Uşaqlarımızı "yükləyən" məktəblər: müəllimlər çaş-baş qalıblar... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 14:15 | Şərh sayı: (0) | Baxılıb: 924
Uşaqlarımızı "yükləyən" məktəblər: müəllimlər çaş-baş qalıblar...
Hər bir xalqın sabahı, dövlətin gələcək inkişafı böyüməkdə olan nəsillə bağlıdır. Çox eşitdiyimiz və özümüzün də dəfələrlə təkrar etdiyimiz "uşaqlar gələcəyimizdir" ifadəsi olduqca dərin məna daşıyır. Bu gün uşaqların sağlam böyüməsinə, bilik və bacarıqlara yiyələnməsinə göstərdiyimiz qayğı həmin məna ilə tam eynilik təşkil etməlidir. Uşaqlar Vətənimizin, torpağımızın, dövlətimizin, milli-mənəvi dəyərlərimizin gələcək sahibləridir. Onlar daha işıqlı, daha mütərəqqi cəmiyyətin qurucuları olacaqlar. Bunun üçün təməl, bünövrə isə böyüməkdə olan nəslin biliyi, peşəkarlığı, yüksək səviyyəli kadr kimi yetişməsi əsas şərtlərdəndir.
Azərbaycan dövləti təhsilin inkişafını prioritet vəzifələrdən biri kimi qarşıya qoyub. Bu istiqamətdə çoxşaxəli iş aparılır. Məktəb tikintisindən, müəllim kadrlarının səviyyəsinin yüksəldilməsindən ta hər bir uşağın sağlamlığının qorunmasınadək genişmiqyaslı tədbirlər dövlətin, cəmiyyətin daim diqqət mərkəzindədir. Lakin bütün bunlarla yanaşı, öz həllini tələb edən vəzifələr hələ də meydana çıxır. Müşahidələrimizə əsaslanıb bəzi problemləri diqqətə çatdırmaq istərdik.
Bu gün cəmiyyətdə belə bir fikir özünə yer alıb ki, məktəblinin dərs yükü ağırdır. Bu, uşaqlara rahatsızlıq gətirir, valideynlər bundan gileylənir, müəllimlər isə etiraf edirlər. Şagirdlərimiz gərginlik içərisində çalışırlar. Təbii ki, bu yük ilk növbədə onların kövrək orqanizminə zərbə vurur. Nəticədə uşaq zəifləyir, fiziki inkişafı ləngiyir, yuxusu pozulur, əsəbi, çılğın olur, yaddaşı pisləşməyə başlayır. Beş yaşından, bəlkə bundan da əvvəl bağçada, məktəbin hazırlıq sinfində, yaxud valideynləri tərəfindən haqqı ödənilən xüsusi müəllim tərəfindən məktəbə hazırlaşan körpə (bəli, əslində, hələ körpə!) 17-18 yaşına çatanadək çiyninə ağır yük götürür: bütün günü kitab-dəftər qarşısında başını əyib dərs hazırlayır. Parta arxasından qalxıb repetitorların yanına tələsir, sonra evə gəlib həm məktəb müəllimlərinin, həm repetitorlarının tapşırıqlarını yerinə yetirir. Uşaq uzun-uzadı şeirlər əzbərləyir, hər gün 20-30 misal və məsələ həll edir, testlər üzərində "baş sındırır", xarici dil öyrənir. Hələ üstəlik maddi vəziyyəti yaxşı olan valideynlər uşaqlarını əlavə idman məşğələlərinə də göndərirlər. Onların az qala doğmaları, yaxınları ilə ünsiyyətə vaxtı qalmır.
İndiki uşaqların heç öz yaşıdları ilə dostluq, yoldaşlıq etməyə də imkanı yoxdur. Bir zamanlar leksikonumuzda "məhəllə uşaqları" ifadəsi tez-tez işlənərdi. Bu, özü çox gözəl bir münasibət idi. İndi nə uşaqlar məhəlləyə çıxır, nə də həyətlərdə onların istirahəti, əyləncəsi üçün şərait var. Yeri gəlmişkən qeyd edək ki, paytaxtın bir çox yaşayış kvartallarının həyətlərində uşaqların oynamağı, gəzib-dolaşmaqları üçün bir qarış yer qoymayıblar. Şəraiti olan həyətlərə də ata-analar uşaqları buraxmırlar. Başlıca səbəb dərslərdir, yükün ağırlığıdır! Ev tapşırıqlarını yerinə yetirmək, dərs yükünü "qaldırmaq" lazımdır!
Sual olunur: biz uşaqlarımızı vunderkində çevirmək istəyirik? Axı onların hər biri belə istedada qabil deyillər. Fitri istedad anadangəlmə olur. Təbiət onlara yaşlarına, boylarına uyğun gəlməyən qeyri-adi bacarıq, qabiliyyət verir, böyüklərin də bilmədiklərinə yiyələnir, bələd olurlar. Bu sarıdan indiki məktəb, indiki proqram və valideynlər uşaqların çiyninə ağır yük qoyurlar. Fəsadları barədə isə düşünmək belə istəmirlər.
Hazırda müasir dərs, müasir məktəb haqqında çox danışılır. Bu da təbiidir. Çünki cəmiyyətdəki sosial, iqtisadi, siyasi dəyişikliklər, elmi-texniki inkişaf tədrisin məzmununu zaman-zaman yeniləşdirir və onun prinsiplərini müəyyənləşdirir. İndi XXI əsr insanının başlıca fərqi ondadır ki, o, daim öyrənməyə və özünü yetişdirməyə səy göstərir. Buna görə də informasiya cəmiyyətində yeni insan modelini formalaşdırmaq bilavasitə təhsilin üzərinə düşür. İnsan amili ön plana keçərkən təhsildə məqsəd də, buna müvafiq məzmun və forma da dəyişməli olur. Bu baxımdan kurikulum islahatları mərhələsini təhsildə yeni bir istiqamət açdığını xüsusi vurğulamaq lazımdır. Gedən proses müasir məktəbi yaddaş məktəbindən idrak məktəbinə, müasir dərsi təfəkkürün inkişafına yönəltməlidir.
Yazı hazırlanan ərəfədə bir neçə pedaqoqla görüşüb söhbət etdik. Nə məlum oldu? Bu gün sistemsizlik üzündən səmərəli fəaliyyət əldə oluna bilmir. Azərbaycanda kurikulumla bağlı islahat başlayanda məqsəd də o idi ki, dərs yükü azalsın, proqramlar nisbətən dəyişdirilsin, nəzəri biliklərdən daha çox, şagirdin bacarığı istiqamətində təhsil aparılsın. Yəni, hər bir dərs təfəkkürün inkişafına yönəldilsin.
Yeni təhsil modeli ilə qurulan dərslər başlıca olaraq şagirdləri nəzəri materiallardan, əzbərçilikdən uzaqlaşdırıb onların təfəkkür və düşüncələrinin inkişafına gətirib çıxarmalıdır. Nəticədə şagirdin şəxsiyyət kimi özünə inamı, güvəni artmalı, ətrafdakılara, öyrəndiklərinə daha məsuliyyətlə yanaşmalıdır. Məktəb uşaqların həyatında elə bir məkana çevrilməlidir ki, təfəkkürün müxtəlif prizmalarından onun fərdiliyi, özünüdərki, keçmişə, gələcəyə münasibəti meydana çıxsın.
Təfəkkürün inkişafı sistemi əslində psixoloji bir faktordur. Lakin bəzən müəllim və pedaqoqlarımızın psixoloji səviyyəsinin aşağı olması üzündən müsbət nəticə əldə oluna bilmir. Ona görə də bu gün məktəblərimizdən çoxlu gileylər, şikayətlər var. Yaddaş məktəbinə söykənən müəllimlər əvvəlki nəticəni ala bilmirlər. Səbəb: hazırda elə bir informasiya bolluğu mövcuddur ki, onların hamısını hafizədə saxlamaq qeyri-mümkündür. Bunun üçün müəllimlər uşaqları təfəkkür istiqamətində işlətməlidirlər ki, lazımi məqamda zəruri olan informasiyanı alıb onların yaddaşlarına həkk etsinlər. Buna görə də ilk növbədə müasir dərsi tədris edə biləcək, yəni kurikulumun tələblərini həyata keçirən peşəkar müəllimlərə ehtiyac var.
Maraqlar genişdir. Gənc nəsil informasiya texnologiyalarına, kompüterə, internetə meyillidir. Elə etmək lazımdır ki, uşaq oxumaq üçün lazım olanları maraqlı tərəflərdə tapa bilsin. Əsas məqsədə üç məqam - elmi, tərbiyəedici və inkişafetdirici məqamlar daxildir. Bugünkü müəllimlərimiz həmin məqamları reallaşdıranda da böyük problemlərlə qarşılaşırlar. Onlar dəqiq bilmirlər ki, bu metoddan istifadə edəndə təfəkkürləmi, təxəyyülləmi, yaxud hafizə ilə işləsinlər.
Bir əsas məsələ də şagirdlərin düzgün istiqamətləndirilməsidir. Bəzən görürsən ki, uşağın diqqəti hələ formalaşmayıb, müəllim isə təfəkkürlə, təxəyyüllə işləyir. Nəticə alınmayanda isə başlayır gileylənməyə: uşağın yaddaşı yoxdur, diqqəti zəifdir, mənimsəyə bilmir və s. Amma göstərilən məqamlar sistemli şəkildə həyata keçirilərsə, nəticə də alınar, uğur da əldə edilər. Digər tərəfdən, biliklər cəmiyyətində öyrənməyən, öz üzərində çalışmayan passiv bir müəllimin gözlənilən vəzifələri yerinə yetirə bilməsi mümkün deyildir. Bu da mühüm şərtdir.
Üzərində düşünməli məsələlərdən biri də ev tapşırıqlarıdır. Yenə də müşahidələrimizə yön alaq. Əslində, kurikulum islahatları evə tapşırıqların verilməsini nəzərdə tutmur. Müəllimin vəzifəsi bir 45 dəqiqədə dərsi keçib şagirdlərə mənimsətməkdir. Uşaqları bu qədər yükləməklə biz onları həm də peşə, sənət seçməkdə çətinlik qarşısında qoyuruq. Kurikulum həm də müəllimi öz üzərində çalışıb yeniliklərdən xəbərdar olmağa sövq edir, dərslərin daha maraqlı və rəngarəng keçməsinə imkan yaradır. Əgər dərs müəllimin 45 dəqiqəlik ömür yaşantısına çevrilmirsə, şagirdi sevindirmir, təəccübləndirmirsə, orada kamil şəxsiyyətlər formalaşa bilməz. Əsl müəllimin hər bir dərsi onun yaradıcılıq əsəridir. Burada təkcə nitq yox, baxış da, mövzuya yanaşma da, səsin tonu da tərbiyə edir və öyrədir. Şagirdi duymaq, sevmək müəllimin uğurlu fəaliyyəti üçün əsas şərtdir.
Bütün bunların əksinə indi ev tapşırıqları o qədər çox olur ki, uşaq hətta repetitorla da iki saatın ərzində onları yerinə yetirib tamamlaya bilmir. Bu minvalla "estafet" valideynlərə çatır. İşdən yorğun-arğın qayıtmış atanı, ananı uşaq əlində kitab qapının kandarında qarşılayır. Beləliklə, valideyn rahatlanmamış uşağın dərs problemlərinə qatılır. Deməli, məktəbdə dərs, repetitor yanında məşğələ, sonra da valideynin iştirakı və köməyi ilə tapşırıqları yerinə yetirmək. Uşağın orqanizmi belə gərginliyə dözə bilərmi? Təbii ki, yox!
İnsan orqanizmi sinir sistemi ilə tənzimlənir. Deməli, sinir sistemi yüklənirsə, onda şagirdlərdə bu özünü mütləq şəkildə büruzə verir. Əvvəlcə yorğunluqla göstərir. Bütün bəlalar, sonradan törənə biləcək fəsadlar da həmin mənbədən qaynaqlanır. Azərbaycan Tibb Universitetinin Əmək və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri, dosent Səyyad Gürzəliyev söhbətimizdə bunu xüsusi vurğuladı:
"Uşaqlar yüklənəndə yorğunluq baş verir. Onda fəallıq itir, sən ha de, ha çalış, əhəmiyyəti olmayacaq. Tutaq ki, bizdə 1-ci sinifdə dərslər 45 dəqiqəlikdir. Bu, hələ keçmiş sovetlər dövründən də əvvəl, təxminən 70-80 il öncə Fransada qəbul edilmiş dərs saatıdır. Belə bir rejim əslində aşağı siniflər üçün deyil, böyüklər üçün nəzərdə tutulmuşdu. Təəssüf ki, hazırda böyük-kiçiklik seçilmir, birdəfəlik qəbul edilib. Amma tədqiqatlar göstərir ki, bu, 4-5 yaşlı uşağın, yaxud aşağı sinif şagirdlərinin vaxtından əvvəl yorulmasına gətirib çıxarır. Uşaqlar yorulursa, onları əlavə yüklə bir az da yükləməyin əhəmiyyəti yoxdur. Elmi tədqiqatlarla sübut olunmuşdur ki, dərsin son 10-15 dəqiqəsində şagirdlərin iş qabiliyyəti, yəni mənimsəməsi kəskin şəkildə azalır. Bu zaman baş-beyin qabığının nəzarət funksiyası itir, yəni tənzimləmə sıradan çıxır. Altı yaşlı şagirdlər üçün oxu müddəti 8 dəqiqədən artıq olmamalıdır".
Bəs biz nə edirik? Müəllimlər 30-45 dəqiqədə şagirdləri məcbur edirlər ki, onlar yaza bilmədiklərini dönə-dönə təkrarlasınlar, əlavə tapşırıqlar yerinə yetirsinlər. Elə bil yarış gedir.
Bəzən uşağın bacarıqlı olduğunu gördükdə onu vaxtından əvvəl məktəbə yazdırırlar. Valideyn arzusuna çatır. İmtahan keçirilir və uşaq məktəbə qəbul olunur. Sonra nə baş verir... Əsəbilik, stress, yorğunluq, yaddaşın zəifliyi və s. Lakin məktəb məktəbdir, uşaq isə həmişə uşaq. Beş-altı yaşlı uşağın - birinci sinif şagirdinin fikri-zikri nə qədər dəftər-qələmdə olsa da, gözü, nəzəri hələ də oyunda, oyuncaqda qalır.
Bir məsələni də qeyd etmək yerinə düşər. Bu gün uşağın dili söz tutan kimi onu məktəbə hazırlamağa başlayırlar. O, hərfləri və rəqəmləri öyrənir. Nə etməli? Birinci sinfin yükü ağırdır. Məktəbə hazırlıqsız gələn uşaq çətinlik çəkir. Üstəlik, birinci sinfə uşaqlar xüsusi söhbətlərdən, testlərdən keçib qəbul olunurlar. Bu da valideynlərin qayğılarını hər cəhətdən artırır. Hələ məktəbin astanasına qədəm qoymayan övladları üçün bir deyil, iki-üç müəllim tutmağa məcbur olurlar. Bunu isə təbii ki, hamı edə bilmir, ailənin maliyyə büdcəsi imkan vermir. Onda da hüquqlar pozulur. Bundan başqa, 2014-2015-ci tədris ilində Bakının 90-a qədər məktəbində Təhsil Nazirliyi məktəbəqədər hazırlıq kursları açmışdı. Həmin kurslar da ödənişlidir. "Təhsil haqqında" qanunda məktəbəqədər hazırlıq zəruri hesab olunurdusa, "Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda bu məsələ məcburi xarakter daşıyır. Bu, çox yaxşıdır, təqdirəlayiq haldır. Amma yenə də bütün ailələr həmin xərci ödəyib uşaqlarını bu kurslara qoya bilmirlər. Bu barədə də düşünmək lazımdır.
Uşaqların hərəsinin öz qavrama qabiliyyəti, maraq dünyası, genetik olaraq əxz etdiyi bacarığı var. Bir sıra hallarda onların təbiətdən ayrıca bir sahədə istedadı üzə çıxır. Məsələn, ədəbiyyat, musiqi, riyaziyyat, idman, rəssamlıq, yaxud digər bir sahəyə meyilli olurlar. Odur ki, onların hamısından hərtərəfli istedad "yetişdirmək" mümkün olan iş deyil.
Bu gün istər ibtidai, istərsə də yuxarı sinif şagirdləri repetitorsuz keçinmirlər. Səbəb dərs yükünün ağırlığı, öyrəniləcək, qavranılacaq materialların həcminin böyüklüyüdürmü, yoxsa günahın məktəbdə, müəllimlərdə, valideynlərdə, ya da məktəblilərin özündə olmasıdir? Bu sual da hələ açıq qalır.
Yaxşı oxumaq, mükəmməl təhsil almaq üçün şagirdin fiziki gücü və mənəvi möhkəmliyi olmalıdır. Biz uşaq ikən övladlarımızı bunlardan məhrum edirik. Bir az da açıq desək, onları gələcək həyat qarşısında yoruruq. Müşahidələr göstərir ki, universitetlərə qəbul zamanı yüksək bal toplayan uşaqlar fiziki cəhətdən zəif olurlar. Onların əksəriyyəti ali məktəbə daxil olandan sonra oxumağa həvəsləri azalır.
Bir sıra məktəblərdə bədən tərbiyəsi keçilmir, nəğmə, əmək təlimi, rəsm dərslərinə lazımi diqqət yetirilmir. Onların əvəzinə riyaziyyat, fizika, kimya kimi fənlərdən əlavə dərslər tədris olunur. Bəs uşaqlar nə vaxt və harada fiziki tərbiyə ilə məşğul olmalı, möhkəmlənməlidirlər?
Uşağa düzgün yol göstərmək, doğru istiqamət vermək lazımdır. Belə olmadıqda çarəsiz uşaq kompüterin arxasında oturub fasiləsiz şəkildə nə isə axtarır, axtarır... Ya axtardığını tapa bilmir, ya da tapdığı onun üçün faydalı olmur.
İndi uşaqların boş vaxtı olsa belə, onları həyətdə yox, kompüter arxasında görmək mümkündür. İnternet övladlarımızı oturaq həyat tərzinə alışdırır. Onlar ünsiyyət qurmaq vərdişləri qazana bilmir, əksinə, tənhalıq hissləri ilə yaşamağa, özlərinə qapanmağa başlayırlar.
Övladlarımızı həddindən artıq savadlı, bilikli etmək istəyimizlə onu bəzən şikəst, xəstə edirik. Özü də təkcə fiziki cəhətdən deyil, eyni zamanda mənəviyyatca. Uşaqlar kiçik yaşlarından milli-mənəvi dəyərlərimizə yiyələnməlidirlər. Başqa sözlə, yaxşı mütəxəssis ilk növbədə vətənpərvər, torpağını, xalqını sevən, adət-ənənələrimizi qiymətləndirən, tariximizə hörmət bəsləyən insan olmalıdır. Mütaliənin az olması onların bu cür yetişməsinə təbii ki, əngəl törədir. Mütaliəsiz şəxsiyyət formalaşa bilərmi? Yenə də deyirik, xeyr!
Şagirdin nitqinin inkişafı, fikir yürütmək, gördüyü, eşitdiyi hadisələrə münasibət bildirmək, təkmilləşmək, haqqında oxuduğu qəhrəmanların müsbət, mənfi tərəfini göstərmək qabiliyyəti mütaliə sayəsində formalaşır. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq bu gün təlim və tədrisin əsasında dayanır. Qarabağ problemi ilə bağlı yaranan münaqişə müharibəyə keçəndə torpaq, Vətən uğrunda canını əsirgəməyən vətənpərvərlərimizi az görmədik... Ümumdünya Səhiyyə Təşkilatının sağlamlığa verdiyi tərifdə deyilir ki, bu, təkcə fiziki qüsurların aradan qaldırılması deyil, həm də gənclərin mənəvi cəhətdən yetkinliyinin təmin olunması deməkdir. Bu gün kompüterə aludəçilik insanların mərkəzi sinir sisteminə, yəni beyinə-başa təsir göstərir. Bununla da yaddaşın, hafizənin pozulmasına gətirib çıxarır. Biz hazırda kompüterləşmə əsrində yaşayırıq və bundan kənarda sanki həyatımızı təsəvvür edə bilmirik. S.Gürzəliyev deyir ki, uşaqlar 20 dəqiqədən artıq kompüter qarşısında oturmamalıdır. Hətta kiçik yaşlılar üçün bundan da az, 10-15 dəqiqə nəzərdə tutulur. Uzun müddət oturaqlı qalanlarda skalilozun əmələ gəlməsinə də çox təsadüf edilir. Hər 3-4 uşaqdan birinin onurğa sütununda əyrilik var və bu, adi gözlə də müşahidə olunur. Yəqin ki, digər faktorlar da mövcuddur, lakin hərəkətin məhdudluğu burada daha mühüm amil kimi diqqətdə saxlanılır. Dərs cədvəlləri uşaqların fizioloji imkanları nəzərə alınmaqla tərtib olunmalıdır. Gün ərzində 6-7 saat dərs keçmək, əlbəttə, əhəmiyyətli ola bilməz. Həftəlik dərs yükünü azaltmaq lazımdır. Birinci siniflər həftənin əksər günlərində beş saat dərs keçirlər. Çox deyilmi?! Orqanizmə nisbətən istirahət verilməlidir.
Səyyad Gürzəliyev onu da qeyd etdi ki, bu gün müəllim 45 dəqiqəlik dərsdə lazım olanların hamısını uşağa çatdıra bilmir. Ortada itirən isə şagird olur, o, gərginləşir, özünü itirir, bəzi hallarda öyrəndikləri belə yaddaşından silinir. Elə mövzular var ki, onları oyunlarla, əyləncələrlə, yarışlar, müsabiqələr keçirməklə tədris etmək olar. Onda şagirdlər bezmirlər, darıxmırlar, həm oynayır, həm hərəkət edir, həm də öyrənirlər. Sistemli istiqamət hər şey deməkdir. Keçilən mövzunun təqdimetməsi düzgün olmalıdır. Forma elə seçilməlidir ki, uşaqlar ondan usanmasın, yorulmasın, əksinə, bütün fikri, diqqəti yaradıcı istiqamətə yönəlsin, maraq artsın.
Bir çox müəllimlərin fikrincə, uşaqlara ev tapşırıqları vermək lazımdır. Onlar söyləyirlər ki, sinifdə şagirdlərə istiqamət veririk. Proqramımız da ağırdır. Evə verdiyimiz hər tapşırığın nümunələri üzərində mütləq sinifdə işləməyə və onları izah etməyə çalışırıq. Hər şagirdin öz qavrama qabiliyyəti var. Elələri var ki, keçilən dərsi başa düşür, amma tam mənimsəyə bilmir. Sinifdə aldığı bilikləri ev tapşırıqlarını edərək möhkəmləndirir.
Təcrübəli müəllimlər ev tapşırığı verərkən şagirdin yorulmaması üçün dərs cədvəlini də nəzərə alırlar. Əgər növbəti gün və ya günlərdə cədvəldə ağır fənlərdən dərslər varsa, ev tapşırıqları bir qədər yüngül olur.
Zaman keçdikcə metodika təkmilləşir və yeniləşir, lakin tədris üsulu olaraq öz mahiyyətini, əhəmiyyətini və rolunu itirmir. Bu gün metodika üzərində dayanmağa xüsusi ehtiyac var. Çünki təhsilimizdə fərdiyyəçilik meyilləri getdikcə güclənir. Uşaqlarımızın lazımi biliklərə yiyələnməsində daha çox fərdi müəllimlərə - repetitorlara bel bağlayırıq. Metodistlərin xidmətindən yararlanmağa sanki heç ehtiyac duymuruq.
Sovet dövründə metodiki işin səmərəli təşkili üçün təhsil müəssisələri ilə sıx əlaqələr qurulurdu. Məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlərlə yaradılan canlı və səmimi münasibətlər mühüm rol oynayırdı. Ona görə də müəllimlərin fəaliyyətini istiqamətləndirən metodistin əməyi hər zaman dəyərləndirilirdi.
Bu yazını ilk növbədə müşahidələrimizə əsasən qələmə aldıq. Bütün dövrlərdə kamil insan yetişdirmək hər bir valideynin və müəllimin borcudur. Şəxsiyyətlər cəmiyyətdən öncə ailə və məktəbdə formalaşmağa başlayır. Milli strategiyamızın tələb etdiyi kadrların yetişdirilməsi məsələsi də olduqca aktualdır. Bu gün yaxşı haldır ki, artıq standartlar üzərində düşünülür və işlənilir. Kurikulum bizim təhsil və tədris metodikasında yeni olduğu üçün onun mənimsənilməsi də o qədər asan məsələ deyil. Təbii ki, müəyyən vaxt lazımdır ki, bu tədris metodikasının bəhrəsini görək. O da düzdür ki, yeni təlim-tədris sisteminə keçiddə müəyyən uyğunlaşdırma proseslərinin gətirdiyi çətinliklər də nəzərə alınmalıdır. Lakin bütün bunlarla yanaşı, uşaqların dərs yükünün həddi və həcmi də unudulmamalıdır.
"Azərbaycan" qəzeti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər