Sünnilər Əhli-beyt imamlarına süşməndirlərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 16-12-2015, 20:49 | Şərh sayı: (0) | Baxılıb: 482
Sünnilər Əhli-beyt imamlarına süşməndirlərmi?
Bəzi kitablarda və sosial şəbəkə yazışmalarında şiə və sünni məzhəbli müsəlmanların bir-birinə qarşı irəli sürdükləri əsassız ittihamların nə qədər təhlükəli olduğunu nəzərə alaraq, bu ittihamların elmi sübutlarla aradan qaldırılmasının faydasını dərk edərək, həmin istiqamətdə araşdırmaları davam etdiririk. Ötən məqalədə şiə məzhəbinə qarşı irəli sürülən “şiəliyi farslar yaradıb və ya şiəlik Səfəvilər zamanında yaradılıb” iddiasına cavab vermişdik. Bu gün isə əhli-sünnə məzhəbinə qarşı irəli sürülən əsassız iddialardan birinə cavab verəcəyik.
Sosial şəbəkələrdə aparılan yazışmalar zamanı dini savadı lazımi səviyyədə olmayan, bəzən qəsdən, bəzən isə bilməyərəkdən məzhəblərarası anlaşmaya zərbə vuran şəxslərin belə bir fikir irəli sürdüklərinin şahidi oluruq: Guya əhli-sünnə məzhəbində Əhli-beytə (ə) nifrət vardır, sünnilər Əhli-beyt imamlarına (ə) düşməndirlər və “nasibi” sayılırlar.
Bu iddiaya əvvəlcə məntiqi əqli arqumentlərlə, daha sonra nəqli dəlillərlə cavab veririk.
1. Əhli-beytə (ə) sevgi Quranın əmridir və sünnilər də Qurana tabedirlər
Hər şeydən öncə, Əhli-beytə (ə) hörmət və ehtiram Allah-təalanın müsəlmanlara qəti əmridir. Qurani-kərimin “Şura” surəsinin 23-cü ayəsində buyurulur: “...(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm...” Klassik əhli-sünnə mənbələrinin demək olar ki hamısında bu ayənin məhz Əhli-beytə (ə) aid olması haqqında məlumat verilir. İbn Abbasdan rəvayət edilir ki, ayə nazil olduqda səhabələr Peyğəmbərdən (s) soruşdular: “Ey Allahın Rəsulu! Onları sevməyimizi Allah əmr etmiş kəslər kimdir?” Buyurdu: “Əli, Fatimə və övladları”
(Hakim Həskani. Şəvahid əl-tənzil, II, 189;
Süyuti. Əl-Dürr əl-mənsur, XIII, 150;
Zəməxşəri. Əl-Kəşşaf, III, 235;
Möcəm əl-Təbərani, hədis 12259 və s. mənbələr).
Şiəli-sünnili bütün din alimləri təsdiq və etiraf etmişlər ki, məşhur “təthir” ayəsində (Əhzab, 33) bütün mənəvi çirkinliklərdən Allahın pak edib təmizlədiyi Əhli-beyt Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarətdir. Doğrudur, əhli-sünnə əqidəsində Peyğəmbərin (s) xanımları və yaxın qohumları da Əhli-beytə (ə) aid edilir. Amma onların başında məhz adı çəkilən dörd müqəddəs zat durur. Əhli-sünnə məzhəbinə aid mənbələrdə Əhli-beyt imamlarının (ə), xüsusilə, 4 nəfər “əba əhlinin” fəzilətləri barədə yüzlərlə mötəbər hədis mövcuddur. Peyğəmbərin (s) dörd müqəddəs zatı öz əbası altına alaraq, onlar haqqında dua etməsi və bundan sonra “təthir” ayəsinin nazil olması barədə əhli-sünnənin aşağıdakı mənbələrində oxumaq olar:
“Səhih Müslim”, 6261-ci hədis;
“Sünən əl-Tirmizi”, 3205, 3206 və 3787-ci hədislər;
Hakim Nişaburi. “Əl-Müstədrək əla-l-Səhiheyn”, II, 489; III, 171-173 və 179);
Əhməd ibn Hənbəl. “Müsnəd”, I, 331; III, 285; IV, 107; VI, 292;
Beyhəqi. Əl-Sünən əl-kübra”, II, 149;
İbn əl-Əsir. Üsüd əl-ğabə fi mərifət əl-səhabə”, II, 12, 20; III, 413; IV, 29; V, 66, 174, 521;
Təyalisi. “Müsnəd”, III, 538;
Hakim Həskani. “Şəvahid əl-tənzil”, II, 18-140 (138 ədəd hədis);
Mühibbüddin Təbəri. “Zəxair əl-üqba fi mənaqib zəv əl-qürba”, səh. 21-24 və s. mənbələr.
2. Ali-əba (ə) həm də səhabə olmuşlar və sünnilərin səhabəni sevməməsi mümkün deyil
Əhli-sünnə məzhəbində də (şiəlikdə olduğu kimi) birinci dərəcəli əsas mənbələr Qurani-kərim və Peyğəmbər (s) sünnəsidir. Bu iki mənbədə təsbit olunmuş hər bir hökm sünni məzhəbində qəbul olunur, bunlara zidd olan hər şey rədd edilir. Ona görə də Quranı və sünnəni mötəbər bilən əhli-sünnə mənsublarının Əhli-beyti (ə) sevmədiklərini, nəinki sevməyib, hətta ona düşmən olduqlarını düşünmək tamamilə əsassız və məntiqsizdir.
İkincisi, əhli-sünnə məzhəbində səhabələrə xüsusi ehtiram bəslənilir. Bu ehtiram elə yüksək həddədir ki, hətta bunu sünni əqidəsinin vacib tərkib hissələrindən biri kimi də qəbul və təqdim edirlər. Həzrət Əli ibn Əbu Talib, Fatimeyi-Zəhra, İmam Həsən və İmam Hüseyn (ə) həm də səhabədirlər. Necə ola bilər ki, əhli-sünnə mənsubları səhabəni sevməsinlər, ona nifrət bəsləsinlər?
Üçüncüsü, əhli-sünnə məzhəbində Peyğəmbərdən (s) sonra dörd raşidi xəlifəsinə və Peyğəmbərin (s) cənnətlə müjdələdiyi 10 səhabəyə (əşərət əl-mübəşşərə) xüsusi sayğı mövcuddur. Əli ibn Əbu Talib (ə) raşidi xəlifələrin dördüncüsü, əşərət əl-mübəşşərənin biridir. Elə isə, ona qarşı düşmən münasibətdə olmaq əhli-sünnə əqidəsinə də zidd gəlir.
Əlbəttə, burada bəzi ziddiyyətli məqamları da gözardına vurmaq olmaz. Əhli-sünnə mənbələrində Əhli-beyt (ə) imamları ilə düşmən olan, onlarla açıq-aşkar döyüşən, onları söyən və başqalarını da buna təhrik edən bəzi şəxslərə qarşı da müsbət və loyal münasibətin şahidi oluruq. Bəzən bu münasibət bəzi şiələri guya sünnilərin Əhli-beytlə (ə) düşmən olması qənaətinə gətirir. Lakin bunun səbəbini də yuxarıda qeyd etmişik. Sünni məzhəbində səhabələrə həddən artıq ehtiram vardır və onların bütün əməlləri, davranışları təqdir edilir. O cümlədən, Əhli-beytlə (ə) düşmənçilik edən Müaviyə, Əmr ibn As, Xalid ibn Vəlid, Müğeyrə ibn Şöbə, Səmürə ibn Cündəb, Mərvan ibn Həkəm kimi şəxslər də məhz səhabə olduqlarına görə sünni mənbələrində çox vaxt ehtiramla xatırlanırlar. Baxmayaraq ki, onların siyasi fəaliyyətini, Əhli-beytə (ə) qarşı qərəzli və haqsız davranışını tənqid edən sünni alimləri tarix boyunca olmuşlar və bu gün də vardırlar.
3. Əhli-sünnə alimləri Əhli-beyt (ə) haqqında dəyərli əsərlər yazmışlar.
Tarix boyunca əhli-sünnə alimləri tərəfindən qələmə alınmış irihəcmli hədis məcmuələrinin demək olar ki, hamısında ümumilikdə Əhli-beytin (ə), yaxud onun üzvlərinin fəzilətlərinə heç olmazsa, ən azı bir fəsil ayrılıb. Çoxcildlik hədis toplularının hər birinin səhifələrində Əhli-beyt (ə) barədə onlarla (hətta bəzən yüzlərlə) rəvayətə rast gəlmək mümkündür. İstər əhli-sünnənin 6 ən mötəbər hədis toplusunun, istərsə də İmam Əhmədin “Müsnəd”, Hakim Nişaburinin “əl-Müstədrək əla-l-Səhiheyn”, Müttəqi Hindinin “Kənz əl-ümmal”, Süyutinin “əl-Came əl-kəbir” kitablarında “fəzail” və “mənaqib” (fəzilətlər, üstünlüklər) başlığı altında həm ümumilikdə Əhli-beytin (ə), həm də ayrı-ayrılıqda dörd Ali-əba üzvünün barəsində yüzlərlə hədis toplanmışdır.
Bəzi sünni alimləri hətta Əhli-beytin (ə) fəzilətləri barədə müstəqil kitab tərtib etmişlər. Bu kitabların müəllifləri sırasında dörd əhli-sünnə məzhəbinin hər birinin nümayəndələri var. Yazılmış əsərlərin həcmi də fərqlidir: bəzi risalələr cəmi bir neçə səhifədən ibarətdir, bəziləri isə çoxcildli kitab şəklindədir. Onlardan bir neçəsinin adını ixtisarla təqdim edirik:
1. Əllamə Cəlaləddin Süyuti (şafii) – “İhya əl-meyt fi fəzail Əhl əl-beyt”;
2. Mir Seyyid Əli Həmədani (şafii) – “Məvəddət əl-qürba”;
3. Sibt ibn əl-Cövzi (hənəfi) – “Təzkirət əl-xəvass”;
4. İbn Səbbağ (maliki) – “əl-Füsul əl-mühimmə fi mərifət əhval əl-əimmə”;
5. İbrahim Həmmuyi (hənəfi) – “Fəraid əl-simtayn”;
6. Mühəmməd ibn Yusif Zərəndi (hənəfi) – “Nəzm Fəraid əl-simtayn”;
7. Mühibbüddin Təbəri (şafii) – “Zəxair əl-üqba fi mənaqib zəv əl-qürba”;
8. Təqiyyəddin Əhməd ibn Əli Məqrizi (şafii) – “Fəzl Al əl-beyt”;
9. Kəmaləddin Mühəmməd ibn Təlhə (şafii) – “Mətalib əl-süul fi mənaqib Al əl-Rəsul”;
10. Nurəddin Səmhudi (şafii) – “Cəvahir əl-əqdeyn fi fəzl əl-şərəfeyn”;
11. Mühəmməd ibn Əhməd Dulabi – “əl-Zürriyyət əl-tahirət əl-nəbəviyyə”;
12. Şəmsəddin Səxavi –“İsticlab irtifa əl-ğürəf”;
13. Mömin Şəblənci (şafii) – “Nur əl-əbsar”;
14. Hüsaməddin Xəlvəti – “Ali-Mühəmməd”;
15. Cəmaləddin Qasimi Diməşqi – “Şərəf əl-əsbat”;
16. Şeyx Cəmaləddin Şəbravi – “əl-İthaf bi-hübb əl-əşraf”;
17. İbn Tulun Diməşqi – “əl-Şəzərat əl-zəhəbiyyə”;
18. Cəmaləddin Şəbravi (şafii) – “əl-İthaf bi-hübb əl-əşraf”;
19. Mühəmməd ibn Əli əl-Səbban (şafii) – “İsaf əl-rağibin”;
20. Şeyx Süleyman Qunduzi (hənəfi) – “Yənabi əl-məvəddə li-zəv əl-qürba”;
21. Şeyx Yusif ibn İsmail Nəbhani (şafii) – “əş-Şərəf əl-müəbbəd li-Ali-Mühəmməd”.
Bunlardan əlavə, hicri V əsrdə yaşamış hənəfi məzhəbli məşhur alim Hakim Həskani “Şəvahid əl-tənzil li-qəvaid əl-təfzil” kitabında Əhli-beytin (ə) barəsində nazil olmuş 210 ayəni şərh edib. Kitabda bu ayələrin Əhli-beytlə (ə) əlaqəsini sübut edən 1163 hədis mövcuddur.
Əslən Azərbaycanın Zəngəzur bölgəsindən olan şafii məzhəbli Qazi Bəhlul Behcət Əfəndinin ana dilində qələmə aldığı “Ali-Mühəmmədin tarixinə dair təşrih və mühakimə” kitabı da bu mövzuda dəyərli mənbələrdən biri sayıla bilər.
Ayrıca olaraq, Ali-əbanın (ə) dörd üzvünün – İmam Əli, Həzrət Fatimə, İmam Həsən və İmam Hüseynin (ə) fəzilətlərinə gəlincə, əhli-sünnə alimləri bu mövzuda da sanballı əsərlər yazmışlar. Onların sırasında aşağıdakıları qeyd etmək olar:
1. İmam Nəsai - “Xəsais”;
2. İmam Əhməd ibn Hənbəl - “Fəzail”;
3. Mir Seyyid Əli Həmədani - “Kitab əl-səbin fi fəzail Əmir əl-möminin”;
4. Gənci Şafii - “Kifayət əl-talib”;
5. Şəmsəddin Cəzəri - “Mənaqib əl-əsəd əl-ğalib” və “Əsma-l-mənaqib”;
6. Mühəmməd Saleh Kəşfi Tirmizi Hənəfi - “Mənaqibi-Mürtəzəvi”;
7. Bauni Şafii - “Cəvahir əl-mətalib”;
8. Səllabi - “Əsma-l-mətalib”;
9. Müvəffəq Məkki Xarəzmi - “əl-Mənaqib”;
10. İbn Məğazili - “əl-Mənaqib”;
11. İbn Mərdəveyh İsfahani - “əl-Mənaqib”;
12. Əsili Dəştəki – “əl-Ərbəin” və “Rövzət əl-əhbab”;
13. Mühəmməd Şövkani Sənani – “əl-Aqd əl-səmin”;
14. Əbu Nüeym İsfahani - “Ma nəzələ min əl-Quran fi Əli ibn Əbi Talib”;
15. Əbül-fəzail Hənəfi - “Ma nəzələ min əl-Quran fi Əli ibn Əbi Talib”;
16. İbn Əbil-hədid Şafii - “Şərh Nəhc əl-bəlağə” və s. mənbələr.
Məşhur biblioqraf Seyyid Əbdüləziz Təbatəbai qeyri-şiə (sünni) ərəb alimlərinin Əhli-beyt (ə) haqında qələmə aldıqları əsərlərin siyahısını müstəqil kitab halında toplamışdır. “Əhl əl-beyt fi-l-məktəbət əl-ərəbiyyə” adlı kitabda 856 əsər, onların müəllifləri və nəşrləri haqqında ətraflı məlumat verilir.
Seyyid Mürtəza Hüseyni Firuzabadi adlı digər bir alim isə Ali-əbaya (ə) aid olan 5 müqəddas zat barədə əhli-sünnə mənbələrindəki hədisləri toplamağa nail olmuşdur. “Fəzail əl-xəmsə min əl-sihah əl-sittə” adlı kitab üç cilddən ibarətdir və minlərlə hədisi əhatə edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər