Faydalı “kaş ki”lərimiz varmı? |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 24-01-2016, 10:42 | Şərh sayı: (0) | Baxılıb: 438
Faydalı “kaş ki”lərimiz varmı?
Bu yazıda "faydalı "kaş ki"lər nələrdir?" sualına bir sıra cavablar təqdim olunacaqdır. Ümumiyyətlə, "kaş ki" deyərkən bunu xəyallar aləmində gəzmək şəklində anlamaq doğrudurmu? Peşmanlıq dolu "kaş ki" deməkdən başqa, görəsən, insana fayda verən "kaş ki"lər də varmı?
Motorunun içində benzini yandıraraq avtomobilin hərəkət etməsinə səbəb olan ilk qığılcım kimi, insanı müsbətə doğru hərəkət etdirən, insana yeni yeni üfüqlər açan, "kaş ki"lər də vardır. İslam dinində hər zaman fikir və əməl vəhdət təşkil etmişdir. Uca dinimiz İslama görə elə "kaş ki"lər vardır ki, bu xəyallar aləmində gəzmək mənasına gəlmir. İslamda fikir və əməlin vəhdəti ilə bağlı mövzudan yayınmadan belə bir nümunə vermək olar: "Günəş şəhəri" əsərinin də müəllifi olan İtalyan mütəfəkkir Tomas Kampanella, qeyri müsəlmanların da rahat şəkildə yaşamaları ilə yanaşı, bir müsəlman cəmiyyəti olan Osmanlı dövlətinin XVI-XVII əsrlərdəki həyat tərzi və yaşayışından xəbərdar olur. Sanki xəyallarındakı "Günəş şəhəri"nin yaşanan nümunəsini görən mutəfəkkir belə deyir: "Osmanlını görüncə, utopik roman yazaraq bihudə işlə məşğul olduğumu anladım!.." Uca dinimiz İslamın gətirdiyi həyat tərzini sanki qərb mütəfəkkirləri utopialarda axtarmışlar.
Hər bir mömin üçün, o möminin dərəcəsini yüksəldəcək "faydalı kaş ki"lər vardır. Məsələn, "Kaş ki gəncliyimi daha yaxşı dəyərləndirə bilsəydim! Kaş ki özümü nəfsani arzulardan qoruya bilsəydim! Kaş ki gəncliyin coşub-daşdığı dövrdə, əlimi, ayağımı, gözümü, qulağımı Uca Rəbbimizin (c.c) istədiyi şəkildə tərbiyə edə bilsəydim! Bu və bunun kimi, indiyə qədər olmasa da, bundan sonrakı həyatda tətbiq etməyə söz verilən peşmanlıq hissi ilə dolu "kaş ki"lər, insanın dərəcəsini yüksəldən "faydalı kaş ki"lərdir.
"...Bir Yaradıcı olduğunu bilirəm. Ancaq məndən istədiyi nədir, onu bilmirəm. Kaş ki məndən istəyi nədir, onu bilsəydim və ona qulluq edə bilsəydim". Bu sözlər İslamın zühurundan əvvəl yaşamış Zeyd İbn Amrın ölüm anında dediyi sözlərdir. Zeyd İbn Amrın, axirəti qazandıracaq bu iki kəlimədən ibarət "kaş ki" ifadəsini sizcə, dünyada hər hansı sərvət və mala dəyişmək olarmı?
Uhud meydanında Hz. Peyğəmbərimizin (s.a.v), başı yarıldığı və dişi qırıldığı zaman "Ey Allahım! Qövmümü bağışla, çünki onlar məni bilmirlər!" demişdi... Elə anlar və elə hadisələr var ki, "kaş ki" sözü işlədilməsə də, deyilən sözün ruhunda şəfqət və mərhəmət hissləri ilə dolu "kaş ki" mənası vardır. Yuxarıda verilən nümunədə, Hz. Peyğəmbərimizin (s.a.v) özünə əziyyət verən insanlara qarşı belə, şəfqət və mərhəmət hissləri ilə dolu olduğunu görürük.
Kaş ki, insanların ən yaxşı bildiyi, ən yaxşı tanıdığı, ən çox sevdiyi insan Hz. Peyğəmbərimiz (s.a.v) olsa... Kaş ki bu günümüzdə də, dünyanın bütün şəhər və ölkələrində, bəşəriyyətə qurtarıcı olaraq göndərilmiş Hz. Peyğəmbərimiz (s.a.v), insanlar tərəfindən layiqincə və bütün gözəllikləri ilə, tanınsa və bilinsə... Kaş ki, insanlar Onu (s.a.v) tanımadan və Onu (s.a.v) bilmədən bu dünyadan köçməsələr...
Qurani-Kərimin Yasin surəsində buyurulduğu üzrə, adının Həbib Nəccar olduğu rəvayət olunan abid bir şəxsin də yaşadığı indiki adı ilə Antakya şəhərinə Allah-Təala tərəfindən üç elçi göndərilir. Həbib Nəccar, bu elçilərə tabe olmaları və onların ardınca getmələrini üçün bəldə sakinlərinə məsləhətlər verir. Antakiyalılar isə Həbib Nəccarın bu sözünü eşitdikdə onu və Allah Təala tərəfindən göndərilmiş üç elçini, canlarına qıyaraq şəhid edirlər. (Yasin, 36/13-25)
Həbib Nəccara şəhid olduğu üçün Allah dərgahından: "Cənnətə daxil ol!" (Yasin, 36/26) buyurulur. Həbib Həccar cənnətə daxil olub oradakı nemətləri gördüyü halda yenə də xalqı və milləti üçün inləyir, onlar üçün dərd və izdirab çəkir. Həbib Nəccar cənnətlə mükafatlandırılmış olsa belə, özünü şəhid edən xalqı üçün cənnətdəki inilti və iztirab səsləri Yəsin surəsində bizlərə bu şəkildə xəbər verilir: "Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!" (Yasin, 36/26-27)
Yazını belə bir "kaş ki"lərlə bitirmək istəyirəm: kaş ki, 20 Yanvar Bakı qırğınını edənlər bu dünyada ölmədən məhkəmə qarşısına çıxarılsa. Kaş ki 26 fevral Xocalı soyqırımını törədənlər bu dünyada da məhkəmə qarşısına çıxarılsa və cəzalandırılsa. Kaş ki yurdundan yuvasından çıxarılaraq köçkün hökmündə olan dünyada bir nəfər belə qalmasa... Kaş ki işğal altındakı bütün rayonlarımız geri alınsa...
Bir hədisdə: "Möminin niyyəti, əməlindən xeyirlidir" buyurulub. Gəlin biz də, "faydalı kaş ki"lərlə niyyətimizi doğru istiqamətdə saxlayaq. Haqq (c.c) qatında əməllərimizin dəyər qazanması da, elə niyyətimizin doğru istiqamətdə olmasına bağlıdır.
"Zaman Azərbaycan"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər