Ziyarətlərdə selfi: edək ya etməyək? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-11-2016, 20:33 | Şərh sayı: (0) | Baxılıb: 442
Ziyarətlərdə selfi: edək ya etməyək?
Milyonlarla zəvvarın iştirakı ilə növbəti Ərbəin baş tutdu. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan da müsəlmanlar Kərbəlaya axışaraq imam Hüseynə (ə) və onun miras buraxdığı həyat prinsipinə sadiqliklərini nümayiş etdirdilər. Sözsüz ki, hər bir kütləvi hadisə ətrtafında olduğu kimi, Ərbəin yürüşləri ətrafında da müxtəlif səpgili müzakirələr getdi. Biz bu müzakirələrdən yalnız birinə diqqət yetirmək, fikrimizi çatdırmaq istərdik. Beləliklə, müqəddəs məkanlara ziyarət zamanı foto və video çəkilişlər etmək, onları sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirmək bəyənilən əməldir, yoxsa bundan çəkinsək daha yaxşı olar?
Ziyarətlər zamanı selfi və canlı yayımların əleyhidarları mövqelərini belə əsaslandırırlar: hər bir əməl kimi, ziyarət də sırf Allaha xatir olmalıdır. Belə səfərlərdə çəkilən foto və videoların yayılması isə bunu şübhə altına alır, zəvvarların hərəkətlərinə riya və ücb elementləri sezilir.
Əks düşərgə isə, təbii ki, bu ittihamlarla razı deyil. Bəs haqq olan kimdir? Ümumiyyətlə, ziyarət boyu, müqəddəs məkanlarda şəkil çəkdirmək olar ya yox?
Öncə qeyd edək ki, bu əməl öz-özlüyündə günah sayılmaz və burda heç bir qəbahət yoxdur. Amma bir məqama diqqət yetirilməlidir: hər işdə olduğu kimi, bu məsələdə də niyyət böyük əhəmiyyət kəsb edir. Məsələn, imam Hüseyn (ə) zəvvarı Kərbəlada hansı məqsədlə selfi edir? Heç bir tədqiqat aparmadan, heç bir sorğu keçirmədən tam əminliklə deyə bilərik: böyük əksəriyyətinin öyünmək, başqalarına acıq vermək, özünün böyük məqam sahibi olması ideyasını aşılamaq niyyəti yoxdur. Sözsüz ki, bəzi istisnalar mümkündür. Amma biz istisnalardan deyil, ümumi tendensiyadan bəhs edirik.
Bir məsələyə də diqqət edək. 10-15 il öncə texnika bu dərəcədə inkişaf etməmişdi. Zəvvarlar da vətənə dönəndə foto və videoları sosial şəbəkələrdə paylaşmırdılar. Qohumlara və dostlara ziyarət etdikləri məkanlardan gətirdikləri möhür, təsbeh, ətir və sair xatirə əşyaları bağışlayırdılar (bu ənənə indi də qüvvədə qalır). Heç kimin də o zaman ağlına gəlməzdi ki, zəvvarın bu davranışını təkəbbür və ya ücb kimi qiymətləndirsin. Bəs indi nə baş verdi? Prinsip etibarı ilə heç nə dəyişmədi. Zəvvar yenə də bizi bir anlığa müqəddəs məkana daşıyır, ordan bir nişanə ərməğan edir. Sadəcə müasir formada. Vəssalam. Daha sui-zənn nəyə lazımdır axı?
Sonda isə dəyərli oxucularımızın diqqətinə bir ayə və bir hədis çatdırmaq istərdik.
“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın...” (Hucurat, 12).
İmam Əli (ə): “Dinin bəlası bədgümanlıqdır” (“Ğurərul-Hikam”, hədis 3924).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər