvanlanıb? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 23:20 | Şərh sayı: (0) | Baxılıb: 275
ABŞ-ı güclü edən sirr: Barak Obamanın son mesajları kimə ünvanlanıb?
Elxan Şahinoğlu: “Nəinki indi, yaxın onillikdə də ABŞ dünyanın ən böyük hərbi gücü olaraq, qalacaq”
ABŞ prezidenti Barak Obama Konqresə ünvanladığı son müraciətində prezidentliyi dövründə nail olduğu uğurlardan danışaraq, bildirib ki, artıq qlobal problemlərin həllində insanların ilk müraciət etdiyi ünvan ABŞ-dır. B.Obama deyib ki, insanlar lider axtarışında Pekinə və ya Moskvaya baxmırlar, dünya mürəkkəb beynəlxalq problemləri Çin və ya Rusiya ilə deyil, ABŞ ilə həll edir.
“Sorğular bizim reputasiyamızın mənim bu vəzifəyə seçildiyimdə olduğundan indi daha yaxşı olduğunu göstərir və istənilən beynəlxalq dərəcəli vacib məsələdən söhbət gedəndə dünyada bütün insanlar lider axtarışında Pekinə və ya Moskvaya baxmırlar, onlar bizə zəng edirlər”, - deyə ABŞ prezidenti bəyan edib.
Barak Obama həmçinin ABŞ-ın hərbi gücünün artmasına toxunaraq, ölkəsinin dünyada birinci yerdə olduğunu və sıralamada özündən sonra gələn ilk səkkiz ölkənin toplam hərbi gücündən daha üstün olduğunu qeyd edib.
ABŞ prezidentinin bu bəyanatları dünya ictimaiyyətinin müzakirəsinə səbəb olub. Doğrudanmı, dünya ölkələrinin liderlər hər hansı problemin həlli üçün B.Obamya zəng edirlər? ABŞ-ı bu cür güclü və nüfuzlu edən nədir? Ən əsası dünyanın super gücünə rəhbərlik edən şəxsin bunları dilə gətirməkdə məqsədi nədir?
Politoloq Elxan Şahinoğlu musavat.com-a açıqlamasında bildirdi ki, B.Obamanın çıxışının iki səbəbi var: “Bu çıxışda birinci məqsəd odur ki, B.Obamanın prezidentlik müddəti başa çatır, o, uğurlarını ön plana çəkmək istəyirdi. B.Obamanın müəyyən uğurları var, o, daxili siyasətdə uğur qazanıb, iqtisadi islahatlar həyata keçirib, səhiyyə, tibbi sığorta sahəsində islahatları olub. Xarici siyasətdəki uğurları da odur ki, ABŞ yenə də dünyanın supergücüdür. İkinci belə bir hərbi qüdrətə malik ölkə yoxdur. B.Obama onu da öz nailiyyəti kimi vurğulayaraq bildirdi ki, bu 8 ildə elə addımlar atılıb ki, bir daha ABŞ-ın hərbi gücü ortaya qoyulub”.
E.Şahinoğlunun sözlərinə görə, bu müraciətdə ikinci məqsədi rəqib dövlətlərə mesaj göndərmək idi: “Çünki, Rusiya Krımı işğal edəndən sonra siyasətdə dünya düzəni dəyişdi. Bu, ABŞ-ın Rusiya siyasətini də dəyişdi. ABŞ, yəni B.Obama administrasiyası qarşısına məqsəd qoydu ki, bir halda ki, V.Putin Krımı ilhaq edir və dünya düzənini dəyişir, Rusiyanı iqtisadi zəmində çökdürmək lazımdır. Bu əməliyyata start verildi, Səudiyyə Ərəbistanı ilə sövdələşmə aparıldı və neftin qiyməti kəskin ucuzlaşdı.
Düzdür, Rusiya ilə bərabər digər ölkələr, o cümlədən, Azərbaycan da neftin ucuzlaşmasından əziyyət çəkdi. Lakin indi görürük ki, B.Obamanın Rusiyaya qarşı siyasəti həqiqətən də uğur gətirir. B.Obama da bu məsələni vurğuladı ki, Rusiya iqtisadiyyatı artıq çökür. Həmçinin prezident V.Putin, baş nazir D.Medvedyev təcili islahatlara çağırdılar ki, bu il və gələn il Rusiya iqtisadiyyatında böyük təlatümlər yaşanacaq. Bu da B.Obamanın uğurdur ki, Rusiyanın Krımı ilhaq etməsinə görə Rusiyanı cəzalandırdı. İki mesaj var idi və hər iki mesajı Konqres vasitəsilə həm ABŞ ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdırdı”.
B.Obamanın “dünyada hər hansı problem üçün bizə zəng edirlər” fikrinə münasibət bildirən ekspert bunun reallığı əks etdirdiyini qeyd etdi: “Təsəvvür edin ki, dünyanın supergücü ABŞ yox, Rusiya və ya Çin olardı. Dünya o zaman necə olardı? Daha vahiməli hadisələr baş verərdi. Düzdür, biz ABŞ-ın xarici siyasətini tənqid edirik. Məsələn, İraqa daxil oldu, Səddam Hüseyni devirdi, İraq 3 yerə parçalandı, İŞİD də İraq ərazisində yarandı. Bu, ABŞ-ın səhvidir. Lakin ABŞ həm də demokratik ölkədir. Tarixdə də sübut olunub ki, hər hansı bir ölkə üzərində qələbə çalandan sonra orada quruculuq işləri də aparır. Necə ki, vaxtilə Yaponiyada savaşdı, ələ keçirdi və əslində, Yaponiyaya demokratiya gətirdi. Yaponiya indi dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. ABŞ-ın yerində Çin və ya Rusiya olsaydı, indi kim bilir ki, ABŞ nə vəziyyətdə idi. Yəni, Barak Obama çıxışındakı bu nümunə ilə göstərir ki, dünyada hər zaman problem yarananda Rusiyaya, Çinə deyil, ABŞ-a müraciət edirlər. B.Obama bunda haqlıdır. Hər bir ölkədə demokratiya istəyən qüvvələr bunun üçün dünyanın ən böyük gücü olan ABŞ-a müraciət edirlər. O başqa məsələdir ki, ABŞ demokratiya qurmaq istərkən çox böyük səhvlərə də yol verir. Ölkədə diktatura yıxılsa da, onun yerinə demokratiya qurulmur. Bunun üçün müəyyən qədər zamana da ehtiyac var. Çünki, məsələn, İraq illər uzunu diktatura formasında idarə olunubsa, orada dərhal demokratiya qurula bilməz. Burada müəyyən bir zaman böhran dövründən keçilməlidir ki, gələcəkdə demokratiya yoluna qədəm qoya bilsin”.
Politoloq, B.Obamanın fikrini əsaslı adlandıraraq, qeyd etdi ki, hazırda dünyada ABŞ-ın hərbi gücünə bərabər ikinci güc yoxdur: “Rusiya ABŞ ilə yarışmaq istəyir, lakin Rusiyanın dünyada barmaqla sayılacaq qədər yaxın ətrafında hərbi bazarı var. Bu, Ermənistan, Əfqanıstan və bir də Suriyadakı kiçik bir hərbi bazadır. ABŞ-ın dünyanın müxtəlif yerlərindəki hərbi bazalarının sayı yüzlərlədir. ABŞ-ın müxtəlif qitələrdə minə yaxın hərbi bazası var. Bu, o deməkdir ki, ABŞ-ın hərbi gücü istənilən hadisəyə reaksiya vermək iqtidarındadır. Rusiyanın və Çinin isə belə bir imkanları yoxdur. ABŞ həm iqtisadiyyatını inkişaf etdirir, həm büdcəsi, həm də hərbi gücü böyükdür. ABŞ-ın təkcə hərbi büdcəsi bütövlükdə neçə dövlətin birgə büdcəsinə bərabərdir, ilbəil də bu büdcə artır. Bu, o deməkdir ki, yaxın onillikdə ABŞ dünyanın ən böyük hərbi gücü olaraq, qalacaq”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər