İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 28-03-2016, 22:40 | Şərh sayı: (0) | Baxılıb: 472
İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
Qurani-Kərimdə imam Əlinin (ə) üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Münafiqun” adını daşıyan “Mühəmməd” surəsinin 30-cu ayəsidir. Bu ayədə buyurulur:
وَلَوْ نَشَاء لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ
“Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərərdik, sən də onları mütləq tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!”
Bu ayədə kin-küdurət, düşmənçilikdən söz açılır və Allah-Taala münafiqlər və onların nişanələri haqda belə buyurur: “Əgər Biz istəsək, onları sənə göstərər, hətta onların çöhrələrinə əlamət və nişanə qoyarıq. Bununla da bir baxışla onları tanıyarsan.” Sonra əlavə edərək buyurur: “Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!” Çünki hər vaxt cihad və müharibədən söz düşəndə, onlar bu işdən boyun qaçırmağa və camaatı ruhdan salmağa cəhd göstərəcək, yaxşı və pak insanlardan söz düşdükdə isə onları ləkələməyə çalışacaqlar.
Əbu Səid Xudridən nəql olunan məşhur bir hədisdə “Onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!” cümləsinin təfsiri ilə bağlı belə deyilir: “Onlar həzrət Əli ibn Əbu Talibə olan kin-küdurət və ədavətləri ilə tanınarlar.”
Məşhur əhli-sünnə alimi Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi üç sənədlə, Süyuti isə “Əd-durrul-mənsur” təfsirində İbn Mərdəveyh və İbn Əsakirdən (onlar da Əbu Səid Xudridən) nəql etmişlər.
Süyuti İbn Abbasdan başqa bir rəvayət nəql edir: “Biz Peyğəmbəri-Əkrəmin (s) dövründə münafiqləri yalnız həzrət Əli ibn Əbu Talibə (ə) kin-küdurət və ədavətləri ilə tanıyırdıq!” (Şəvahidut-tənzil”, 2-ci cild, səh.178; “Əd-durrul-mənsur”, 6-cı cild, səh.66.)
Bu hədisi nəql edən ravilər və kitablar yuxarıdakılarla bitmir. Onu Cabir ibn Abdullah Ənsari və Əbuzər Qifari də nəql etmişdir.
İbn Əbdül-Bir “İstiyab” kitabında Cabir ibn Abdullah Ənsaridən, Muhibbuddin Təbəri isə “Ər-riyazun-nuzrə” kitabında Əbuzər Qifaridən belə nəql etmişdir: “Biz Peyğəmbəri-Əkrəmin (s) dövründə münafiqləri ancaq üç yolla tanıyırdıq: Allahı və Peyğəmbəri (s) təkzib etdikdə, namazdan (camaat namazından) boyun qaçırdıqda və həzrət Əli ibn Əbu Talibə (ə) ədavət bəslədikdə.” (“İstiyab”, 2-ci cild, səh.464 və “Ər-riyazun-nuzrə”, səh.214.)
Əhli-sünnənin birincidərəcəli mənbələrindən sayılan Termizinin “Səhih” kitabında da bu hədis iki sənədlə Əbu Səid Xidri və Ümmü Sələmədən nəql olunmuşdur. (“Səhihi-Termizi”, 5-ci cild, səh.635, hədis 3717.)
İbn Əsakir “Tarixud-Dəməşq” kitabında Əbu Səid Xudridən, Cabir ibn Abdullah Ənsaridən, İbadət ibn Samitdən və Məhbub ibn Əbiz-Zənaddan bu məzmunda və buna oxşar bir neçə hədis nəql etmişdir.
İbadət ibn Samitin rəvayətində belə deyilir: “Biz övladlarımızı həzrət Əli ibn Əbu Talibin (s) məhəbbəti ilə tanıyırıq. Kimin həzrət Əli ibn Əbu Talibi (ə) sevmədiyini görsək, bilirik ki, bizdən deyil!”
Məhbub ibn Əbiz-Zənadın hədisində ənsar zümrəsinin dili ilə deyilir: “Nə vaxt bir kəs həzrət Əli ibn Əbu Talibə (ə) qarşı kin-küdurət və ədavət göstərsəydi, başa düşürdük ki, o, öz atasının oğlu deyil!”
Bu məzmunda rəvayətlər çoxdur və bəhsimizi Peyğəmbəri-Əkrəmin (s) buyurduğu bir hədislə sona yetiririk. Peyğəmbəri-Əkrəm “Xeybər” günü imam Əli (ə) haqqında geniş söhbəti əsnasında belə buyurmuşdur:
يا اَيُّهَا النّاسُ اِمْتَحِنُوا اَوْلادَكُمْ بِحُبِّهِ، فَاِنَّ عَلِيّاً لا يَدْعُو اِلى ضَلالَةٍ وَلا يُبْعِدُ عَنْ هُدىً، فَمَنْ اَحَبَّهُ فَهُوَ مِنْكُمْ وَمَنْ اَبْغَضَهُ فَلَيْسَ مِنْكُم!:
“Ey camaat! Övladlarınızı Əli məhəbbəti ilə sınaqdan keçirin. Həqiqətən, Əli (heç kimi) azğınlığa dəvət etməz və hidayətdən uzaqlaşdırmaz. Onu sevən sizdəndir, ona kin-küdurət və ədavət bəsləyən isə sizdən deyil!” (“Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh.370-371, “Darul-fikr” çapı.)
Bu rəvayətləri diqqətlə araşdırdıqda, elə bir şəxsiyyətlə üzləşirik ki, ona eşq və məhəbbət iman, onunla ədavət küfr və münafiqlik nişanəsidir. Doğrudan da, imam Əlinin (ə) tərəfdarlarına ağır işgəncələr verən, düşmənlərini isə vəzifə kürsüsündə əyləşdirən “Əməvilər” kimi azğın sülalənin hakimiyyəti dönəmində, eləcə də, ümumi məclislərdə o həzrəti söymək və lənətləmək vəzifəyə çatmaq üçün bir vasitə sayıldığı bir vaxtda, dünyanın şərq və qərbini bürüyən, tarix, təfsir və hədis kitablarında tez-tez xatırlanan fəzilətlərin inadkar düşmənlərin nəzarətindən yayınıb, bu gün bizim əlimizə çatması təəccüblüdür. Bu isə bütün əsrlərdə haqq nurunun qorunması və imam Əli ibn Əbu Talibin (ə) imamət və xilafətinin bütün nəsillərə çatdırılmasının yalnız ilahi yardımlarla mümkün olduğunu göstərir! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.257-260.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər