Əhli-beytin (ə) öz dostları ilə dərin bağlantıları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-07-2016, 19:08 | Şərh sayı: (0) | Baxılıb: 469
Əhli-beytin (ə) öz dostları ilə dərin bağlantıları
Şiələrin öz imamları ilə dərin bağlılıqları var. Əhli-beyt (ə) özləri buyurur:
"إنّ شيعتَنا منّا خُلِقوا مِن فاضِلِ طينَتِنا و عجنوا بِماء وِلايتِنا"
Bizim şiələrimiz bizim palçığımızın artığından yaranıblar və bizim vilayətimizlə yoğrulublar. ("Bihar əl-əvnar", c. 53, səh. 303.)
"Bizim sevincimizlə sevinir, qəmimizlə kədərlənirlər". ("Bihar əl-əvnar", c. 10, səh. 114.) Görün bizim gülüş və ağlamağımız üçün hansı meyarları veriblər!
Gülüş lütfündən hekayət edir
Göz yaşı qəhrindən şikayət edir
Bu iki müxalif sözlər dünyada
Dilbərin birliyindən rəvayət edir.
Gülüş və ağlamaq bir-birinə ziddirlər, lakin hər ikisi bir məhbubu göstərir. Bu əhli-beyt (ə) məktəbindədir. Əhli-beyt (ə) buyurublar ki, dilbəriniz biz olaq.
İmam Rza (ə) Tusda olanda dağlıq kəndlərdə yaşayan bir kişi İmamı (ə) ziyarət etmək üçün bir həftə piyada yol getdi. Geyim və bədəni toz-torpaq içərisində idi. Fikirləşdi ki, əvvəl gedim hamama təmizlənim, ziyarət qüslü də verim, sonra gedim imam Rzanın (ə) ziyarətinə.
Həmin gün imam (ə) da hamama getməli idi. Kəndli kişi hamam daxil olub, səslədi: -Hamamda kisə çəkən yoxdurmu? İmam (ə) buyurdu: - Mən burdayam. Gəl, mən kisə çəkərəm. İmamı (ə) tanımayan kişi yaxına getdi!
Xülasə, gərək bu yolda qaçasan və yorulmayasan ki, yolun toz-torpağı bədəninə və libasına çökməsin. Həyatda mövcud olan yolları görmürük və elə hesab edirik ki, yol bağlanıb. Ürək deyir: Get, yol bağlı deyil. Dünyanı təkcə altı cəhət bilən ağlına söykənmə. Ağlın başa düşə bilməyəcəyi şeylər barədə də düşün. Ağıldan yuxarı da hərəkət et, aşiqcəsinə yaşa. Aləmdən faydalananlar aşiqcəsinə yaşayıblar. Ağıl deyir ki, niyə özünü yorursan? Niyə özünü gözləmirsən, ayağına tikan batır? Eşq deyir: Yox, gərək tikanların üzərində qaçasan. Kərbəlada qaçmadılarmı? Eşqin işi budur.
Bir tələbə Ayətullah Nainiyə dedi: Həzrət Abbasın (ə) su içməməsinin səbəbini başa düşə bilmirəm. Çünki əgər suyu içsəydi daha yaxşı döyüşərdi. Ayətullah Naini buyurdu: Sakit ol! İstəyirsən eşqi ağılla təfsir edəsən? Gərək əvvəl aşiq olasan, sonra başa düşəsən ki, Abbas (ə) nə etdi! Fərz edək ki, beş nəfər artıq öldürürdü, sonra nə olacaqdı? Amma bir ovuc suyu içməmək Qiymətə qədər hər bir aşiqi silkələyir. Hətta axirət aləmində də bu hadisəni zikr etməklə şövqə gəlirlər. Əgər iş Allaha xatir olsa, əbədi olur və heç bir zamanla məhdudlanmır.
Xülasə, həzrət kisəni götürdü və kəndli kişinin kürəyinə kisə çəkməyə başladı. Onun bədəni çox çirkli idi, lakin həzrət onun bunu başa düşməməsi üçün tez su tökürdü. Görəsən, olar ki, imam Rza (ə) bizi də paklasın?!
Bir dəstə əyan-əşrəf imam Rzanı (ə) görməyə gəlmişdi. Onlara həzrətin hamamda olmasını dedilər. Elə ki, hamama daxil oldular və dedilər: "Əssəlamu ələykə yəbnə Rəsulillah", kəndli kişi öz-özünə dedi: Yəbnə Rəsulillah burda kimdir? Onda gördü ki, onun bədəninə kisə çəkən şəxs buyurdu: "Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh".
Kəndli kişi qayıdıb imama (ə) dedi: Ağa, bu sizsiniz? Mən sizə görmək üçün bir həftə yol gəlmişəm. Çox həyasızlıq etdim. Siz mənə kisə çəkirsiniz?!
Həzrət buyurdu: Otur, qoy işimi qurtarım. O kişi başını imamın (ə) ayağına qoyub dedi: Ağacan, bir həftə yol gəlmişəm ki, mən ölən vaxtda başımın üstə gələsən. İmam (ə) buyurdu: Bu şərtlə gələrəm ki, qoy, kisə çəkməyimi tamamlayım.
Adamın muzdunu belə verirlər. Hamımız borcluyuq. Bəzən adam tələbkar olduğunu düşünür, amma yaxşı fikirləşdikdə, borclu olmasını görür. Biz kimik ki, bizə bura gəlməyə icazə veriblər?!
Həzrət kisə çəkdi və işini tamamladı. Kəndli kişi dedi: Ağa, mən ölən vaxtda gələcəksən? İmam buyurdu: "Bəli, gələcəyəm".
Həzrətin səhabələri deyir: Bir gün məclisdə oturmuşduq. Gördük ki, imam Rza (ə) yoxdur. Bir müddətdən sonra imam (ə) gəldi. Həzrətdən harada olmasını soruşduq. Həzrət buyurdu: Həmin kəndli kişi dünyasını dəyişdi, onun namazını qılmağa getmişdim. ("Mənaqib", İbn Şəhr Aşub, c. 4, səh. 362.)
İlahi, Sənə nə qədər şükür edək ki, bizi əhli-beytin (ə) qapısına gətirmisən?!
Musa ibn Səyyar deyir: Biz Tus şəhərinə çatanda bir cənazə aparırdılar. İmam Rza (ə) kəcavədən yerə düşdü, gedib tabuta çatdı. Yaxın adamı ölmüş kimi tabutun hər dörd tərəfindən tutdu. Elə ki, qəbrin yaxınına çatdılar, imam (ə) kəfəni açıb, üzünü ölən cavanın üzünə qoyub buyurdu: "Narahat olma, bundan sonra xoşluq olacaq, qorxu və vəhşət olmayacaq". O cavanın yaxınları soruşdular: Bu şəxs kimdir? Dedilər: Əliyyibni Musar-Rzadır (ə). Onlar imama (ə) dedilər: And olsun Allaha, bu cavan gecə-gündüz səni çağırırdı. İmam (ə) buyurdu: "Biz öz dostlarımızı tanıyırıq, onları tanıtmağa ehtiyac yoxdur". ("Mənaqib", İbn Şəhr Aşub, c. 4, səh. 341.)
Aləm, məhəbbət aləmidir. İndi Əliyyibni Musar-Rzaya (ə) salam verirsənsə, deməli, elə indi onun ziyarətçisisən. Əhli-beyt (ə) aləmi əhatə ediblər, amma bunu bilmirik. Həyatda nələr baş verdiyindən xəbərsiz qalmışıq.
Bizim məsəlimiz şaha hədiyyə aparan kəndli kimidir. Hamı hədiyyələr götürüb şahın görüşünə gedirdi. Bu kişinin arvadı dedi ki, sən də şahın görüşünə get, bəlkə sənə də bir şey verdi. Kişi dedi: Mənim nəyim var ki, şaha aparam? Arvad dedi: Təzə yağış yağıb, çalalar təmiz su ilə dolub, kuzəni onun suyu ilə doldur, apar. Kəndli elə təmiz su görməmişdi, elə bilirdi ki, şah da belə təmiz su görməz. Kuzəni doldurub şahın görüşünə getdi. Şahın adamları suya baxıb gördülər ki, içməli su deyil. Şah dedi: Bu kişi elə fikirləşib ki, ən yaxşı hədiyyəni mənim üçün gətirib. Onun hədiyyəsinin cavabı budur ki, kuzəsini qızılla dolduraq.
Biz də bu xalis olmayan salamlarımızla əhli-beytin (ə) məhzərinə gedirik ki, bəlkə bizi qəbul etdilər. Məndən ah, səndən baxış! Ahı baxışla dəyişək. Bir ah ver, min baxış al. Bu fürsətlərdən faydalanmaq lazımdır. Əmir əl-möminin (ə) buyurur:
"إِضَاعَةُ الْفُرْصَةِ غُصَّة"
"Fürsəti itirmək qüssədir" (Nəhc əl-bəlağə, səh. 489.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər