Cəmiyyətimizdə övlad tərbiyəsi hansı vəziyyətdədir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-07-2016, 10:42 | Şərh sayı: (0) | Baxılıb: 417
Cəmiyyətimizdə övlad tərbiyəsi hansı vəziyyətdədir?
Övladın tərbiyəsinə 3 mühüm faktor təsir edir. 1- Uşağın ailə mühiti, 2- Yaxın çevrəsi (yaşadığı ərazi, təhsil aldığı məktəb, dostları və s.), 3- Uzaq çevrə (yaşadığı ölkə, zaman və dövr, dünyanın inkişaf tendensiyası və s.). Bunlardan ən mühümü və təsiredici tərəfi ailə mühitidir. Ailə mənbədir, kökdür, tərbiyənin əsasıdır. Xüsusilə şərq aləmində uşaq uzunmüddətli ailəsiylə sıx rabitədə olur.
Qərb yaşayış tərzində isə maddiyat və yüksək yaşayış rifahı üstün tutulduğu üçün onlar çərçivələri tez sındırırlar. Yeniyetmə yaşından uşaq sərbəst buraxılır, öz həyatını qurur. Tam rahatlıqla deyə bilərik ki, qərb toplumlarında əxlaq, həya, ictimai-mənəvi durum və s. əsas götürülmür. Bu da onların inanc sistemlərindən qaynaqlanır ki, dünyadan maksimum fayda əldə etməyə çalışırlar. Fərdiyyətçilik, eqoizm, təkəbbür və sürətli texnoloji inkişaf onları vadar edir ki, mənəvi dəyərlərə lazımi əhəmiyyət verməsinlər. Beləliklə, nəsil artımının zəifləməsi, əxlaqi tənəzzül, intihar halları, mənfəətsiz ictimai yardımlaşma və rabitə, yaşlı insanların yalnızlığı kimi sosial–ictimai məsələlər onların ciddi problemlərinə çevrilmişdir.
Allaha çox şükrlər olsun ki, doğma vətənimiz ailə institutunu qoruyub saxlamışdır. Amma çox diqqətli olmalıyıq. Kifayət qədər mənfi təsirlər vardır və hər an həyatımıza, övlad tərbiyə sistemimizə daxil olmaq istəyirlər. Yavaş-yavaş da bizə qarşı görünən və görünməyən həmlələr artmaqdadır. Ölkəmizə ixrac olunan axmaq televiziya serialları, axmaq geyim modaları, axmaq cizgi filmləri, axmaq müsabiqə və yarışmalar, axmaq tibbi və ictimai konsultasiyalar və s. vasitələrlə bizi də öz həyamızdan uzaqlaşdırmaq istəyirlər. Boşanmalar, nəsil artımının zəifləməsi, qeyri-qanuni evliliklər, valideyn-övlad münasibətlərinin kobudluğu və s. bu iyrənc təbliğatların bariz nəticələridir. Həm dövlət, həm də millət olaraq belə həmlələrə qarşı çox mühafizəkar olmalıyıq.
Uşağın yeniyətməlik çağına qədər təhsil ocaqları və valideynlər paralel iş aparmalıdırlar. Deməli həm ağıllı müəllimlərə, həm də ağıllı valideynlərə ehtiyac vardır. Təhsil ocaqlarımızda (bağça, orta məktəb) şərəfli müəllim və tərbiyəçilərimizlə yanaşı rüşvətxor, bacarıqsız dırnaqarası pedaqoqlar da vardır. Belə qeyri-peşəkarlar gələcək nəsilə yalnız ziyan vurur. Uşaqlara ilk öncə insanlıq, yardımlaşma, sağlam təfəkkür, özünə güvən,vətənpərvərlik, elmə sevgi kimi müsbət məqamlar aşılanmalıdır. Valideynlər də öz məsuliyyətlərini dərk etməlidirlər. Bir insan yetişdirdiklərini unutmamalıdırlar. Uşaqlarının öz güvənlərini qırmamalıdırlar, onlarla hörmət və əxlaqla davranmalıdırlar, yersiz səs tonlarını qaldırmamalı, uşaqlarına fiziki xəsarət yetirməməli və uşaqları qorxaq tərbiyə etməməlidirlər. Əlbəttə ki, valideynlər subay vaxtlarından bu mövzularda maariflənməli, kitablar oxumalı, mütəxəssislərə müraciət etməlidirlər. Dövlət də öz növbəsində bu mövzularda ictimaiyyətlə paralel işləməli, genişmiqyaslı layihələr icra olunmalıdır.
Hazırki yaşadığımız iqtisadi sistemi bəzən “vəhşi kapitalizm” də adlandırırlar. Vətəndaşlarımız maddi rifah üçün çox vaxt sərf edirlər. Bu da övladla vaxt keçirməyə, bu mövzuda maariflənməyə əlbəttə ki, mane olur.
Əfsus ki, bəzən maddi sıxıntılı və savadı olmayan valideynlər övlad planlaşdırmasını düzgün aparmırlar. Övladlarının çoxluğu bu ailəyə problem olur, həm maddi təminat, həm də savad,təhsil baxımından övladlarını tərbiyə edə bilmirlər. Uşaqlarda kiçik yaşlarından psixoloji zərbələr vururlar və uzun müddət bu uşaqlar bu təsirlərdən çıxa bilmirlər. Bir sözlə sadəcə uğursuz insanların sayını artırır belə valideynlər.
Sonda valideynlərə tövsiyəmiz budur ki, uşaq tərbiyəsində ilk öncə övladlarında “özünə güvən” xüsusiyyətini aşılasınlar:
1. Uşaqlarınıza 6 yaşlarına qədər böyük sərbəstlik verin
2. 6 yaşdan 15 yaşa qədər onlara ciddi intizam aşılayın
3.15 yaşlarından sonra onlar şəxsiyyət kimi görün, onlarla məsləhətləşin və fikir mübadiləsi aparın
Bəzən valdeynlər elə bilirlər ki, övladı ancaq maddi təminetmə ilə məşğul olmalıdırlar. Ona görə övladlarına ən bahalı geyimlər, ən bahalı avtomobil və s. alırlar. Mənəvi–psixoloji məsələlərə çox az diqqət edirlər. Əslində belə olmamalıdır. Çünki mənəviyyatsız ifrat maddiyat uşağa yalnız ziyan gətirəcəkdir. Heç şühəsiz ki, bir valideynin övladına ən böyük verdiyi nemət gözəl mənəviyyatdır.
Vüsal Nadiroğlu
Sosial psixologiya üzrə tədqiqatçı
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər