Həkimə getməkdən niyə qorxuruq? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 23:36 | Şərh sayı: (0) | Baxılıb: 326
Həkimə getməkdən niyə qorxuruq?
Lətifə sevənlər belə bir lətifə eşitməmiş olmazlar: xəstəxanaya 3 xəstə gəlir. Həkim asistentindən soruşur ki, birinci xəstə kimdir? Asistenti deyir, bir ingilisdi. Həkim deyir, onu yola salın evinə getsin, yəqin elə-belə müayinəyə gəlib. Soruşur bəs ikinci xəstə kimdi? - deyirlər rus. Həkim deyir bir az gözləsin, çox güman ki yüngül narahatçılığı var. Həkim soruşur ki, bəs üçüncü kimdir? Asistenti deyir bir azərbaycanlıdır. Həkim tez əl-ayağa düşür, deyir təcili reanimasiya otağını hazırlayın.
Nə qədər gülməli də olsa acı reallıqdır. Bizlərdə həkimdən qaçma, qorxma, səhhətimizə laqeydlik həmişə olub. Əvvələr insanlar cahillikdən, savadsızlıqdan həkimə getmirdisə, indi maddi problemlərdən, səhiyyə sahəsinə inamsızlıqdan, naməlum mənşəli bahalı firma dərmanlarının sırınmasından və başqa səbəblərdən getmirlər. Heç kəs çörəyi qulağı ilə yemir, yəni hamı ağzının yolunu bildiyi kimi, bəzi həqiqətləri də bilir. Resept yazan həkimin bizə təqdim etdiyi dərman siyahısına baxanda onun pul qazandığını bilmək üçün alim olmağa ehtiyac yoxdur. Yazılan resepti elə ustalıqla qoparıb təqdim edirlər ki, onun arxasındakı kopyalanmış vərəqi görə bilməyək. Dərman firmaları bu kopyalara əsasən onlara "hörmət" edirlər. Nə qədər çox dərman, o qədər çox pul. Bəzən hətta pasientə zəng edirlər - həkimi yoxlamaq üçün. Bilirsinizmi necə? Evində körpə uşağı olan hər kəsin başına gəlib bəlkə də. Zəng edirlər ki, bəs biz filan saylı poliklinikadan sizi narahat edirik, uşağınıza hansı süni qida verirsiniz? Əgər həkimin dediyi süni qidanın adını deyirsinizsə, onda onu qazanclı çıxarırsınız.
Başqa bir məsələ. İki qoçun başı bir qazanda qaynamaz məsəli kimi iki həkimin resepti də çox zaman uyğun gəlmir. Hansına müraciət etsən, ondan öncəkini səhv çıxaracaq və yeni resept yazacaq. Yəqin işlədikləri firmalar fərqlidir, ona görə. Təbii ki, söylədiklərimi bütün həkimlərimizə şamil etmək haqsızlıq olardı.
Firma söhbətini qoyduq bir kənara, iş tək bununla bitmir. Lap tutaq ki, həkiminizə və onun Hippokrat andına inanırsınız, resepti götürüb düşürsünüz apteklərin canına. Ən ucuz yerdən almaq üçün bir neçə aptek gəzirsiniz. Və beləcə öyrənirsiniz ki, şəhərin içində eyni küçədəki iki aptekdə ciddi qiymət fərqləri var.
Yox, bu nağıl deyil, başına gələn başmaqçı olar. Sumqayıt şəhərində "Sulbasin" adlı antibiotik iynə aralarında 200-300 metr məsafə olan apteklərdən birində 3 man 30 qəpiyə, digərində 4 man 40 qəpiyə, "Bronxosip" adlı öskürək dərmanı birində 10 man 60 qəpiyə, digərində 13 manatadır. Məsələ 1-2 manatda deyil, məsələ insan etibarından sui istifadə etməkdədir.
Neçə vaxtdır dərman qiymətləri haqda düşünürdüm, göbələk kimi artmaqda olan apteklərimizdə axır ki, bəzi dərmanların qiymətləri aşağı düşdü. Tarif Şurasının qərarı ilə qiymətlərdə 2, bəzilərində 3 dəfə azalma oldu. Ümid edirəm apteklər, indi də gölünə daş atılmış qurbağaya dönməzlər. Təsəvvür edin, illərdi 15 manata bəlkə də hər həftə, hər ay alınan dərmanı artıq 5 manata almaq mümkün olacaq.
Bundan əlavə, həkim qapılarında olan süni növbələr diqqətimi çəkir. Məsələn, klinikanın birində həkim müayinə etdikdən sonra UZİyə göndərir. İmkanı olan üçün fərqi yoxdur, amma maddi vəziyyəti həmin klinikada UZİyə getməyə imkan verməyənlər daha ucuz yer axtarırlar. Daha sonra UZİ nəticəsini əlinə alıb gəlirsən həkimin yanına, başqa yerin UZİsi olduğuna görə məcbur qapıda növbəni gözləyirsən. Və beləcə, həkimin yanına və həkimin yanından psixoloji sarsıntı ilə gəlirsən.
İndi siz deyin, həkimə müraciət etməkdən qorxmaqda haqlıyıq ya yox?
"Zaman Azərbaycan"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər