RAMAZAN AYININ TARİXÇƏSİ VƏ ƏHƏMİYYƏTİ |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-06-2016, 20:12 | Şərh sayı: (0) | Baxılıb: 786
RAMAZAN AYININ TARİXÇƏSİ VƏ ƏHƏMİYYƏTİ
Orucluğun tarixi çox qədimdir. Hələ qədim ümmətlər öz allahları naminə oruc tuturdular. Ramazan ayında oruc tutulması isə müsəlmanlara hicrətin ikinci ili (622-ci il) vacib edilib. Qalan aylarda isə oruc tutmaq müstəhəbdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə və dözümlülüyünü yoxlamaq, mənəvi saflaşma imkanı verir.
Oruc tutmaq Allah yanında ən sevimli və böyük savaba malik ibadətlərdəndir. Belə ki, Allah-taala bir çox ibadət üçün mükafat təyin etsə də, orucun savabını müəyyənləşdirmədən öz öhdəsinə almışdır.
Orucun mahiyyəti barədə bunu demək yetərlidir ki, oruc insanı Rəbbinə yaxınlaşdıran ən gözəl vasitədir. Belə ki, oruc tutan insan mənəvi atmosferə düşür, maddiyyatdan az da olsa uzaqlaşır, daha çox mənəviyyata üstünlük verir. Sanki təkcə bədəndən ibarət olmadığını anlayır. Buna ən bariz nümunə şam namazına sayılı dəqiqələr qalan vaxt, yaxud şam namazı vaxtıdır. Belə ki, şam namazını qılıb iftar etdiyiniz vaxtla iftar edib namaz qıldığınız vaxtı müqayisə edin. Sözsüz ki, ac qarına Allaha ibadət etmək, şam namazını qılmaq insana xüsusi mənəvi həzz verir, hətta gözlər dolur. Amma tox qarınla şam namazı qılmaq sanki bir dağı yerindən tərpətməyə bərabər olur. Odur ki, oruc sayəsində insan ibadətdən, duadan daha çox mənəvi həzz ala bilir.
Bildiyimiz kimi İslam dini insanların doğru yola hidayəti və kamilliyə çatması üçün gəlmişdir. İslamda insanı kamala çatdıran yollardan biri də mübarək Ramazan ayının orucudur. Odur ki, hər bir sağlam düşüncəli insan bu imkandan lazımınca yararlanmalıdır.
İslam nöqteyi-nəzərindən Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu həm də "on bir ayın sultanı" adlandırırlar. Ramazan ayının müqəddəs və əhəmiyyətli olmasının digər bir səbəbi bu ayda gerçəkləşən mühüm hadisədir. Belə ki, müqəddəs səmavi kitabımız olan Qurani-kərim birbaşa olaraq Peyğəmbərin — qəlbinə məhz bu ayın gecələrindən birində nazil olmuşdur. Həmin gecəyə “Qədr” gecəsi deyilir.
Ramazan ayı ilahi ziyafət ayıdır. Bu ayda insanlar Peyğəmbər — vasitəsilə ilahi qonaqlığa dəvət olunurlar. Qonaqları qəbul edənsə süfrə sahibi Allahın özüdür. Bu dəvət o qədər əhəmiyyətlidir ki, mənəvi həzz almaq üçün bu ayda oruc tutmaq bütün insanlara vacib edilmişdir. Bir işin vacibliyi də onun əhəmiyyətinin göstəricisidir. Əslində oruc tutan bu əməllə özünü ilahi əxlaqla zinətləndirir.
Eyni zamanda oruc olduqca dəyərli və mühüm bir ibadətdir. Onun göstəriş və şərtlərinə riayət edildiyi təqdirdə, insan ruhunun çirkinliklərdən təmizlənməsində, ruhun təkamülü, insani keyfiyyətlərlə zinətləndirilməsində və ilahi rəngə boyanmasında əsaslı rol oynayır. Oruc tutan şəxs günahları tərk etməklə nəfsini cilovlayıb nəzarət altına alır və həddini aşmasına imkan vermir. Ramazan ayında oruc tutanların günahı tərk etməsi və bəzi ləzzətlərdən imtinası, nəfslə mübarizədə ideal vasitədir.
Mübarək Ramazan ayında oruca dair məsələlərə tam riayət edib oruc tutmaq, ilin gələn aylarında da qazanılan mənəvi ab-havanı qoruyub saxlamaq, hətta təkmilləşdirmək imkanı verir. Bu mənada ki, bir ay oruc tutan şəxs üçün gələn ayları da oruc tutmaq və ya Allahın göstərişlərinə əməl etmək asanlaşır.
ORUCUN FƏLSƏFƏSİ
İlk növbədə qeyd etmək lazımdır ki, orucun tam fəlsəfəsi Allaha bəllidir və biz yalnız mövzunun məlum tərəflərinə aydınlıq gətiririk. Orucun vacib olmasının bir hikməti acların və yoxsulların çəkdiyi məşəqqətin oruc tutana bəlli olmasıdır. Ramazan ayında Allaha həqiqi iman gətirmiş insan oruc tutmaqla aclığın çətinliyini hiss edir, acların çəkdikləri məşəqqətdən xəbərdar olur. Bu məşəqqətləri dərk etməklə onun qəlbində yoxsullara qarşı riqqət yaranır. Nəticədə onlara yaxşılıq etmək fikrinə düşür. Bəziləri Ramazan ayının orucunu tutanda məqsədi arıqlamaq olduğundan, əslində oruca ilahi bir vəzifə kimi baxmır. Onlar formaya düşmək xatirinə ac qalırlar. Belə insanların Ramazanın mənəvi faydalarından heç bir nəsibi yoxdur, çünki onların ac qalmaları Allaha xatir olmadığı üçün ilahi savaba layiq deyillər. Bəziləri Ramazanın səhərlərində doyunca qarınlarını doldururlar ki, axşam iftarına qədər aclıq hiss etməsinlər. Belələri orucun fəlsəfəsini hələ də anlamayıblar. Oruc tutan əslində aclıq və susuzluğun acısını dadmalıdır. Hünər odur ki, insanın hər cür ləzzətli yeməklərə əl atmağa qüdrəti olduğu halda Allaha görə onlardan əlini çəksin.
Hədislərdə də orucun fəlsəfəsinə işarə edilmişdir, onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
Əmirəl-möminin İmam Əli ◊ buyurur: “Allah-taala orucu insanların imanlarının sınağı üçün vacib etmişdir.”1
İmam Cəfər Sadiq ◊ buyurur: “Oruc onun üçün vacib edilmişdir ki, varlı və yoxsul bərabər olsun.”2 Çünki varlılar istədiklərini çətinlik çəkmədən əldə edir və aclığın nə olduğunu təsəvvür belə etmirlər. Varlıların, yoxsulların çətinliklərini dərk edib hallarına yanması və aralarında bərabərliyin bərqərar olunması üçün oruc vacib edilmişdir.
Bu ilahi hökmün vacib olmasının səbəblərindən biri də oruc tutan şəxsin özünü Allah qarşısında kiçik və ona möhtac olduğunu görməsidir. Orucluğun aclıq və susuzluğuna səbir edən iman sahibləri Allah rizasını qazanıb axirət dünyasının mükafatına nail olarlar. Bütün bunlarla yanaşı, möminlər oruc tutduqları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tərzini özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri özlərindən uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar. Eyni zamanda möminlərin çəkdikləri zəhmət və məşəqqət onları yoxsul təbəqəyə maddi yardım etməyə sövq edir.”
Həzrət Əli ibn Musa Rza ◊ buyurur: “Oruc tutmağa əmr olunmuşsunuz ki, aclıq və susuzluğun acısını dərk edəsiniz və bunun vasitəsi ilə də axirətin (qiyamət gününün) yoxsulluğunu, çarəsizliyini anlayasınız.”3
MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ
Həm Quranda, həm də hədislərdə bu ayın fəzilətindən geniş bəhs olunmuşdur. Biz də bunu nəzərə alaraq, bu xüsusda Quran və hədislərdən istifadə edib həmin mübarək ayın bir sıra fəzilətini qısa şəkildə qeyd edirik.
Ramazan ayının fəzilətindən biri budur ki, müsəlmanların müqəddəs və səmavi kitabı, bəşəriyyətin hidayət mehvəri Qurani-kərim məhz bu ayda nazil olmuşdur.
شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُواْ الْعِدَّةَ وَلِتُكَبِّرُواْ اللّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.”4
ORUC - MƏSUMLARIN (Ə) DİLİ İLƏ
Orucun fəziləti barəsində çoxlu hədislər nəql olunmuşdur. Burada onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik:
İslam peyğəmbəri — buyurur: “İnsanın yerinə yetirdiyi hər bir yaxşı və xeyir işin 10-dan 700-ə qədər savabı vardır, lakin oruc barədə Allah-taala buyurur: “Oruc mənə aiddir və heç bir vasitə olmadan orucun savabını verirəm, ona görə ki, oruc tutan şəxs mənə görə öz nəfsi istəklərinə göz yumur.”5
İslam peyğəmbəri — buyurur: “Oruc cəhənnəm odundan qorunmaq üçün bir sipərdir.”6
İmam Əli ◊ buyurur: “Oruc tutan şəxsin yuxusu ibadət, sükutu isə Allaha zikrdir. Onların duası qəbul, gördüyü əməllərin savabı isə neçə bərabərində veriləcəkdir.”7
İmam Cəfər Sadiq ◊ buyurur: “Allah-taala buyurur: “Oruc mənim üçündür və mən özüm də oruc tutanın mükafatını verəcəyəm!”8
Seyid Azər Əhmədoğlu
1. “Qurərul-hikəm”, səh. 176, hədis 3376; “Nəhcül-bəlağə”, Sübhi Saleh, səh. 512, hikmət 252.
2. “Mən la yəhzuruhul fəqih”, c. 2, səh. 73, hədis 1766.
3. “Vəsailuş-şiə”, c. 4, səh. 4, hədis 5; “İləluş-şəraye”, səh.10.
4. “Bəqərə” surəsi, ayə 185.
5. “Fəzailul əşhuris-səlasə”, səh. 143
6. “Vəsailuş-şiə”, c. 7, səh. 289
7. “Dəəvat”, Ravəndi, səh. 27, hədis 45-46; “Biharul-ənvar”, c. 96, 30-cu bab.
8. “Vəsailuş-şiə”, c. 7, səh. 290.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər