Manatın sabitliyi öz aktuallığını itirir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:19 | Şərh sayı: (0) | Baxılıb: 244
Manatın sabitliyi öz aktuallığını itirir
Mərkəzi Bankın hərəkətləri effektsizdir; hökumətin addımları vəziyyətə adekvat deyil; ekspert deyir ki...
Ötən ilin dekabrında baş verən ikinci devalvasiyadan sonra milli valyutanın sabitliyi gündəmdən düşüb. Manat hər gün dəyər itirməkdədir. Mərkəzi Bank tez-tez müxtəlif tədbirlər, qaydalar barədə məlumatlar açıqlasa da, hələ ki, ortada nəticə yoxdur. Əksinə, ekspertlər bildirirlər ki, Mərkəzi Bank yenidən banklara güzəşt etməkdə maraqlıdır. Həmçinin, qurum bankların kapitalının və ehtiyatlarının azaldılmasına haqq qazandırmağa çalışır.
İqtisadçı-ekspert Əkrəm Həsənova görə, Mərkəzi Bank atdığı addımlarla hamını çaşdırır: “Guya nə isə etdiyini göstərmək üçün vəziyyəti daha da gərginləşdirdi və prezidentin də fərmanını pozdu”. Ekspertin sözlərinə görə, yanvarın 6-da Mərkəzi Bankın qəbul etdiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın hansısa inqilabi yeniliklər gətirdiyi haqda söz-söhbət gəzir: “Guya banklara sərbəstlik, səlahiyyət verildi və sair. Əsla belə deyil. Yeganə yenilik mübadilə əməliyyatı zamanı müştərinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini zəruri edən limitin 5000-dən 500 dollaradək endirilməsidir. Heç vaxt başa düşməmişəm ki, niyə Mərkəzi Bank öz sənədlərində limitləri manatla deyil, dollarla ifadə edir. Əslində, bununla manatı buraxan Mərkəzi Bank milli valyutamızın nüfuzsuz və dəyərsiz olmasının əsasını qoyur, özünün də manata inanmadığını nümayiş etdirir. Mərkəzi Bank formal olaraq yeni normativ sənəd qəbul edib. Buna görə də onu oxuyanlar hər müddəada yenilik axtarır. Əslində isə bu sənədin 2006-cı ildən bu günədək qüvvədə olmuş eyni adlı sənədlə heç bir ciddi fərqi yoxdur. Buna görə də sual yaranır: yeni sənədlə əvvəlki arasında ciddi fərq yoxdursa, Mərkəzi Bank niyə, sadəcə, əvvəlki sənədə dəyişiklik etməyib formal olaraq yeni qaydalar qəbul edib? Axı yeni qanun və digər normativ akt yalnız o halda qəbul edilir ki, əvvəlki ilə xeyli və ciddi fərqi var. Bunu o, ona görə etdi ki, dövlət başçısına və əhaliyə yaranmış çətin vəziyyətdə gərgin və məhsuldar işlədiyini nümayiş etdirsin. Güman edirlər ki, heç kəs yeni sənədi əvvəlki sənədlə müqayisə edib onun ən azı 95 faiz üst-üstə düşməsini görməyəcək. Mərkəzi Bank anlamır ki, əslində belə gərgin dövrdə saxta radikal yeniliklər haqda söz-söhbət təşvişi daha da artırır, hamını çaşdırır - xüsusilə Mərkəzi Bank normal izahat verməyəndə. Bütün bunlar dəfələrlə söylədiyim savadsızlıq və səriştəsizliyin təzahürüdür. Yeri gəlmişkən, hətta bankların məzənnələrinin Mərkəzi Bankın rəsmi məzənnəsindən fərqlənməsi limiti üzrə də yenilik yoxdur.
Belə ki, Qaydaların 9.3-cü bəndində deyilir: ”Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır". Başqa məsələ ki, əvvəllər də, indi də Mərkəzi Bankın qanuna uyğun formada müəyyənləşdirdiyi belə hədd, limit yoxdur. Hamının bildiyi 2 faiz limiti əslində Mərkəzi Bankın banklara yolladığı adi məktubda təsbit edilib və onun heç bir hüquqi qüvvəsi yoxdur. Mərkəzi Bank məktubla hüquq norması müəyyən edə bilməz. Lakin indiyədək banklar həmin qanunsuz məktuba riayət edib. İndi etməmələri haqda isə rəsmi məlumat yoxdur. Eyni zamanda, qaydalarda əvvəlki kimi təsbit edilir ki, mübadilə şöbəsi Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Lakin əgər əvvəllər bu, qanuni idisə, indi ən azı şübhəlidir. Belə ki, prezidentin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir. Məntiqlə deməli, bankların filial və şöbələrinə, o cümlədən mübadilə şöbələrinə də icazəni həmin nazirlik verməlidir. Belə çıxır ki, Mərkəzi Bank prezidentin son və çox mütərəqqi fərmanlarından birini açıq-aşkar pozur?"
Yeri gəlmişkən, Mərkəzi Bank banklara mübadilə əməliyyatları üzrə məzənnə limitinə dair məktub da yollayıb. Bildirilir ki, bankların məzənnəsi Mərkəzi Bankın rəsmi məzənnəsindən maksimum 4 faiz fərqlənə bilər. Əvvəllər bu limit 2 faiz həddində idi. Əkrəm Həsənovun fikrincə, məktubun hansı normativ hüquqi akta əsaslanması maraqlıdır: “Mərkəzi Bank, yəqin ki, deyəcək: onun qəbul etdiyi və 6 yanvar tarixində qüvvəyə mindiyi ”Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nın 9.3-cü bəndinə. Orada deyilir: “Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır”. Bir çox mütəxəssis bu cümləni belə başa düşmüşdü ki, söhbət Mərkəzi Bankın rəsmi məzənnəsindən deyil, bankların öz məzənnələrindən kənarlaşma həddindən gedir. Həqiqətən də cümlənin hərfi mənasından bu irəli gəlir: “xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi”. Yəni tutaq ki, Mərkəzi Bankın müəyyən etdiyi kənarlaşma həddi 4 faizdir, bank dolları 1,8 məzənnəsi ilə alır, deməli, maksimum 1,872 məzənnə ilə sata bilər. Başqa sözlə, Mərkəzi Bankın rəsmi məzənnəsi ilə heç bir əlaqə yoxdur, istəyir lap onun rəsmi məzənnəsi 1:1 olsun. Lakin mən 2 gündür ki, həmin mütəxəssislərə deyirdim: dayanın, tələsməyin, mən Mərkəzi Bankın savadsızlığına bələdəm, böyük ehtimalla onlar Qaydaların 9.3-cü bəndində öz rəsmi məzənnələri ilə fərqin həddini ehtiva ediblər. Dediyim doğru çıxdı. Başqa sözlə, qaydalarda və məktubda söhbət tam fərqli limitlərdən gedir. Amma söhbət eyni limitlərdən getsəydi belə, dəfələrlə dediyim kimi, Mərkəzi Bankın məktubla banklar üçün hüquq norması müəyyən etmək səlahiyyəti yoxdur. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən, Mərkəzi Bank banklar üçün məcburi davranış qaydalarını yalnız bir formada olan sənədlə müəyyən edə bilər: normativ xarakterli akt. Mərkəzi Bank haqqında Qanunun 8.1-ci maddəsində də yazılıb ki, Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar üçün məcburi normativ xarakterli aktları qəbul edir. Normativ xarakterli aktın nümunəsi elə “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın özüdür, yəni Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilən hüquqi sənəd. Məktub belə sənəd deyil, buna görə də heç bir hüquqi qüvvəsi yoxdur və banklar ona riayət etməyə məcbur deyil".
Ekspertin sözlərinə görə, sözügedən məktub adi kağız parçasından başqa bir şey deyil: “Təbii, banklarımız da Mərkəzi Bank kimi o qədər savadsız və gözü kölgəlidir ki, yəqin yeni məktuba da riayət edəcəklər. Özü də nəzərə almadan ki, məktubu onlara kim göndərib. Ənənəvi olaraq belə savadsız və qanunsuz məktubları Mərkəzi Bank adından baş direktor Rəşad Orucov göndərir. Dəfələrlə dediyim kimi, Mərkəzi Bankın qanuna əsasən bir idarəetmə orqanı var - İdarə Heyəti və müraciətləri də o etməlidir. Baş direktor adi işçidir, özü də Mərkəzi Bankda həmişə 3-4 baş direktor olur və kimin kimdən daha ”baş" olması məlum deyil. Düzdür, Rəşad Orucovun bir üstünlüyü var: o, Elman Rüstəmovun yaxın dostu Məmməd Musayevin kürəkəni və Rüstəmovun özü kimi təsadüfi kadrdır. Nəhayət, məsələnin sonuncu - iqtisadi aspekti. 21 dekabrda Mərkəzi Bank ikinci devalvasiyaya gedərkən bəyan etdi ki, bundan sonra manat üzəcək. Banklara məzənnə limiti müəyyən edilirsə, manat necə üzəcək? Qandallı şəxs üzə bilərmi? Bir neçə il əvvəl Mərkəzi Bank Bakı Banklararası Valyuta Birjasını ləğv etdi. Belə Birja, yəni bazar, “hovuz” olmadan manat harada üzəcək? Harada və necə üzəcəyi bəlli olmayan manatın taleyi hələ çox müəmmalıdır. O cümlədən bu taleyin kimlərin əlində olduğunu biləndə".
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər