Azərbaycan hərbiçiləri hospitalı niyə vurmadılar? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-04-2017, 20:48 | Şərh sayı: (0) | Baxılıb: 141
Azərbaycan hərbiçiləri hospitalı niyə vurmadılar?
Ermənistan silahlı qüvvələrində çalışan hərbi həkimlərin aprel döyüşlərinin ildönümü ərəfəsində mətbuata verdikləri açıqlamalarda bir ildən sonra itkilərin bəlli qismini etiraf etməklə yanaşı, Ermənistan ordu rəhbərliyinin və erməni diplomatiyasının bu mövzuda səsləndirdiyi fikirləri alt-üst etmiş oldular. Həkimlərin açıqladığı faktlar və təsvir etdikləri olaylar Ermənistan rəhbərliyinin bəyanatları ilə nəinki üst-üstə düşmür, hətta onları təkzib edir.
İslam.az-ın APA-ya istinadla xəbərinə görə, Ağdərə hospitalının rəisi Xoren Azaryan və hospitalın həkimləri bu günlərdə mətbuata müsahibələrində 2-5 aprel tarixlərində düşdükləri ağır vəziyyətdən danışıb, çoxlu sayda itki verdiklərini söyləyiblər. Hospital rəisi qeyd edib ki, aprelin 2-də hospitala ardı-arası kəsilmədən yaralı əsgərləri daşıyırdılar. Hansı ki, 2016-cı il 2-3 aprel tarixlərində erməni mediasında və Ermənistan Müdafiə Nazirliyinin xəbərlərində bu barədə heç bir məlumata rast gəlinmir.
Hospitalın cərrahiyyə şöbəsinin rəisi mayor Arman Muradyan və cərrah David Marqaryanın etirafları isə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin zərbələrindən nə cür çətin duruma düşdüyünü bir daha göstərir. Hətta ermənilər Azərbaycan Ordusunun istifadə etdiyi silahlar qarşısında aciz qaldıqlarını gizlətmirlər. “Sisyandan olan könüllüləri ön xəttə aparan avtobusun dronla vurulması həmin günlərdən yadımda qalan ən dəhşətli xatirədir. Bilmirəm bu nə silah idi, insanlar diri-diri yanmışdılar. Bu, çox dəhşətli idi.”, – deyə mayor Gevond Tadevosyan söyləyib.
Gizlədilən itkilər üzə çıxır
X.Azaryan dörd gün ərzində hospitalın 150-dən çox yaralı əsgər qəbul etdiyini, onların bir çoxunu xilas edə bilmədiklərini deyir. Nəzərə alsaq ki, işğal altındakı Azərbaycan ərazilərində Ermənistan ordusunun beş – Xankəndi Mərkəzi Kliniki Hospital, Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərədə yerləşən hərbi hospitalı mövcuddur, eyni zamanda döyüşlər vaxtı Ağdərə, Xankəndi, Xocavənd və Hadrutdakı xəstəxanalar da cəbhədən gələn yaralıları qəbul edib, ermənilərin itkilərinin açıqlananlardan dəfələrlə çox olması şübhə doğurmur. Açıqlamalardan məlum olduğu qədər “döyüşlər zamanı hərbi hospitallar Ermənistanın ayrı-ayrı ərazilərindəki hospitallardan ezam edilən həkim briqadaları ilə gücləndirilib, stasionar və səyyar hospitallar yaralıların çox olmasına görə fasiləsiz çalışıblar”.
Məlumatlara görə, aprel ayının 2-dən 5-dək cəbhədə Ermənistan silahlı qüvvələrinin, aralarında yüksək rütbəli zabitlər də olmaqla, 300-dən çox hərbi qulluqçusu öldürülüb, 500-dən çox hərbi qulluqçusu yaralı şəkildə hərbi hospitallara və xəstəxanalara yerləşdirilib. Ölənlər arasında Qarabağa döyüşməyə gələn Qarabağ müharibəsi iştirakçıları, habelə Qarabağ erməniləri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırılmış və separatçı silahlı birləşmələrə xaricdən cəlb olunmuş şəxslər də olub. Qarabağ müharibəsinin, eləcə də atəşkəs dövründəki döyüşlərin təcrübəsi göstərir ki, orduda xidmət edən yerli Qarabağ erməniləri barədə itkilər ümumiyyətlə media və sosial şəbəkələrdə yer almır. Aprel döyüşlərinin gedişində Ermənistan tərəfinin açıqladığı öldürülən hərbiçilərin siyahısında Qarabağda yaşayan cəmi 8 hərbiçinin (zabitin) yer alması burada itkilərin gizlədilməsi ilə bağlı ciddi sualları meydana çıxarır.
Qeyd edilməlidir ki, Qarabağdakı separatçı rejim öz itkilərinin sayını səsləndirmir, öz ölənlərini Ermənistandan ayrı sayır. Bu yalnız indi belə deyil. Qarabağ müharibəsində də itkilər barədə erməni mənbələrində də Ermənistanın itkiləri Qarabağ ermənilərinin itkilərindən ayrı göstərilirdi. Buna görə bəzi təcrübəsiz müşahidəçilərdə belə təəssürat yaranır ki, ölənlərin hamısı yaxud əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Əslində isə, separatçıların itkiləri Ermənistandan gələnlərdən 2-3 dəfə çoxdur, lakin separatçı rejim onları gizlədir.
Ağdərə hospitalının həkimlərinin sadaladığı faktlar və söylədikləri rəqəmlər nə aprel döyüşləri zamanı, nə də ondan sonrakı dönəmdə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən səsləndirilməmiş, yaralılar və ölənlər barədə susmağa üstünlük verilmişdir. Eynilə hər zaman döyüş itkilərinin gizlədilməsində istifadə olunan metod yenə tətbiq edilmiş, həlak olanlar və yaralılar barədə informasiyalar daxili və xarici auditoriyadan gizli saxlanılmışdır. Baxmayaraq ki, Azərbaycan tərəfi düşmənin verdiyi itkilər barədə məlumatlı idi və təkcə Ağdərə istiqamətində əks hücumların ilk günündə düşmənin yüzlərlə əsgərinin yaralandığı və öldürüldüyü ifadə olunmuşdur.
Azərbaycan Ordusu mərdliklə vuruşurdu – erməni həkimləri etiraf edir
Erməni həkimləri itkilərdən və döyüşlər zamanı gərgin iş rejimlərindən danışarkən özləri də bilmədən Azərbaycan hərbiçilərinin müharibə qanunlarına riayət etməsini də təsdiqləyiblər. Cərrah Arman Muradyanın sözlərinə görə, döyüşlərin davam etdiyi günlərdə Azərbaycanın zərbə pilotsuz uçuş aparatı Ağdərə hospitalının üzərində fırlanıb və müşahidə aparıb. Hansı ki, bundan əvvəl zərbə pilotsuz uçuş aparatları vasitəsilə Suqovuşandakı (Madagiz) qərargah və sursat anbarı vurularaq məhv edilmişdi.
Bu həqiqətdir. Döyüş əməliyyatlarının davam etdiyi günlərdə Azərbaycan Ordusu düşmənin cəbhənin dərinliyindəki bütün hərbi obyektlərinin havadan müşahidə və nəzarətini həyata keçirmiş, PUA-ların tətbiqi ilə düşmənin hərbi obyektləri, cəbhəyə dislokasiya edilən ehtiyat qüvvələri aşkarlanaraq məhv edilib. Sual oluna bilər: PUA hospitalın üzərində dolaşırsa, hərbi sanitar maşınların dayanmadan gəlib-getdiyi obyekti müşahidə edirsə, düşmənin hərbi qulluqçularının olduğu obyekt vurula bilməzdi? Koordinatları bəlli stasionar obyektin vurulması qədər asan nə vardı ki…
Ermənilərin öz dillərindən etirafları bir daha onu göstərir ki, Azərbaycan dinc əhalinin yaşayış məntəqələrinə artilleriya zərbələri endirən Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, humanitar normalara riayət edərək, hərbiçilərin belə olduğu hərbi tibb məntəqəsi və digər obyektlərə, o cümlədən mülki obyektlərə zərbə endirməmiş, bununla da öz insanpərvərliyini nümayiş etdirmişdir.
Erməni hərbi həkimlərinin müsahibələrində diqqəti cəlb edən digər maraqlı məqam isə onların nə mülki yaralılar, nə də mülki işçilər barədə heç bir hadisə qeyd etməmələridir. Hansı ki, Ermənistan tərəfi döyüş əməliyyatları davam edən günlərdə guya ki, “çoxlu sayda dinc sakinin öldürülməsi” barədə xəbərlər tirajlayaraq beynəlxalq aləmin və Ermənistan ictimaiyyətinin diqqətini hərbi uğursuzluqlarından yayındırmağa çalışırdılar. Həkimlərin dediklərindən məlum olur ki, meyitlərin və yaralıların hamısı bilavasitə döyüş bölgələrindən gətirilib və hərbiçilər olub. Bu təsdiq olunan faktdır və əlavə şərhə ehtiyac yoxdur.
Aprel döyüşlərindən keçən bir il ərzində hər iki tərəfdə döyüşlərin gedişi, itkilər, əldə olunan nəticələr barədə çox saylı təhlili materiallar hazırlanıb, fikirlər ifadə olunub. Lakin dünyanın qəbul etdiyi reallıq – erməni tərəfinin özünün də etiraf etdiyi uğursuzluq, mövqe itirilməsi və çoxlu sayda canlı qüvvə itkisidir. Hal-hazırda da Ermənistan silahlı qüvvələrinin öz hərbi itkilərini etiraf etmək əvəzinə onları müxtəlif formalarda ört-basdır etmək cəhdləri, Azərbaycan əsgərinin gülləsindən həyatını itirən hərbiçilərinin ölümünü yol-nəqliyyat qəzaları, silah-sursatla ehtiyatsız davranma, intihar, zəhərlənmə, bədbəxt hadisə və s. bu kimi hadisələrlə pərdələmə taktikası müşahidə olunmaqdadır. Ermənistanın rəhbərliyi bu itkilərdən dərs çıxarmaq və siyasi maraqlara qurban gedən əsgərlərin valideynlərinə cavab vermək əvəzinə daxili siyasi maraqların gerçəkləşdirilməsinə və xarici havadarlarının dəstəyinə hesablanmış yeni təhdidlər səsləndirməyə davam edir. Bu durum isə təbii ki, regionda hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, müharibə ehtimalının yenidən artmasını şərtləndirir. Aprel döyüşlərinin ildönümü ərəfəsində erməni analarına müraciət edən Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva humanist təkliflə çıxış edərək, onları işğal siyasətinə dəstək verməməyə, öz balalarını bu siyasətinin qurbanı olmaması üçün etiraz səsini qaldırmağa çağırıb. I vitse-prezident bildirib ki, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana – nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək.
Qırılan ümidlər
Ekspertlərin fikrincə, Azərbaycan Silahlı Qüvvələri 4 günlük müharibədə öz qüvvə və vasitələrinin az bir qismindən istifadə edərək, əks hücumla cəbhənin iki istiqamətində düşmənə ağır zərbə vurmuş, onu tələfata uğradaraq qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirmişdir.
Ermənistan ordusunun məğlubedilməzliyi barədə Sarqsyan-Ohanyan cütlüyünün uydurduğu mif darmadağın edildi. Ermənistanda döyüşlərin ilk günü qırılan “məğlubedilməzlik” sindromunu erməni ekspertlər özləri də etiraf etməyə məcbur oldular. “Kommandos” ləqəbli erməni general-mayor Arkadi Ter-Tadevosyan Azərbaycan Ordusunun öz məqsədlərinə çatdığını qeyd edib: “Bu döyüşlə aparılan kəşfiyyat idi. Onlar əldə etdiklərini təhlil edib ikinci addımı atacaqlar”. General Vitali Balasanyan isə bu günlərdə verdiyi açıqlamada Azərbaycanın əldə etdiyi silahların müasirliyindən və çox olmasından danışıb: “Nə qədər çətin olsa da, bunu deməyə məcburam. Aprel hadisələrindəki itkilərimiz bütün ermənilərə mesaj oldu”.
Talış kəndi ətrafındakı yüksəkliklərin tutulması bundan əvvəl düşmənə nisbətən aşağıda yerləşən müdafiə mövqelərimizi relyefə görə düşmənlə eyni səviyyədə, bəzi yerlərdə daha yüksəklikdə qurmaqla bərabər, düşmənin Ağdərənin şimalında illərlə qurduğu və qarşılıqlı döyüş əlaqələndirməsi yaratdığı müdafiə sistemini dağıtdı və cəbhə xəttini ciddi şəkildə xeyrimizə dəyişdi. Tapqaraqoyunlu-Borsunlu-Tərtər və daha cənubda geniş ərazilər ordumuzun birbaşa nəzarətinə keçdi. Tapqaraqoyunlu kəndi düşmənin atəşindən qurtuldu. Eyni zamanda ordumuzun bu istiqamətdə irimiqyaslı hücumları üçün əlverişli əməliyyat plasdarmı qazanıldı. Cənubda Lələ-İlahi yüksəkliyinin düşməndən azad edilməsi isə Füzuli rayonunun 5 yaşayış məntəqəsini, dəmiryolu stansiyasını və avtomobil yollarını düşmənin silahları, hətta uzaqvuran artilleriya atəşi üçün əlçatmaz etməklə, ordumuza şimal-qərbə və şimala doğru işğalda olan geniş ərazini atəş nəzarəti altında saxlamağa imkan verir. Bu isə düşməni ən azı 25 km dərinliyində gizlin cəmləşmə və irəli çıxma imkanlarından məhrum edir.
Dörd günlük müharibədən sonra Azərbaycan Ordusunun düşmən üzərində hərtərəfli hərbi-texniki üstünlüyü artıq potensial ehtimal kimi deyil, gerçək üstünlük kimi dünyada qəbul olunur. Belə demək olar ki, dörd günlük müharibədə düşmən əsasən üçüncü nəsil silahlarla döyüşdüyü halda Azərbaycan Ordusu buna qarşı beşinci nəsil döyüş idarəetmə sistemləri, silah və vasitələri tətbiq etdi. Bu öz nəticəsini düşmənə cəmləşmə rayonlarında və döyüş meydanında vurulan sarsıdıcı cavabsız zərbələrdə – onun bütün hərəkətlərinin və manevrlərinin gecə-gündüz nəzarətdə saxlanılmasında, yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik silahlarla cəbhənin dərinliyində düşmənin şəxsi heyətinin qərargahlarında, silah-sursatının isə anbarlarda məhv edilməsində göstərdi. Bu kontekstdə 2016-cı ilin aprel ayında Ermənistan prezidenti Serj Sarqsyanın əndişəli halda “erməni ordusunun 1980-ci illərin silahları ilə döyüşməsi” ifadəsi də nəzərdən qaçırılmamalıdır.
Prezident İlham Əliyev martın 31-də hərbiçilərlə görüşündə aprel döyüşlərini yüksək qiymətləndirərək deyib ki, ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib olub: “Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır… Biz uzaqmənzilli raketlərimizdən, pilotsuz uçuş aparatlarımızdan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq”.
Bu gün ermənilərin etirafları aprel döyüşlərindən sonra onların mənəvi-psixoloji deqradasiyasının başlandığını göstərir. Sosial şəbəkələrdən və mediadan göründüyü qədər artıq “ölüm mələyini” başları üzərində hiss edən erməni gəncləri işğal olunmuş ərazilərdə döyüşmək barədə deyil, öz gələcəyi barədə düşünməyə üstünlük verməkdədirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər