Əmir Teymur Yezidin məzarı ilə necə rəftar etdi? – ARAŞDIRMA |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 28-10-2015, 18:15 | Şərh sayı: (0) | Baxılıb: 1539
Əmir Teymur Yezidin məzarı ilə necə rəftar etdi? – ARAŞDIRMA
u günlərdə yaşadığımız Məhərrəm-Səfər əyyamının matəm günləri kimi anılmasına nəfsinin qulu olan, ətrafına cahil və tamahkar insanları toplamış Şam (indiki Dəməşq) hakimi Yezid ibn Müaviyənin səbəb olmasını heç kəs inkar edə bilməz. Təəssüf ki, Yezidin Allah düşmənçiliyinə və zülmünə baş əyməyən Peyğəmbərimizin (s) sevimli nəvəsi İmam Hüseynin (ə.s.) və 70-ə yaxın tərəfdarının qətlə yetirilməsində günahı olmadığını söyləyənlər də o dövrdə olub, indi də tapılır. Və belə cahillərin sayəsində ölümündən 700 il sonrayadək indiki Suriya paytaxtında Yezidin üzərində yaraşıqlı türbə qurulmuş məzarı mövcud olmuşdur. 14 əsr öncə olduğu kimi, bu gün də nəinki İslamın, dünyanın taleyinin həll olunduğu qədim Şamda çox sirlər yatır…
Yezidin məzarı haradadır?
Görəsən, deyilən tarixdən sonra Yezidin məzarının başına nə gəlmişdir? Bəs İslam düşməninin məzarı indi qalıbmı və haradadır? Araşdırmamız zamanı həm Yezidin, həm də atası – öncəki Şam hakimi Müaviyə ibn Süfyanın məzarları barədə ilginc məlumatlar ortalığa çıxdı.
Bir sıra tarixi mənbələrdə Yezidin məzarının fateh Əmir Teymur tərəfindən dağıdıldığı söylənilir. Məsələn, Türkiyə mənbələrində Osmanlı sultanı İldırım Bəyazidə həsr edilmiş yazıda belə bir cümləyə rast gəlinir: “Şamda böyük qətliam törədən Teymur sonda Yezid ibn Müaviyənin qəbrini tapdıraraq açdırmış və sümükləri ilə birlikdə qəbri yandırıb yerinə nəcis doldurtmuşdur”.
Türkiyənin Azərbaycan əsilli görkəmli şair və yazarı Yavuz Bülent Bakiler 2013-cü ilin mayında dərc etdirdiyi “Müaviyənin və Yezidin məzarları” adlı məqaləsində əsl adı Əli olmuş məşhur osmanlı şair və mütəfəkkiri Aşik Paşanın yazdığı “Aşikpaşa tarixi” adlanan salnaməyə istinadən bunları açıqlayır: “Təxminən 1401-ci ildə Teymur Şama girdiyi vaxt carçı çağırtmış və öz adına belə bir müraciət yaydırmışdır: “Mən yezidiyəm! Nə qədər yezidi varsa, ortaya çıxsın!”. Yezidin soyundan gələnlər, Yezidin yolunda olanlar sevinclə meydana toplanmışlar. Teymur yezidilərə “İndi mənə Yezidin məzarını göstərin!” – demiş və onlarla birlikdə Şam məzarlığına getmişdir. Yezidilər böyük bir şadlıqla Teymura Yezidin məzarını göstərmişlər. Hökmdar əsgərlərinə belə əmr etmişdir: “Açın bu alçağın məzarını!”. Yezidin sümükləri görünəndən sonra isə Teymur ordusuna üz tutaraq: “Yezid deyilən bu alçaq sevgili Peygəmbərimizin (s) nəvəsi Hz.Hüseyn əfəndimizi qətlə yetirtdi. Və bununla İslamda çox böyük bir təfriqə yaratdı. Bütün İslam aləmi əsrlərdən bəri bu ikiliyin acısını yaşamaqdadır. İndi mənim ordumun hər bir nəfəri irəli gələrək bu Yezidin məzarına pisləyəcəkdir”, – deyə əmr vermişdir. Əsgərlər Teymurun əmrini yerinə yetirmişlər. Yezidilər isə olaya çox böyük bir üzüntüylə baxaraq qalmışlar. Əsgərlər işlərini bitirdikdən sonra Teymur Şamdakı bütün yezidiləri qətl etdirmişdir…”.
”Müaviyənin məzarı tam səfalət içindəydi”
Yavuz Bülənt əfəndi 2002-ci ildə “TRT” telekanalı üçün 7 bölümlük bir veriliş hazırlamaq məqsədilə 15 gün ərzində Dəməşqdə olur. Yezidin məzarını axtarması barədə məşhur yazar bunları xatırlayır: “Şamı araşdırdım, Yezidin məzarı yoxdur. Kimsə də onun harada basdırıldığını bilmədi. Yalnız Yezidin atası Muaviyənin Şam məzarlığındakı qəbrini göstərdilər. Müaviyənin qəbri gözlədiyim kimi viran haldaydı. Müaviyə bizim kərpiçlə hörülmüş kənd evlərinə bənzər dörd divar arasında yatırmış. Bu divarlardan ikisi uçmuşdu. Üstəlik, İran hacıları onun məzarını daş yağışına tutmuşdular. Müaviyənin qəbri üzərində yumruq ölçüsündə minlərlə daş vardı. Bir sözlə, qəbir tam səfalət içindəydi…”.
Osmanlı dövləti Yezidin atasının məzarını abadlaşdırmamışdır…
Araşdırmaçı yazar Şam məzarlığında Hz. Peyğəmbərimizin (s) xanımlarının və ilk azan oxuyan səhabə Bilal Həbəşinin də məzarlarını gördüyünü qeyd edərək bir önəmli məqama diqqət çəkir: “Osmanlı dövləti o məzarlara sahib çıxmış, hər birinin üzərinə türbə tikdirmişdir. Fəqət, Dövləti-Aliyyə (Osmanlı- S.L.) Suriyada 400 il hökm sürdüyü halda Müaviyənin məzarına qətiyyən qayğı göstərməmişdir…”.
Özəl tarixi araşdırmalarıyla tanınan Türkiyə jurnalisti Murat Bardakçı Ədirnəli Oruc bəy kimi digər orta əsr tarixçilərinə istinadən Teymurləngin Şama hücumu zamanı Yezidin qəbiri və onun tərəfdarlarıyla rəftarını bir az başqa səpkidə təsvir edir. Həmin məlumatlara görə, böyük fateh Şam məzarlığında Peyğəmbərimizin (s) bəzi səhabələrinin məzarlarını ziyarət edərkən həmin sadə görünüşlü qəbirlərin yanındakı yaraşıqlı türbənin Yezidə aid olduğunu öyrənincə bərk qəzəblənmiş və Yezidin cəsədini məzarından çıxartdırıb bütün əsgərlərini onun sümükləri üzərinə pislətdikdən sonra yandırtmışdır. Bundan sonra isə Kərbəla faciəsinin baiskarının qəbrinin torpağını 50 arşın qazdıraraq dənizə tökülməsini əmr etmişdir. Teymurləng eyni zamanda, Yezidin məzarı yanındakı atası Müaviyənin də qəbrini dağıtdırıb, yox etdirmişdir.
Deyilənlərə inansaq, bu gün Müaviyəyə aid edilən məzar da ona məxsus deyil… Murat Bardakçı belə bir qəribə iddia da irəli sürür ki, Əmir Teymur hər iki məzarı yox etsə də, son yüzillərdə hər 20-25 ildən bir Müaviyə və Yezidə aid olduqları iddia edilən məzarlar ortaya çıxır. Həmin məzarlar şiələr tərəfindən dağıdılır, lakin bir neçə il sonra yenidən başqaları “tapılır”dı. 1990-cı ildə “tapılan” son “Müaviyə məzarı” isə hazırda əsgərlər tərəfindən qorunur.
Teymurləng yezidi şeyxin qızını niyə aldı?
Dünya şöhrətli türk səyyah və tarixçisi Övliya Çələbi məşhur “Səyahatnamə”sinin doqquzuncu cildində Əmir Teymurun Yezidin məzarı və yezidilərlə rəftarı barədə qorxu filmini andıran, amma rəngarəng səhnələr nəql edir. O Teymurun, sadəcə, məzarı təhqir etməklə kifayətlənmədiyini Yezidə sayğı göstərən minlərlə kişini də yandırtdığını anladır: “…Teymur Şamı aldıqdan sonra Əməvi Məscidinə gəlib Yezidin yolundan gedənlərə “Buranı paytaxt yapmağa qərar verdim, amma tam yalqızam. Məni evləndirin. Əl sürülməmiş elə gözəl bir qız tapın ki, cahanda bir bənzəri olmasın”, – dedi. Yezidin yolundan gedənlərin şeyxi ‘Padşahım, əgər cariyən olmasını məsləhət bilirsənsə, elə mənim qızımı al!’ –deyə önə çıxdı. Teymur bunu qəbul edib 40 gün, 40 gecə düyün etdi. Elə bir şənlik oldu ki, o boyda Şamda tək bir çadır qurulacaq yer qalmadı. Teymur 41-ci gün Yezidin yolundan gedənlərin bütün şeyxlərini hüzuruna dəvət edib gənc xanımı ilə Əməvi Məscidinin yaxınında gərdəyə girmək istədiyini söylədi. Yezidin şeyxləri dərhal “Olmaaaz! Bu qədər qələbəlik içərisində Züleyxa kimi gözəl olan o qızla gərdəyə girsəniz, şeyximizin namusuna toxunar” – dedilər. Bu sözü eşidən Teymur ‘Alçaq məlunlar!” – deyə hayqırdı – Həzrəti Peyğəmbərin (s) mübarək soyundan gələn İmam Hüseyni Kərbəlada şəhid edib mübarək başını şəhər-şəhər dolaşdırıb, övladını susuzluqdan həlak edən, soyundan gələnləri orada-burada təqib və təhqir edən siz deyilmisiniz? Bunları yapmağa utanmadınız, indi bu məlun hərifin nikahlayıb aldığım qızı ilə qapalı bir yerdə gərdəyə girilməsindənmi utanırsınız? Sizin dininiz nədir?! Söyləyin mənə, sizi nə şəkildə qətl edim?!”.
Bundan sonra Teymur əsgərlərinə əmr etdi, hər tərəfdən odun gətirdib Yezidin yolundan gedənləri Nəmrud atəşi içərisində buraxdı. Sonra gedib Yezidin qəbrini açdırdı. Cəsədin hələ pozulmadığını görən bəzi əsgərlərin ‘Sultanım, bu Yezid nə də olsa, səhabədəndir, əfv et” – deməklərinə daha da hiddətlənərək bir ocaq da yandırtdı. Yezidin cəsədiylə bərabər 13 adamı da oda atdı və Yezidin küllərini havaya sovurtdu. Bu iş də bitəndən sonra bütün əsgərlərini çağırıb məzarın üzərinə pislətdi”.
Yezidin cəsədi qəbirdə öz-özünə yanıb?
Bəzi İslam alimləri Yezidin cəsədinin dəfn olunduqdan az sonra öz-özünə yandığını da iddia edirlər. Şəhid Ayətullah Seyyid Əbdül Hüseyn Dəstgeyb “Quran və qiyamət” kitabında yazır: “…Bəzi vaxtlarda əzabın şiddətindən ruh bərzəx aləmində həmin cəsədə də təsir qoyur. Məsələn, Yezid ibn Müaviyəni (Allah ona lənət etsin) misal göstərmək olar. Belə ki, Bəni-Abbas dövründə Bəni-Üməyyədən olanların qəbirlərini açır, cəsədlərini yandırırdılar. Yezidin qəbrini açanda, cəsədin yanıb külə dönməsini göstərən nazik bir xətdən başqa bir şey tapmadılar…”.
Bu gün Yezidin məzarının qalıb-qalmamasından asılı olmayaraq, o ölüb – yoxdur. Amma ən böyük düşmənimiz olan cəhalət və bizi Allah yolundan azdıran nəfsimiz, tamahımız qəlbimizdə yaşamaqdadır. Məhz cahiliyyət və tamah ucbatından xarici düşmənlərin tələsinə düşərək ”dirilən” müasir Yezidilərin fitnə-fəsadı səbəbi ilə 14 əsr öncə olduğu kimi, bu gün də müsəlmanlar bir çox qədim yurdlarımızda, o cümlədən, Suriyada, Dəməşqdə bir neçə cəbhəyə bölünərək göydən amerikan, yaxud rus bombalarının, yerdən isə öz dindaşlarının güllə və mərmilərinə tuş gələrək əbəs yerə həlak olurlar. Bu mənasız qırğınlardan qurtulmaq və başqa müsəlman torpaqlarında da yeni fitnə-fəsadlara yol açmamaq üçün hər kəs öz gündəlik həyatında, ibadətində və işində rastlaşdığı düşmən oyunları qarşısında çox diqqətli olmaq məcburiyyətindədir…
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər