İmamı da yad edək, mövludu da qeyd edək, amma... |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2017, 14:01 | Şərh sayı: (0) | Baxılıb: 291
İmamı da yad edək, mövludu da qeyd edək, amma...
Əvvəlcə, illər öncə baş verən hadisəni nəql edək.
Deməli, samballı bir şirkətə işçi tələb olunur, sürücü. Bu şirkətin rəhbəri də ibadət əhli olduğu üçün din qardaşına üstünlük vermək qərarına gəlir, dostunun məsləhəti ilə sürücünü işə qəbul edir. Allaha şükür edir ki, savab qazandı, dar məqamda dindaşına halal ruzinin yetməsinə vəsilə oldu. Amma bu məmnunluq uzun çəkmir. Sürücü əsl bəlaya çevrilir. Bir gün təcili iş üçün göndərirlər, “itib-batır”, mobil telefonuna zəng çatmır. 1-2 saat gecikmə ilə ofisə gələndə isə vəziyyəti belə izah edir: “Elə siz deyən iş üçün gedirdim, birdən yadıma Kərbəla düşdü. Elə “kak raz” məscidin yanından ötürdüm. Saxladım, girdim məscidə. İki rəkət namaz qıldım, hədiyyə elədim imam Hüseynə (ə). Sonra da dualara başım elə qarışdı ki, bir də gördüm 1 saat keçib. Siz də möminsiniz da, məni başa düşərsiniz”. Sonra dindar sürücü daha bir neçə dəfə təcili iş əsnasında müqəddəs şəxsləri xatırlayaraq təyin olunmuş vaxtdan 1-2 saat gec gəlib çıxır ofisə. Sonra, canım sizə desin, mövlud və şəhadət günləri, müxtəlif ehsanlar və s. Uzun sözün qısası, nəhayət səbir kasası tükənir və sürücünü yola salırlar... Artıq yeni sürücü axtaran şirkət rəhbərinin tələbləri sırasında dindarlıq məhfumu yox idi.
Qeyd etdiyimiz kimi, bu hadisə illər öncə baş verib. Elə bu illər ərzində də dindarlara olan münasibətdə müəyyən dəyişikliklər olub. Əgər əvvəl, məsələn, 10-15 il öncə, dini ayinləri yerinə yetirənləri düzgünlük və dəqiqlik təcəssümü kimi səciyyələndirirdilərsə, indi onlara daha çox ehtiyatla, hətta ikrah hissi ilə yanaşırlar. Bunun da səbəbləri müxtəlifdir, obyektiv və subyektiv.
Yuxarıda qeyd edilən hadisə yeganə deyil, buna bənzər müxtəlif sərgüzəştlərə, yəqin ki, siz də şahidlik etmisiniz. Sözsüz ki, bunlar qaydadan çox istisnadır. Amma bu istisnalar da ümumi mənzərəni korlamağa kifayət edir. Təəssüf ki, bəzi inanclılar din qardaşlarının rəhbərliyi altında çalışanda məsuliyyət hissi ilə bir o qədər də yüklənmirlər. “Əşi, özümüzünküdür, yola verər!” prinsipini rəhbər tutaraq nizam-intizam, subordinasiya tələblərinə məhəl qoymur, onları kobud surətdə pozurlar. Və Allah eləməsin ki, belələrinə bir irad bildirilsin! Nə danışırsınız? Qardaş da belə davranar??? Bir gün isə “böyük qardaşın” səbri tükənir, “kiçik qardaşa” qapını göstərir. Amma “kiçik qardaş” əsla baş verənlərə görə özünü ittiham etmir, əksinə, dünənə qədər “can-ciyər” olan dindaşına nifrin edir, hələ bir Allahı onunla öz aralarında şahid olmağa çağırır.
Bəli, nə qədər acınacaqlı olsa da, belə təfəkkürə sahib dindarlarımız cəmiyyətdə mövcuddur. Halbuki, rəhbərliyin kimliyindən, işin isə hansı sahəni əhatə etməsindən asılı olmayaraq, müsəlman vəzifəsini vicdanla yerinə yetirməlidir, qazandığı ruziyə haram qatmamlıdır. İstər işi ağır olsun, istərsə də yüngül, istər məvacibi çox olsun, istərsə də az.
Günümüzün reallığı budur ki, istənilən işlə təminat artıq Allahın böyük lütfü kimi dəyərləndirilməlidir. Və bu lütfü, bu yaxşılığı Rəbbimiz bizə konkret insanların vasitəsi ilə çatdırır. Bu yerdə imam Səccaddan (ə) bir hədisi xatırlatmaq yerinə düşərdi: “Sənə yaxşılıq edənin haqqı, ona təşəkkür etməyin, yaxşılığını dilə gətirməyin, onu yaxşılıqla yad etməyin və Allahla özün aranda onun üçün ixlasla dua etməyindir. Əgər belə etsən, gizlində və aşkarda ona təşəkkür etmiş olarsan” (Tuhəful-Uqul, səh.233). Bəli, burda üzərimizə düşən vəzifədən yayınmağımızdan söhbət belə getmir. İmam “haqqı” buyuraraq bir çox mətləblərə aydınlıq gətirir. Haqqı isə qaytarmaq lazımdır. Özü də bu dünyada.
P.S. Yazının əvvəlində qeyd olunanlardan elə anlaşılmamalıdır ki, biz İslamın müqəddəs şəxsiyyətlərinin yad edilməsinə və ya əlamətdar günlərin qeyd olunmasına qarşıyıq. Əsla! Amma, necə deyərlər, hər bir əməl zamanında gözəldir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər