Viran qalan bəy evləri... |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 31-10-2015, 16:29 | Şərh sayı: (0) | Baxılıb: 368
Viran qalan bəy evləri...
Milli.Az qafqazinfo-ya istinadən jurnalist Asəf Quliyevin Tovuzdakı 19-cu əsrə aid bəy evlərindən hazırladığı reportajı təqdim edir:
Ötən həftə Tovuza səfərim zamanı dostumuz Tariyel Abbasov Azərbaycanı qarış-qarış gəzən bir jurnalist üçün çox maraqlı ola biləcək fakt söylədi. Mən bu faktı qaçırmaq istəmədim və Tariyel Abbasovdan haqqında indi danışacağım məkana getməyi xahiş etdim.
Söhbət Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindəki bəy evləri kimi tanınan Nəsib və Yusif bəyin evlərindən gedirdi.
Ola bilsin ki, bu faktlar tarixçilər üçün məlum həqiqətlərdir. Amma mənə xüsusi təsir edən bu tarixin xalq arasında da indiyə qədər unudulmamağıdır. Bu evlərin yerləşdiyi məkana çatanda kənd orta məktəbinin direktor müavini İsa Hüseynovla da tanış oldum. Onun söylədikləri çox maraqlı idi.
Haqqında danışmaq istədiyim bu evlər 19-cu əsrə aiddir.
İsa müəllimin sözlərinə görə, xalq arasında bu bəylərin əslən Cənubi Azərbaycandan olan Şəmsəddin Sultanın övladları olduğu söylənir. Şəmsəddin Sultan xanlıqlar dövründə Cənubi Azərbaycandan Tovuz mahalına köçüb və burada müstəqil sultanlıq qurub. Şəmkir, Gədəbəy, Qazax, Tovuz bu sultanlığın tərkibində olub.
Rus istilası başlayan zaman Şəmsəddin Sultan da imperiya təbəəliyini qəbul edib. Ancaq sonra ruslarla anlaşa bilməyən Şəmsəddin Sultan Həştərxana sürgün edilib. Şəmsəddin Sultan sürgün olunduqdan sonra onun övladları da hərəsi bir tərəfə dağılıb.
İndi həm Tovuzda, həm də Azərbaycanın müxtəlif bölgələrində bu nəsildən olan insanlar yaşayır.
Həmsöhbətimiz onu da bildirdi ki, müxtəlif vaxtlarda Nəsib bəyin nəvə-nəticələri buraya gəlib maraqlanıblar. Bu nəsildən olan insanlardan indi Yevlaxda yaşayanlar da var.
Azərbaycanda bolşevizmin qələbəsindən sonra Nəsib və Yusif bəyin evləri hökumətin balansına keçib.
İsa müəllimin sözlərinə görə, Sovet hökuməti qurulan illərdə bəzi bolşeviklər bu binaların sökülməsini tələb edib. Amma ağıllı insanlar tapılıb və binaların sökülməsinin qarşısını alıb. Təklif olunub ki, bəy malikanələri məktəb və xəstəxana kimi istifadə olunsun.
Nəsib bəyin 1885-ci ildə tikilmiş malikanəsində 1984-cü ilə qədər kənd məktəbi yerləşib. 1985-ci ildə yeni məktəb istifadəyə verildikdən sonra bu bina istifadəsiz qalıb.
Yerli əhəmiyyətli mədəniyyət abidəsi olan bu bina artıq 20 ildir ki, baxımsız qalıb. Binanın bugünkü durumu, doğurdan da, ürək ağrıdandır.
Yusif bəyin evindən isə xəstəxana kimi istifadə olunub. Və bu gün də Yuxarı Öysüzlü kənd xəstəxanası bu binada yerləşir.
Bu malikanənin darvazaları üzərindəki simvollar diqqəti xüsusi cəlb edir. Əlində qılınc tutmuş şir və günəş. Xanlıqlar dövründə populyar olan bu simvollar hələ də xəstəxana darvazaları üzərində qalmaqdadır.
Xəstəxana binasının üzərində abidənin dövlət tərəfindən qorunduğunu bildirən lövhə də var. Amma uzun illər məktəb yerləşən binanın üzərində bu lövhə də artıq yoxdur. Əvəzində binanın hansı ildə tikildiyini göstərən yazı hələ də qalmaqdadır.
Azərbaycanda maddi mənəviyyatımızın daşıyıcıları olan tarixi abidələrin qorunmasına dövlət tərəfindən diqqət olduğunu nəzərə alsaq, Nəsib bəyin evinin bugünkü vəziyyəti təəssüf və təəccüb doğurur.
Yaxınlıqda bəy evləri ilə eyni dövrdə tikilmiş məscid binası da var. Bu məscid müxtəlif vaxtlarda müxtəlif məqsədlərlə istifadə olunub. Amma indi yenə də kənd sakinlərinin ibadət yeridir. Xalq bu Allah evinin qorunmasını və həmişə qapılarının inanclı insanların üzünə açıq olmasını təmin edə bilir. Ümid edək ki, bir vaxtlar xalqa məktəb kimi xidmət etmiş Nəsib bəyin evinə də diqqət ayrılacaq. Axı məktəb də bir məbəddir. Həm də bu evlərin tarixi özü bir məktəbdir...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər