Xatircəmlik və razılıq namazın fəlsəfələrindəndir |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 20-01-2016, 19:08 | Şərh sayı: (0) | Baxılıb: 354
Xatircəmlik və razılıq namazın fəlsəfələrindəndir
İlahi kəlama əsasən, namazın hikmət və fəlsəfələrindən biri də xatircəmlikdir. Quran bu barədə belə buyurur:
"Onlar iman gətirib Allahı yad etməklə qəlbləri xatircəm (aram) olan kəslərdir. Agah olun, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar.”
Bəli, həqiqətdə də namaz vasitəsilə və Allahı yad etməklə ürəklər aramlaşar və nigarançılıqlar aradan qalxar.
Başqa bir şərif ayədə belə buyurulur:
"(Allahın mərhəmətindən) razı və xoşhal olasan deyə, sənə qarşı deyilən sözlərə səbr et və Allaha gün çıxmamışdan qabaq, gün batandan sonra, həmçinin gecənin bir hissəsində və günün işıqlığında sitayiş et.”
Namazqılan mömin bir şəxsin bütün kainatın Allah tərəfindən yaradılmasına yəqinliyi və etiqadı vardır. O, bütün qanunları və baş verən hər bir hadisəni Allah-təalanın izni və iradəsinə tabe bilir. Buna görə də istər namazda, istərsə də başqa vaxtlarda Allahdan yardım istəyir. Namazqılan şəxs Allahdan başqasının heç bir təsiri olmadığını, həmçinin bütün xeyirin, səadətin və həqiqi ləzzətin məhz Allahın yanında olduğunu bilir və hiss edir. Buna görə də o, məhbubu ilə ünsiyyət yaratmaqdan sonsuz ləzzət alır. Həyatında qarşılaşdığı bir sıra müşküllərdən heç bir qorxusu olmur və çətinliklərdə özünü itirmir. O, əmin olur ki, bütün müşküllərin həlli yalnız Allahın qüdrətindən asılıdır. Çünki bütün bunların öz həqiqi məşuqu tərəfindən olduğuna inanır. O, belə deyir: "Dost tərəfindən mənə yetişən hər bir şey gözəldir.” Buna görə də namazqılan həmişə səbirli, şükür edən, aza qane, İlahi qəza-qədərlə razılaşan, Yaradanın əmrlərinə təslim olub heç vaxt ümidsiz və narahat olmur, əksinə onun məqamı elə bir dərəcəyə yüksəlir ki, başına gələn müsibət və çətinliklərdən ləzzət alır. Lakin Allaha inanmayan, yaxud inanıb Onunla ünsiyyətdə olmayan şəxslər bu aləmə məşğulluqla varlığını yalnız maddiyyata həsr edir, qarşıya çıxan çətinlik və müşküllər müqabilində dözmür, tez bir zamanda narahat və ümidsiz olur. Belə ki, bəzən hətta öz canlarına qəsd edirlər. Aparılmış təhqiqat nəticəsində özünü öldürənlərin əksəriyyəti Allaha və qiyamət gününə inanmayan, namaz qılmayan, bir sözlə Yaradanın əmrlərindən boyun qaçıranlardır. Namaz əhli həmişə şad, yüksək ruhlu, aram qəlbli və sığınacaq yeri möhkəm kəslərdir. Güclü küləklər belə onları yerindən asanlıqla tərpədə bilməz. Xoş olsun həqiqi namazqılanların halına!
İmam Hüseynin (ələyhissalam) Əbu Səmanə barəsində buyuruğu necə də gözəldir. Əbu Səmanə Seydavi aşura günündə, döyüşün qızğın çağında günorta namazının qılınmasını imamdan xahiş etdi. Həzrət Hüseyn (ələyhissalam) ona dua edib buyurdu: "Cəələkəllahu minəl musallin." Yəni "Allah səni namazqılanlardan qərar versin.”
Sonra döyüşün ortasında camaat namazı qılındı. Avropa alimlərindən sayılan Aleksis Karl, Belz, Kamil Felamaryun, Pasqal və s. Yaradanla rabitədə olduqları üçün Ondan yetişən mənəvi feyzə etiraf etmişlər. Kamil Felamaryun deyir: "Biz Allahla ünsiyyətdə olduğumuz üçün ləzzətə qərq olmuşuq, lakin Allahı inkar edənlər isə bu ləzzətdən məhrumdurlar. Çünki möhkəm bir sığınacaq yerləri yoxdur.”
Kilverd Havzer isə belə deyir: "Din və məzhəb insanın ruhu və cismi üçün çox zəruridir.”
Başlanğıca (Allaha) və axirətə (məada) olan inam insanın ruhunu möhkəm, şad və xatircəm edir, süstlüyü, ümidsizliyi və nigarançılığı aradan qaldırır. Jan Jak Russo deyir: "Yaradan haqqında düşünmək zəruridir. Çünki, O, Yaranış mərkəzidir. Biz özümüzü Allahın qanunlarına əsasən tənzim edirik. Bu zaman ağlımız pis və çirkin meyllərin ardınca getməyə icazə vermir. Beləliklə, düzgün yola qədəm qoymuş oluruq. Allah-təalanın lütfü və mərhəməti sayəsində əxlaqi keyfiyyətlərimiz güclənir. Belə bir müsbət keyfiyyət tərifə layiqdir. Çünki cismimiz və nəfsani istəklərimiz bizim ruhumuzu zəncirləyib dövrəyə almışdır. Bu zəncirlərdən azad olmaq çox çətin bir məsələdir.”
Vilyam Ceymiz belə deyir: "İman bizim gücümüzü artırır və bizi yüksək məqamlara aparır. Dərdlərimizi sağaldır və bütün xəstəlikləri bədənimizdən xaric edir. Görəsən bu işlərin fiziki bir formulla fərqi varmı?”
Başqa bir yerdə isə belə deyir: "İman elə bir qüvvədir ki, maddi vasitələr təsirsiz olduğu zaman o, öz təsirini göstərir.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər