İmam Rzanın (ə) bacısı - Həkimə xatun |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-11-2015, 21:35 | Şərh sayı: (0) | Baxılıb: 755
İmam Rzanın (ə) bacısı - Həkimə xatun
İmam Musa Kazim (ə) imamların sırasında övladlarının sayına görə birinci yerdə durur. Onun 37 (19-u qız olmaqla) yaxud 60 (37-si qız olmaqla) övladı olduğunu yazırlar. “Musəvi” nəsəbli seyidlər nəsli İmam Musa Kazimin (ə) törəməsidir. İmamın övladlarının çoxu İran və ona bağlı olan ərazilərdə vəfat edib dəfn olunmuşlar. Bu da İmam Rzanın (ə) Tusa gətirilməsindən sonra qardaş və bacılarının Onu görmək üçün İrana gəlmələri ilə bağlıdır. İmam Kazimin (ə) oğullarından İmam Rza (ə) Məşhəddə, “Şahçıraq” ləqəbli Əhməd Şirazda, Səfəvilər nəslinin banisi Həmzə isə Reydə dəfn olunmuşlar. Qızlarından Həzrət Fatimeyi-Məsumənin Qum şəhərindəki məzarı böyük ziyarətgahdır.
İmam Kazim və İmam Rzanı (ə) Azərbaycanla bağlayan cəhətlərdən biri də möhtəşəm Bibiheybət ziyarətgahıdır. Bakı şəhərinin cənub-şərqində, Xəzər dənizi sahilində, keçmiş Şıxlar qəsəbəsinin ərazisində yerləşən bu ziyarətgahda İmam Rzanın (ə) bacısı Həkimə xatun (və yaxud Hükeymə xatun) dəfn edilib. Bəzi mənbələrdə onun adı Fatimeyi-süğra kimi xatırlanır. İmam Rzanın (ə) Fatimə adlı bir neçə bacısı olub. Onlardan biri Qumda, o biri Rəştdə, digəri isə İsfahanda dəfn olunub. Bakıda dəfn olunan imam övladını fərqləndirmək üçün ona Fatimeyi-suğra (kiçik Fatimə) deyirlər. Həkimə xatunun Bakıya gəlib-çıxmasının səbəbi mənbələrdə müxtəlif cür göstərilib. Bəzi məlumatlara görə o, Mədinədə hökumətin dözülməz təzyiqlərindən qaçmış, başqa bir məlumata görə qardaşı İmam Rzanı (ə) görmək üçün Xorasan istiqamətində yola düşmüşdü. Rəvayətə görə, Həkimə xatun Xəzər dənizinin cənub sahilindəki Ənzəli limanından Baba Səccad adlı bir nəfərin bələdçiliyi ilə dəniz yolu vasitəsilə Bakıya gəlir, burada Əhli-beyt tərəfdarı Hacı Bədir adlı tacir ona xidmət etməyi öhdəyə alır. Hacı Bədir imam qızını təhlükəyə salmamaq üçün Bakı şəhərindən kənara köçür və indiki Şıxlar kəndinin ərazisində məskən salır.
“Bibiheybət” sözünün birinci hissəsi olan “bibi” ifadəsi əsasən, fars dilində hörmət mənasında qadına müraciət forması kimi işlədilir. “Heybət” sözünə gəlincə, bəziləri bunu “Hacı” və “Bədir” sözlərinin ilk hərflərinin – “hey” və “bə” səslərinin birləşməsi kimi qəbul edirlər. Guya Hacı Bədir təzə məkanda özünü Heybət adlı nökər, Həkimə xatunu isə öz xanımı kimi təqdim edirmiş.
Bir müddətdən sonra Həkimə xatun vəfat edir və onu elə bu yerdə dəfn edirlər. Hacı Bədiri (Heybəti) də öz vəsiyyətinə əsasən, Həkimə xatunun məzarının ayaq tərəfində, bir qədər aşağı müstəvidə torpağa tapşırırlar.
Müqəddəs məzarın yanındakı 3 qəbrin kimlərə aid olması mübahisəlidir. Rəvayətlərdə bu qəbirlərdə İmam Rzanın (ə) nəvələrinin basdırıldığı deyilir. Guya Həkimə xatun bu uşaqları da özü ilə birlikdə gətiribmiş. Hər bir halda, bu 3 nəfər də imamət nəslindən möhtərəm seyyidlər imiş.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər