Niyə görüləcək işlər üçün "İnşaAllah" deməliyik? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-01-2015, 09:20 | Şərh sayı: (0) | Baxılıb: 677
Niyə görüləcək işlər üçün "İnşaAllah" deməliyik?
"İnşaAllah" gündəlik həyatda tez-tez eşitdiyimiz və işlətdiyimiz kəlimələrdən biridir. Ancaq bir çoxumuz bu kəlməni işlətsək də, onun dərin mənasından xəbərsizik. Hətta bəzən getmək istəmədiyimiz bir dəvəti nəzakətlə yola vermək üçün "inşaAllah" deyirik. Halbuki "Allah istəsə" mənasını verən "inşaAllah" kəliməsi qədərlə əlaqədar çox önəmli məsələdir.
Biz yaxın və uzaq gələcək üçün bir qisim planlar qururuq. "Sabah bura gedəcəm, o biri gün bunu edəcəm. Həftə sonu filan yerə baş çəkəcəm, yay tətilini filan yerdə keçirəcəyəm" və s. Bəli, vaxtımızı səmərəli keçirmək üçün planlı hərəkət etmək , əlbəttə ki, vacibdir, lakin burada bir şeyi nəzərə almağa, diqqət yetirməyə məcburuq. Əgər Allah istəməsə, onun izni və iradəsi olmasa, biz barmağımızı da tərpədə bilmərik. Bizi də, hərəkətlərimizi də yaradan Allahdır. Haqq-Təala inayətini, rəhmətini bir anlıq üstümüzdən götürsə, daş kimi yerimizdə qalarıq.
Rəbbimiz bizə müstəsna qabiliyyətlərlə yanaşı, bir də cüzi iradə vermişdir. O cüzi iradə sayəsində həyatımıza yön verə, bəzi şeyləri seçə bilirik. Lakin bir həqiqəti unutmayaq ki, Allahın diləyi hər şeyin fövqündədir (hər şeydən üstündür). Ona görə də kiçik və ya böyük- görmək istədiyimiz bütün işləri dilə gətirərkən mütləq "inşallah" deməliyik. Bu, bizə Rəbbimizin əmridir. Allah Təala "Kəhf" surəsinin 23 və 24-cü ayələrində buyurur: "Və heç bir şey barəsində "Mən onu sabah edəcəyəm demə!" Ancaq " İnşallah (əgər Allah istəsə, Allah qoysa) edəcəyəm!" de. ("İnşaAllah" deməyi) unutduğun zaman Rəbbini yada salıb : " Ola bilsin ki, Rəbbim məni haqqa daha yaxın olan bir yola yönəltsin" de".
"İnşaAllah" sözü Allahın istəyi olmadan mən yerimdən də tərpənə bilmərəm. Onun istəyi olmadan nə özümə bir faydam dəyə bilər, nə də özümü gələcək zərərlərdən qoruya bilərəm. Mən yalnız Allahın yardımı və mərhəməti ilə hərəkət edə bilərəm." kimi mənalar verir. Qul bu sözlə öz istəyini Allahın iradəsinə həvalə edib Ona təslim olur.
"Əraf" surəsinin 188-ci ayəsində Haqq-Təala Peyğəmbərimizə xitabən belə buyurur : " De: " Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman edəcək insanları ancaq (pis əməlləri müqabilində Allahın əzabı ilə) qorxudan və ( yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!"
Peyğəmbərimiz daima Allahın diləyini, ilahi iradəni ( məişəti ilahi) hər şeydən üstün tutmuş və Ona tam təslim olmuşdur. Belə ki, bir dəfə əshabına buyurmuşdu : "Heç kim öz əməli ilə nicat tapa bilməz." Səhabələr soruşur : " Sən də mi, ya Rəsulallah?" Peyğəmbərimiz cavab verir : "Bəli, mən də. Yalnız Rəbbimin mənə sonsuz mərhəmət göstərməsi və hər tərəfimi rəhməti ilə əhatə etməsi sayəsində qurtula bilərəm." (Müslim, Sıfatul –Münafıkun: 76). Peyğəmbərimizin Allahın istəyinə, ilahi iradəyə təslimiyyəti bu səviyyədədir. Əslində, başda Nəbilər Sultanı Sevgili Peyğəmbərimiz olmaqla bütün peyğəmbərlər bu məqama çox diqqət etmişlər. Çünki Allah-Təalanı ən yaxşı tanıyanlar, bilənlər onlardır. Bütün peyğəmbərlər bir işə başlayanda "İnşallah" demiş, Allahın diləyini hər şeydən üstün bilmişlər. Yusif (ə.s) bir çox imtahan və çətinliklərdən sonra Misir sarayında vəzir olduqda qardaşları ilə birlikdə illərdir, həsrətini çəkdiyi ata-anasını da saraya dəvət edir. Saraya gəldikdə onları ən gözəl şəkildə qarşılayır və sonra da (məalən) belə deyir: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!" (Yusuf surəsi, 99)
Burada incəliyə diqqət edək. Yusuf əlleyhissəlam bu günkü dillə desək, dövlət naziri və ya baş nazır vəzifəsindədir. Lakin o, öz məqamına (vəzifəsinə), öz gücünə deyil, yalnız Allahın iradəsinə bel bağlayır, Ona güvənib arxalanır. Allahın diləyini əsas sayır. Bu, onun Allaha imanının, etimad və təvəkkülünün əksidir. Başda Nəbilər Sultanı Sevgili Peyğəmbərimiz olmaqla bütün hər addım başında "İnşallah" deyib Allahın iradəsinə tam təslim olmuşlar. Biz də onların yolu ilə getməli deyilikmi?
Rəbbimiz bizləri daim razı olduğu işlərə yönəltsin. Yanlış arzulara düşüb Onun diləyinə zidd hərəkət etməkdən qorusun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər