Azərbaycanda Allahı dananların əyləncəsi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-06-2016, 19:29 | Şərh sayı: (0) | Baxılıb: 719
Azərbaycanda Allahı dananların əyləncəsi
Son günlərdə Azərbaycan mediasında, sosial şəbəkələrdə, hətta messencer proqramlarındakı yazışmalarda belə ateistlər və dindarlar arasında müzakirələr aktivləşib.
Bir tərəf "Allahın olmadığını" sübut etməyə çalışır, digər tərəf "Allahın yoxluğunu deyənlər yalan danışırlar" deyirlər.
Maraqlı mübahisədir. Maraqlı olduğu qədər də əyləncəlidir.
Çünki...
ortada inam, inanc, etiraz və etiraf məsələləri var. Səmavi dinlərin sütunu sayılan kitablardan, o cümlədən Qurani-Kərimdən iqtibaslar gətirmək niyyətində deyiləm.
Fəqət, mövzu mürəkkəb olsa da, sadəliyə çalışaq.
Azərbaycanda özlərini "ateist" adlandıranların dedikləri və yazdıqları ilə tanış olduqca anlayıram ki, ateizm belələri üçün bir dinə çevrilib.
Onlar absurda sitayiş etməyə başlayıblar: deyirlər ki, Allah yoxdur, amma Allahın yoxluğunu heç nə ilə sübut edə bilmirlər. Emosionallıqla, qəzəblə danışır və yazır, sübut eiməyə çalışırlar ki, Allah yoxdur, bütün dinlər - yumşaq desəm - yanlışlıqdır və yalnız insanların məntiqlə düşünməsinə imkan verməmək, bəşəriyyəti asan idarə olunan kütləyə döndərmək üçün yaradılıb.
Onu da vurğulayırlar ki, dinlarlar məscidin, sinaqoqun və ya kilsənin göstərdiyi istiqamətə lal-dinməzcəsinə yönələn yığındır.
Fanatik ateistlərimiz Hz.Məhəmmədin, İsa Məsihin nə zamansa yaşadığına inanmaqdansa, hobbitlərin, qoblinlərin və ya elflərin varlığına şəkk gətirməyəcək insanlar təsiri bağışlayırlar.
Ateistlər Allahın olmadığını deyirlər, amma hicri təqvimi inkar etmir, İsa Məsihin miladı günündən bəri hesablanan qriqorian təqvimi ilə yaşayırlar.
Ateistlər insanı Allahın yaratdığına və görüntü ("sima") verdiyini inkar edir, amma mənəviyyatsız insana "simasız" deyirlər.
Ateistlər insanın ruhunun olduğuna inanmır, amma ruhi xəstələri "psixi sapıntılar" olan insanlar sayırlar, halbuki "psyche" kəlməsinin yunan dilindəki mənası elə "ruh" deməkdir.
Ateistlər mənəviyyat qanunlarını, səmavi dinlərin kitablarındakı yasaqları "mif" adlandırır, amma "vicdansız" və "ədalətsiz" təyinlərindən yararlanırlar.
Ateistlər yalnız maddi aləmə inanırlar, amma vicdan, şəfqət, paxıllıq, kədər, nifrət, inam, etibar, sevgi, ümid kimi hissləri maddi saymırlar.
Ateistlər "Allahı kimsə görməyibsə, deməli, yoxdur" deyirlər, amma mobil telefonla rahatlıqla danışırlar: halbuki, radiodalğaları da kimsə görməyib. Hə, doğrudur, radiodalğaları qeydə almaq olar. Amma Allaha inam, inanc, etiqad da hiss olunur, görünür, yəni "qeydə alınır".
Ateistlər İlahi Yaradının olmadığını deyirlər, amma təbii məhsullardan istifadəyə üstünlük verir, insanın yaratdığı süni, sintetik materialları sevmirlər.
Ateistlər deyirlər ki, "aksiomu, mütləq həqiqəti sübut etməyə ehtiyac yoxdur", amma Allahın varlığının sübutunu istəyirlər. Axı Allah da milyardlarla insan üçün aksiomdur.
Ateistlər Allahın varlığını inkar edir, amma cəmiyyətdə şəfqət, insansevərlik, şüurlu davranış, həssaslıq, cəfakeşlik, nəvazişi mütləq sayırlar.
Ateistlər Allaha yox, elmə inandıqlarını deyirlər. Halbuki, elmə, o cümlədən nisbilik nəzəriyyəsinə görə, kainatımızın özbaşına yaranması ehtimalı hər şeyin Mütləq Şüur tərəfindən yaradılması ehtimalından trilyonlarla dəfə az olduğunu sübut və etiraf edir. Gərəkli əlverişli şərtlər məcmusunun yaranması ehtimallarının riyazi kəmiyyət göstəricisi hədsiz dərəcədə azdır: ən azı bu situasiya saysız məqamlardan, o cümlədən Yerin orbiti, Yer oxunun əyilməsi, Günəşin parametrləri, Yerdə torpaqların və süxurların tərkibi və s. asılıdır.
Minlərlə amili nəzərə almasaq belə, bəhs etdiyimiz ehtimal 0,000000001 %-dən artıq deyil.
Ateistlər özlərini dindarlardan ağıllı sayırlar, amma dərketmə qabiliyyətlərinin müstəqim yarandığına şübhə etmirlər.
Ateistlər kainatın kimyəvi elementlərin qəfil və sərbəst birləşməsindən yarandığını israrla bildirsələr də, hərflərin sərbəst birləşməsindən indiyədək niyə şeir, yaxud poema yaranmadığını izah edə bilmirlər. Yaxud kompüter proqramlarının "0" və "1" rəqəmlərinin müstəqil birləşməsindən yaranmadığının səbəbini də açıqlaya bilmirlər. Yəni kainatı Allahın yaratdığına inanmayanlar kompüter proqramlarını yaradanların varlığına şübhə etmirlər.
Məncə, yetər.
Ateistlər dindarları suçlayanda İŞİD-i, "Taliban"ı, "Əl Qaida"nın adlarını çəkir, radikal islamçıların dinc və günahsız insanlara divan tutduqlarını deyirlər.
Fəqət, Allahı dananların ritorikası o qədər qəzəblidir ki, onlar mövqeləri ilə razı olmayan kəsləri bəyənməyən, kilsələri, məscidləri və sinaqoqları buldozerlərlə dağıdıb yerlə bir etməyə hazır insanlar təsiri bağışlayırlar.
Halbuki, elmdən danışmağı çox sevən ateistlərin tapındıqları ateizmin elmlə əlaqəsi uzun saçların rok-musiqi ilə bağlılığı qədərdir.
Yerli ateistlərimiz Fyodor Dostoyevskinin romanlarındakı nihilistlərin dediklərini təkrarlayırlar: "Yer üzərində bu qədər cinayət varsa, günahsız insanlar ölürsə, deməli, Allah yoxdur".
Ateistlər də öz "inanc"ları, nə də "nüfuzlu şəxsiyyətlər"i ilə bağlı diskussiyalara hazır deyillər.
Nik Bistrom, Stiven Vaynberq, Deniel Dennet, Riçard Dokins, Slavoy Jijek, Alber Kamyu, Frensis Krik, Pol Kurts, Con Mill, Karl Saqan, Jan Sartr, Berre Skinner, Karlo Tamanone, Ziqmund Freyd, Erix Fromm, Riçard Feynman, Stiven Houkinqdən tutmuş, ateizmin "ata"ları sayılan Anaksaqor, Meloslu Diaqor, Dhişan, Kapila, Demokrit, Heraklit, Brihaspati, Protaqor, Sun Szı, Epikür, Siddhartha Qautama və Yan Çjuyadək uzanan mübahisə yolundakı arqumentlər də zəifdir.
Popper, Okkam, Dokins - bu adamların yazdıqlarından iqtibaslar gətirməyi çox sevir ateistlərimiz. Və aşkar görünür ki, "müqəddəs" Okkam, yaxud Dokinsin dediklərinə şəkk gətirmək olmaz.
Ortodoksal, mühafizəkar ateist buna əmindir.
Yəni təəssüf hissi ilə qeyd etməliyəm ki, tipik ateist, əslində, fanatikdir. Halbuki, fəlsəfə həqiqətin səsvermə yolu ilə müəyyənləşdirildiyi nəsnə deyil.
Ən azı ona görə ki, daz qırxılmış baş saçların rəngi sayıla bilməz. Doğrudur, daz başda tük olmur, amma tükün yoxluğu onun piqmentlərdən xali olduğuna dəlalət etmir.
Daz baş, əslində, saçları qırxılmış başdır - bu qədər bəsit. Və elə buna görə cəsədi dindar saymaq olmaz, hörümçəyi "mənəviyyatlı" görmək absurddur.
Ağac və ya kərpicdə dini hisslər axtarmaq da məntiqdən kənardır.
Ən azı ona görə ki, fikirləşməkdən imtina fikirləşməmək, qərar qəbul etməyi istəməmək isə mövqe deyil.
Anlayıram ki, ateizm Allahın varlığını inkar etmək, antiteizm - Allahın mövcud olmadığına əmin olmaq, aqnostizm isə Allahın olduğunun sübutunun prinsipial olaraq mümkünsüzlüyünü düşünməkdir.
Yerli ateistlərimizin tam əksəriyyəti dindarların dediklərini dinləmək istəmədikləri üçün özlərini aqnostik adlandırırlar. Halbuki, "aqnostisizm" kəlməsinin tam mənasını ateistlərin çox az qismi bilir.
Ateistlərin tam əksəriyyətinin nümayişkaranə şəkildə təhlillərə varmaqdan yayınmasını da anlayıram.
Necə ki, Avstraliyada dəvəquşuların və ya Finlyandiyada fyordlarda yaşayan insanların özünəməxsus davranışlarını qəbul etdiyim kimi.
Klassik ateizm dinləri "illüzor şüur" sayır. Di gəl, şüurdakı illüziyaların vardığını inkar etməyin illüziyada şüur axtarmağın nə dərəcə məntiqli olması barədə dindarın sualı cavabsız qalır.
Elçin Alıoğlu
Milli.Az portalının redaktoru
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər