Gizli Şirk |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-02-2015, 00:01 | Şərh sayı: (0) | Baxılıb: 653
Gizli Şirk
"De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın». ("Kəhf” 110).
Bu ayədən göründüyü kimi, söhbət şirkdən gedir. Şirk bəzən ibadətdə də olur. Belə ki, namazın, orucun, həccin, xümsun, zəkatın, nəzirin zahiri bir sıra hallarda ibadətə bənzəyir. Ancaq batində, yəni qəlbində isə nəzəri cəlb etmək və ya şöhrət qazanmaq üçün ola bilir. Belə ibadət - riyadır. Hədislərdə isə kiçik şirk adlandırılmışdır. Bu riya ibadəti məhv edər, yandırar.
Hədislərin birində Peyğəmbər (s) buyurur: -"Kiçik şirkdən çəkinin”. Soruşdular ki, kiçik şirk nədir? Buyurdu: -"İşi riya və şöhrət üçün etmək - kiçik şirkdir”. Ona görə də ibadətdə riya etmək əməli şirkə çevirər. Bu da ibadəti dəyərsiz edər.
Şirkin özü bir neçə hissəyə bölünür: ümumi, aşkar və gizli. Bizim bəhsimiz gizli şirkdir.
Bu, elə şirkdir ki, sahibi belə ondan agah deyildir. Bu şirk gizli şəkildə insanın imanını əlindən alar, dinini yandırar.
Gizli şirk əməldə, itaət və ibadətdə olur. İbadətdə şirk etmək, yəni Allaha şərik qoşmaqdır. Məsələn, namaz qılan zaman Allahdan qeyrisini nəzərdə tutmaq kimi. Təbii ki, insan namaz qılan zaman Allahdan qeyrisini düşünməməlidir.
Həzrət Peyğəmbərdən (s) nəql edilir: "Allah Təala buyurur: Hər kim saleh əməl edərsə və o əməldə Məndən qeyrisini şərik qoşarsa - bu əməl tamamilə onundur. Mən o əməldən və ya əməlin sahibindən bezaram. Mən bütün ehtiyacı olanlardan ehtiyacsızam”.
İmam Sadiq (ə) buyurur: "O bəndə ki, İlahi rəhmət və axirəti üçün bir əməl görər və o əmələ insanlardan birinin rizayətini daxil edərsə, həqiqətən o, müşrikdir”.
Əməldə və rəftarda niyyətin xalisliyinə diqqət etmək - gizli şirkin qarşısını almağın tək yoludur. Həzrət Peyğəmbər (s) buyurur: "Sizin üçün ən çox qorxduğum şey - gizli şirkdir, ona görə də gizli şirkdən uzaq olun. Çünki mənim ümmətimdə şirk, qaranlıq zülmətdə qara daşın üzərində gedən qarışqadan da gizlidir”. Necə ki, gecə qara daşın üzərində hərəkət edən qarışqanı görmək çətin olur, gizli şirki aşkar etmək də çox çətindir.
Ətrafa baxın və əgər bağçanızda bitən bitkilərin böyüməsinə səbəb kimi Günəşi görürsünüzsə, bu gizli şirkdir. Çünki buna səbəb Allahdır və Günəş - vasitədir. Əgər vasitə kimi görürsünüzsə, bu zaman ibadət olar.
Gizli şirkdən biri də xəstələnən zaman həqiqi Şəfaverəni yaddan çıxartmaqdır. Yəni şəfanı dərmanda, həkimdə axtarmaqdır. Onları vasitə kimi yox əsl səbəb kimi görməkdir.
Tövhid - müsəlmanın etiqadının ən mühüm hissəsidir. Onu büruzə vermək üçün çalışmaq lazımdır. Rəftarında, etiqadında Allahın yeganə olmasını sübut etməlidir.
Əgər belə bir şirkə düçar olmuşuqsa, o zaman Allaha təvəkkül edərək, Onu yaxşı olan hər bir şeyin Səbəbkarı kimi görərək, bu şirkin zəminəsini aradan qaldıra bilərik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər