İslamın karikaturası |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-12-2015, 08:56 | Şərh sayı: (0) | Baxılıb: 276
İslamın karikaturası
Qurani-kərim hidayət mənbəyi olmaqla yanaşı, eyni zamanda fərd və toplum üçün lazım olan qanunların ümumi müddəalarını ehtiva edən müqəddəs kitabdır. Onun ortaya qoyduğu qanunlar Peyğəmbər və imamlarımızın izahında daha geniş və şəffaf şəkildə açıqlanır, qəti əqli dəlillərlə yanaşı İslam dininin, onun ideologiyasının, hüquqi-praktik və etik normalarının özəyini təşkil edir.
İslam dini – kamillik məktəbidir. Bu din insanların həm dünya, həm də axirət səadətinin qarantıdır, onların maddi və mənəvi həyatını tənzim edir. Lakin təbiidir ki, bu dinə iman bəsləyən insanların hamısı uyğun məktəbin şagirdlərinə çevrilmirlər. Günəşin də insanlara çoxlu faydası var, amma ondan qaçanlar üçün yox. İslam dini yalnız kamillik axtarışında olanları, maddi aləmdən cana doyub mənəviyyat vadisinə qədəm qoyanları, Allah zikrindən başqa heç bir şeyin dərman olmadığını düşünənləri, Allahın razılığı olmayan yerdə bütün var-dövlətin, cah-calalın, şan-şöhrətin bir quruşa dəymədiyini bilənləri məqsədə çatdırır, mütləq kamala qovuşdurur...
Görəsən biz bu kamilliyin harasındayıq, İslam məktəbinə yazılmışıqmı? İndiyədək həyatımızın neçə faizini islamlaşdırmışıq?
Bizə məlumdur ki, Allah-Taala insanlara örnək olsunlar deyə, kamil insanlar göndərib. Bu insanlar ilahi peyğəmbərlər və məsum imamlardan ibarətdir. Onlar Allahın dinini nəzəri cəhətdən öyrətməklə yanaşı, həm də praktiki cəhətdən canlı din olmuşlar. Onların əməli olaraq yaşadıqları İslam bir insan kimi təsəvvür olunsa, çox normal və sağlam bir insan şəkli cilvələnər. Məsum olmayan möminlərdən də belə bir İslamı yaşayanlar var təbii. Amma təəssüf ki, əksər hallarda yaşadığımız din heç də kamil İslam formatında deyil. Dinin bəzi göstərişləri bizim üçün hədsiz əhəmiyyət kəsb etdiyi halda, bəzi göstərişləri unudulmuş, yaxud lazımi əhəmiyyətini itirmişdir.
Bir xarici dini filmi xatırlayıram: “Qanun kitabı”. Bu filmdə, yeni müsəlman olmuş və müsəlmanların ölkəsinə gəlmiş bir gəlin ətrafındakıların İslamdan çox-çox uzaq olduğunu görüb, aşağıdakı məsələlərə qarşı iradını bildirir: sübh namazını vaxtında qılmamaq, qeybət etmək, müştəriləri aldatmaq, saxlanma müddəti bitmiş məhsulları satmaq, insanlarla kobud danışmaq, küsülü qalmaq, uşaq saldırmaq və s. Özlərini çıxılmaz vəziyyətdə görən qohumları isə avropalı gəlinlərinə bu məsələlərdə irad bildirirlər: namazın bəzi sözlərini düzgün tələffüz edə bilməmək, xörəyə sarımsaq vurmaq, ayaqyoluna sağ ayaqla daxil olmaq, almanı sol əllə yemək və s.
Burada xarici ssenarilərə müraciət etdiyim üçün məni mütləq qınayacaqsız. Axı əcnəbilərə baxmağa nə lüzum var, məgər öz ətrafımızda (oxu: həyatımızda) azmı belə ssenarilərdən? Namaz qılmayanı ağız dolusu məzəmmət etdiyimiz halda, nə qədər sübh namazlarımız qəza olur? Şərab içənə nifrət edərkən, qeybət edəni məclisimizin başında oturdub, sözlərinə bəh-bəh demirikmi?! İslam dininin nizam-intizama, qayda-qanuna dəvət etməsindən ağız dolusu danışıb, yol hərəkəti qaydalarını pozmuruqmu, küçələrə, yollara zibil tökmürükmü?! Yersiz yerə azmı qışqırmışıq həyat yoldaşımızın başına?! Yoxsa dilimizə acı söz gətirmir, ətrafımızdakıların hüquqlarını dəqiqliklə yerinə yetiririk?! İslam və insanlıq düşmənlərinin mallarını boykot etməli olduğumuz halda, belə ölkələrin mənafeyinə xidmət edən alış-verişlərimiz yoxmudur?! Hətta ehsan süfrələrimizi belə, sionistlərin nestle, koka-kola və pepsiləri bəzəmirmi?!
Bəzən irfana və abidliyə qapanıb dünyadan qafil oluruq, bəzən də siyasətə qurşanıb əxlaqdan uzaqlaşırıq! Qulağımızın dibində top atılsa, diksinmərik, hər gün öldürülən insanlara, yetim qalan körpələrə, dul qalan gəlinlərə görə heç tükümüz tərpənmir. Gecə namazı qılanlarımızın bəziləri özlərinin düşük sözlərilə Allahı ələ salmaqda, Peyğəmbər və imamlarımızı gülünc vəziyyətdə qoymaqda, qərbpərəst cavanlarımızsa Quranda səhv axtarışında.
Bəzən səcdələrimizin uzunluğundan alnımız qabar olur, amma xüms, zəkat və digər şəri ödənişlərdən söhbət düşəndə özümüzü eşitməzliyə vururuq. Söyüşü, yalanı, israf etməyi, söz verib əməl etməməyi, qərar yerinə gecikməyi, paxıllıq etməyi, təkəbbürlülüyü, acıdilliliyi, bəd gümanları və digər qəbahətli xüsusiyyətləri necə, özümüzdən uzaqlaşdıra bilmişikmi?
Deyilənə görə, o dünyada əməllərimiz insan kimi canlanacaq. Deyirəm əgər bu dünyada İslamın karikaturasını* yaşasaq, o tərəfdə əməllərimizdən yaranan İnsan hansı vəziyyətdə olacaq?
P.S: Yazıda göstərilən problemlər düşündürmək üçündür. Eyni zamanda, onların ən kamil insanlar üçün belə faydasız olmayacağına əminəm.
* Təbir Həsən Xomeyninindir.
Vüsal Hüseynzadə
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər