İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – QURANİ-KƏRİM (1) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 6-02-2016, 16:17 | Şərh sayı: (0) | Baxılıb: 1710
İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – QURANİ-KƏRİM (1)
Məsum imamların elmi ilə bağlı diqqəti cəlb edən ən mühüm məsələ onların elmi mənbələridir. Görəsən, onlar din və dünya ilə əlaqədar bu qədər məlumatı haradan almışlar? Onlara vəhyin nazil olmadığına, Peyğəmbərin (s) vəfatından sonra vəhyin kəsildiyinə heç bir şəkk-şübhə qalmadığı halda, şəriət məsələlərini, İslam və müsəlmanların məsləhətlərini, ümmətin hidayəti ilə bağlı zərurətləri, eləcə də, keçmiş və gələcəyi haradan bilirdilər?
Quran ayələri və rəvayətlərə diqqət yetirdikdə, bir çox mənbələr gözə dəyir ki, onlardan biri də Allahın kitabı Qurani-Kərimdir. Məsum imamlar Qurani-Kərimin “təfsir və təvil”ini, “zahir və batin”ini, “möhkəm və mütəşabih” ayələrini çox gözəl bilirdilər. “Rəd” surəsinin 43-cü ayəsində buyurulur:
وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلاً قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَاب
“Kafirlər “Sən peyğəmbər deyilsən” deyirlər. Onlara belə cavab ver: “Mənimlə sizin aranızda Allahın və kitabdan xəbərdar kəsin şahidliyi kifayətdir!”
Bu ayədən aydın başa düşülür ki, Allahın kitabından agah olanlar vardır. Diqqət yetirmək lazımdır ki, “elmül-kitab” (kitabdan xəbərdar olmaq) mütləq şəkildə (qeydsiz) işləndiyindən, bütün ilahi kitablarda mövcud olanlara şamildir. Lakin “Nəml” surəsinin 40-cı ayəsində Allahın kitabından cüzi xəbərdar olan kəs haqda buyurulur:
قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ
“Kitabdan bir qədər bilən kəs dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!”
Şübhəsiz, Allahın kitabı elm və bilik mənbəyi, hər işin açarıdır. Belə ki, Süleyman peyğəmbərin vəziri Asəf ibn Bərxiya Allahın kitabından cüzi xəbərdar olduğu halda, zahirən mümkün olmayan bir işin yerinə yetirilməsini öhdəsinə götürdü və Səba padşahının taxtını bir göz qırpımında Ərəbistanın cənubundan (Yəməndən) şimalına (Suriyanın Şam şəhərinə – Süleyman peyğəmbərin hökumət mərkəzinə) gətirdi. Şübhəsiz, Allahın kitabı və onda olan bütün elmlərdən agah olan şəxs istənilən çətin və ağlagəlməz işləri görməyə qadirdir. Amma “Görəsən, kim kitabın elminə vaqifdir və Allahın kitabını bilənlər kimdir?” sualının cavabı Qurani-Kərimdə üstüörtülü qeyd edilmişdir. Bəzilərinin əqidəsinə görə, həmin şəxs Allahın Özüdür. (Belə olduqda, “mən indəhu elmul-kitab” (kitabdan xəbərdar olan kəs) cümləsi kəlamın zahirinin əksinə olan bir təfsir bağlayıcısından ibarət olacaqdır!) Bəzi təfsirçilərin nəzərincə, məqsəd əvvəllər kitab əhlindən olmuş, İslam Peyğəmbərinin (s) nişanələrini keçmiş səmavi kitablarda görmüş və onun haqq olduğunu qəbul edən Salman Farsi və Abdullah ibn Salam kimi alimlərdir.
Lakin bir çox təfsir alimlərinin qeydlərinə əsasən, bu ayə imam Əli (ə) barəsindədir. Məşhur təfsirçi Qurtubi bu ayənin təfsirilə əlaqədar Abdullah ibn Ətadan belə nəql edir: “Mən Əbu Cəfər ibn Əli ibn Hüseynə “Camaat elə güman edir ki, ayədə qeyd olunan “əlləzi indəhu elmul-kitab” (kitabı bilən şəxs) ifadəsində məqsəd Abdullah ibn Salamdır!” dedikdə, o cavab verdi: “O (Allahın kitabını bilən) kəs, yalnız Əli ibn Əbu Talibdir.” Bunu Məhəmməd ibn Hənəfiyyə də təsdiq etmişdir. (“Təfsiri-Qurtubi”, c.5, səh.3565.)
Diqqəti cəlb edən budur ki, surə (“Rəd” surəsi) Məkkədə nazil olmuşdur. Halbuki Abdullah ibn Salam, Salman Farsi və kitab əhlindən olan digər alimlər İslam dinini Mədinədə qəbul etmişdilər.
Bu fikir Səid ibn Cübeyrdən də nəql olunur. Belə ki, ondan “ayədə qeyd olunan “mən indəhu elmul-kitab!” (Allahın kitabını bilən şəxs) Abdullah ibn Salamdırmı”, deyə soruşduqda, belə cavab vermişdi: “O deyil, çünki bu surə Məkkədə nazil olmuşdur!” (“Əd-durrul-mənsur”, c.4, səh.69.)
Həmçinin Şeyx Salman Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında Sələbi, İbn Məğazili və Abdullah ibn Ətadan nəql edir ki, imam Mühəmməd Baqirlə (ə) birgə məsciddə oturmuşdum. Bu zaman Abdullah ibn Salamın oğlunu görüb dedim: “Bu Allahın kitabını bilən şəxsin oğludur!” İmam Mühəmməd Baqir (ə) buyurdu: “(Xeyr!) Ayə həzrət Əli ibn Əbu Talib (ə) barəsində nazil olmuşdur.”
Həmin kitabda başqa bir rəvayətdə Ətiyyə Ovfi, Əbu Səid Xudridən belə nəql edir: “Peyğəmbərdən (s) “əlləzi indəhu elmun minəl-kitab” (“Nəml” surəsinin 40-cı) ayəsi haqda soruşulduqda, o həzrət buyurdu: “O, qardaşım Süleyman ibn Davud peyğəmbərin vəziri idi!” Sonra “De ki, Allah və Onun kitabından xəbərdar olan şəxsin mənimlə sizin aranızdakı şahidliyi mənə bəsdir.” – ayəsinin kimin haqqında nazil olduğu soruşuldu. Həzrət buyurdu: “O, qardaşım Əli ibn Əbu Talibdir!”
Başqa bir rəvayətdə İbn Abbas belə deyir: “Allahın kitabını bilən şəxs yalnız Əlidir. O, Quranın təfsir və təvilini, nasix və mənsuxunu bilir!” (“Yənabiul-məvəddət”, səh.102-104.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər