Mübahilə günündə baş verən tarixi dönüş |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 9-10-2015, 10:19 | Şərh sayı: (0) | Baxılıb: 415
Mübahilə günündə baş verən tarixi dönüş
Zilhiccə ayında olan mühüm tarixlərdən biri Mübahilə günü ilə bağlı məsələlərdir. Bu gün - öz əhəmiyyətinə, öz fəlsəfəsinə görə əslində islam tarixində çox böyük yer tutur. Bu gün - müəyyən mənada islamın son din olaraq təsdiqinə aiddir və digər tərəfdən, insanların əhli-beyti (ə) tanımasına, düzgün seçim etməsinə xeyli dərəcədə yardım edən bir fenomendir.
"Mübahilə" - qarşılıqlı nifrin etmə mənasına dəlalət edən bir məfhumdur. Bu tarixi olay, Həzrət Peyğəmbərin (s) axırıncı peyğəmbər olaraq, Xatəmül-ənbiya olaraq hudayət missiyası ilə, haqq yola dəvət vəzifəsi ilə bilavasitə əlaqəli məsələdir. Belə ki, Həzrət Rəsuli-Əkrəm (s) Nəcran məsihilərini islama dəvət etmişdi. Onlar isə müəyyən bəhanələr gətirərək, bu təklifi qəbul etməmişdilər. Bundan sonra bir hadisə baş vermişdi ki, çox geniş surətdə yayılaraq, milyonlarla insanın haqq yolunu seçməsinə kömək etmişdir.
Vaqiə belə olmuşdu. Nəcran - Yəmənlə sərhəddə yerləşən bir məntəqədir. Nəcranın əhalisi xaçpərəstlərdən ibarət idi. Peyğəmbərimiz (s) onların yanına təbliğatçılar göndərərək, öz ilahi missiyası ilə bağlı onları məlumatlandırdı və islama dəvət etdi. İslam Peyğəmbərinin (s) göndərdiyi mübəlliğlər Nəcranda kifayət qədər böyük sayda insanın sonuncu Peyğəmbərin gətirdiyi dinə yönəlməsinə səbəb oldular. Amma nəcranlılar arasında böyük bir qrup da var idi ki, bu dəvəti cavablandırmadı. Rəsuli-Əkrəm (s) onlara məktub yazdı, islamın haqq və sonuncu din olmasını onlara çatdırdı. Axı o Həzrət (s) bir millətə, bir ölkəyə gəlməmişdi. Bütün bəşəriyyəti hidayət etmək üçün məbus edilmişdi.
Nəcran məsihiləri bu məktuba cavab olaraq, Mədinəyə - Peyğəmbərimizin (s) yanına nümayəndə heyətini göndərdilər. Bu heyət 14 nəfərdən ibarət idi. Bu heyətin başında 3 nəfər ən nüfuzlu xristian ruhanisi dururdu.
Həzrət Adəmin (ə) misalı
Heyət Mədinəyə çatır və Rəsuli-Əkrəmin (s) hüzuruna gəlir. Onların islama dəvətin mahiyyəti ilə bağlı suallarının cavabında Peyğəmbəri-Əkrəm (s) buyurur ki, dəvətin mahiyyəti - insanları tövhid (təkilahlıq) dininə dəvət etməkdir, yəni, onlara təklif etməkdir ki, Allahdan başqa ibadət ediləcək məbudun olmadığına və Həzrətin (s) nəbiliyinə şəhadət versinlər. Peyğəmbərimizin (s) islama dəvətinə cavab olaraq, onlar Rəsuli-Əkrəmin (s) İsa peyğəmbər (ə) haqqında rəyini bilmək istədilər. Həzrət Peyğəmbər (s) onlara bildirdi ki, Həzrət Məryəmin oğlu İsa (ə) - Allahın Rəsuludur, Aləmlərin Rəbbinin peyğəmbəridir. Allah Təbarəkə və Təala Həzrət İsanı (ə) öz elçilərindən biri kimi tanıdıb. Həzrət İsa (ə) - Allahın bəndəsidir və Allah tərəfindən xəlq edilmişdir.
Lakin xristian nəcranlılar bunu qəbul etmədilər və bəyan etdilər ki, Həzrət İsa (ə) atasız dünyaya gəldiyi üçün biz onu (nəüzübillah!) Tanrının oğlu kimi tanıyırıq. Bu haqda Rəsuli-Əkrəmə (s) vəhy nazil oldu: "Həqiqətən, Allah yanında İsanın hekayəti (yaradılışın necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona "(canlı insan) ol!" dedi, o da oldu (... onların hər ikisi Allahın əzəli əmrilə, atasız insan oldular. Əgər belə bir iş ilahlığa dəlalət edirsə, gərək onların hər ikisi ilah olsunlar". ("Ali-İmran" surəsi, 59-cu ayə). Yəni Allah Təala Həzrət Adəmi vasitəsiz, yəni ata-anasız yaratdığı kimi, Həzrət İsanı da vasitələrdən biri olmadan, yəni atasız olaraq dünyaya gətirmişdir. Əgər atasız dünyaya gəlmək insanın Tanrı olması deməkdirsə, nə üçün bu, təkcə Həzrət İsaya aid edilir? Nə üçün Həzrət Adəmə aid edilmir?
Mübahilə təklifi
Lakin Nəcran məsihiləri bu məntiqi qəbul etmədilər. Daha doğrusu, qəbul etmək istəmədilər. Çünki bu dəlil, onların dünyagörüşlərini alt-üst edirdi və onların üzərinə gerçək araşdırma aparmaqla bağlı müəyyən vəzifələr qoyurdu. Əlbəttə ki, əgər xəlq olunmuşlardan kimsə, Allah Təalanın hikməti üzündən, fərqli olaraq dünyaya gəlirsə, məgər bu, ilahlığın göstəricisidirmi?! Nəcran məsihiləri bu sadə məntiqi qəbul etmək istəmədilər. Onlar zahirdə İslamı qəbul etdiklərini dedilər. Peyğəmbərimiz (s) isə onlara bildirdi ki, siz gerçəkdə iman gətirməmisiniz. İslam - ürəklə qəbul etməyi şərtləndirən bir dindir. Belə olduqda, onlar islamı qəbul etməkdən imtina edirlər. Beləliklə, nəcranlılar əks təklif irəli sürdülər. Onlar təklif etdilər ki, müəyyən bir yerdə, müəyyən bir vaxtda yığışaq və haqqın üzə çıxması, nahaqqın məhvi üçün qarğış edək. Bu zaman Peyğəmbərimizə (s) ayə nazil oldu: "Buna görə də sənə elm gəldikdən sonra onun barəsində (Həzrət İsa haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: "Gəlin biz öz oğullarımızı və siz öz oğullarınızı, biz öz qadınlarımızı və siz öz qadınlarınızı, biz özümüzü (bizim canımız kimi olan kəsləri) və siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq"". ("Ali-İmran" surəsi, 61-ci ayə).
Çox incə bir mətləbdir ki, görəsən, Peyğəmbər (s) "oğullarımız" olaraq kimləri özü ilə götürəcək, "qadınlarımız" dedikdə kimləri götürəcək və "özümüz" dedikdə kimi özü ilə götürəcək?
Nəcran məsihiləri bu təklifin ədalətliliyi ilə razılaşırlar və mübahilə üçün vaxt və məkan müəyyən edərək, hazırlaşmağa gedirlər.
Necə bir heyət gələcək?
Axşam yetişir. Məsihilər müşavirə təşkil edərək, sabahkı günü müzakirə edirlər. Bunların başbilənləri deyirlər ki, əgər sabah yeni dini gətirən, peyğəmbərliyə iddialı olan həmin şəxs öz səhabələri ilə gəlsə, demək, o, İlahi peyğəmbər deyil. Amma əgər öz ev əhli ilə gəlsə, demək, onun iddiası həqiqidir və onda biz gərək bu işə getməyək. O zaman bizim mübahilə etməyimiz pis olar. Çünki o, öz ev əhlini bu işə dəvət etsə və hazır olsa ki, onları fəda etsin, hazır olsa ki, onlar İlahi əzaba düçar olsun - deməli, həqiqi peyğəmbərdir və iddiası həqiqidir. Bu, ona dəlalət edir ki, o, öz iddiasına arxayındır və yəqini var, tam xatircəmliyi var ki, İlahi əzab ona nazil olmayacaqdır.
Nəcranlılar bu düşüncə ilə səhəri açırlar və mübahilə olunacaq yerə gedirlər. Həmin qərarlaşdıqları yerə çatanda görürlər ki, İslam Peyğəmbəri (s) gəlir və qucağında bir uşaq var. Başqa bir uşağın da əlindən tutub, yanında gətirir. Onun ardınca da nuranilikdə tayı-bərabəri olmayan bir xanım və bir kişi gəlir.
Nəcranlılar görürlər ki, gələn cəmin xüsusi bir mənəvi haləti, böyüklüyü, vüqarı vardır. Xüsusi bir mənəvi heybətlə həmin məkana yaxınlaşırlar.
Nəcranlılar görürlər ki, Rəsuli-Əkrəm (s) yanındakı mübarək cəmə müraciətlə: "Hər zaman ki, mən nifrin dedim, siz "amin" deyərsiniz", - deyə buyurur.
Nəcranlılar mübahilə səhnəsini müşahidə etməyə gələn mədinənilərdən soruşurlar ki, bəs Rəsuli-Əkrəmin (s) yanında gələn insanlar kimdir? Mədinəlilər cavab verirlər ki, bunlar - Həzrət Peyğəmbərin (s) yaxınlarıdır, əhli-beytidir (ə). Və izah verirlər ki, nuraniyyət və əzəmət təcəssümü olan o kişi - Həzrət Əlidir (ə). Nuraniyyət və iffət təcəssümü olan o xanım - qızı Həzrət Fatimədir (s.ə). Qucağında olan o məsum körpə - nəvəsi İmam Hüseyndir (ə). Əlindən tutduğu o məsum uşaq - böyük nəvəsi İmam Həsəndir (ə).
Vəziyyəti belə görən məsihi ruhanilərin böyüyü bildirdi: "Mən özümü əzabın bir neçə addımlığında görürəm". Bu sözlər tarixə düşmüşdür. Həzrət Peyğəmbəri (s) və əhli-beytini (ə) tanımayan, amma onların sonsuz nuraniyyətini və mənəvi halətlərini görərək, onların mənəvi üstünlüyünü birmənalı olaraq qəbul edənlərin şəhadətidir bu. Nuraniyyət və mənəviyyat zirvəsi qarşısında təzim edənin şəhadətidir bu.
Bu hadisə hicrətin 10-cu ili zilhiccə ayının 24-də baş vermişdir. İslam Peyğəmbəri (s) öz əhli-beyti (ə) ilə Məscidül-İcabə yerləşən məkana gəldilər. Amma Nəcran nümayəndələri onları gördükdə dedilər ki, əgər Rəsuli-Əkrəmin hər nifrininə bu insanlar "amin" desələr, onların kökü kəsilər. Və mübahilədən imtina edərək, islamın himayəsi altına keçirlər.
Ali-Əba (ə) hadisəsi
Bəli, Həzrət Peyğəmbər (s) bu hadisədə İmam Həsənlə İmam Hüseyni - övladları, Həzrət Fatiməni - xanım nümayəndə və Həzrət Əlini öz canı kimi götürüb "mübahilə"yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı. Amma bundan öncə, mübahiləyə getməzdən əvvəl, bir əbanı çiyninə saldı və Həzrət Əlini (ə), xanım Fatiməyi-Zəhranı (s.ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) əbanın altına salıb, dedi: "İlahi, hər peyğəmbərin əhi-beyti olmuşdur ki, ona insanların arasında ən yaxınları olmuşlar. İlahi, bunlar da mənim əhli-beytimdir (ev əhlimdir). Onlardan şəkk və günahı uzaqlaşdır. Onları bütün pisliklədən paklandır".
Bu zaman Həzrət Cəbrayıl nazil oldu və onlar haqqında ilahi vəhyi gətirdi: "Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz əhli-beytdən (əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etmək istəyir". ("Əhzab" surəsi, 33-cü ayə).
Mübahilə hadisəsi tarixi baxımdan çox önəmli hadisədir. Amma onun əsas önəmliliyi təkcə tarixi fakt olmaqlığı ilə bitmir. Bəlkə də bundan daha artıq əhəmiyyətlisi - müsəlmanlara Peyğəmbərimizin (s) haqq yolunu tapmaqda yardım etməkdir. Belə ki, insanlara Peyğəmbərin (s) ən yaxın insanlarının kim olduğunun bildirilməsi ilə, yəni dini təmsil edən bir məsələdə, peyğəmbərlik iddiasını təsdiqləyən bir missiyada özü ilə götürdyü insanların tanıtdırılması ilə haqq yolunun təqdimatı edilir. Müsəlmanlara haqq yol tanıtdırılır. Kimlərdən Rəsuli-Əkrəmin (s) mənəvi irsini öyrənməli olduqları iman əhlinin diqqətinə çatdırılır.
"Oğullarımız" dedikdə, Həsən və Hüseyni təqdim edir ümmətə Rəsuli-Əkrəm (s). "Qadınlarımız" deyiləndə, Həzrət Fatiməni (s.ə) tanıtdırır ümmətə. Bütün möminə qadınların, İslamı təmsil edə biləcək qadınların ünvanı qismində tanıtdırılır Həzrət Zəhra (s.ə). "Biz özümüz" dedikdə, "canımız" deyildikdə - Həzrət Əlini (ə) təqdim edir bəşəriyyətə. Və bu nuraniyyəti təsdiqləyən nəcranlılar geri çəkilir və bu mənəvi cəmin bütün təbərrüklüyünü bir daha təsdiqləyirlər.
Rüku halında sədəqə
Zilhiccə ayının 24-də digər bir əlamətdar hadisə də baş verib. Həmin gün Həzrət Əli (ə) namaz qıldığı zaman məscidə dilənçi daxil olub, sədəqə istəyir. Həzrət Əi (ə) namazın rükusunda olan bir vəziyyətdə mübarək əlini dilənçiyə tərəf uzadır və işarə ilə barmağındakı qiymətli üzüyü götürməyi bildirir. Dilənçi həmin üzüyü götürür. Bu zaman ayə nazil olur: "Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi Allah, onun Peyğəmbəri və o iman gətirənlərdir ki, namaz qılıb rüku halında zəkat verirlər". ("Maidə" surəsi, ayə 55)
İslamın hər 2 məzhəbinin alimləri bu ayənin şərhində nəql edilən hədislərdə təsdiq etmişlər ki, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi - Həzrət Əlidir (ə) və onun rüku halında üzük bağışlama hadisəsidir.
Nəql edirlər ki, bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək halda məsciddən çıxdığını gördü. Həzrət (s) bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: "O, rükuda olduğu zaman əlini mənə tərəf uzadıb, barmağındakı bu üzüyü mənə verdi". Peyğəmbərimiz (s) namaz halında olan şəxsin Həzrət Əli (ə) olduğunu görəndə, təkbir ("Allahu-Əkbər!") deyərək buyurdu: "Ayə Əlinin barəsində nazil olmuşdur!"
Mübahilə gününün əməlləri
Zilhiccə ayının 24-də bir neçə bəyənilən əməl var. O cümlədən, müstəhəb qüsl almaq, oruc tutmaq, 2-rükətli namaz qılmaq. Bu namazın hər rükətində "Həmd" surəsindən sonra 10 dəfə "İxlas" surəsi, 10 dəfə "Ayətül-kürsi", 10 dəfə "Qədr" surəsini oxumaq lazımdır.
Eləcə də həmin gün "Mübahilə" duasını oxumaq bəyənilmişdir. Həzrət Əlini (ə) bu gün ziyarət etmək də çox bəyənilmişdir. Bilavasitə ziyarət edə bilməyənlər, müvafiq ziyarətnamə oxumaq kimi imkanlardan yararlana bilirlər.
Bundan əlavə, həmin gün fəqir insanlara sədəqə vermək çox bəyənilmişdir. Əlbəttə ki, sədəqə vermək islam dini tərəfindən hər zaman bəyənilir, amma xüsusi günlər var ki, bunlarda əməllərin savabı daha çoxdur.
O cümlədən:
gözəl və təmiz paltar geyinmək,
xoş ətir vurmaq,
möminlərin təqsirlərindən keçmək, onları sevindirmək,
möminlərin hacətlərini yerinə yetirmək,
sileyi-rəhm etmək,
möminlərə iftar yeməyi vermək,
möminlərin ziyarətinə getmək,
təbəssüm etmək,
möminlərə hədiyyə göndərmək,
çoxlu salavat göndərmək
- bəyənilən əməllərdəndir.
Allahım! Bizi əhli-Beytin (ə) həqiqi davamçılarından qərar ver! Amin!
Hacı İlqar İbrahimoğlu
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər