Hacı Şahin Həsənli: “Kimsə kiminsə əvəzinə vəzifə müəyyən edə bilməz” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-11-2015, 00:17 | Şərh sayı: (0) | Baxılıb: 403
Hacı Şahin Həsənli: “Kimsə kiminsə əvəzinə vəzifə müəyyən edə bilməz”
Bir çox ilahiyyatçılardan bu duanı eşitmişik: “İlahi, bizə vəzifələrimizi tanıt və onları ləyaqətlə yerinə yetirməyə yardım et”. Bəs, yaxşı, bu vəzifələri biz kimin vasitəsi ilə və necə tanımalıyıq? Axı günümüzdə nə peyğəmbərə, nə də müəyyən səbəbə görə imama müraciət edə bilmirik. Bəs neyləyək? Bu sualla islam.az ilahiyyatçı hacı Şahin Həsənliyə müraciət edib.
- İnsanın özünə vəzifə təyin etməsi onun əqli təhlili əsasında olmalıdır. İnsan şəraiti təhlil etməli və bundan doğru, düzgün nəticə çıxarmalıdır. Kimsə kiminsə əvəzinə vəzifə müəyyən edə bilməz. Kimsə düşünüb insanın əvəzinə ona yol təyin etməməlidir. Bu insanın insanlıq məqamı ilə bir yerə sığmır və din məntiqinə ziddir. Çünki din insana dəyər verir, şəxsiyyət və düşüncə sahibi kimi tanıyır. Hər kəs seçimində azaddır. Dinimiz insana seçim azadlığı verir.İnsanın da dəyəri doğru yolu seçməkdədir.
- Doğru yol dedikdə nəyi nəzərdə tutursunuz?
- Doğru yol mücərrəd bir anlayış deyil. Yəni insan din yolundadırsa, bu hələ deməyə əsas vermir ki, o doğru yolla addımlayır. Biz hər gün namazda Allaha dua edirik ki, bizi doğru yola yönəltsin – “ihdinas siratəl mustaqim”. Yəni biz Allahdan istəyirik ki, bizə yardımçı olsun, biz öz vəzifələrimizi dövrün tələbinə uyğun olaraq müəyyən edə bilək. Bu məsələnin birinci tərəfidir: insan təhlil nəticəsində düzgün nəticə almalıdır. Amma düzgün nəticəyə gəlmək üçün təbii ki, Allahın yardımı da olmalıdır. Quranda da Rəbbimiz buyurur ki, əgər təqvalı olsanız Allah sizə Furqan bəxş edər. Furqan – haqqı nahaqdan fərqləndirən bir nur mənasını verir. Yəni insanın günahlardan çəkinməsi nəticəsində ağlı, şüuru aydınlaşır və insan doğru və düzgün mühakimə yürüdə bilir. Dediklərimizin yekunu olaraq söyləmək olar ki, insanın vəzifələrinin təyinində önəmli şərtlər düşünməsi, düzgün təhlil etməsi və bir də mənəvi təmizliyini qoruyub saxlamasıdır.
- Anladığımız qədər vəzifənin təyini insanın taleyində böyük əhəmiyyət kəsb edir. Bəs bu sınaqla tez-tezmi rastlaşırıq?
- İnsan hər gün seçim etməyə məcbur olur. Ümumiyyətlə həyat doğru seçim etmək deməkdir. Həyatı düzgün yaşamağın anlamı budur. Ona görə də insan özünə dəyər verməlidir, şəxsiyyət kimi tanımalıdır, öz yolunu təyin etməlidir. Təbii ki, İlahi dəyərlər göz önündədir və insan sağlam düşüncəsi ilə öz yolunu özü müəyyənləşdirməyə qadirdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər