Dua vasitəsi |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 8-06-2015, 16:04 | Şərh sayı: (0) | Baxılıb: 3058
Dua vasitəsi
Dua ibadətlərin ən yaxşısı, insan nəfsinin kamala yetməsinə və Allaha yaxınlaşmasına səbəb olan bir vasitədir. Buna görə də Mütəal Allah bəndələrini dua etməyə də’vət edərək buyurur: "Pərvərdigarınız buyurdu: «Məni çağırın ki, istəklərinizi yerinə yetirim. Mənə ibadət etməkdə təkəbbür edənlər tezliklə zillətlə cəhənnəmə daxil olacaqlar.»”
Yenə buyurur: "Aşkarda və gizlində Pərvərdigarınızı çağırın. Həqiqətən, Allah təcavüzkarları sevmir.”
Başqa bir ayədə isə belə buyurulur: "Bəndələrim Mənim barəmdə səndən soruşanda (de) ki, Mən onlara yaxınam, əgər Məni çağırsalar dualarını qəbul edərəm.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Dua – ibadətin ruhu, məğzidir.”
İmam Cə’fər Sadiq (ə) buyurur: "Dua ibadətdir və Allah-Təala buyurur: Allahı çağırın və heç vaxt "daha işlər tamam olmuşdur” - deməyin.”
O Həzrət (ə) yenə buyurur: "Heç vaxt duanı tərk etməyin. Çünki, siz insanın Allah dərgahına yaxınlaşmasına dua qədər səbəb olacaq bir əməl tapa bilməzsiniz. Hətta kiçik işləri də Allahdan istəyin və onların kiçik olması bəhanəsi ilə duanı tərk etməyin. Çünki kiçik işlərin sahibi elə böyük işlərin də sahibidir.”
Bəndə hər bir halda dua etməlidir. Çünki bütün vücud aləminin Allaha ehtiyacı vardır. Hətta, onların hamısı ehtiyacın özüdür. Əgər Allahın feyzi bir anlığa kəsilərsə, hər bir şey məhv olub aradan gedər. Bəndəyə çatanların hamısı Allah tərəfindəndir. Belə isə, bəndə bu təbii ehtiyacını dildə izhar etməli, özünün zati yoxsulluğunu, bəndəçiliyini və ehtiyaclarını əməldə isbat etməlidir. İbadətin də mə’nası bundan qeyri bir şey deyildir.
İnsan dua halında Allahı yad edir, Onunla raz-niyaz edir, ehtiyaclarını bəndəçiliyin əlaməti olan raz-niyaz ilə zatən qəni olan Allaha təqdim edir. Həqir və ehtiyac aləmindən ümidini kəsir və bütün xeyirlərin və kamalların mənbəyi ilə əlaqə yaradır. Fəqirlik aləmindən pərvaz edir, batini bəsirət gözü ilə Haqq-Təalanın camalını müşahidə edir. Dua və raz-niyaz halı bəndənin ən ləzzətli və ən gözəl halətlərindəndir ki, Allah övliyaları da onu heç bir qiymətə dəyişmirlər. "Səhifeyi-Səccadiyyə” və sair dua kitablarına baxın. Mə’sumların (ə) necə raz-niyaz etdiyini görün. Allahla birbaşa əlaqə bərqərar etmək və duanın qəbul olunmasına ümid bağlamaq qəlblərə aramlıq və dua edən şəxsə təskinlik verir. Əgər insan çətinliklərin həll olunmasında, xoşagəlməz hadisələrdə Allaha pənah aparmazsa, çətinliklərə necə sinə gərib dözə bilər və həyatını davam etdirəcəyinə necə ümid bağlayar?
Dua mö’minin silahıdır ki, onun vasitəsilə ümidsizliklə, mə’yusluqla mübarizə aparır, çətinliklərdə qeybi qüvvələrdən kömək diləyir. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamlar (ə) da daim bu silahdan istifadə etmişlər. Duadan istifadə olunması bütün mö’minlərə tövsiyə olunur. İmam Riza (ə) öz səhabələrinə buyurur: "Peyğəmbərlərin silahına sarılın!” Soruşdular: "Peyğəmbərlərin silahı nədir?” Buyurdu: "Dua.”
İmam Məhəmməd Baqir (ə) buyurur: "Allah mö’min bəndələri içərisində o kəsləri sevir ki, çox dua etsinlər. Sizə tövsiyə edirəm ki, sübh çağları gün çıxan vaxta qədər dua edəsiniz. Bu saatda asimanın qapıları açıqdır, insanların ruziləri bölünür və böyük hacətlər qəbul olunur.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Dua mö’minin silahı, dinin sütunu və asimanların, yerin nurudur.”
Dua bir ibadət, üstəlik ibadətlərin məğzidir, axirət savabıdır. O, mö’minin me”racı, qüds aləminə pərvaz səbəbidir. Dua ruhu kamala çatdırıb pərvəriş edir, sahibini Allahın dərgahına yaxınlaşdırır. Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Dua səadətin açarıdır. Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun. Allahla münacat etmək nicata (qurtuluşa) səbəb olur, ixlas səbəbi ilə (pisliklərdən və həlakətdən) nicat hasil olur. Belə isə, çətinliklər şiddətlənəndə Allaha pənah aparmaq lazımdır.”
Deməli, dua bir ibadətdir ki, əgər şərtlərinə malik olsa və düzgün yerinə yetirilsə insan ruhunun yüksəlişinə, bəndənin Allah dərgahına seyr etməsinə səbəb olacaqdır. Duanın bu tə’siri labüddür. Buna görə də bəndə heç vaxt, heç bir şəraitdə bu böyük ibadətdən qafil olmamalıdır. Çünki dua heç vaxt tə’sirsiz olmur. Baxmayaraq ki, bə’zən onun zahiri və tez nəticələri görünmür. Bə’zən dua edən şəxsin istəklərinin yerinə yetməməsi, tə’xirə düşməsi, yaxud dünyada ümumiyyətlə, baş verməməsi mümkündür. Lakin, bunun özü də məsləhətsiz deyil. Çünki bə’zən mö’minin dünyəvi istəklərinin yerinə yetirilməsi onun həqiqi məsləhəti olmur. Hikmətli Allah da bəndənin həqiqi məsləhətini onun özündən də yaxşı bilir. Buna görə də bəndə daim ehtiyac əllərini Allah dərgahına qaldırmalı, hacətlərini istəməlidir. Əgər məsləhətinə olarsa, elə bu dünyada yerinə yetirilər. Amma əgər Allah müəyyən məsləhət üzündən bəndəsinin hacətini tə’xirə salsa, bəndə Onunla daha çox münacat və raz-niyaz edərək yüksək məqamlara çatır. Bə’zən də Allah bəndənin məsləhətini bunda görür ki, onun hacətini bu dünyada tə’min etməsin ki, daim Allahı yad etsin və axirət dünyasında daha yaxşı mükafatlar alsın.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allah o bəndəyə rəhmət eləsin ki, hacətini Allahdan istəyir və duada israr edir. İstər hacəti yerinə yetirilsin, istərsə də yetirilməsin. (Sonra bu ayəni oxudu:) Vəəd’u Rəbbi əsa əlla əkunə bi duai Rəbbi şəqiyya – (Mən Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım).”
İmam Cə’fər Sadiq (ə) buyurur: "(Bə’zən) Mö’min Allahdan bir hacət istəyir. Lakin, Allah mələklərinə göstəriş verir ki, bəndənin hacətini bir az tə’xirə salsınlar. Çünki onun səsini və duasını daha çox eşitmək istəyir. Qiyamətdə də ona deyər: "Ey Mənim bəndəm! Sən Məni çağırdın, lakin Mən sənin duanın qəbul olunmasını tə’xirə saldım. İndi onun əvəzində filan-filan savabları sənə əta edirəm. Həmçinin filan dua və filan dualar da eyni ilə.” Bu zaman mö’min arzu edər ki, kaş dünyadakı arzularımdan, dualarımdan heç biri yerinə yetməyəydi. Bu sözü ona görə deyir ki, axirətin yaxşı savablarını görüb.”
O Həzrət yenə buyurur: "Duanın ədəblərini öyrən və diqqət yetir ki, kiminlə söhbət edirsən, onu necə çağırırsan və nə üçün çağırırsan. Allahın əzəmət və böyüklüyünü yad et. Öz qəlbinlə hiss et ki, qəlbində olanları Allah bilir. O, sənin qəlbindəki sirlərdən agahdır, qəlbində gizlənmiş haqq və ya batildən mə’lumatı vardır. Sonra özünün nicat və həlakət yollarını tanı. Məbada Allahdan elə bir şey istəyəsən ki, sənin həlakətin onda olsun. Halbuki, sən nicatının onda olduğunu təsəvvür edirsən. Allah-təala Qur’anda buyurur: "Bə’zən insan xeyir əvəzinə öz şərini istəyir və insan öz işlərində tələsəndir.”
"Belə isə, düzgün fikirləşib gör ki, Allahdan nə istəyirsən və nə üçün istəyirsən. Dua sənin tərəfindən bütün vücudla Allah qarşısında "qəbul olunmağı” istəmək, qəlbin Pərvərdigarı müşahidə etməklə əriyib aradan getməsi, bütün ixtiyarların tərk edilməsi və işlərin hamısını Allaha təslim edilməsi deməkdir. Belə isə, duanın şərtlərinə əməl etməsən, onun qəbul olunmasını gözləmə, çünki Allah sirlərə və onlardan da gizli olan şeylərə agahdır. Ola bilsin ki, sən Allahı bir şey üçün çağırasan, halbuki Allah sənin niyyətinin onun tam əksinə olduğunu bilir.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər