İnsanın rəftarında düzgün baxışın rolu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-05-2016, 21:26 | Şərh sayı: (0) | Baxılıb: 418
İnsanın rəftarında düzgün baxışın rolu

Riya infaqın bəlasıdır
İslam dinində ehtiyaclıya göstərilən yardım «infaq» adlanır. İnfaq edən şəxs Allahın razılığından əlavə, ətrafdakıların nəzərini də güdə bilər. Əgər o yardım əlini uzadarkən başqalarının bu işdən xəbər tutmasını istəyirsə niyyəti Allahın razılığını qazanmaq yox, özünü cəmiyyətə tanıtdırmaqdır. İnsanın bu sayaq ikili niyyəti riya, insan özü isə riyakardır. İnfaq edən şəxs bu işi gizli görməlidir ki, kömək göstərdiyi insan utanıb-sıxılmasın. Gizli infaqın savabı da böyükdür. Ümumiyyətlə, düzgün icra olunmuş çox kiçik bir ibadətin böyük savabı ola bilər. Özü-özündə fiziki işin heç bir dəyəri yoxdur. İşi gözəlləşdirən iş görənin niyyətidir. «Rum» surəsinin 38-ci ayəsində buyurulur: «Yaxın qohuma, yoxsula, miskinə, müsafirə haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir». «Bəqərə» surəsinin 207-ci ayəsində isə belə buyurulur: «İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edir».
İnsan öz xeyir əməlinin savabını qorumalıdır. Od zəmini yandırdığı kimi günah da savabı yandırır. «Ey iman gətirənlər! Sədəqələrinizi, malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla puça çıxarmayın»(«Bəqərə» surəsi, ayə 264.).
Qurani-Kərim insanı namazdan daha çox infaqda xalis, səmimi olmağa çağırır. Riya namazı batil edir. Amma infaqda riya ilə daha çox qarşılaşırıq. İmam Sadiq (ə) buyurur: «Xalqın gözü qarşısında infaq etmə ki, səni tərifləsinlər. Əgər belə etmisənsə sənin infaqının mükafatı camaatın tərifi olacaq. Elə et ki, sağ əlinin infaqından sol əlin xəbərsiz olsun. Gizli sədəqənin mükafatını qiyamət günü hamının gözü qarşısında alacaqsan».
Əlbəttə, insan riya qorxusu ilə sədəqəni tərk etməməlidir. Özünü kamilləşdirmək istəyən bəzi möminlərə şeytan «baxanlar deyəcək özünü göstərir, vermə!» pıçıldaya bilər. İnsan bu vəsvəsələrin qabağını alaraq daha qiymətli şeyi infaq edə bilər. Məsələn, insan yol kənarında oturmuş dilənçiyə beş yüz manat sədəqə vermək istəyir. Ətrafda baxanlar da bilir ki, bundan çox sədəqə verən yoxdur. İnsan riyadan qorunmaq üçün ovcundan beş yüz manat yox, min manat tutub onu elə gizli verə bilər ki, kimsə min manat verdiyini hiss etməz. Bundan əlavə, insan nəfsi ilə mübarizə aparıb çox sevdiyi əşyaları hədiyyə etməklə böyük savab qazana bilər. Amma belə də ola bilər ki, insanın öz nəfsinə hakim olması şərti ilə açıq işin böyük savabı olsun. Çünki bəzən açıq xeyirxahlıq başqalarında da belə bir həvəs oyadır. «Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin Allah yanında böyük mükafatları vardır»(«Bəqərə» surəsi, ayə 274.).
Açıq əməl bəzən şübhələri də aradan qaldırır. Bir müsəlman xüms və zəkatı gizli ödəyərsə onun dini vacibata əməl etməməsi barədə şübhələr yarana bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər