İslam və sığorta |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 3-12-2015, 02:03 | Şərh sayı: (0) | Baxılıb: 478
İslam və sığorta
Müasir dünyada ictimai yaşamın heç bir sferasını sığortasız təsəvvür etmək mümkün deyil. İstər həyatın və sağlamlığın, istərsə də müxtəlif mülkiyyət formalarının sığortalanması artıq günümüzün adi tələbatına çevrilmişdir. Məhz bu səbəbdən də müasir dünyada sığortanın müxtəlif növləri iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilmişdir.
Bildiyimiz kimi, sığorta - hər hansı bir işdə ortaya çıxa biləcək bir zərərin qarşılanacağına əvvəlcədən zamin durmaqdır.
Sığorta sözünün qarşılığı olaraq, ingilis dilində "security" və ya "insurance", fransız dilində isə "assurance" kəlmələri işlədilir. Bu kəlmə ərəb dilində ilk dəfə İbn Abidin (v 1252/1836) tərəfindən "səvkara" və ya "suqirta" şəklində işlədilmiş, günümüzdə isə "sığorta" şəklini almışdır. Müasir ərəb yazılarında sığortanın qarşılığı olaraq "ət'təmin", "ət-təkafulu'l-ictimai" və "ət-tədamun" terminləri işlədilməkdədir.
Yanğından pəncərənin sınmasına, su basqınından oğurluğa, təyyarə və ya gəmi qəzasından avtomobil qəzasına, xəstəlikdən ölümə qədər müxtəlif zərər ehtimalları sığorta mövzusu ola bilər. Sığorta, gələcəkdə baş verə biləcək bir zərəri qarantiya altına almaq üçün əvvəlcədən həmin zərərin ehtimal olunması deməkdir.
Sığortanın dəqiq tarixi bilinmir. Amma sığortaya oxşar bəzi yardımlaşma müəssisələrinə hələ qədim dövrlərdən rast gəlinmişdir. E.ə. 2-ci minillikdə Yunanıstanda, qədim Romada və Misirdə yoxsullara yardım edən vəqflər mövcud olmuşdur.
Bundan başqa, bilirik ki, Hz Yusif Misirdə yeddi bolluq ilində anbarlara yığdırdığı əkin məhsullarını sonrakı yeddi qıtlıq ilində əhaliyə paylamışdır.
İslamda Mədinə dövründə hazırlanan ilk Konstitusiyada yer alan və qəbilələrarası yardımlaşmanı nəzərdə tutan maddələr də bu qəbildəndir.
Səlcuqlu dövründə sənətkar və tacirlərin təşkil etdikləri "futuvvət" və "əxilik" adı verilən birliklər də bu sinifə mənsub olanlar arasında yardımlaşmanı təmin etmişdir.
Günümüzdəki mənada sığortaçılıq ilk dəfə İtaliyada dəniz sığortaçılığı olaraq 15-ci əsrdə ortaya çıxmışdır. 18-ci əsrdə iri kapitallı şirkətlər qurulduqca buna paralel olaraq iri və professional sığorta şirkətləri də inkişaf etməyə başladı. Vaxt keçdikcə özəl sığorta şirkətləri ilə bərabər dövlət tərəfindən idarə olunan sosial sığorta təşkilatları da ortaya çıxdı.
Müsəlman aləmində sığorta
İslam dünyasında isə sığortaya baxış birmənalı deyil. Çünki bildiyimiz kimi, sığorta İslamın ilkin dövrlərində mövcud olmamış, sonrakı dövrlərdə ortaya çıxmış bir anlayışdır. Bu səbəbdən də fiqh qaynaqlarımızda bununla bağlı bir açıqlama yoxdur. İslam hüquqşünasları arasında sığorta mövzusunu və bunun İslami hökmünü ilk araşdıran alim İbn Abidin (v. 1252/1836) olmuşdur. Çünki sığorta anlayışı Şərq ölkələrinə ilk dəfə onun dövründə, yəni hicri 13-cü əsrdə daxil olmuşdur. Bu əsrdə Avropa sənaye inkişafına paralel olaraq Şərq ilə Qərb arasındakı ticarət əlaqələri güclənməyə başlamışdı. İdxalatla bağlı danışıqları aparmaq üçün İslam ölkələrinə gələn xarici şirkətlərin təmsilçiləri vasitəsi ilə Avropadan idxal olunan malların sığortalanması yolu ilə bu anlayış İslam dünyasına qədəm qoydu. Bu təmsilçilər idxal ediləcək malları dəniz sığortası edərək sığorta anlayışını İslam ölkələrinə gətirmiş oldular. İbn Abidin sığorta mövzusunu "Raddu'l-Muxtar" adlı kitabının "Kitabu'l-cihad" bölməsində, "Mustə'mən" ("Pasportlu əcnəbi qeyri-müsəlman") başlığı altında ələ almışdır. Çünki o dövrdə bu müqaviləni bağlayan əcnəbi qeyri-müsəlman tacirlərə belə ad verilirdi.
İbn Abidinə görə, dəniz vasitələri ilə daşınma zamanı tələf olan malın təzminatını ödəməyi nəzərdə tutan dəniz sığortası caiz deyil. Çünki aşağıdakı üç səbəbdən ötrü tələf olan sığortalı malın bədəlini almaq olmaz:
1. Sığorta müqaviləsi dinin əmr etmədiyi bir borcun altına girməkdir. İslamda bir şeyin təzminatını tələb etmək üçün dörd təzminat səbəbindən biri olmalıdır:
a) Zərərin haqsız bir hərəkətlə olması;
b) Malın tələfinə səbəb olmaq. İctimaiyyətin istifadə etdiyi bir yolda çuxur açmaq və buraya düşən bir insan və ya heyvanın tələfinə səbəb olmaq kimi;
c) Bir malı haqsız yerə mənimsəmək. Qəsb, oğurluq, satılan malın satıcının əlində ikən tələf olması kimi;
d) Zəmanət razılaşması əldə etmək;
Sığorta şirkəti ortaya çıxan zərəri nə haqsız bir hərəkətlə ortaya çıxarmış, nə malın tələfinə səbəb olmuş, nə zərərə uğrayan malı mənimsəmiş, nə də bu zərərə zamin durmuşdur.
2. Sığorta - müəyyən məbləğ qarşılığında malı əmanət etmək mahiyyətində də deyil ki, əmanət qoyulan mal tələf olduqda həmin şəxs bu malın təzminatını ödəsin. Çünki mal sığorta şirkətinə təhvil verilmir. Məsələn dəniz yolu ilə daşınan mal gəmi sahibinin əlindədir. Ancaq gəmi sahibi eyni zamanda sığorta edəndirsə, bu təqdirdə əmanətçi deyil, ortaq işçi (müştərək) olur. Əmanətçi və ya ortaq işçi isə qaçılmaz zərərə görə (məsələn, ölüm, yanğın və suda batma kimi) təzminat ödəmək məcburiyyətində deyildir.
3. Sığorta - kimisə zərərə saldığı üçün təzminat ödəmək mahiyyətində də deyil. Sığorta şirkətinin taciri aldatmaq niyyəti olmur. Məsələn, bir gəminin dənizdə batıb batmayacağını əvvəlcədən bilə bilməz. Ancaq sığorta şirkəti və sığorta etdirən tacir oğurluq, yol kəsmə kimi yol risqini əvvəldən bilsələr, sığorta şəklində təzminat ödəmək caiz olar. Lakin sığorta müqaviləsi buna tam olaraq uyğun gəlmir. Məsələn, bir nəfər o birinə "Bu yolla get. Əgər malın qəsb edilsə mən təzminat ödəyəcəyəm" desə, həmin yol ilə gedən şəxs həqiqətən də, ziyana düşsə, təzminat ödənməlidir. Çünki belə olan halda mal sahibi ilə zəmanət razılaşması əldə edimiş olur.
İbn Abidinin sığortaçıdan təzminat almağın caiz olmadığı görüşünü əsaslandırdığı prinsiplər bunlardan ibarətdir. Onun fikirlərini qısa şəkildə bu cür ifadə edə bilərik ki, sığortaçı bir müqavilə ilə əslində mükəlləf olmadığı bir borcun altına girmiş olur. Əslinə baxanda o, yanında bir şey əmanət (vədia) qoyulan və ya kirayə verilən bir kəs kimidir. Bunların isə niyyəti, səhvi və ya laqeydsizliyi olmadığı təqdirdə, ortaya çıxan zərərə görə təzminat ödəmək məsuliyyəti yoxdur. Burada təzminat ödəmək məsuliyyəti müqaviləyə daxil edilsə belə, bu şərt keçərli olmaz.
Lakin bununla belə, müsəlmanın xarici ölkədəki bir sığorta şirkəti ilə müqavilə bağlaması İbn Abidin tərəfindən caiz görülmüşdür.
Gördüyümüz kimi, İbn Abidinin sığortaya münasibəti kifayət qədər sərt olmuş və ümumi götürdükdə bunu caiz görməmişdir. Lakin günümüzdə sığortaya münasibət nisbətən fərqlidir. İqtisadiyyatın bu sahəsi haqqında müstəqil əsərlər yazaraq məsələyə liberal yanaşan İslam alimləri ilə yanaşı müxtəlif iddialar irəli sürərək sığortanın İslama uyğun olmadığını irəli sürənlər də vardır. Biz burada əvvəlcə sığortanın müxtəlif növlərinə İslamın baxışını ələ alacaq, sonra isə bu məsələ ilə bağlı irəli sürülən iddialara cavab verməyə çalışacağıq.
Günümüzdə sığorta məsələsinə İslam alimlərinin baxışı
Bildiyimiz kimi, sığorta başlıca olaraq iki hissəyə ayrılır:
1. Yardımlaşma sığortası
2. Yangın, sel, qəza və bu kimi risklərə qarşı tətbiq olunan ticarət sığortaları
Sığortanın bu sadalanan hər iki növü kifayət qədər geniş yayılsa da, sığorta deyilərkən əsasən ikinci növ sığorta başa düşülür. İslam alimləri arasına mübahisəyə səbəb olan da elə ticari sığortalardır. Gəlin hər iki növ sığorta ilə yarı-ayrılıqda tanış olaq.
1. Yardımlaşma sığortası
Buraya əsasən sosial sığortalar aid edilir ki, bunun üçün birdən çox adam bir yerə yığılaraq müəyyən bir məbləğ ödəyib bu vəsaiti bir fondda toplayır və faiz hesabına artması üçün həmin vəsaiti investisiya şəklində gəlirli sahələrə yatırırlar. Belə bir sığortanın həm üzvlük haqqı (və ya sığorta haqqı), həm də gəlirləri ortaqlar arasında sığorta müqaviləsinə müvafiq olaraq dəyişir. Bu yardımlaşma qrupunun üzvlərindən biri xəstələndikdə onun müalicə xərcləri, təqaüdə çıxdıqda təqaüdü, öldükdə dul qalan həyat yoldaşına və kiçik uşaqlara aylıq maaşın ayrılması bu yardımlaşmanın əhatəsinə daxildir. İslam dini bu cür yardımlaşmaları caiz görür.
Digər yandan müəyyən qrup insanların, təşkilat üzvlərinin və ya sənətkarların da öz aralarında bu cür yardımlaşma vəqfləri qurmaları mümkün və caizdir.
Quran və sünnədə bu cür sosial yardımlaşmaya təşviq edən kifayət qədər hökmlər vardır. Məsələn, bir ayədə belə buyurulur:
"Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin".
Hz Peyğəmbər isə bir hədisində belə buyurmuşdur:
"Mən möminlərə özlərindən daha yaxınam. Hər hansı bir mömin öləndə var-dövlət qoyub getsə, bu onun varislərinindir. Bir borc qoyub getsə isə o borcu mənə gətirin. Çünki mən onun mövlasıyam".
Hədis kitablarında rəvayət olunduğunu görə, Hz Peyğəmbər malını vəsiyyət etmək istəyən bir səhabəyə onun üçdə birini vəsiyyət etməyi, yerdə qalanını isə varisləri üçün ayırmağı tövsiyə etmişdir.
Başqa bir hədisdə isə bildirilir ki, Hz Peyğəmbər Bəni Nadir xurmalarını satır və ailəsinin bir illik azuqəsini ayırırmış.
Sələmə ibnu'l Əqvanın rəvayət etdiyinə görə, Həvazin səfərində döyüşçülərin azuqəsi tükənmiş və dara düşmüşdülər. Dəvələrini kəsib yemək üçün Hz Peyğəmbərdən izin istədilər. Onlara bu iznin verildiyini eşidən Hz Ömər miniksiz döyüşçülərin daha böyük sıxıntı çəkəcəklərini düşünərək vəziyyəti Allahın Elçisinə ərz edir. Hz Peyğəmbər əmr edir ki, hər kəs yerdə qalan azuqəsini gətirsin. Azuqələr bir-birinə qarışdırılır və Rəsulullah xeyir-bərəkət duası oxuyur. Sonra bu azuqələr səhabələrə paylanır. Bu paylama hadisəsinə "nəhd", yəni "ortaq azuqə" deyilir.
2. Yangın, sel, qəza və bu kimi risklərə qarşı tətbiq olunan ticarət sığortaları.
Günümüzdə sığorta termini daha çox bu ikinci növ üçün istifadə olunur. Bu növ sığorta təxminən iki əsr əvvəl İslam aləmində də ortaya çıxmağa başlamışdır. Qeyd etdiyimiz kimi, həmin dövrdə mərkəzi Avropada yerləşən sığorta şirkətlərinin təmsilçiləri dəniz kənarında olan bəzi müsəlman şəhərlərinə gələrək, Avropaya gedən gəmilərlə daşınan malları sığortalamağa başlamış və İslam ölkələrində bəzi şirkətlərlə işbirliyi quraraq oralarda da yerləşmişlər. Bu növ sığortanın lehində və əleyhində iki görüş vardır.
Dövrümüzün İslam alimlərindən olan Mustafa əz-Zərqa, Muhəmməd Abduh, Şəltut və Muhəmməd əl-Bəhiyy sığorta şirkətinin bir yardımlaşma şirkəti olduğunu və bu üzdən də sığortanın İslama görə caiz olduğunu söyləmişlər. Bunlardan Muhəmməd əl-Bəhiyy belə demişdir: "Sığorta müqaviləsi bir satış əqdi deyil, zərərçəkənlərin müsibətlərini yüngülləşdirib onlara yardım əlini uzatmaq üçün edilən bir yardımlaşma əqdidir. İstər mal, istərsə də həyat sığortası olsun, yardımlaşmadan və əl tutmaqdın başqa bir mahiyyəti yoxdur. Məsələn, kəndli mal-qarasını, tacir satlıq malını, ev sahibi evini, maşın sahibi maşınını sığorta elətdirir. Çünki zərərə girməyin çətin olduğunu, tək başına zərərdən çıxa bilməyəcəyini, ancaq başqasının yardımıyla bu yükün yüngülləşəcəyini bilir. Həyat sığortası etdirən şəxs də həyatını qorumaq üçün sığortaya üz tutur. Əcəlin Allahın əlində olduğunu, vaxtı tamam olanda bunun qarşısını heç kimin ala bilməyəcəyini qəbul edir. Sığortaya üz tutmaqdakı məqsədi isə odur ki, tez ölərsə ailə üzvləri üçün bir yardım qaynağı təmin etmiş olsun.
Muhəmməd Həmidullah və bəzi başqa İslam alimləri də dövlətin təşkil etdiyi sosial yardımlaşma xarakterli sığorta anlayışını qəbul edir və bunun Hz Peyğəmbər ilə Hz Ömər dövründə də tətbiq olunduğunu bildirirlər. Bu görüşə görə, sosial yardımlaşma yalnız ağır risqlərdə tətbiq oluna bilər. Bildiyimiz kimi, İslamın ortaya çıxdığı ilkin dövrlərdə xəstəliklərin müalicəsi üçün böyük bir məbləğ tələb olunmurdu. Bundan başqa, evi ailə başçısı öz əlləri ilə tikər, hətta materialın böyük hissəsinə pul da verməzdi. Belə bir cəmiyyətdə xəstəliyə və yanğına qarşı bir sığortaya ehtiyac duyulmaması təbiidir. Amma bunun müqabilində, əsir düşmə və insan qətli kimi hallarla bağla sosial yardımlaşma institutlarının təşkil olunmasına böyük bir ehtiyac var idi. Hicrətin 1-ci ilində tərtib olunan Mədinə şəhər-dövlətinin Konstitusiyasında bu kimi hallar üçün nəzərdə tutulan sosial yardımlaşma fonduna "məaqil" deyilirdi. "Əqilə" və ya "məaqil" sistemi Mədinədəki ərəb qəbilələrinin Hz Peyğəmbər tərəfindən yenidən təşkilatlandırılması ilə sistemli bir şəkil almışdır.
O dövrdə bir şəxs döyüşdə əsir düşdükdə onun qurtarılması üçün fidyə, qətl və fiziki zərər yetirmə hallarında isə diyət ödəmək lazım idi. Bunların məbləği çox vaxt əsir və ya müqəssirlərin imkanları xaricində olurdu. Hz Peyğəmbər bu məsələni həll etmək üçün qarşılıqlı yardımlaşma prinsipinə əsaslanan əqilə və ya məaqil sistemini qurmuşdu. Bu sistemə əsasən, bir qəbilənin hər bir üzvü qəbilə büdcəsinə pul keçirir, bunun əvəzində imkanı xaricində olan bir təzminat ödəməli olduqda bu büdcədən yardım alırdı. Hətta qəbilə büdcəsi də kifayət etmədikdə, digər qohum və qonşu qəbilələr onların köməyinə gəlirdi. Daha sonra əqilə sistemi Hz Ömər tərəfindən təkmilləşdirilmiş, insanların sahib olduqları peşələrə müvafiq olaraq hərbi, mülki, idari kateqoriyalarına bölünmüş və ya müxtəlif bölgələrə görə bir təsnifat aparılmışdır.
Muhəmməd Həmidullahın sığortaya münasibəti belədir ki, sığorta, prinsip olaraq hər bir fərdin yükünü azaltmaq qayəsi ilə mümkün olduğu qədər çox şəxs arasında bir nəfərin yükünün bölüşdürülməsi deməkdir. İslam, sərmayəyə əsaslanan sığorta şirkətləri yerinə əsasında mərkəzi hökumətin dayandığı bir sığorta modelini üstün tutur. Belə bir yardımlaşma təşkilatı yığılacaq sərmayə fondundan ticarətdə istifadə edə bilər. Əldə edilən gəlirlər artdıqca artıq təşkilatın üzvləri sığorta haqqı ödəməkdən azad edilə, hətta onların özlərinə periodik olaraq əldə olunan mənfəətdən pay verilə bilər. Bax belə bir yardımlaşma cəmiyyətinə haqq ödəyərək üzv olan şəxs qarşılaşacağı yanğın, sel, avtomobil qəzası kimi hər cür risklərdən sığortalanmış sayılır.
Ancaq sığorta edilənlərin ödədikləri haqq nisbətinə görə mənfəətdən pay almadıqları sərmayə sığortaları bir növ bəxt oyunu xüsusiyyəti daşıdıqları üçün İslamda xoş görülmürlər.
Qeyd edək ki, 2006-ci ilin sentyabr ayında Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanlığı Din İşləri Ali Komissiyası da sığortanın İslam dininə uyğun olduğuna qərar vermişdir.
Komissiya öz qərarında sığortanın İslamın ilk dövrlərində məlum olmayan, sonrakı dövrlərdə ortaya çıxmış bir əqd olduğunu bildirmiş və qeyd etmişdir ki, İslam dini ortaya çıxan yeni durum və şəraitlərə cavab verə biləcək özəlliyə sahibdir. Qərarda ifadə olunurdu ki, Hz Peyğəmbər dövründə olmayıb, daha sonra ortaya çıxan əqdlər, "İslam hüququnun əsaslarına zidd bir ünsür daşımadığı, iradə bəyanı, qarşılıqlı razılaşma" kimi din tərəfindən tələb olunan şərtləri daşıdığı hallarda səhihdir.
Qərarda sığortanın qumar və faiz kimi İslam dini tərəfindən qadağan olunmuş anlayışlarla əlaqələndirilməsinə, sığortanın Allahın qüdrətinə meydan oxumaq olduğu iddiasına də diqqət ayrılmış, səsləndirilən bu iddiaların tamamilə əsassız olduğu bildirilmişdir.
Gördüyümüz kimi, sosial sığortalar və qarşılıqlı sığortanın caiz olduğu məsələsində günümüzün bir çox islam alimləri fikir birliyindədirlər. Lakin ticari sığortanın hökmü məsələsində isə ixtilaf vardır. Bu məsələ ilə bağlı 3 ayrı görüş vardır:
1. Birinci görüşə görə, ticari sığortanın heç bir növü caiz deyil. Çünki ticari sığorta qeyri-müəyyənlik prinsipinə əsaslandığı üçün qumar ya və mərc kimi xüsusiyyətlər daşıyır və faizə əsaslanan əməliyyatlara söykənir. Bundan başqa sığorta haqsız yerə təzminat ödəmək deməkdir. Sığorta müqaviləsi təhlükəsizlik və əmin-amanlıq hissi kimi obyektiv anlayış kəsb etməyən bir ünsürün satışıdır. Sığorta və xüsusilə həyat sığortasında qəza-qədərə meydan oxuma anlayışı vardır. İslamın qadağan etdiyi bu ünsürləri daşıyan sığorta da haram sayılmalıdır. Buna görə, sığortaçının sığorta haqqı, sığorta olunanın da təzminat alması caiz deyil.
2. İkinci görüşə görə, həyat sığortası caiz deyil. Mal və əşya sığortası isə əsas etibarilə caiz olmaqla bərabər, məkruh sayılır. Bundan başqa, faiz prinsipinə əsaslanan sığortalar qətiyyən caiz deyil.
3. Üçüncü görüşə görə, sığortanı qadağan edən açıq bir hökm olmadığı üçün, faiz qarışmaması və ümumi əxlaqa zidd olmaması şərtilə sığortanın bütün növləri caizdir. Çünki İslama görə hər hansı bir şey haqqında qadağanedici bir hökm olmayanda, həmin şey halal sayılmalıdır.
Unutmamalıyıq ki, İslam dini yeni inkişaflar qarşısında ortaya çıxan durum və şərtlərə cavab verə biləcək xüsusiyyətə malikdir. Hz Peyğəmbər dövründə olmayıb sonralar ortaya çıxan əqdlər haqqında da eyni şeyləri deyə bilərik. Bu əqdlər İslam hüququnun əsaslarına zidd bir ünsür daşımırsa, əqdin mövzusu, iradə bəyanı, qarşılıqlı razılıq kimi din tərəfindən tələb olunan bütün ünsür və şərtləri daşıyırsa, o zaman səhih sayılmalıdır.
Sığorta da Hz Peyğəmbər dövründə mövcud olmayan və klassik fiqh qaynaqlarında yer almayan, müasir dünyanın tələbləri əsasında ortaya çıxmış bir əqddir. Sığorta ilə bağlı hökm dinin məqsədləri işığında və bu sahəyə yaxın hökmlərin ümumi prinsipləri müstəvisində dəyərləndirilərək ortaya qoyula bilər. Bunun üçün ilkin olaraq sığorta mövzusunda səsləndirilən tənqidlər ələ alınmalı, daha sonra da ümumi bir dəyərləndirmə aparılmalıdır.
Sığortanın əleyhinə səslənən iddialar
1-ci iddia. Sığortada qeyri-müəyyənliyin olması (qarar)
Bəzi alimlər sığortanı ona görə caiz görürlər ki, sığorta müqaviləsi bağlandığı zaman nəzərdə tutulan risqin (qəza, fəlakət və s.) həyata keçib keçməyəcəyi, həyata keçdiyi təqdirdə (zərərin miqyası əvvəlcədən bilinmədiyi üçün) nə qədər təzminat ödəniləcəyi məlum deyil və bu da özü-özlüyündə qeyri-müəyyənlik daşıyır.
Qarar - əqdin haqsız qazanca yol açacaq dərəcədə qeyri-müəyyənlik daşıması deməkdir. Hüquqi əməliyyatlarda və xüsusilə də hər iki tərəfi vəzifələrlə mükəlləf edən razılaşmalarda, əqdin mövzusu məlum və müəyyən olmalıdır. Quran və sünnədə, razılaşmalarda açıqlıq, dürüstlük və etibar prinsiplərinin vacibliyi dəfələrlə vurğulanmışdır.
Alış-verişlərdə qararı (qeyri-müəyyənliyi) qadağan edən hədislərdən (Buxari, Buyu, 75; Muslim, Buyu, 4) yola çıxan İslam hüquqçuları əqdlərdə kifayət qədər mübhəmlik və risk daşıyan, tərəflər arasında anlaşılmazlığa yol açan qararın qadağan olduğu mövzusunda fikir birliyinə gəlmişlər. Ancaq hansı dərəcədə qararın, nə cür əqdlərdə təsirli olduğu məsələsində ixtilaf etmişlər. Ümumi olaraq qararı önəm və dərəcələrinə görə əqdi qüvvədən salan, əqdi zəiflədən və qaçılmaz qarar şəklində üç tipə ayıra bilərik. Qaçılmaz qararın əqdə heç bir təsiri yoxdur. Bunun müqabilində, kifayət qədər mübhəmlik və risq daşıyan, ana bətnindəki körpə, qaçmış heyvanın satışı kimi əqdlər batildir. Qeyri-müəyyənlik və risq əgər əqdin mövzusunun vəsfi, miqdarı və vədəsi kimi ikinci dərəcəli xüsuslarda olub, daha sonra ortadan qaldırıla biləcək ölçüdədirsə, bu cür qarar əqdi zəifldir. Bu qeyri-müəyyənliklər ortadan qalxanda bu əqd səhih bir əqdə çevrilir.
Digər tərəfdən qarar şəxsən özü haram olduğu üçün deyil, mübahisə yaratdığına və insanların bir-birlərini aldadaraq haqsız qazanc əldə etməsinə imkan verdiyi üçün haram qılınmışdır. Sığorta məsələsinə bu kontekstdn yanaşdıqda, görürük ki, əslində sığortada mübahisəyə yol aça biləcək qeyri-müəyyənlik və məchulluq yoxdur. Çünki sığorta təfərrüatlı bir şəkildə hüquqla tənzimlənərək, çox dəqiq hesablamalarla işləməkdədir.
Sığortada ehtimal ünsürü yalnız sığortaçı üçün mövcuddur. Sığortaçı qəza baş verdikdə sığortalıya təzminat ödəyir, baş vermədikdə isə heç bir şey ödəmir. Bundan başqa, qeyd olunan ehtimal ancaq sığorta müqavilələri ayrı-ayrılıqda tək-tək ələ alındıqda mövcud olur. Sığortaçının bağladığı müqavilələrin hamısı birlikdə ələ alındıqda sığorta sistemi üçün əqdə mane olan bir qeyri-müəyyənliyin olmadığını görərik. Çünki bu sistem sığortaçı üçün də ehtimal ünsürünü ortadan qaldıran statistik bir prinsiplə işləyir.
Hz Ömər, İbn Məsud, İbn Abbas, İbn Ömər kimi böyük səhabələrin və hənəfilərin qəbul etdikləri "muvalat" əqdi sığortada mövcud olan qeyri-müəyyənliyin əqdin səhihliyinə mane olmadığını göstərməkdədir.
Bir növ yardımlaşma razılaşması olan muvalat əqdi miras qoymağa heç bir qohumu və yaxını olmayan bir nəfərin kənar bir şəxslə bağladığı razılaşmaya deyilir. Bu razılaşmaya əsasən, həmin kənar şəxs ehtiyac yarandıqda onun diyət borcunu ödəyir, bunun əvəzində isə ona varis təyin olunur. Bu əqdlə qohumu olmayan bir şəxs müsəlman cəmiyyətdə özünə yardımçı və arxa qazanmış olur. Belə bir muvalat əqdi bağlamış şəxs ölüb gedəndə heç bir varisi yoxdursa, miras həmin kənar adama çatır.
Diqqət etsək görərik ki, sığortada qeyri-müəyyənlik təktərəfli olduğu halda, muvalat əqdində ikitərəfli qeyri-müəyyənlik vardır. Belə ki, əqdin qurulması əsnasında kimsəsiz olan şəxsin qəza nəticəsində ölüb ölməyəcəyi bilinmədiyi kimi, nə qədər miras qoyacağı və başqa varis qoyub qoymayacağı da məlum deyil.
Digər tərəfdən, sığorta sistemi müasir dünyada ümumi iqtisadi həyatın digər sistemləri ilə müqayisədə ən böyük və ən etibarlı bir mexanizmlə işləyərək, hüquq tərəfindən tənzimlənir. Bundan sonra mübahisəyə yol açacaq hansısa qeyri-müəyyənlikdən danışmaq doğru deyil.
2-ci iddia. Sığortanın qumara yaxın olması
Sığortanı tənqid edən günümüz alimlərindən bəziləri belə bir müqavilə bağlanarkən sığorta olunan risqin baş verib-verməyəcəyi qeyri-müəyyən olduğu üçün, qumar anlamı daşıdığını irəli sürürlər.
Qumar, ortaya pul qoyaraq oynanılan bəxt oyunudur. Mahiyyət etibarilə, sığortanın qumara bənzədilməsi doğru deyil. Çünki sığorta razılaşmaları qumar və mərc kimi bəxtə bağlı razılaşma deyil. Qumar və mərcdə tərəflər şərtləşdikləri pulu itirmək ehtimalını əvvəlcədən qəbul edib, bir ehtiyacı təmin etmək yox, oyun vasitəsi ilə zəhmət çəkmədən varlanmaq məqsədi güdürlər. Sığorta razılaşmalarında isə sığorta etdirən şəxsin təsadüf nəticəsində varlanmasından söhbət getmir. Çünki sığorta şirkəti risq baş verdikdə öz üzərinə götürdüyü məbləği ödəyir. Bu zaman sadəcə sığortalının üzləşdiyi zərərin nəticələri ortadan qaldırılır və bu, sığortalının varlanmasına xidmət etmir. Qumarda heç bir formada yardımlaşma xüsusiyyəti və niyyəti yoxdur. Əksinə, qarşı tərəfi məğlub etmə və pulunu əlindən alma niyyəti vardır. Bu da dayanışma deyil, kin və nifrət doğurur. Sığorta sözləşmələrində isə sığortalanan risqin ortaya çıxması, qumar və mərcdə olduğu kimi tərəflərin arzuladığı hal deyil. Bundan başqa qumar və mərcdə itkinin qarşısının alına bilməsi ehtimalı olduğu halda, sığorta sözləşmələrində risqin qarşısının alınması mümkün deyil.
Qumarda tərəflərdən birinin o birindən aldığı məbləğin heç bir sərhəddi yoxdur. Qumarda insan bütün maddi və əxlaqi dəyərlərini itirə bilər. Sığortada isə müəyyən bir itki (risq) qarşılığında onun dəyəri ölçüsündə təzminat almaqdan söhbət gedir.
Ən əsası isə, qumarın haram olmasının birinci səbəbi, daha əvvəl də qeyd olunduğu kimi, əxlaqi və ictimaidir. Bu anlamda, ən böyük ictimai və əxlaqi dərdlərdən biri olan qumar ilə, fəaliyyət sahəsində insanın malına və canına zərər vurən qəzaların, fəlakətlərin zərərini və acısını azaltmaq üçün bir növ yardımlaşma olan sığorta sistemini bir-biri ilə müqayisə etmək düzgün deyil.
3-ci iddia. Sığortanın obyektinin mücərrəd olması
Sığorta sözləşməsində sığortalının ödədiyi sığorta haqqının qarşılığında təhlükəsizlik hissi kimi mücərrəd, subyektiv bir şeyin satıldığını bildirərək sığortanın caiz olmadığını da irəli sürənlər vardır. Bundan əlavə, o da iddia olunur ki, təhlükəsizlik, əmin-amanlıq hissi vermək xeyir bir əməl olduğu üçün bunun qarşılığında pul almaq düzgün deyil.
Əslində sığortada söhbət sığortalının ödədiyi sığorta haqqı ilə əldə etdiyi təminatdan gedir. Bu təminat isə risq baş verməmişdən əvvəl müqavilə bağlanaraq əldə edilir. Çünki sığortalıya təhlükəsizlik hissi verən bu təminat sayəsində, risqin baş verib verməməsinin onun üçün demək olar ki, heç bir fərqi qalmır. Belə ki, risq baş vermədikdə, mallarının, haqlarının və mənfəətlərinin zərər görməsindən söhbət getmir. Risq baş verdikdə isə alacağı təzminat sayəsində zərərini ortadan qaldıra bilir.
Təhlükəsizlik və əmin-amanlıq hissi verməyin bir xeyir əməl olduğunu söyləyərək satışının caiz olmadığını iddia etmək də tamamilə əsassızdır. Çünki, alimlərin böyük əksəriyyəti Quran tədrisi, imamlıq, müəzzinlik kimi sırf ibadət və xeyir əməllərdə belə qarşılıq (haqq) almağın caiz olduğunu qəbul edirlər.
4-cü iddia. Sığortada haqsız təzminatın olması
Sığorta mövzusunu araşdıran bəzi alimlər sığortada haqsız təzminatın mövcud olduğunu söyləyirlər. Onlara görə, sığortaçı bir əqdlə sığortalının zərərini ödəməyi öhdəsinə götürməklə, əslində mükəlləf olmadığı bir borcu öz üzərinə götürmüş olur. Məsələn, əmanət əqdində əmanət alanın səhvi olmadan əmanət qoyulan mal tələf olduqda, əqddə şərt qoyulmuş olsa belə, təzminat ödəmək lazım deyil.
Bu iddia da tamamilə əsassızdır və sığortada haqsız təzminatın olduğunu iddia etmək absurddur. Çünki sığortaçı ödəmələri bilərək, hesablayaraq və istəyərək etməkdədir. Qaldı ki, buna oxşar ödəmələr zəmanət, müvalat kimi caiz olan əqdlərdə də vardır. Hənəfi, Maliki və Hənbəli məzhəbinə görə məchul bir borca zamin durmaq caizdir və lazım gələndə zamin duran bu borcu ödəməlidir. Məsələn, daha əvvəldə də misal çəkdiyimiz kimi, bir nəfər o birinə "Bu yolla get, çünki təhlükəsiz yoldur, əgər başına bir iş gəlsə xərcini mən ödəyəcəyəm" desə və o da həmin yolla gedərkən soyulsa, təminatı verən şəxs zərərin bədəlini ödəməlidir.
İslam dinində qəbul edilən əqilə sistemi də, sığortanın haqsız təzminat olduğu iddiası ilə rədd edilməsinin düzgün olmadığını göstərir. Qəza ilə bir insanın ölümünə səbəb olan insanın ödəməli olduğu təzminat öz əqiləsi, yəni kişi tərəfindən qohumları və ya mənsubu olduğu hansısa bir qrup tərəfindən ödənilir. Əqilə sisteminin caiz olduğu məsələsində səhih hədislər vardır.
Malikilərin qəbul etdiyi borclu edən vəd də sığortaçının risqi öz öhdəsinə götürməsinin İslama zidd olmadığını göstərir. Belə ki, bu prinsipə əsasən, bir şəxs o birinə - əslində məcbur olmadığı halda - borc verəcəyini, yaxud da bir zərəri qarşılayacağını vəd etsə, bu vəd ilə borlu vəziyyətinə düşmüş olur. Məsələn, bir nəfər öz dostuna mehr məbləğini borc verəcəyini söyləsə, həmin şəxs də buna arxayın olaraq evlənsə, həmin söz o şəxsi borclu etmiş olar. İbn Rüşd bunu bu şəkildə izah etmişdir ki, bu, satışa bağlı olan bir vəddir. Vəd bir səbəbə bağlandığı zaman, səbəb gerçəkləşdikdə yerinə yetirilməlidir. Bu aspektdən yanaşsaq, sığorta əqdi sığortaçının, borclu edən vəd yoluyla baş verməsi ehtimal olunan bir zərəri, başqasının yerinə öz üzərinə götürməsi deməkdir.
5-ci iddia. Sığortada faiz ünsürünün olması
Sığortanın caiz olmadığını irəli sürən alimlərin bir çoxu sığortanın faiz ünsürü daşıdığını irəli sürürlər. Belə ki, sığorta olunan şəxs zərərlə qarşılaşdıqda ona ödənən təzminat onun aylıq olaraq ödədiyi sığorta haqqından artıq olur. Yox əgər, belə bir zərər baş verməsə və ya təzminat, ödənilən sığorta haqqından az olsa, o zaman da sığortaçının haqsız qazanc əldə etdiyi iddia olunur.
Halbuki, faizi digər əməliyyatlardan ayıran ən önəmli xüsusiyyət, mala əlavə olunan hissənin (faizin) ifadə olaraq əqddə şərt qoyulmuş olmasıdır. Məsələn, borcu qaytaran zaman bir hədiyyə verildikdə, bu artıqlıq şərt qoyulmadığı üçün faiz sayılmır.
Ümumiyyətlə, sığortada mütləq mənada faizin tərifində olan "şərt qoyulmuş qarşılıqsız artıq hissə" mövcud deyildir. Sığorta, sığorta haqqının qarşılığında təzminatın satışı deyil, əksinə təhlükəsizlik və təminat vermə qarşılığında sığorta haqqı almaqdır.
Sığortaçı sığorta haqqı aldığı halda heç bir qəza, fəlakət baş vermədikdə, bu pulun qarşılıqsız alındığı iddia etmək düzgün olmazdı. Çünki sığortaçının sığorta razılaşmasından doğan borcu sadəcə zərər dəydikdə təzminat ödəmək deyil. O, bununla bərabər, sığorta müddəti daxilində hər an baş verə biləcək zərər risqini də öz üzərində daşıyır. Beləliklə, sığortaçının zərər risqini öz üzərində daşımağının qarşılığını, sığortalının sığorta haqqı təşkil edir.
Digər tərəfdən sığorta sistemi sığortalının faiz hesabına daha çox qazanması məqsədini güdmür, əksinə zərərin ortadan qaldırılması prinsipi ilə işləyir. Qəza sığortalarında sığorta şirkəti sığortalının həqiqətən düçar olduğu zərəri, təhlükənin ortaya çıxması ilə sığorta etdirdiyi malda meydana gələn kəsiri aradan qaldırır. Bu səbəbdən sığorta şirkətinin ödədiyi təzminat miqdarı sığortalının məruz qaldığı zərərin dəyərini və sığorta sözləşməsində qeyd olunan sığorta məbləğini heç bir şəkildə aşmır. Beləliklə, sığortalının səbəbsiz yerə mal qazanmasına imkan verilmir.
6-cı iddia. Qəza-qədərə meydan oxuma
Sığorta əqdində, xüsusilə həyat sığortasında Allahın qüdrətinə meydan oxuma mənasının mövcud olduğunu irəli sürənlər də vardır. Halbuki, sığorta, sığortalanan zərərin baş verməyəcəyinə zəmanət vermir. Sadəcə, baş verəcəyi təqdirdə ortaya çıxacaq zərərləri aradan qaldırmaq və ya yüngülləşdirmək mənası güdür. Sığorta, bir insanın təkbaşına daşıya bilməyəcəyi bir zərəri digər sığortalıların iştirakıyla sığorta şirkətinin öz üzərinə götürməsi deməkdir.
NƏTİCƏ
Yekun olaraq qeyd edək ki, İslamın irəli sürdüyü təməl prinsiplərə zidd bir xüsus təşkil etməyən və əqdin din tərəfindən tələb olunan bütün ünsür və şərtlərini daşıyan hər bir əqd səhihdir. Bu etibarla, Hz Peyğəmbərin və müctəhid imamların dövründə məlum olmayan, son dövrlərdə ortaya çıxan sığorta da, həmin ünsür və şərtləri daşıdığı halda caizdir.
Yuxarıda sığortanın caiz olmadığını irəli sürən alimlərin iddiaları bir-bir nəzərdən keçirildi və bu iddiaların sığortanın caiz olmadığını isbat edə biləcək gücdə olmadığı ortaya çıxdı.
Digər tərəfdən ticari sığortaların hədəfinin yalnız qazanc olduğunu iddia edərək onları rədd etmək də doğru deyil. Belə bir iddia ilə ticari sığortaların caiz olmadığını söyləyən fiqh alimlərinin demək olar ki hamısı, sosial sığortaları və qarşılıqlı sığortaları caiz görərək onların hədəflərinin yardımlaşma olduğunu bildirirlər. Halbuki mahiyyət etibarilə sosial sığorta qurumları ilə özəl sığortalar arasında, hökm dəyişikliyinə səbəb ola biləcək böyük bir fərq yoxdur. Sosial sığortalarla özəl sığortalar arasında əsas fərq bundan ibarətdir ki, sosial sığortalar qanunla qurulmuş qurumlar tərəfindən edilir, məcburidir, onlar tərəfindən sığortalanmaq istəyən şəxslər müəyyən bir statusda olmadırlar, ödənəcək sığorta haqqı və bu sığorta ilə əldə ediləcək mənfəət hər sığortalının şəxsi vəziyyətinə görə tənzimlənir və sosial sığortaların irəli sürdüyü risqlər daha çox sosial sinifləri təhdid edir.
Sığorta, ortaya çıxan zərərin təkcə risqə məruz qalanın üzərinə düşməsinin əvəzinə, sığortalıların ödədikləri sığorta haqqlarından formalaşan təzminat yolu ilə bütün sığortalılar arasında bölüşdürülməsi və beləcə fəlakət və qəzaların zərərinin yüngülləşdirilməsi məqsədini güdən, qarşılıqlı razılaşma və yardımlaşmaya əsaslanan bir sistemdir. İslamın sosial və iqitisadi həyata dair bütün nizamlamalarının hədəfi, mütləq mənada qarşılıqlı yardımlaşma və zəmanət prinsipinə əsaslanan bir cəmiyyət meydana gətirməkdədir. Buna görə, sığorta İslam dinindəki bu uca hədəfə zidd deyil.
Başda ticarət olmaqla bir çox münasibətlərin qloballaşdığı müasir dünyamızda ticari sığortanın olmaması özü özlüyündə bir risq təşkil edir və müsəlmanların iqtisadi cəhətdən məğlubiyyəti ilə nəticələnir. Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, sosial sığortalar, qarşılıqlı sığortalar və ticari sığortalar caizdir. Yalnız sübyekti din tərəfindən qadağan edilmiş olan sığortalar caiz sayılmaya bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər