İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “İNFAQ” AYƏSİ |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 28-03-2016, 23:49 | Şərh sayı: (0) | Baxılıb: 1282
İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “İNFAQ” AYƏSİ
Qurani-Kərimdə imam Əlinin (ə) üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “İnfaq” adını daşıyan “Bəqərə” surəsinin 274-cü ayəsidir. Bu ayədə buyurulur:
الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
“Öz var-dövlətlərini gecə-gündüz, gizli və aşkar infaq (xərc) edənlərin mükafatı öz Rəbbinin yanındadır. Onlar üçün nə qorxu var, nə də qəm-qüssə görərlər!”
Şübhəsiz, bu ayənin əhatəsi ümumidir və o Allah yolunda var-dövlət xərcləməyin müxtəlif formalarını göstərir: gizli və aşkar, gecə və gündüz... Ayədə belə saleh iş görənlər böyük mükafatla müjdələnir. Onların mükafatı Allahın yanındadır, keçmiş və gələcək barəsində də qəmgin deyillər. Ayə ümumi məfhum ifadə etsə də, rəvayətlərdən belə başa düşülür ki, onun nazil olması imam Əli (ə) ilə bağlıdır. Çünki rəvayətlərin çoxunda bu ayənin ilk dəfə imam Əli (ə) haqqında nazil olduğu göstərilir.
İbn Abbas deyir: “Bu ayə həzrət Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur. Bir dəfə Həzrət Əlinin (ə) cəmi dörd dirhəm pulu var idi. Onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dirhəmini isə gizli şəkildə Allah yolunda ehsan etdi. Allahın Peyğəmbəri (s) ondan “Ya Əli! Səni bu işə nə vadar etdi?” – soruşduqda, həzrət Əli (ə) belə cavab verdi: “Allahın mənə vəd etdiklərini qazanmaq istəyim!” Peyğəmbər (s) buyurdu: “Agah ol ki, sən həmin vədlərə nail oldun!” Bu zaman yuxarıdakı ayə nazil oldu.”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi digər yeddi hədislə yanaşı müxtəlif ravilərdən nəql etmişdir. (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.109-115.)
Süyuti də “Əd-durrul-mənsur” kitabında bunu müxtəlif sənədlərlə İbn Abbasdan nəql edir və deyir ki, bu ayə Əmirəlmöminin Əli (ə) haqqında nazil olmuşdur. O həzrətin dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli xərclədi. Bu zaman “infaq” ayəsi nazil oldu. (“Əd-durrul-mənsur”, 1-ci cild, səh.363.)
Hədisin mənası budur ki, imam Əli (ə) öz var-dövlətini xərcləməkdə Allahın razılığını qazanmaq üçün heç nəyini əsirgəməmişdir. Birincisi, malik olduğu malı Allah yolunda xərc etmiş, ikincisi, bu iş həm gecə, həm gündüz, həm aşkar, həm də gizli yerinə yetirmişdir. Allahın razılığını qazanmaq üçün sevinclə yanaşı ixlas və fədakarlıq Onun dərgahında qəbul edilmiş və bu ayə nazil olmuşdur.
Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba” (səh.88.), Sibt ibn Cövzi “Təzkirətul-xəvass” (səh.17.), Əllamə Gənci “Kifayətut-talib” (səh.108.), məşhur təfsir alimi Qurtubi “Təfsir” (2-ci cild, səh.1115, bəhs etdiyimiz ayənin təfsirində), Şəblənci “Nurul-əbsar” (səh.105.), Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət” (səh.92.) və digər əhli-sünnə alimləri öz kitablarında (yuxarıda qeyd etdiyimiz mətndən azacıq fərqlə) nəql etmişlər.
“Fəzailul-xəmsə” kitabında bu hədis digər kitablardan, o cümlədən, İbn Əsirin “Usdul-ğabə” (4-cü cild, səh.25.), İbn Həcərin “Əs-səvaiqul-muhriqə” (səh.78.) və Vahidinin “Əsbabun-nüzul” (səh.64.) kitablarından nəql edilmişdir.
Bu ayənin təfsirində nəql etdiyimiz hədisləri İbn Əbil-Hədid Mötəzilinin rəvayəti ilə sona yetiririk. O, imam Əlinin (ə) fəzilətlərini qeyd edib, “səxavət” fəzilətinə çatdıqda, “Həl-əta” surəsinin ayələrinə işarə ilə yazır: “Təfsirçilərin nəqlinə görə, həzrət Əlinin (ə) yalnız dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli infaq etdi. Bu zaman Allah-Taala onun haqqında “infaq” ayəsini nazil etdi.” (“Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh.21.)
Qeyd olunduğu kimi, bu hadis də təfsirçilər arasında yekdil, qəbul edilən həm də məşhur bir hədisdir. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.262-264.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər