Dərmanlar niyə vahid qiymətə satılmır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 20:15 | Şərh sayı: (0) | Baxılıb: 308
Dərmanlar niyə vahid qiymətə satılmır?
Bir müddət əvvəl apteklərdə dərmanların satışı ilə bağlı vahid qiymət məsələsi tətbiq olunsa da, buna hələ də tam riayət olunmur.
Trend-in məlumatına görə, bəzi apteklərdə aparılan müşahidələr göstərir ki, dərmanların qiymətləri bir yerdə digər ərazidəkindən xeyli fərqlənir. Bunu Sumqayıtdakı apteklərdə görmək mümkündür. Sumqayıt şəhərində fəaliyyət göstərən "Zəfəran" aptekində, məsələn, "Flukonazal" dərmanı 50 qəpiyə satıldığı halda, "506 nömrəli" aptekdə adıçəkilən dərman alıcılara 30 qəpiyə təklif edilir.
Digər apteklərdə də analoji vəziyyət yaşanır. Belə ki, şəhərdəki ayrı-ayrı apteklərdə "Zentel" dərmanı 3 manat, hətta 3 manat 50 qəpiyə satıldığı halda, başqa bir aptekdə bu dərmanın qiyməti 2 manat 12 qəpikdir.
Alıcılar isə qiymətlərin fərqli olmasından narazıdırlar. Vahid qiymət məsələsinin tətbiqinin sadəcə kağız üzərində olduğunu deyən alıcılar bildiriblər ki, apteklər özlərinə necə uyğundursa, həmin qiymətləri də tətbiq edirlər: "Bir aptekdə 3 manat olan dərman 5 metr aralıdakı aptekdə başqa qiymətə satılır. Qiymətlərin tənzimlənəcəyini və vahid qiymətin tətbiq ediləcəyini deyirdilər. Amma necə tənzimlənir ki, eyni şəhərdə bir dərmanın qiyməti müxtəlifdir?!"
Aptekə dərman almağa gələn yaşlı bir alıcı da eyni məsələdən şikayət edib: "Təqaüdlə dolanıram. Dərmanların qiymətinin azaldılacağını, eyni olacağını eşidəndə çox sevinmişdim. Amma baxıram ki, sevinməyə heç bir əsas yoxmuş. Özləri hansı qiyməti istəyirlərsə, o cür də satırlar. Heç bir dəyişiklik yoxdur, əvvəl necə idisə, indi də elədir".
Apteklərdəki qiymətlərin fərqliliyi ilə maraqlandıqda isə satıcılar cavab verməkdən boyun qaçırdılar. Biri bu məsələnin onun səlahiyyətində olmadığını, başqa biri isə ona hansı qiymət deyilirsə, o cür də satışını həyata keçirdiyini qeyd etdi.
Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Trend-ə bildirib ki, bu cür hallarla rastlaşan alıcılar mütləq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin "qaynar xətt"inə zəng etsinlər: "Belə hallarla rastlaşan alıcılar qurumun (012) 498-15-04 nömrəli telefonlarına zəng etsinlər. Biz məsələ ilə bağlı dərhal operativ tədbirlər görməyə hazırıq. Ancaq alıcılar dərmanların adlarını və apteklərin yerləşdikləri ünvanları dəqiq göstərməlidirlər".
Qeyd edək ki, 5 iyun 2015-ci ildə Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara görə, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər