Mövlud günlərində eqzistensial düşüncələr |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 25-12-2015, 10:18 | Şərh sayı: (0) | Baxılıb: 518
Mövlud günlərində eqzistensial düşüncələr
Bismilləhir-Rahmənir-Rahim!
Böyük İslam Peyğəmbəri, yaranmışların əşrəfi - Həzrət Muhəmmədin (s) mübarək mövludu günlərini yaşayırıq. Məkanından, millətindən, irqindən, savadından asılı olmayaraq, Rəsulallahın (s) mübarək mövludu bütün müsəlmanlar üçün ən böyük bayramdır.
Mübarək gəlişi ilə...
Lakin bəşəriyyət tərəfindən yaşanan dərin vücudi böhran, insanların robotlaşması prosesi, yaranan vücudi, eqzistensial problemlərdən düzgün çıxış yolları tapa bilməməsi bu əziz bayramdan tam bəhrələnməyə imkan vermir. Əfsuslar olsun ki, bizim kiçicik planetimiz dözümsüzlüklə, özgə mədəniyyətinə hörmətin azlığı ilə, mehribanlıq və səmimilik atmosferində yaşamaq istəyinin olmaması halları ilə doludur.
Bəs bu ağır durumdan necə çıxış yolu tapmaq olar, məhvolmanın qarşısını nə ilə almaq olar? Bəlkə elə Həzrət Rəsulullahın (s) əziz mövludu günləri ilə əlaqədar əlverişli bir məqam yaranıb ki, nəzər salaq, görək onun mübarək gəlişi ilə dünyada nələr dəyişmişdir? Bir təhlil edək, anlamağa çalışaq ki, onun gəlişinin ümumbəşəri, taleyüklü əhəmiyyəti nədən ibarətdir? Uca Allahın Qurani-Kərimdə “peyğəmbərlərin möhürü” adlandırdığı bu misilsiz şəxsiyyətin gəlişi nəticəsində nələr baş verib?
Bu İlahi elçilərdən sonuncusunun gəlişi ilə yeni eranın - Qiyamət günündən qabaq axırıncı eranın başlanğıcı qoyulub. Bu eranın başlanğıcı ilə də kamil insan yetişdirmək risaləti aşkar edilib. Kamilliyin cəhaləti bilmərrə üstələməsi düzümü ilə səciyyələnən bir era başlanıb. Bu, bir eradır ki, burada “Lə İləhə İlləllah” fəlsəfəsi - bütlərə, ədalətsizliyə, ətalətə, vicdansızlığa, xurafata, qaragüruhçuluğa, cəhalətə qətiyyətli “yox!” deyən bir fəlsəfə bəşəriyyətə çatdırılır. Bu, bir eradır ki, burada “Muhəmmədun Rəsulallah” hikməti - Həzrət Muhəmmədin (s) Allah Elçisi, nəbilərin sonuncusu, peyğəmbərlərin möhürü olması, bəşəriyyətin vicdanı, iman gətirənlərin örnəyi və ilk növbədə Əbdullah fenomeni - Allahın həqiqi bəndəsi olması hikməti insanlara aşkar edilir.
Cahiliyyə dövrünün çalarlarından biri...
Bəli, mübarək günləri yaşayırıq. Əziz İslam Peyğəmbərinin (s) mövludunda o əziz şəxsiyyət haqqında danışmaq çox çətindir. Çünki bizim nəyimiz varsa, ona aiddir, ona borcluyuq. Həyatın elə bir sahəsi, səhnəsi, cəhəti yoxdur ki, orada Peyğəmbərimizlə (s) bağlı hansısa bir mövzu olmasın. Ona görə də Həzrət Rəsulallah (s) haqqında deyilməli məsələlər həddən artıq çoxdur. Bunların bəzilərinə toxunmaq yerinə düşər.
Bir şərait təsəvvür edək ki, indi qeyd edəcəyimiz səhnə o toplum üçün ən adi, sıravi bir səhnə idi. Körpə qız uşağıdır. Anlamadığı şəkildə, dərk etmədiyi şəkildə atasının üzünə baxır və o da öz əlləri ilə övladını torpağa basdırır. Bu, bir hal deyil, iki hal deyil, üç hal deyil. Bu, Ərəbistan yarımadasının İslam Peyğəmbəri (s) gələnə qədər adi və sıravi halı idi. Bəşəriyyət o qədər aşağı tənəzzül edib, o yerə gəlib çatmışdı ki, övladını diri-diri torpağa basdırmaq - adi bir hal almışdı. Cahiliyyə dövrünün bir sıra çalarları var idi. Onlardan biri də məhz qız övladına olan münasibətdir. Buna ayrıca mövzularda toxunmaq olar ki, dəyişdimi qadınların vəziyyəti, qadınlara olan münasibət yoxsa günümüzdə onlar fiziki olaraq torpağa tapşırılmasalar da, şəxsiyyətini və mənəviyyatını torpağa tapşırırlar? Düşünürəm ki, bu gün guya qadın azadlığı adı ilə əslində qadının şəxsiyyətini, qadının varlığını məhv edirlər. Fiziki mənada deyil, tam ruhi mənada, mənəvi mənada qadını dəfn edirlər.
Ən yüksək insan - ən geridə qalmış sivilizasiyaya...
Bəli, Ərəbistanda belə vəziyyət idi. Bir şəxsin Allah-Təala tərəfindən göndərilməsi ilə bütün vəziyyət dəyişir. Çox diqqət olunmalı məsələ budur ki, Allah-Təala Peyğəmbərimizi (s) o zaman bəşəriyyətin mövcud olduğu ən aşağı sivilizasiyaya göndərib. Həzrət Peyğəmbər (s) ən aşağı mədəniyyət olan yerə göndərilib. Ondan aşağı sivilizasiya yox idi. Bir kənd təsəvvür edək ki, sanki burada universitet qurmaq istəyirik. Bir kənddə universitet qururuq ki, burada nə məktəb var, nə müəllim var, nə qələm tutan var, nə də oxumaq istəyən var. Və ya bir torpaq təsəvvür edək ki, heç kim yaxın durmur, şoran torpaqdır və burada nəsə əkmək istəyirik. Bir idman məşqçisini təsəvvür edək ki, ona ən pis oyunçular verilib. Onlardan pis oynayan yoxdur.
Ərəbistan yarımadasının halı bu durumda idi. Bir əlin barmağının sayı qədər yazı-pozu bacaran var idi. Öyündükləri məsələlər - vurmaq, yıxmaq, öldürmək, dəvə yarışması, şeir müsabiqəsi (şifahi ədəbiyyat inkişaf etmişdi), ardı-arası kəsilməyən müharibələr idi. Pərəstiş etdikləri də bəlli idi. Neçə yüz bütləri var idi. Sözün hər mənasında ən pis vəziyyət idi. Ərəbistan bir yer idi ki, yaşam üçün ən əlverişsiz durum idi. Susuzluq, şiddətli isti, şiddətli külək, ağır şərait və s. - yaşamaq üçün son dərəcə rahatsız bir mühit idi burada. Və bu mühitə, bu duruma bir Nur saçır.
Mədəniyyətin avanqardı
Bəli, Həzrət Peyğəmbər (s) gəlir və bir neçə onilliyə Ərəbistan yarımadasında dünyanın ən aparıcı, ən avanqard, ən birinci, ən öndəgedən, ən qurucu sivilizasiyasını meydana çıxarır. Bir nəsil dəyişməsinə qədər Peyğəmbər (s) bunları edə bilib. Bir neçə onilliyə İran kimi böyük bir imperiya və onun dəyər adına olan nəsnələri aradan gedir, ləğv olur. Digər tərəfdə Yunan sivilizasiyası. Minillər boyu formalaşan dövlətçilik, mədəniyyət. Amma Ərəbistan səhralarında formalaşan yeni sivilizasiya sərhədləri aşaraq, dörd tərəfə yayılır.
İslam dəyərləri mədəniyyətin avanqardına çevrilir...
Əziz Peyğəmbərin (s) çatdırışlarına, ismarıclarına baxmaq gərəkdir. Həyatın hər məsələsinə - tərbiyə, ailə, iqtisadiyyat, gigiyena, dostluq, xidmət, ibadət, təhsil, elm - hər sahəyə aid tövsiyələr var burada.
Tərbiyə prinsiplərini götürək. On dörd əsr bundan öncə Peyğəmbərimizin (s) təlim-tərbiyə ilə bağlı buyurduğu kamil sistemə müasir pedaqogika indi-indi haradasa yaxınlaşmağa başlayır.
Yaxud Peyğəmbərimizin (s) təmizliklə, gigiyena ilə bağlı dediklərini iyirmi birinci əsrə inikas etdirdikdə, qəribə mənzərə alınır. Görürük ki, hələ də bəşəriyyət bu məsələlərdə lazımi nəticələr əldə etməyib.
Elmlə bağlı da vəziyyət o cürdür. Çin, Peyğəmbərin (s) dövründə ən uzaq məntəqədir. Nə təyyarə var, nə də digər bir vasitə. Necə ki, indi bizə Aya, ulduza getmək çətin görsənirsə, Çinə getmək də o cür idi. Həzrət Peyğəmbər (s) buyururdu ki, “Elm uzaq Çində də olsa, onun dalınca gedin”. İndi dövrümüzə bu deyiləni tərcümə etsək, o deməkdir ki, elm Ay da olsa, Marsda da olsa onun dalınca gedin. Yəni Peyğəmbər (s) müsəlmanlara deyir ki, gedin inkişaf edin.
Bəs necə oldu ki, müsəlman toplumunun vəziyyəti bu yerə gəlib çatdı? Cavab çox sadədir: Peyğəmbərimiz (s) deyən dəyərləri yaşadana qədər ümmətdə inkişaf oldu. Bu dəyərlər yaşadılmayan gün və bu dəyərlər haşiyəyə çevrilən gün isə geriləmə başlandı. Biz mövlud günlərində, bayram günlərində çox mühümdür ki, qeyd edək, bayram edək. Və burada önəmli mövzulardan biri budur ki, mövludu olan əziz şəxslərin mübarək buyuruşlarını yaşatmaq lazımdır.
Kiminsə əxlaqi vəziyyəti yerində deyilsə, xatırlamalıdır ki, Peyğəmbər (s) özü buyurub ki, onun gəlişi - ali əxlaqları tamamlamaq üçün olub. Əgər insan Peyğəmbər (s) ümmətində olmaq iddiasındadırsa, əxlaqını düzəltməlidir.
Hər bir şey əziz Peyğəmbərin (s) tanıtdırdığı dəyərləri yaşatmaqdan keçir. Bu dəyərləri yaşatmaq üçün isə ilk növbədə onları özümüz yaşamalıyıq. Hərə öz əhatəsində bu mövludu yaşatmalıdır. Ailəsi ilə, övladı ilə, qonşusu ilə, dostu ilə, yaxını ilə hər kəs mövludu yaşatmalıdır. Peyğəmbərin (s) mövludunu həyatımızın mərkəzinə çevirməyincə, o günü layiqli şəkildə yaşatmayınca, övladlarımız üçün bunu ən ali dəyərə çevirməyincə, batil məsələlər hər birimizin evinə də yol tapa bilər.
Hikmət dənizindən bir damla
Həzrət Muhəmmədin (s) mübarək varlığı, yalnız və yalnız gözəlliklər əxz etmək istəyən insan üçün həqiqi bir xəzinədir. Əziz Rəsulallahın (s) kəlamlarında bütün vücudi suallarımıza cavab tapa bilirik. Burada insanlara məhəbbət də var: “İmandan sonra ən yaxşı əməl - insanlara qarşı sevgidir”.
Burada İlahi müdriklik də var: “Müdriklik ona bənzəyir ki, mömin sanki itirdiyi bir şeyini tapır - belə ki, kimdən eşitdiyinə və haradan gəldiyinə əhəmiyyət verməyərək götürər”.
Burada cəhalətin qınanması da var: “Ya alim ol, ya tələbə, ya dinləyən ol, ya elmi sevən - amma bu sırada beşinci (yəni cahil) olma - bu, uçuruma aparan (bir yoldur)”.
Burada valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı da var: “Sizin evlərdən ən yaxşısı odur ki, orada yetimin hüququ qorunur”.
Burada qadına xüsusi münasibət tələbi də var: “Sizləri məxsusən iki kateqoriyaya aid müdafiəsiz insanların: yetimlərin və qadınların hüququnu qorumaq barədə xəbərdar edirəm”.
Burada ailəyə xüsusi diqqət də var: “O vaxt ki, ər xanımına, xanımı da ərinə (nəvazişlə) baxar, Uca Allah da onlara xüsusi rəhmətlə nəzər salar”.
Burada uşaq tərbiyəsinə xüsusi diqqət də var: “Allah-Təala sevir ki, siz uşaqlarınız arasında ədalətin gözlənilməsinə xüsusi diqqət yetirəsiniz - hətta onları öpdükdə belə, ədalətə riayət edin”.
Burada elmə və biliyə xüsusi münasibət də var: “Beşikdən qəbir evinədək elm öyrənin”.
Burada həqiqi vətənpərvərlik də var: “Vətənə sevgi - imandandır”.
Burada alimlərin böyük məsuliyyəti barədə xəbərdarlıq var: “İnsanlardan ən pisi - pis alimlərdir”; “Qiyamət günü elmini tətbiq etməyən alimi insanlar arasında ən ağır cəza gözləyir”.
Burada insan haqlarına hörmət tələbi və vətəndaş mövqeyinə dəvət də var: “Zəiflərin hüququnu qorumayan milləti Allah-Təala təqdir etməz”.
İbrət götürmək istəyən insan üçün burada hər bir sualın cavabı var.
Kamil insan yetişdirmək
Düşünürük ki, əziz Rəsulallahın (s) İlahi missiyasının intəhasızlığının əlavə vurğulanmağa ehtiyacı yoxdur. Burada onun müdriklik okeanından yalnız bir damcını misal gətirdiyimizə baxmayaraq, əmin oluruq ki, Peyğəmbərimizin (s) mübarək kəlamları onun həyatverici missiyasını - kamil insan yetişdirmək vəzifəsini çox gözəl surətdə şərh edir. Elə bir kamil insanı yetişdirmək ki, o, digərlərinə məhəbbəti izhar etsin. Elə bir kamil insanı ki, qurucu olsun, zülmün və dağıdıcılığın əleyhdarı olsun. Elə bir insanı ki, onda bütün müsbət xüsusiyyətlər təmsil edilsin. Bir insanı ki, bütün mənfiliklər ona yad olsun. Elə bir insanı ki, ləyaqət və özünəhörmət hissi ona xas olsun, digər insanların haqlarına hörmət edən olsun. Elə bir insanı ki, özü ilə, toplumla, Rəbbi ilə vücudi harmoniya durumunda olsun.
Belə isə, gəlin tənəzzülə və vücudi deqradasiyaya qətiyyətli “yox!” deyək! Gəlin anlamağa çalışaq ki, biz kimik, haradan gəlmişik, haradayıq, haraya gedirik və nə etməliyik...
Gəlin Həzrət Peyğəmbərin (s) mübarək mövluduna bir hədiyyə edək - bir-birini mənasız surətdə əvəzləyən günlərin növbələşməsini dayandıraq və düşünək. Öz yüksək missiyamız, vəzifəmiz barədə düşünək. Özümüz, öz vicdanımız, övladlarımız, gələcək nəsillər qarşısında borcumuz barədə düşünək. Biz onlara nəyi qoyub gedirik? Qarşılıqlı nifrət və özü kimisini məhv etmək istəyi ilə dolu olan bir dünyanı, yaxud tərəqqiyə, harmoniyaya can atan bir dünyanı?
Gəlin tənəzzülə və məhvə doğru yuvarlanmanı dayandıraq! Gəlin Həzrət Peyğəmbərin (s) mübarək təlimində vücudi bir xilas tapaq!
Ey, Rəhim və Rəhman Allah! İnsanlara Quranın İlahi məntiqinin anlanması səadətini, Peyğəmbərimiz (s) və mübarək Əhli-Beyti (ə) tərəfindən çatdırılmış Sənin mübarək təliminin qəbul edilməsi xoşbəxtliyini nəsib et!
Allahım! Həzrət Peyğəmbərin (s) canişini - İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu tezləşdir! Onun zühuru ilə insanlar qarşısında kamillik və harmoniyanın qapılarını taybatay aç! Bizləri o Həzrətin (ə.f) zühurunu tezləşdirənlərdən qərar ver! Amin!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər