İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 28-03-2016, 22:55 | Şərh sayı: (0) | Baxılıb: 378
İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ
Qurani-Kərimdə imam Əlinin (ə) fəzilət və üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Uzunun-vaiyə” adını daşıyan “Haqqə” surəsinin 12-13-cü ayələrdir. Bu ayələrdə buyurulur:
إِنَّا لَمَّا طَغَى الْمَاء حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ
“Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik. Ona görə ki, bunu (bu hadisəni) sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu eşidib yadda saxlayacaq (ki, başqaları da ibrət götürsünlər)!”
Süyuti “Əd-durrul-mənsur” kitabında altı silsilə sənədlə məşhur səhabə Büreydədən nəql edir ki, Peyğəmbəri-Əkrəm (s) həzrət Əliyə (ə) buyurdu:
اِنَّ اللهَ اَمَرَنِى اَنْ اُدْنِيَكَ وَلا اُقْصِيَكَ، وَاَنْ اُعَلِّمَكَ وَاَنْ تَعِىَ، وَحَقٌّ لَكَ اَنْ تَعِىَ، فَنَزَلَتْ هذِهِ الآيَةُ وَتَعِيَها اُذُنٌ واعِيَةٌ:
“Allah-Taala mənə əmr etdi ki, səni özümə yaxın bilim və özümdən uzaqlaşdırmayım, sənə təlim verim və səni saxlayım. Sən buna layiqsən!” Elə bu zaman bu ayə nazil oldu: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!”
Yenə həmin kitabda (Əbu Nəim İsfahaninin “Hilyətül-övliya” kitabından) imam Əlidən (ə) bunu nəql edir və Peyğəmbəri-Əkrəmin (s) yuxarıda qeyd etdiyimiz sözlərdən (Büreydənin nəql etdiyi hədisdən) sonra belə buyurduğunu yazır: “Ya Əli! Sən mənim elmimi qoruyub-saxlayacaqsan!” (“Əd-durrul-mənsur”, c.6, səh.260.)
Yenə həmin kitabda beş sənədlə Peyğəmbərin (s) Məkhul adlı xidmətçisindən belə nəql edir: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) buyurdu: “Rəbbimdən istəyirəm ki, eşidib yadda saxlayan qulaq Əlinin olsun!” İmam Əli (ə) deyir: “Bundan sonra Allahın Peyğəmbərindən (s) elə bir söz eşitmədim ki, onu yaddan çıxarım!” (“Əd-durrul-mənsur”, c.6, səh.260.)
Eləcə də, Zəməxşəri “Kəşşaf” kitabında qeyd etdiyimiz sonuncu hədisi iradsız nəql etmişdir. (“Kəşşaf”, c.4, səh.600.)
Digər təfsir alimləri də, o cümlədən, Fəxri-Razi “Kəbir” (c.30, səh.107.), Alusi “Ruhul-məani” (c.29, səh.43.), Borsui “Ruhul-bəyan” (c.10, səh.136.) və Qurtubi “Təfsiri-came”də (c.10) həmin ayənin təfsirində bu hədisi nəql etmişlər. Təbəri də “Təfsir” kitabında bu haqda bir sıra hədislər nəql etmişdir. (“Təfsiri-Təbəri”, c.29, səh.35.)
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində müxtəlif ravilərdən sonu Peyğəmbəri-Əkrəmə (s) çatan on üç hədis nəql etmişdir. Bu hədislərdən bəzisini Peyğəmbəri-Əkrəmin (s) xidmətçisi Məkhuldan, bəzisini Büreydədən, bəzisini imam Əlidən (ə), bəzisini Cabir ibn Abdullah Ənsaridən nəql etmişdir. Onların bir qismini nəzərdən keçirək:
Əbud-Dünyanın imam Əlidən (ə) nəql etdiyi bir hədisdə belə deyilir: ”Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-Əkrəm (s) mənə buyurdu: “Ya Əli! Mən Allahdan istəmişəm ki, o qulaq sənin qulağın olsun.” (Eşitdiklərini yadda saxlayıb, başqalarına çatdırasan.) (“Şəvahidut-tənzil”, c.2, səh.271.)
Məkhuldan nəql olunan başqa bir hədisdə belə buyurulur: “Peyğəmbəri-Əkrəm (s) “və təiyəha uzunun-vaiyəh” (Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!) ayəsini tilavət etdikdən sonra üzünü həzrət Əliyə (ə) tutub buyurdu: “Allahdan istəmişəm ki, eşidib yadda saxlayan qulaqlar sənin qulaqların olsun!” Həzrət Əli (ə) deyir: “Ondan sonra Peyğəmbərdən (s) hər nə eşidirdimsə, yadımdan çıxmırdı!” (“Şəvahidut-tənzil”, c.2, səh.277, hədis 1015.)
Həmin kitabda Büreydə Əsləminin hədisi olduğu kimi nəql edilir. Nəhayət, Cabir ibn Abdullah Ənsarinin belə dediyi yazılır: “Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-Əkrəm (s) Allahdan istədi ki, bu fəzilət həzrət Əliyə (ə) nəsib olsun və Peyğəmbərin (s) də bu istəyi qəbul oldu.” (“Şəvahidut-tənzil”, c.2, səh.280, hədis 1019.)
“Fəzailul-xəmsə” kitabının müəllifi bu hədisi qeyd edilən kitablardan əlavə, “Kənzül-ümmal”, “Nurul-əbsar”, “Məcməüz-zəvaid” (Heysəmi) və “Əsbabun-nüzul” (Vahidi) kitablarından da nəql etmişdir. (“Fəzailul-xəmsə”, c.1, səh.320-321.)
Nəticə: İmamət, vilayət və Peyğəmbərin (s) canişinliyinin şərtlərinə, ilahi rəhbərlərin elm və bilikdən kifayət qədər bəhrələnməsinə, eləcə də, sözügedən ayənin təfsirində nəql olunan rəvayətlərə əsasən, imam Əli (ə) imamət və vilayət məqamına daha çox layiqdir! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.253-255.)
Rza Şükürlü
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər