Qadın və mübarizə! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-12-2015, 14:58 | Şərh sayı: (0) | Baxılıb: 276
Qadın və mübarizə!
Qadın və mübarizə! Bir-birinə yad olan sözlər və anlayışlar! Qadın incəlik simvolu, mübarizə isə bu incəliyin tam əksi, bir-birinin qarşısında olan iki qütb. Hər bir kəs bunların fərqli anlayışlar olduğunu deyə bilər. Bunun səbəbi tarixdə qadın və mübarizə sözlərinin bərabər çəkildiyindən xəbərsiz olmalarıdır. Qarşı tərəfdən bizi belə düşünməyə vadar edən real həyatda üzləşdiyimiz qadın simalarıdır. Zəif, müsibətlər qarşısında sınan, dəyərini bilməyən, həmişə qara bazarda qara pula satılan, dəlilsiz susmaq məcburiyyətində qalan və müasir dövrdə təzə əsrin təzə kəniz simasını canlandıran qadınlar özlərini müdafiyə etməyi bacarmayan, cəzb və dəf etmək qabiliyyətindən yersiz istifadə edən incə məxluqlardır. Daha düzünü desək, zahirdə qadın şəklində olan, köləliyə qol çəkmiş, susmağı qurtuluş hesab edən bədbəxt aqibətli məxluqlardır. Onlar artıq belə yaşamağa və ömür sürməyə alışmışlar. Başqalarında onlara olan mənfi baxışları tarix yox, özləri mübarizə və bu kimi insani keyfiyyətlərdən uzaqlaşdıqları üçün formalaşdırmışlar. Amma çox da uzaq olmayan tarixə ötəri nəzər salsaq, bir an içində bu mənfi təfəkkürün tam əsassız olduğunu açıq-aydın görə bilərik. Görə bilərik ki, cox vaxtlar quru və imansız bütlər tərəfindən istismar olunsalar da, dəfələrlə nisbi azadlığa nail olmuşlar, dünyanın fil qulağında yatmış şəriştəsiz və ləyaqətsiz hakimlərinin kar qulaqlarına hayqırmışlar. Qadınların keçmişində də bir-neçə nurun parlamasına və zülmətin yarılmasına səbəb olanlara rast gəlmək olar. Bu parlayan qadınlar, neçə-neçə daş dövrünün yadigarları hesab olunur. Baxmayaraq ki, bu daş dövründə yaşayanlar və bəşəriyyətin rəhbərliyini öz öhdələrinə götürən firon bütlərinin yonulmuş qalıqlarına az da olsa belə, təsir etməmişlər. Buna Kərbəla hadisəsini və o hadisədə baş verən tükürpədici səhnəni bütün Yer kürəsinə yayan carçısını bariz nümunə göstərmək olar.
Zeynəb xanım (ə) körpə uşaqlıq anlarını Mədinə divarları arxasında və cəddi Peyğəmbərin (s) yaninda keçirdiyi anlarda bəlkə ağlına belə gəlmirdi ki, nə zamansa tarixdə zahirən bir-birinə uyğun gəlməyən qadın və mübarizə sözlərini özündə birləşdirəcək, ölmüş müqəddəs qadın simalarına təzə nəfəs verəcək, qadın olmasına baxmayaraq, Kərbala meydanında öz övladları ilə birgə İslam düşmənlərinə qarşı mübarizəyə qalxacaq, özünün müqəddəs dini və hədəfi uğrunda hər şeyindən keçməyə hazır olacaq, Adəmdən Xatəmə nümunəsi olmayan Kərbəla karvanının sarbanına, qadın olmasına baxmayaraq, bu hadisədə yetim qalmışların pənahqahına çevriləcək. Bəzən keçmişə nəzər saldıqda bu üstün xüxusiyyətləri bir kişidə tapmaq çox çətin olur. Amma Zeynəb xanım, bunları özündə birləşdirərək mübarizə qəhrəmanı olan bir qadın simvolunu yaratdı, qadına olan baxışları və kor zehinlərdə formalaşan tilsimləri sındırdı, öz mübarizəsi ilə qadını ev dustaqlığından azad edərək tarixin onlara da ehtiyacı olduğunu göstərdi. O, bu mübarizəsi ilə bir daha sübüt etdi ki, Kərbəla səhnəsində misilsiz qəhrəmanları da böyüdən bu zərif varlıqdır. Şamda Yezidin sarayında etdiyi söhbətləri ilə bir daha sübut etdi ki, mübarizə təkcə kişilərə aid deyil. Yezid kimiləri xəlifə olarsa, imanlı və mübariz qadınlar yaralı aslana çevrilib dünyanın cisminə öldürücü zərbə vurmağa qadirdirlər. İman və təqvaları zülmün sərhədlərini aşaraq Allaha görə mübarizəyə qalxarlar, bütün dağ yüklü müsibətlərə baxmayaraq gözəllikdən başqa heç nə görmədiklərini qəlbən etiraf edərlər. Bununla göstərirlər ki, Allah onları yaradanda, məqsədi müqəddəs və uca olmuşdur. Allahın hikməti haqqında şəkk edən yalnız kor fitrətli Yezid kimilərdir. Onları yaratmamışdir ki, səhnədə həmişə zəif və mənfi tərəfi ifa etsinlər. Bəlkə Allah qadını yaradanda ona elə bir ruh bağışlamışdi ki, hətta Kərbəla şahının şəhidlik tacını başına qoymağa kömək etsin. Allahın xırda bir sərhədini belə aşmadan onlarda olan qabiliyyət və məharətlərini dünyaya çatdırsın.
Zeynəb xanım vəfasız Kərbəla çölündə əlinə qılınc və qalxan alıb döyüşmədi. Onun qılınc və qalxanı sahib olduğu mübarizə üslubu idi. Əgər o, müqəddəs qadın təcəssümü olmasaydı, nizə başında Quran oxuyan insandan bizə bir xəbər belə yetişməzdı. Susardı və sönərdi o başın nurundan can alan İslam dininin qurumuş bədəni. Abbasın adı Fərat çayının kənarında dəfn olunardı, Kərbəla adını tarixin qədim eksponatlar saxlanılan muzeylərində də tapmaq olmazdı. Amma indi Kərbəlanın və Zeynəb xanımın bütün həyatımızın yaşam tərzində təsiri var. Nə qədər ümidsiz olsaq da, dünya bizə arxa çevirsə, susuz çöldə tənha qoysa və dünya dosları bizi düşmənə təslim etsələr də, bu səhnə bizə həmişə Allaha görə yaşamaq dərsini öyrədir. Bizlər üçün Zeynəbsiz (ə) Kərbəlanı, Abbassız (ə) Hüseyni (ə), Səccadsız (ə) isə heç birini təsəvvür etmək mümkün deyil. Bu ilahi ilham sahibləri, Kərbəla çölünü gülüstana çevirən cənnətdən qopmuş gül ləçəkləri idilər. Bir müddət bu dünyada yaşadıqdan sonra Ondan gəldikləri üçün Ona da qayıtdılar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər