İSA MƏSİHİN (Ə) MÖCÜZƏSİ – “MAİDƏ” |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 3-01-2016, 07:41 | Şərh sayı: (0) | Baxılıb: 411
İSA MƏSİHİN (Ə) MÖCÜZƏSİ – “MAİDƏ”
İlahi peyğәmbәrlәrdәn olan Mәryәm oğlu İsanın (ə) xilqәti möcüzə ilə başlamış və sonda da Allah-Taala onu düşmənlərin şərindən xilas edərək möcüzə ilə səmalara qaldırmışdır. Qurani-Kərimə əsasən, o, Mәryәmdәn atasız dünyaya gәldi və hәyata bir sıra möcüzәlәrlə qәdәm qoydu: beşikdә dil açıb danışdı, gәlәcәk hadisələrdən xəbər verdi, palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürdü və o da Allahın iznilə quş oldu, anadangəlmə korlara, əlacsız xəstəliklərə, cüzam və xora xəstəliklərinə tutulanlara şəfa verdi, insanların evlərində yedikləri və yığıb saxladıqlarından xəbər verdi və ölüləri belə diriltdi. (“Maidə” surəsi, ayə 110; “Ali-İmran” surәsi, ayə 49.)
Hәzrәt İsanın (ә) möcüzәlәrindәn biri də onun üçün “maidә”nin – səmavi süfrәnin nazil olmasıdır. Allah-Taala bu haqda Qurani-Kәrimin “Maidə” surәsindә söz açdığından, həmin surә “Maidә” adlanmışdır.
MAİDƏ – SƏMAVİ SÜFRƏ
Bir gün İsa Məsih (ə) müxtəlif şəhər və kənd əhalisini Allahın dininə dəvət etmək üçün səfərə çıxır. O, bu səfərində həvarilər və səhabələrini də özü ilə aparır. Səfər əsnasında yeməkləri qurtarır və həvarilər acırlar. Tarixdə göstərilir ki, İsa Məsih (ə) dünyaya rəğbətsiz olduğundan, nəfsi istəklərinə hakim olmağı bacardığından, bir qədər çöl otlarından yeyərək aclığını dəf edirdi. Həvarilər isə bu işi görə bilmir, çöl otları ilə aclıqlarını dəf etməyi bacarmırdılar. Bu zaman həvarilər öz aralarında danışmağa başladılar: palçıqdan quş qəlibi düzəldən, sonra üfürüb onu quşa çevirən və digər möcüzələr göstərən İsa Məsih (ə) Allahdan bizim üçün səmadan yemək göndərilməsini istəyə bilməzmi? Ona görə də dedilər:
يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء
“Ey Məryəm oğlu İsa! Rəbbin bizim üçün göydən (yeməklə dolu) süfrə göndərə bilərmi?”
İsa (ə) bu sözü eşitcək, çox narahat oldu və dedi: “Siz Allahın qüdrətinə şübhəmi edirsiniz?” Onlara xəbərdardlıq edərək buyurdu:
اتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَ
“Əgər imanınız varsa, Allahdan qorxun.” Belə təkliflər irəli sürməkdən çəkinin. Bundan öncə Allahın mənim vasitəmlə göstərdiyi möcüləri, anadangəlmə korun gözünün açılmasını, xora və cüzam xəstəliyinə tutulanın şəfa tapmasını, ölünün dirilməsini görmədinizmi? (“Maidə” surəsi, ayə 112.)
Həvarilər həzrət İsanın (ə) narahat olduğunu gördükdə, onun fikrini rahatlaşdırmaq və qəzəbini söndürmək məqsədilə dedilər:
نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ
“Biz istəyirik ki, o yeməkdən yeyək. (Bilirik ki, sənin bizə dediklərin doğrudur, sənin peyğəmbərliyini qəbul edirik, amma istəyirik ki,) ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq.” (“Maidə” surəsi, ayə 113.)
İsa Məsih (ə) Rəbbinin dərgahına üz tutub səsləndi:
اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء تَكُونُ لَنَا عِيداً لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ وَارْزُقْنَا وَأَنتَ خَيْرُ الرَّازِقِينَ
“İlahi, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” (“Maidə” surəsi, ayə 114.)
İsa Məsihin (ə) duası qəbul olundu və Allah-Taala ona buyurdu:
إِنِّي مُنَزِّلُهَا عَلَيْكُمْ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذَابًا لاَّ أُعَذِّبُهُ أَحَدًا مِّنَ الْعَالَمِينَ
“Mən onu sizə, əlbəttə, nazil edirəm. Lakin bundan sonra sizin biriniz kafir olsa, ona elə əzab verəcəyəm ki, aləmlərdə olanlardan heç kəsə belə əzab verməmişəm.”
Beləliklə, Allahın vəd etdiyi “maidə” – səmavi süfrə nazil oldu və həvarilər ondan doyunca yedilər.
Tarixi mənbələrin bir çoxunda “maidə”nin (səmavi süfrənin) yeməyinin çörək və balıqdan ibarət olduğu göstərilir.
Rəvayətlərdə deyilir ki, “maidə” – səmavi süfrə bazar günü nazil olmuşdur. Həm də, xaçpərəstlər bazar gününü müqəddəs gün hesab etdiklərindən, həmin günü ibadət üçün kilsələrə üz tuturlar. Onların arasında bazar gününün müqəddəs sayılması da ola bilər ki, səmavi süfrənin həmin gündə nazil olması ilə əlaqədar olsun.
(“Qurani-Kərim”, “Ali-İmran” və “Maidə” surələri; “Məcməül-bəyan”, c.3, səh.266; “Peyğəmbərlərin tarixi”,Ustad Seyid Rəsul Məhəllati, “İsa peyğəmbərin həyatı” bölümü.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər